Məhkəmə qərarları › İş №e-2(007)-684/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-684/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-684/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə, İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa ediləcək “MY HOME” yaşayış kompleksində yerləşən D.15.3 saylı mənzilin tikintisinə dair 25 dekabr 2020-ci il tarixli 0771 saylı müqavilə imzalanıb. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC Sifarişçi İddiaçı ümumi dəyəri 113 275 manat olan 98,5 kv.m mənzili tikməyi, sifarişçi isə müqavilə üzrə ödəməli olduğu məbləği icraçıya vaxtlı vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilə üzrə sifarişçiyə veriləcək ümumi sahəsi 98,5 kv.m olan 3 (üç) otaqlı mənzilin 1 kv. metri üçün 1150 (min bir yüz əlli) manat hesablanmaqla, cəmi 113 275 (yüz on üç min iki yüz yetmiş beş) manat müəyyən edilib. Müqavilə qiymətinin 40 000 (qırx min) manat hissəsi ilkin ödəniş kimi, qalan 73 275 manat hissəsi isə 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulub. Sifarişçi İddiaçı müqavilə üzrə müəyyən edilən 40 000 manat ilkin ödənişi 26 dekabr 2020-ci il tarixində ödəmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin mart ayınadək hər ay 1200 manat olmaqla cəmi 15 600 manat, ümumilikdə isə 55 600 manat pul vəsaitini Cavabdeh MMC-nin hesabına ödəmişdir. Müqavilənin imzalanmasından 3 il ötsə də, Cavabdeh MMC hələ də müqavilə üzrə öhdəliyin icrasına başlamayıb və nə zaman başlayacağıda məlum deyil. İcraçının müqavilə üzrə öhdəliyini icra etməməsi iddiaçının Konstitusiya və qanunlarla qorunan hüquqlarını kobud şəkildə pozur. Belə ki, Cavabdeh MMC etibardan sui-istifadə etməklə ondan 55 600 manat pul vəsaitini almaqla həm dələduzluq edib, həm də əmlakını mənimsəyib. Qeyd edilənlərə əsasən, 55 600 manat pul vəsaitinin və həmin məbləğə 3 illik dövr üçün hər ilə 2780 manat 5% zərər hesablanmaqla cəmi 8340 manat, ümumilikdə 63 940 manat pul vəsaitinin və ödənilmiş 282 manat dövlət rüsumunun Cavabdeh MMCdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, mülki iş üzrə iddia tələblərində cavabdehdən tələb olunan pul vəsaitinin miqdarı ilə bağlı açıqlama olmadığından iddia ərizəsinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. İddia tələblərində tərəflərindən cavabdehə ödənilmiş 55600 manat pulun və həmin pula hesablanmış illik 5% gecikdrilmiş məbləğ üçün məbləğin ödəniməsi tələb edilir. Həmin tələbin hüquqi əsaslandırması olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə istinad etmişlər. Həmin maddəyə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Məhkəmənin diqqətinə çatdırırlar ki, ilkin ödəniş olaraq cavabdehə 26 dekabr 2020-ci il tarixdə 40 000 (qırx min) manat pul vəsaiti ödənilmişdir. Həmin məbləğin illik 5% olmaqla gecikdirilməsinə görə (gecikdirilən üç ilə görə 6000 manat, üç aya görə 500 manat) 6500 manat tələb edirlər. 2020-ci ilin 29 yanvar tarixində 1200 manat, 27 fevral tarixində 1200 manat, 03 aprel tarixində 1200 manat, cəmin 3600 manat məbləğində ödənişin 3 illik gecikdirilməsinə görə 540 (hər ilə görə 180 manat) manat tələb edirlər. 01 may 2021-ci il tarixdə 1200 manat, 05 iyun 2021-ci il tarixdə 1200 manat, 08 iyul 2021-ci il tarixdə 1200 manat, cəmi 3600 manat məbləğində ödənişin 2 illik gecikdirilməsinə görə 360 (hər ilə görə 180 manat) manat, 9 ay gecikdirilməsinə görə 135 manat tələb edirlər. 06 avqust 2021-ci il tarixdə ödənilmiş1200 manat, 03 sentyabr 2021-ci il tarixdə ödənilmiş 1200 manat, 19 oktyabr 2021-ci il tarixdə ödənilmiş 1200 manat, cəmi 3600 manat məbləğində ödənişin 2 illik gecikdirilməsinə görə 360 (hər ilə görə 180 manat) manat, 6 ay gecikdirilməsinə görə 90 manat tələb edirlər. 13 noyabr 2021-ci il tarixdə ödənilmiş 1200 manat, 10 dekabr 2021-ci il tarixdə ödənilmiş 1200 manat, 18 yanvar 2022-ci il tarixdə ödənilmiş 1200 manat, cəmi 3600 manat məbləğində ödənişin 2 illik gecikdirilməsinə görə 360 (hər ilə görə 180 manat) manat, 3 ay gecikdirilməsinə görə 45 manat tələb edirlər. 19 fevral 2022-ci ildə ödənilmiş 1200 manat məbləğində ödənişin 2 illik gecikdirilməsinə görə 120 manat tələb edirlər. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri qaydasında tərəflərindən ödənilmiş pul məbləğinin gecikdirilməsinə görə hesabalanan illik beş faiz məbləğin cəmi olaraq: 6500+540+360+135+360+90+360+45+120=8510 manat məbləğində pul tələb edirik. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehə ödənilmiş 55 600 (lli beş min altı yüz) manat pul vəsaitinin və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla cəmi 8510 (səkiz min beş yüz on) manat, ümumilikdə 64 110 (altmış dörd min bir yüz on) manat zərərin və ödənilmiş 282 (iki yüz səksən iki) manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC ilə, İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa ediləcək “MY HOME” yaşayış kompleksində yerləşən D.15.3 saylı mənzilin tikintisinə dair 25 dekabr 2020-ci il tarixli 0771 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC sifarişçi İddiaçı ümumi dəyəri 113 275 manat olan 98,5 kv.m mənzili tikməyi, sifarişçi isə müqavilə üzrə ödəməli olduğu məbləği icraçıya vaxtlı vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilə üzrə sifarişçiyə veriləcək ümumi sahəsi 98,5 kv.m olan 3 (üç) otaqlı mənzilin 1 kv.metri üçün 1150 (min bir yüzəlli) manat hesablanmaqla, cəmi 113 275 (yüz on üç min iki yüz yetmiş beş) manat müəyyən edilib. Müqavilə qiymətinin 40 000 (qırx min) manat hissəsi ilkin ödəniş kimi, qalan 73 275 manat hissəsi isə 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulub. Müqavilənin 10.1-ci bəndinə əsasən İddiaçı tərəfindən müqavilə şərtləri pozularsa, MMC müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir və bu zaman ona qarşı pretenziya irəli sürülə bilməz. Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10 (on) % həcmində cərimə ödəyəcək. Həmçinin alqı-satqı müqaviləsinin 10.1ci maddəsinə əsasən sifarişçi tərəfindən müqavilə şərtləri pozularsa icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. İddiaçı X1 25 dekabr 2020-ci il tarixli 0771 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmış, nəzərdə tutulmuş pul vəsaitini ödəməyi dəfələrlə gecikdirmişdir. İddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bu azmış kimi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehə ödənilmiş 55 600 (əlli beş min altı yüz) manat pul vəsaitinin və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla cəmi 8510 (səkiz min beş yüz on) manat, ümumilikdə 64 110 (altmış dörd min bir yüz on) manat zərərin və ödənilmiş 282 (iki yüz səksən iki) manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz öhdəliklərini pozmuş, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, borcunu ödəməyi gecikdirmiş və nəticədə icraçının müqaviləni birtərəfli şəkildə xitam etməsinə şərait yaratmışdır. Öz öhdəliklərini pozan, icranı gecikdirməklə əməl etməyən, bütün bunlara görə icraçı Cavabdeh MMC tərəfindən heç bir cərimə tətbiq olunmadığı sifarişçi İddiaçı Cavabdeh MMC-yə qarşı tələblər irəli sürməsi və məhkəmədə bununla bağlı iddia qaldırması son dərəcə absurddur. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı pul tələbinə dair iddia təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı və cavabdeh arasında müvafiq mənzilin iddiaçıya verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək ödənişlər edilsə də, binada heç bir tikinti işləri aparılmamışdır. O, bir dəfəyə 40.000 manat ödəmişdir. Hissə-hissə ödənişləri 15.600 manat olmuşdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilə tərəfi olan vətəndaşlar öhdəlikləri lazımi qaydada icra etmirlər. Bu da tikinti işlərinin aparılmasını ləngidir. May ayında bina təhvil veriləcək. İddiaçı da müqavilədə nəzərdə tutulan öhdəliklərini icra etməmişdir. Hazırda ödədiyi pulu tələb edirsə, bu zaman ona təhvil verilməli olan ev satılmalı, cərimə və faizlər çıxıldıqdan sonra yerdə qalan pul ona verilməlidir. İddiaçının ödəməli olduğu məbləğ 113.275 manat olsa da, o, 55.600 manat ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli, 0771 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin qiyməti hər kv.m üçün 1150 (min yüz əlli manat) olmaqla, cəmi 113275 (yüz on üç min iki yüz yetmiş beş) manat, müqavilə qiymətinin son ödəniş tarixi 30 yanvar 2023-cü il müəyyən edilmişdir. Müqavilənin: 1.1-ci bəndinə əsasən mənzil “MY HOME” Yaşayış Kompleksində, 15-ci mərtəbədə yerləşməklə, ümumi sahəsi 98.5 kv.m olmaqla 3 otaqdan ibarət D.15.3 nömrəli mənzildir; 3.1-ci bəndinə əsasən müqavilə qiymətinin 40000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, 73275 manat hissəsi isə 24 ay müddətinə 30 yanvar 2023-cü il tarixədək ödənilməsi nəzərdə tutulub; 3.4-cü bəndinə əsasən müqavilədən birtərəfli qaydada imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında sifarişçi bu müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 10 (on) faizi həcmində icraçıya cərimə ödəməsi nəzərdə tutulmuşdur; 5.2-ci bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra, müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş mənzil icraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında sifarişçiyə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməsi nəzərdə tutulub; 6.2-ci bəndinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə sifarişçi müqavilə qiymətinin 10 faizi həcmində cərimə ödəməsi nəzərdə tutulub; 10.1-ci bəndinə əsasən sifarişçi tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar icraçıya qarşı heç bir pretnziya (tələb) irəli sürə bilməz; 10.2-ci bəndinə əsasən, müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə icraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılması nəzərdə tutulmuşdur. - «Vesta Construction” MMC-yə ünvanlanmış pretenziyadan və 000471 nömrəli poçt qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll edilməsi, bu mümkün olmadıqda məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq olunmuş və pretenziya məktubu cavabdehə 17 noyabr 2023-cü il tarixdə çatdırılmışdır. - 821882 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, 26 dekabr 2020-ci il tarixdə «Vesta Construction” MMC-nin hesabına 40.000 manat pul köçürülmüşdür. -821510, 821544, 821527, 821516, 821539, 821533, 821549, 821472, 821467, 821487, 821481, 821504, 821498 nömrəli kassa mədaxil orderlərinin qəbzlərinin surətlərindən görünür ki, «Vesta Construction” MMC-nin hesabına hər ay 1200 manat olmaqla, 15.600 manat pul köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı ilə «Vesta Construction” MMC arasında 0771 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin qiyməti hər kv.m üçün 1150 (min yüz əlli manat) olmaqla, cəmi 113275 (yüz on üç min iki yüz yetmiş beş) manat, müqavilə qiymətinin son ödəniş tarixi 30 yanvar 2023-cü il müəyyən edilmişdir. Cavabdeh «Vesta Construction” MMC müqavilə üzrə “MY HOME” Yaşayış Kompleksində, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 3 otaqdan ibarət D.15.3 nömrəli mənzili iddiaçıya vemrəyi, İddiaçı müqavilə qiymətinin 40000 manat hissəsini şəxsi vəsaiti hesabına, 73275 manat hissəsi isə 24 ay müddətinə 30 yanvar 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürüb. İddiaçı 40.000 manat pulu müqavilə bağlanan zaman, 15.600 manat pulu isə hissə-hissə hər ay 1200 manat olmaqla ödəmişdir. Müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı cavabdehə ödənilmiş 55 600 (lli beş min altı yüz) manat pul vəsaitinin və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla cəmi 8510 (səkiz min beş yüz on) manat, ümumilikdə 64 110(altmış dörd min bir yüz on) manat zərərin və ödənilmiş 282 (iki yüz səksən iki) manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli 0771 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əməl edib iddiaçının tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən iddiaçı X3 55.600 manat borcun ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini, o cümlədən sözügedən gecikdirilmiş vaxt üçün pul tutulmasına əsas hesab edilə biləcək zəruri halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla cəmi 8510 (səkiz min beş yüz on) manat pulun tutulması hissəsində təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, iddiaçı isə iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, 0771 ömrəli müqavilə üzrə ödənilmiş 55600 (əlli beş min altı yüz) manat pul cavabdeh «Vesta Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 282 manat dövlət rüsumunun 200 manat hissəsi cavabdeh «Vesta Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 82 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, 0771 ömrəli müqavilə üzrə ödənilmiş 55600 (əlli beş min altı yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumu cavabdeh «Vesta Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 82 dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar