Məhkəmə qərarları › İş №e-2(007)-680/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-680/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-680/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan 08 noyabr 2011-ci il təvəllüdlü X6, 08 yanvar 2013-cü il təvəllüdlü X7, 08 avqust 2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Birgə nikahdan doğulmuş azyaşlı övladları iddiaçının himayəsindədir. Uşağın bütün xərcləri iddiaçı tərəfindən qarşılanır. Cavabdeh öz uşaqlarının xərcləri ilə maraqlanmır, nədəki iddiaçıya maddi dəstək göstərmir.

İş materialları :

3. AZ-İ seriyalı, 392942 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş və nikahlarına xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində, №273 ilə qeyd edilmiş və nikah pozulduqdan sonra qadına Yusufova soyadı verilmişdir.

4. AZ-İİ seriyalı, 975351 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2011-ci ildə doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 3009 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. AZ-İ seriyalı, 011818 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 317 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

6. AZ - İİİ seriyalı, 989462 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 324 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

7. “Mediasiya Şurası” Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/11/2023-02036 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən xx.xx.2024-cü il tarixli sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə 1413.0 manat əmək haqqı alır.

9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən xx.xx.2024-cü il tarixli sorğu məlumatından görünür ki, İddiaçı "xxxx" MMC-də menecer vəzifəsində işləməklə 250.0 manat əmək haqqı alır.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəmədən kredit ödənişinin olmasının, kirayədə yaşamasının nəzərə alınaraq iddiaçının xeyrinə 500 manat aliment tutulmasını xahiş etmişdir. Cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, keçə ilin may ayınadək uşaqların ehtiyaclarının ödənilməsində iştirak etmişdir. Bunun üçün iddiaçıya 1700 manat pul vermişdir. Belə ki, evin kirayə haqqını iddiaçı götürmüş, həmçinin əlavə olaraq da ödəniş etmişdir. Uşaqların nəqliyyat xərclərini ödəmiş, uşaqlara telefon alıb vermişdir. Lakin keçən ilin may ayından iddiaçının uşaqlarla görüşməsinə icazə vermədiyindən, uşaqlardan telefonu alıb onlarla telefonla ünsiyyətinə də maneə olduğundan iddiaçıya ödəniş etməmişdir. Həmçinin bildirmişdir ki, o (cavabdeh) hazırda işləyir və əmək haqqı 1250 manat təşkil edir.

İşin faktiki halı :

12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh nikahları Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamə əsasında pozulmuş və nikahlarına xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İddiaçı və cavabdeh hazırda ayrı yaşayırlar və birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 660 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay 500 manat aliment ödəyə biləcəyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

17. Uşaq Hüquqları haqqında Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

23. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

24. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

25. Məhkəmə cavabdehin aliment məbləği qismində 500 manat ödəyə bilməsinə dair izahatına hüquqi münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların uşağın əvvəlki təminatının səviyyəsini (hansı ki cavabdeh uşaqların maddi təminatı üçün 1700 manat ödəniş etdiyini bildirmişdir), uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğundan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı hər biri üçün hər ay 220 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

28. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də işləməklə aylıq əmək haqqısı 1413.0 manat, İddiaçı "xxxx" MMC-də işləməklə aylıq əmək haqqısı 250.0 manat təşkil edir.

29. Həmçinin cavabdehin kredit borcu ilə bağlı banka ödəniş etdiyinə dair izahatı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

30. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

31. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər uşaq üçün hər ay 220 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərcləri :

32. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

33. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

34. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

35. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar