Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-517/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə İlyas oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən "xxxx" üçün ödənilmiş 100 manat, 100 manat maddi ziyan və 1500 manat mənəvi ziyanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Türkiyə istehsalı olan "Karaca" əmtəə nişanlı məhsulların (müxtəlif ev əşyalar) Azərbaycan Respublikasında satışını Cavabdeh MMC (bundan sonra "cavabdeh" adlanacaq) həyata keçirir. "Karaca" əmtəə nişanlı məhsulların Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən bir neçə mağazalarında və online qaydada satışı aparılır, həmçinin müxtəlif qaydalarda xidmətlər göstərilir. Bu xidmətlərdən biri də “Karaca Hədiyyə kartı"nın cavabdeh tərəfindən təqdim edilməsidir. Hədiyyə vermək məqsədilə iddiaçı tərəfindən cavabdehə məxsus "İnstagram" internet resusları vasitəsilə 07.08.2021-ci il tarixində, 100 AZN məbləğində "Hədiyyə” kartı şifariş olunmuşdur. "Hədiyyə” kartını, hədiyyə etdiyi şəxs ilə birlikdə, 06.11.2021-ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.2021-ci il tarixində isə "28 MALL" ticarət mərkəzində yerləşən mağazalarında endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulu bəyənilmiş, həmin məhsulu almaq niyyəti və ödənişin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi, ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. İmtinanın səbəbini satış təmsilçisi onunla əsaslandırmışdır ki, “Hədiyyə” kartı online ünvana çatdırıldığı zaman, "Hədiyyə” kartının alıcısına satıcı tərəfindən hazırlanmış çek verilir və "Hədiyyə” kartı həmin çek olduğu halda keçərlidir. Əlavə olunmuş sənədlərdən (yazışmalardan) göründüyü kimi, "Hədiyyə” kartı satıcının rəsmi "İnstagram" səhifəsi vasitəsi ilə online qaydada sifariş verilmişdir. "İddiaçı" tərəfindən 06.08.2021-ci il tarixində satıcıya müraciət edərək sifariş vermiş, cavabdeh isə yazışmalarda göründüyü kimi, iddiaçıya aid məlumatları tələb edib onun əsasında sifarişi rəsmiləşdirmişdir. Bundan sonra yazışmalardan aydın olur ki, cavabdeh sifarişi iddiaçıdan qəbul etdikdən sonra, "Hədiyyə” kartını tez bir zamanda çatdırılmasını təmin etmişdir. Lakin, iddiaçı tərəfindən "Hədiyyə” kartı sifariş edilərkən, cavabdeh tərəfindən "Hədiyyə” kartının istifadəsi zamanı, mütləq şəkildə kartın iddiaçıya təhvil verilərkən ona çek veriləcəyini, verilmədiyi təqdirdə həmin çeki çatdırmanı həyata keçirən şəxsdən tələb olunması və həmin çek olmadan, "Hədiyyə” kartının qəbul olunmayacağı barədə heç bir məlumat verməmişdir. Halbuki qanunvericiliyə əsasən, satıcı, malın satışı və ya xidmətin göstərilməsi zamanı bütün istifadə qaydaları barədə istehlakçıya ətraflı məlumat verməlidir. O qeyd edir ki, "Hədiyyə” kartı qeydiyyatda olduğu ünvana çatdırılmış və 100 manat məbləğində olan ödəniş "xxxx" ASC-yə məxsus ödəniş kartı ilə aparılmışdır. Sifarişin qeydiyatı İddiaçı, Həsənova Durna və 050 *** **** nömrəli məlumatlar əsasında aparılmışdır. "xxxx"nın istifadə qaydaları kartın bütün Karaca mağazalarında keçərli olduğu, kartın istifadə haqqının yalnız qeydiyyatdan keçmiş kart sahibinə aid olduğu, bu kartla yanaşı şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməli olduğu kimi əks olunmuşdur. Kartın üzərində olan istifadə qaydalarında, kartın istifadəsi zaman istehlakçının üzərinə kartla yanaşı hər hansı bir çekin təqdim olunması cavabdeh tərəfindən vəzifə kimi qoyulmamışdır. Cavabdeh 06.08.2021-ci il tarixində sifarişi qəbul etdikdən sonra 07.08.2021-ci il tarixində saat 11:45 radələrində "Hədiyyə” kartı kuryer vasitəsilə iddiaçının yaşadığı ünvana çatdırılmışdır. Ödəniş də iddiaçıya məxsus "xxxx" ASC-yə məxsus birkart kredit kartı vasitəsi ilə (post terminal) aparılmışdır. Ödəniş aparıldıqdan sonra, "Hədiyyə” kartını iddiaçıya çatdıran şəxs post terminalın qəbzini təqdim etməklə yanaşı, "Hədiyyə” kartının iddiaçıya çatdırılmasına dair 1 nüsxədən ibarət təhvil aktına imza etdirmişdir. Həmin aktı da "Hədiyyə” kartını çatdıran şəxs özü ilə aparmış və iddiaçıya post terminal qəbzindən başqa heç bir sənəd təqdim etməmiş və ya hər hansı bir məlumat da verməmişdir. İddiaçı "Hədiyyə” kartının istifadəsi zamanı, "xxxx" ilə yanaşı hər hansı bir çekin də təqdim edilməsinə dair heç bir məlumat verməmişdir. Belə ki, iddianın əsaslarını təsdiq etmək üçün onun tərəfindən, ona məxsus digər nömrə vasitəsi ilə (**********) "Hədiyyə” kartı sifariş olunmuş, iddiaçı yenə də sifarişi qəbul etsə də istifadə qaydalarına dair alıcıya heç bir məlumat verilməmişdir. Xüsusilə də Hədiyyə kartı ilə yanaşı hər hansı bir çekin də təqdim edilməsini qeyd etməmişdir. Bu bir daha onu sübut edir ki, iddiaçı qanunvericiliyin tələblərini pozaraq istehlakçıya qabaqcadan məlumat vermədən öz daxili qaydalara uyğun əsassız olaraq hər hansı bir sənəd tələb edir. İddiaçı mənəvi zərərlə bağlı bildirmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halı olmalıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində əsaslı olduğundan, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyanın əvəzi tutulmasına dair məhkəmə tərəfindən qəbul ediləcək qətnamə qanuni olmaqla yanaşı ədalətli olacaqdır. İddiaçının Maddi ziyanı tələb etməyinin səbəbi odur ki, birinci dəfə Azadlıq prospektində, ikinci dəfə isə "28 Mall" ticarət mərkəzində yerləşən "Karaca" mağazalarına avtomobili ilə getmələri, bununla bağlı yanacaq və duracaq xərcləri çəkməsi, bundan sonra dəfələrlə telefon vasitəsi ilə şikayətlərin edilməsi ilə əlaqədar çəkilən xərclərlə əlaqəlidir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə İlyas oğlu iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı tərəfindən verilən iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiasını tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, İddiaçı kartı “İnstagram” sosial şəbəkəsi vasitəsilə 100 manat dəyərində “Karaca” brendi yazılı hədiyyə kartı almış, müvafiq kartı əldə etdikdən sonra isə şəxsən özü şəxsiyyət vəsiqəsini təqdim etməklə MMC-nin heç bir mağazasına müraciət etməmişdir. Əgər bu cür müraciət olsaydı, o, hədiyyə kartı ilə rahat şəkildə alış-veriş edər və heç bir problem olmazdı. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı təkrarən ona məxsus digər nömrə vasitəsi ilə (**********) "xxxx" sifariş etmiş, lakin guya bu dəfə ona istifadə qaydalarına dair heç bir məlumat verilməmişdir. Nümayəndə İlyas oğlu ilk növbədə qeyd etmişdir ki, iddiaçı göstərdiyi hədiyyə kartının arxa hissəsində “kartın istifadə haqqı yalnız qeydiyyatdan keçmiş kart sahibinə aiddir” və “bu kartla yanaşı şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir” kimi qeydlər vardır. Həmçinin İddiaçı digər nömrə ilə "xxxx" sifarış etdiyini bldirmişdir. Bununla bağlı o bildirmişdir ki, MMC-dən qeyd olunan nömrə ilə heç bir hədiyyə kartı sifariş olunmamış, əgər bu nömrə ilə hədiyyə kartı sifariş olunubsa, iddiaçı növbəti hədiyyə kartını istifadə edibmi, edibsə deməli ona hər hansı maneə yaradılmayıb, yaradılıbsa iddia ərizəsində bunu niyə göstərməyib? Həmçinin, əgər şəxs bir mağaza və ya müəssisə ilə problem yaşayıbsa niyə ikinci dəfə həmin şirkətdən hədiyyə kartı sifariş edir? Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı "xxxx" ilə birlikdə şəxsən özü mağazaya müraciət etməmişdir. Ola bilər ki, onun hansısa tanışı və ya qohumu ona məxsus hədiyyə kartı ilə mağazaya müraciət etmiş və qaydalara əsasən kart sahibi şəxsən olmadığına görə ödənişin hədiyyə kartı ilə həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o bildirdi ki, hədiyyə məqsədi ilə Karaca mallarının Azərbaycanda satışını təşkil edən “Efemiya” şirkətindən instaqram üzərindən 100 manat dəyərində hədiyyə kartını sifariş vermiş və kart ünvana çatdırılmışdır. Həmin hədiyə kartını bacısının toy mərasimi üçün bacısına hədiyə etmiş və bacısı həmin kartla mağazaya yaxınlaşmışdır. Karacanın Azadlıq filialında malı seçdikdən sonra bacısı kassaya yaxınlaşmış, həmin kartı təqdim etdikdə mağazanın əməkdaşı kartın yanında başqa bir çek olmasını və həmin çek olmadığı halda kartın yararlı olmadığını bildirmişdir. Sonra o, bacısı ilə birlikdə yenidən həmin filiala yaxınlaşmış və yenə kartın yanında çekin olmasını onlara bildirmişlər. O, orada həmin çekin vacibliyi barədə kartın üzərində heç bir məlumat olmadığını və ona çek təqdim edilmədiyini bildirsə də onlar həmin çekin təqdim edilməsini istəmişdirlər. Ona şirkətdən zəng gəlmiş və zəng edən şəxs bu məsələdən rəhbərliyinin məlumatı olmadığını bildirmiş, onun razılaşmağını təklif etmişdir. O, pretenziya məktubunu watsApp vasitəsi ilə göndərmiş və şirkət tərəfindən qeydiyyata alınmışdır. O həmçinin yenə ikinci dəfə kart sifariş etdiyini, yenə həmin çekin verilmədiyini, kartla balı istehlakçıya məlumat verilməli olduğunu, kartın müddətsiz olduğunu, 2 dəfə mağazaya yaxınlaşdığını, kartı qeydiyyata alanda həm bacısının, həm də öz adını qeydiyyata saldırdığını, bu günki gün cavabdehin etirazından sonra barışıq yoluna getmədiyini, ödədiyi pulu istədiyini, ailə üzlərinə həmin şirkətdən alış-veriş etməyi qadağan etdiyini, cavabdehin qanunsuz hərəkətindən pis olduğunu, bacısı üçün hədiyyə aldığını və bacısından utandığını və mənəvi əziyyət çəkdiyini, ona mənəvi zərər dəydiyini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə İlyas oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O əlavə olaraq bidirdi ki, bu şirkətin Azərbaycanda çox filialları vardır. Həmin şirkətin dövrüyyəsi yetərincədir və müştərinin 100 manatına ehtiyacı yoxdur. O, cavabdehin dedikləri ilə qismən razı olduğunu, həmin kartın sistemdə qaytarma müddəti keçdiyi üçün məbləği qaytara bilmədiklərini, cavabdehlə danışdıqlarını və ona istənilən filialdan alışveriş edə biləcəyini dediklərini, çekə ehtiyac olmadığını, özü mağazaya müraciət etmədiyi üçün bu cür maneə yarandığını, kart sahibinin özünün şəxsiyyət vəsiqəsi ilə mağazaya yaxınlaşmalı olduğunu, pretenziya məktubundan məlumatları olmadıqlarını, 07.08.2021-ci ildə kart sifariş verdiyi halda noyabr ayında mağazaya müraciət etdiyini, 14 gün ərzində mağazaya müraciət etsəydi pulu qaytara biləcəklərini, İddiaçı müddəti ötürdüyünü bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10.11.2021-ci il tarixli Xəbərdarlıq (Pretenziya) məktubundan görünür ki, İddiaçı istehlakçı hüquqlarının pozulmasına görə Cavabdeh MMC-dən “Hədiyyə” kartı üzrə ödənilmiş 100 manat məbləğində vəsaitin 10 gün ərzində ona qaytarılmasını xahiş etmiş və əks təqdirdə 100 mana vəsaitin və mənəvi ziyanın məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət olunacağını bildirmişdir. - ********** nömrəli qəbzin surətindən görünür ki, “Karaca və X3 City” şirkətinin hesabına 100 manat məbləğ köçürülmüşdür. - “İnstagram” və “WhatsApp” sosial şəbəkələrində İddiaçı ilə "Karaca" mağazalarının yazışma surətlərindən görünür ki, İddiaçı online olaraq 100 manat hədiyyə kartı sifariş vermiş, kart hədiyyə olunan adamın adı Durna Həsənova, qeydiyyat üçün isə İddiaçı olaraq bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Həsənov X2 istehsalı olan "Karaca" əmtəə nişanlı məhsulların Azərbaycan Respublikasında satışını həyata keçirən Cavabdeh MMC-dən ona məxsus "İnstagram" sosial şəbəkəsi vasitəsilə 07.08.2021-ci il tarixində 100 manat məbləğində "Hədiyyə” kartı şifariş etmişdir. 07.08.2021-ci il tarixində saat 11:45 radələrində "Hədiyyə” kartı kuryer vasitəsilə iddiaçının yaşadığı ünvana çatdırılmışdır. Ödəniş də iddiaçıya məxsus "xxxx" ASC-yə məxsus birkart kredit kartı vasitəsi ilə aparılmışdır. Ödəniş aparıldıqdan sonra, "Hədiyyə” kartını iddiaçıya çatdıran şəxs post terminalın qəbzini təqdim etməklə yanaşı, "Hədiyyə” kartının iddiaçıya çatdırılmasına dair 1 nüsxədən ibarət təhvil aktına imza etdirmişdir. Həmin aktı da "Hədiyyə” kartını çatdıran şəxs özü ilə aparmış və iddiaçıya post terminal qəbzindən başqa heç bir sənəd təqdim etməmiş və ya hər hansı bir məlumat da verməmişdir. İddiaçı "Hədiyyə” kartını bacısına hədiyyə etmiş, daha sonra o, hədiyyə etdiyi şəxs ilə birlikdə, 06.11.2021-ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.2021-ci il tarixində isə "28 Mall" ticarət mərkəzində yerləşən mağazalarda endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulunun ödənişin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. İddiaçı mənəvi zərərlə bağlı iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının cavabdehin təqsiri nəticəsində baş verdiyini, bacısı üçün hədiyyə aldığını, bacısından utandığını və mənəvi əziyyət çəkdiyini, ona mənəvi zərər dəydiyini qeyd etmişdir. Maddi ziyanı tələb etməyinin səbəbi isə birinci dəfə Azadlıq prospektində, ikinci dəfə isə "28 Mall" ticarət mərkəzində yerləşən "Karaca" mağazalarına getmələri, yanacaq və duracaq xərclərinin çəkilməsini, bundan sonra dəfələrlə telefon vasitəsi ilə şikayətlərin edilməsi ilə əlaqədar çəkilən xərclərlə əlaqəlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. 13.1-ci maddəsinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 13.4-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Həsənov X2 istehsalı olan "Karaca" əmtəə nişanlı məhsulların Azərbaycan Respublikasında satışını həyata keçirən Cavabdeh MMC-dən ona məxsus "İnstagram" sosial şəbəkəsi vasitəsilə 07.08.2021-ci il tarixində 100 manat məbləğində "Hədiyyə” kartı şifariş etmişdir. 07.08.2021-ci il tarixində saat 11:45 radələrində "Hədiyyə” kartı kuryer vasitəsilə iddiaçının yaşadığı ünvana çatdırılmışdır. Ödəniş də iddiaçıya məxsus "xxxx" ASC-yə məxsus birkart kredit kartı vasitəsi ilə aparılmışdır. Ödəniş aparıldıqdan sonra, "Hədiyyə” kartını iddiaçıya çatdıran şəxs post terminalın qəbzini təqdim etməklə yanaşı, "Hədiyyə” kartının iddiaçıya çatdırılmasına dair 1 nüsxədən ibarət təhvil aktına imza etdirmişdir. Həmin aktı da "Hədiyyə” kartını çatdıran şəxs özü ilə aparmış və iddiaçıya post terminal qəbzindən başqa heç bir sənəd təqdim etməmiş və ya hər hansı bir məlumat da verməmişdir. İddiaçı "Hədiyyə” kartını bacısına hədiyyə etmiş, daha sonra o, hədiyyə etdiyi şəxs ilə birlikdə, 06.11.2021-ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.2021-ci il tarixində isə "28 MALL" ticarət mərkəzində yerləşən mağazalarda endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulunun ödənişin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. Göründüyü kimi İddiaçı "Hədiyyə” kartı verilsə də, kartın yanında başqa bir çek olması və həmin çek olmadığı halda kartın yararlı olmadığı bildirilmişdir. Lakin bununla bağlı istehlakçı İddiaçı zəruri və düzgün məlumat verilməmiş, həmçinin çekin vacibliyi barədə kartın üzərində heç bir məlumat əks olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin “Cavabdeh MMC-dən "xxxx" üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı ödənilməsi” hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin Cavabdeh MMC-dən 100 manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı birinci dəfə Azadlıq prospektində, ikinci dəfə isə "28 Mall" ticarət mərkəzində yerləşən "Karaca" mağazalarına getməsini, yanacaq, duracaq xərci çəkməsi, bundan sonra dəfələrlə telefon vasitəsi ilə şikayətlərin edilməsi ilə əlaqədar çəkilən xərcləri nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 10 manat maddi ziyanı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 1500 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən 50 manat məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmış, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsini bildirmişdir. İddiaçı "Hədiyyə” kartını bacısı Həsənova Durna hədiyyə etmiş, daha sonra o, hədiyyə etdiyi bacısı Həsənova Durna ilə birlikdə 06.11.2021-ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.2021-ci il tarixində də "28 Mall" ticarət mərkəzində yerləşən mağazalarda endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulunun ödənişinin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. Bu zaman o, bacısına toy hədiyyəsi almadığı üçün utanmış və mənəvi əziyyət çəkmişdir. İddiaçının bununla bağlı bacısının yanında mənəvi sarsıntı keçirməsi mübahisəsiz haldır Məhkəmə hesab edir ki, cavabdehdən tutulmuş 10 manat maddi zərər məbləğinin mənəvi zərərə tənasüblüyü nəzərə alınmalı, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərə görə Cavabdeh MMC-dən İddiaçı xeyrinə 50 manat tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 100 manat pul, 10 manat maddi zərər və 50 manat mənəvi zərər olmaqla 160 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 100 manat pul, 10 manat maddi zərər və 50 manat mənəvi zərər olmaqla 160 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-517/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-517/2022
17.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver