Məhkəmə qərarları › İş №e-2(007)-86/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-86/2025

16.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-86/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat Məktəbinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “məcburi iş buraxma müddəti üçün əmək haqqı”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat Məktəbinə qarşı olan “məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 2023-cü ilin yanvar ayından dekabr ayına qədər olan 11 aylıq məcburi iş buraxma müddəti üçün 13105.40 manat məbləğində əməkhaqqının Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internet məktəbindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün 31275.46 manat məbləğində əmək haqqının Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi internat məktəbindən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən başlayaraq uzun illərdir ki, müddətsiz əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində müəllim vəzifəsində işləyir. O, xarici vətəndaş olduğu üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasında daimi yaşama icazəsi əsasında onunla əmək müqaviləsi bağlanırdı. 2021-ci ilin avqustunda onun Azərbaycan Respublikasında daimi yaşama icazəsinin müddəti bitəndə AR DMX ona yenidən Azərbaycan Respublikasında daimi yaşama icazəsi verməkdən imtina edərək Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməsini tələb etmişdir. O da Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün sənədlərini toplayaraq AR DMX-ə təqdim etmişdir. Lakin aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq ona vətəndaşlıq verilməsi məsələsi uzanmışdır. Buna görə də cavabdeh onun Azərbaycan Respublikasında daimi yaşama icazəsinin müddətinin bitməsini və hələ Azərbaycan Respublikasının vətəndaşlığını ala bilməməsini əsas gətirərək müvəqqəti olaraq onu işdən kənarlaşdırmışdır. O, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdən sonra cavabdehə müraciət edərək onu tutduğu vəzifəyə bərpa etməsini xahiş etmişdir. Lakin cavabdeh heç bir əsas olmadan onu vəzifəsinə bərpa etməkdən imtina etmişdir. Bundan sonra o, cavabdehin onun işdən kənarlaşdırması barədə xx.xx.2021-ci il tarixli 133 №-li əmrinin §2-nin ləğv edilməsi haqqında iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin e-2(007)- 2232/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin onun müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə xx.xx.2021-ci il tarixli 133 nömrəli əmrinin (§2) ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində o, 2023-cü ilin yanvar ayından dekabr ayına qədər olan dövrdə əmək haqqından məhrum olmuşdur. Hesab edir ki, cavabdeh qeyri-qanuni hərəkətləri ilə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, cavabdeh işdən kənarlaşdırma barədə xx.xx.2021-ci il tarixli 133 №-li əmrlə (§2) onun hüquqlarını kobud şəkildə pozduğu üçün 2023-cü ilin yanvar ayından dekabr ayına qədər olan 11 (on bir) aylıq məcburi iş buraxma müddəti üçün 13105.4 (on üç min bir yüz beş manat qırx qəpik) manat məbləğində əmək haqqı cavabdehdən alınaraq ona ödənilməlidir.

Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi:

4. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məkhəmədən iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli 133 nömrəli əmrin ləğv edilməsi tələbi ilə əlaqədar 2022-ci ildə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bu hal, iddiaçının hazırki iddia üzrə hüququnun pozulduğunu həmin tarixdə - yəni ən geci 2022-ci ildə bildiyini açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddəti də həmin tarixdən etibarən hesablanmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı yalnız xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir ki, bu da iddia müddətinin ötürüldüyünü təsdiq edir.

İş materialları :

6. “Mediasiya Şurası” Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00126 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsə də, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2232/2023 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin İddiaçı “müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə” xx.xx.2021-ci il tarixli 133 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir.

8. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 133 nömrəli “müvəqqəti olaraq işdən kənarlaşdırma” haqqında əmrdən çıxarışdan görünür ki, məktəbin müəllimi İddiaçı şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmadığı səbəbindən xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılması əmr edilmişdir.

9. İş materillarına əlavə edilmiş İddiaçı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşlığını aldığını və buna görə də ona işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

10. xx.xx.2019-cu il tarixldə sistemə daxil edilmiş “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşama icazə vəsiqəsi əsasında xx.xx.2012-ci il tarixli il tarixli əmək müqaviləsi ilə Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində müəllim vəzifəsi üzrə işləmişdir.

11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində işdən kənarlaşdırıldığı vaxtadək olan əməkhaqqı tarifikasiya cədvəlinə əsasən 1140.42 manat təşkil edir.

12. İddiaçı ilə cavabdeh Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı müəllim vəzifəsi üzrə işə qəbul edilmişdir.

13. “X8” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1140.42 manat məbləğində aylıq əmək haqqı əsasında hesablanmaqla İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan məcburi iş buraxma müddəti üçün əmək haqqı 31275.15 manat hesablanmışdır.

14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli, 437 nömrəli məktubundan görünür ki, İddiaçı 2023-cü il dekabr ayından məhkəmənin e-2(007)- 2232/2023 nömrəli qərarına əsasən yenidən işinə bərpa olunaraq həmin tarixdən işə davam edir. İddiaçı xx.xx.2021-ci ildə 56 günlük əmək məzuniyyətinə getmiş və məzuniyyət pulu ödənilmişdir. 2021-ci ilin avqust ayında miqrasiya sənədinin etibarlılıq müddəti bitdiyinə və vətəndaşlığı olmadığına görə işdən müvəqqəti kənarlaşdırılmışdır. Bu məcburi iş buraxma sayılmır.

15. Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla 2020-2021-ci iş ili üzrə 56 təqvim günü müddətində +2 gün Qurban Bayramı (20, 21 iyul) da daxil olmaqla əmək məzuniyyətinə buraxılması və xx.xx.2021-ci il tarixdən işdə hesab edilməsi əmr edilmişdir.

16. Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 124 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 2023-2024 iş ili üzrə 56 təqvim günü müddətində əmək məzuniyyətinə buraxılması və xx.xx.2024-cü il tarixdən işdə hesab edilməsi əmr edilmişdir.

17. Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ali təhsilli, xx.xx.2023-cü il tarixindən məktəbə 18 saat dərs yükü ilə müəllim vəzifəsinə təyin edilməsi, əmək haqqının 14-cü dərəcə ilə hesablanması və həmin tarixdən onunla əmək müqaviləsi bağlanması əmr edilmişdir.

18. İş materiallarına İddiaçı 2023-2024-cü illər üçün əmək haqqı üzrə hesab-ödəniş cədvəllərinin çıxarışı əlavə edilmişdir.

19. X7 Xidmətinin Bakı şəhər İdarəsinin 1 saylı Ərazi üzrə əməyin sosial məsələlərinə nəzarət sektorunun müfəttişi X4 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən İddiaçı ilə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinə arasında xx.xx.2012-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xitam verildiyi və yenidən xx.xx.2023-cü tarixdən onunla Sağlamlıq imkanları Məhdud Uşaqlar üçün 3№-li Respublika Xüsusi İnternat Məktəbi arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin xx.xx.2023-cü il tarixli, 133 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmadığı səbəbindən xx.xx.2021-ci il tarixində müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Ona görə də, 2021-2022 tədris ilindən etibarən ona dərs yükü verilməmiş və müəllimlərin tarifikasiyasına salınmamışdır.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə cavabdeh Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi tərəfindən verilmiş “müvəqqəti kənarlaşdırma haqqında” xx.xx.2021-ci il tarixli əmr mübahisələndirilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2232/2023 saylı qətnaməsi ilə ləğv edilmişdir. Sözügedən əmrin ləğv edilməsi barəsində qanuni qüvvə almış məhkəmə qətnaməsi mövcud olduğundan münasibət bildirilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Həmçinin bildirmişlər ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsində məcburi iş buraxma dövrü əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticəsi kimi yaranır.

Tərəflərin izahatları :

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, müddətin ötməsi ilə bağlı ərizə əsassızdır. Belə ki, onlar məhkəməyə müraciət edərkən pul ilə bağlı da müraciət etmişlər və müddəti kəsmişlər. Digər məhkəmə işindəki tələb ilə bu tələb bir-biri ilə əlaqədardır. O məsələ həllini tapdıqdan sonra bu iddia ilə müraciət etmişlər. Çünki birinci iddia təmin edilməsə idi, onlar bu iddia ilə müraciət edə bilməzdilər. Həmin məhkəmə icraatı zamanı nə üçün iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verdiyi yadında deyil.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda müəllimə iş bərpa edilmişdir və işləyir.

Mütəxəssis izahatı:

24. Məhkəmə iclasında iştirak edən (xx.xx.2025-ci il tarixli) mütəxəssis X5 izahatında bildirmişdir ki, vətəndaşlıqla bağlı məsələ olduğu halda tənzimlənməsi Miqrasiya Məcəlləsi ilə edilir. Vətəndaşlıq olmadığı, müvəqqəti yaşamaq üçün icazəsi olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanılmalıdır. Müvəqqəti yaşamaq üçün icazə bitdikdən sonra müqavilə ləğv edilməlidir. Çünki vətəndaşın burada yaşamaq üçün icazəsi yoxdur. Bildirmişdir ki, bu kimi halda kənarlaşdırma deyil də, müqaviləyə xitam verilməli idi. Həmin vaxt məktəb Bakı Təhsil İdarəsinin tabeliyində olmadığından görünür məktəbin başqa yolu olmamış və hər hansı bir formada rəsmiləşdirmə ediblər. Əgər indi belə hal olsa, müqaviləyə xitam verərlər. Tarifikasiya təsdiq edildikdən sonra müəlliməyə başqa dərs saatı vermək mümkün deyildir. Əgər 1-4-cü sinif müəllimidirsə, başqa dərs saatı vermək mümkün deyil. Çünki 1-4-cü sinif üzrə müəllimlərə sinif verilir və dərs saatı bölünür. Tarifikasiya sentyabr və fevral aylarında təsdiq olunur. Tarifikasiya, məsələn, fevral ayında təsdiq olunub, müəllim gəlir ki, işə bərpa edilsin. Belə olan halda ona dərs saatları bölündüyü üçün dərs saatı vermək mümkün deyil. Çünki siniflər artıq bölünmüş olur. Gözləmək lazımdır ki, yenidən dərs saatı bölgüsü olsun, başqa yolu yoxdur. Başqa işə bərpa etmək məsələsinə münasibətdə isə bildirir ki, ixtisas üzrə müəllimlər başqa işə müvəqqəti belə olsa, qəbul oluna bilməzlər. Məsələn coğrafiya müəllimi fizika fənnini tədris edə bilməz. Həm uşaqların psixologiyası baxımından düzgün deyil, əsas da müəllimlərin dərs yükü baxımından düzgün deyil. Şəxs vətəndaşlıq aldıqdan sonra ilin əvvəlində müraciət etdikdə ona dərs saatı verilir. Amma digər halda dərs saatlarında və digər məsələlərdə problemlər yaranır. Müəllimlərin işə qəbulu şərtlərindən biri də MİQ nəticələrinin olmasıdır. Əmək müqaviləsinə xitam verildikdə, MİQ tələb olunur. Vətəndaş MİQ imtahanları olmamışdan əvvəl işlədiyi üçün hər dəfə müddət uzadılmışdır. Çıxarıldıqdan sonra MİQ imtahanı verməli idi. Məhkəmə əmri ləğv edib işə bərpa edibsə, deməli orada kənarlaşdırma deyil, ləğv olmalı idi. Ümumiyyətlə hər hansı əsasla kənarlaşdırıldıqda müəllim MİQ imtahanı verməli idi. Şəxs kənarlaşdırıldıqda hər bir halda tarifikasiyadan silinməlidir ki, dərs saatları başqa müəllimlər arasında bölünsün. Dərs yükü olur və bu da müəllimlər arasında bölünür. Şəxs analıqdan qayıtsa, ona digər müəllimlərə verilmiş saatlar qaytarılır. İbtidai sinif üçün isə bu fərqlidir. İbtidai sinif müəlliməsi yeni tədris ilinin başlamasını gözləməlidir ki, ona dərs verilsin. Şəxs vətəndaşlıqla bağlı işini həll etdikdən sonra məktəbə müraciət edir və məktəb onu dərs ilə təmin edir.

İşin faktiki halı :

25. İddiaçı xx.xx.2003-cü il tarixində Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində tərbiyəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəllim vəzifəsində çalışmışdır.

26. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün daimi yaşamaq icazəsi ilə Azərbaycan Respublikasında yaşamış və onunla cavabdeh arasında əmək müqaviləsi daimi yaşamaq icazəsi vərəqəsi əsasında bağlanılmışdır.

27. İddiaçı daimi yaşamaq üçün verilmiş icazənin müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılmadığı və Azərbaycan Respublikası vətəndaşlığına qəbul ilə bağlı müraciətə baxılması müddəti uzandığı üçün İddiaçı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli, 133 nömrəli əmri ilə müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır.

28. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3654 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir.

29. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixində cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinə ərizə ilə müraciət edərək işə bərpa edilməsini xahiş etmişdir.

30. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən İddiaçı ərizəsi iddiaçının adı tarifikasiyaya salınmadığı və dərs yükü verilmədiyi üçün təmin edilməmiş və vaxt keçdiyi üçün Elm Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında iştirakı tövsiyyə olunmuşdur.

31. İddiaçı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli, 133 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə, daha sonra iddia tələbinin həcmini azaldaraq əmrin ləğv edilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2232/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilərək xx.xx.2021-ci il tarixli, 133 nömrəli əmr ləğv edilmişdir.

32. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün məcburi iş buraxma müddətinin əvəzi olaraq 31275.46 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

33. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə Baxışının Hədləri :

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;[104] b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 62.2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. 62.3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. 62.4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. 62.5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

38. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi.

39. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020ci il tarixli Qərarı.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.”

Məhkəmənin mövqeyi :

41. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. 42 İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı olan “əmək haqqı” tələbini cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 133 nömrəli “müvəqqəti olaraq işdən kənarlaşdırma barədə” əmr nəticəsində onun uzun müddət əmək haqqından məhrum olması, həmin əmrin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2232/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilməsi ilə əsaslandırmışdır.

43. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin 1 illik iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

44. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

45. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

46. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

47. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

50. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

51. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, 2003-cü ildən müddətsiz əmək müqaviləsi ilə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində müəllim vəzifəsində işləmişdir. O, xarici vətəndaş olduğu üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi əsasında onunla əmək müqaviləsi bağlanılmışdır. Onun daimi yaşamaq icazəsi bitdikdə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq icazəsi verilməkdən imtina edilərək, onun Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməsi tələb edilmişdir. Onun Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi bitdikdən sonra cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən xx.xx.2021ci il tarixli əmr ilə müvəqqəti olaraq vətəndaşlıq ilə bağlı məsələ həll edilənədək işdən kənarlaşdırılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3654 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra işə bərpa üçün cavabdeh məktəbə müraciət etmiş, lakin onu işə bərpa etməkdən əsassız olaraq imtina etmişlər. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi onu işə bərpa etməkdən imtina etdiyi üçün o, əmrin ləğvi tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin qətnaməsi ilə əmr ləğv edilmişdir. Məhkəmə tərəfindən verilmiş icra vərəqəsi 2023-cü ilin dekabr ayında icra edilərək işə bərpa edilmişdir.

52. İddiaçı bildirir məhkəmə tərəfindən əmr ləğv edilərək qanunsuzluğu müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixindən işə bərpa edildiyi xx.xx.2023-cü il tarixinədək məcburi iş buraxma üçün əmək haqqı tutulmalıdır.

53. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiliyi faktiki halları Azərbaycan Respublikası Əmək Məcəlləsinin həm 62-ci maddəsinin dispozisiya şərtləri, həm də 300cü maddəsinin dispozisiya şərtləri baxımından yoxlanılmalıdır.

54. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək məcburi iş buraxmaya görə əmək haqqı tutulması tələbinə illər üzrə ayrı-ayrılıqda qiymət verilməlidir.

55. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2003-cü ildən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində tərbiyəçi, xx.xx.2005-ci il tarixindən müəllim vəzifəsində çalışmışdır. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmamış, Azərbaycanda Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq icazəsi ilə yaşamışdır. Onun 2021-ci ilin avqust ayında daimi yaşamaq üçün verilmiş icazəsinin müddəti bitmiş və Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçının Azərbaycanda yaşamaq üçün verilmiş icazənin müddəti bitdiyi və Azərbaycan Respublikası vətəndaşlığına qəbul ilə bağl müraciət etdiyi üçün işəgötürən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 133 nömrəli əmr ilə xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır.

56. İddiaçının vətəndaşlıq ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixində öz həllini tapmış və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuşdur. İddiaçı vətəndaşlığa qəbul olunduqdan sonra xx.xx.2023-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə ərizə ilə müraciət edərək işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının ərizəsi təmin edilmədiyi, işə bərpa edilmədiyi üçün iddiaçı ilk növbədə Bakı İnzibati Məhkəməsini müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamış, daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2232/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə iddia təmin edilərək Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 133 nömrəli əmr ləğv edilmişdir.

57. İddiaçının vəkil-nümayəndəsi həmin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2232/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş əmr ləğv edildiyindən həmin Qətnamənin hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıdığını bildirməklə cavabdehdən iddiaçının işdən kənarlaşdırıldığı vaxtdan işə bərpa edildiyi vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı tutulmalı olduğunu bildirir.

58. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

59. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

60. Məhkəmə razılaşır ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması, nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

61. Lakin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

62. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020ci il tarixli Qərarında qeyd etmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

63. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

64. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2232/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinin hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımamasına hüquqi qiymət verməyi zəruri hesab edir.

65. İlk növbədə qiymət verilməli məqam ondan ibarətdir ki, həmin qətnamə ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli 133 nömrəli əmrinin ləğv edilməsinin hüquqi əsası nə olmuşdur.

66. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Məhkəmə tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Əmrinin qanuniliyinə qiymət verən zaman maddi hüquq norması qismində Əmək Məcəlləsinin 62-ci maddəsinin müddəaları tətbiq edilmişdir.

67. Qətnamədə Əmək Məcəlləsinin 62-ci maddəsinə istinad edilməklə qanunvericilikdə işçinin işdən kənarlaşdırılması üçün cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən 133 nömrəli xx.xx.2021-ci il tarixli əmrin verilməsi üçün əsas olmuş halların nəzərdə tutulmadığı üçün əmr ləğv edilmişdir.

68. Göründüyü kimi Məhkəmə tərəfindən əmrə Əmək Məcəlləsinin 62-ci maddəsinin dispozisiya şərtləri daxilində hüquqi qiymət verilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən qərar qəbul edilən zaman artıq iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmiş idi, yəni onun həmin vaxt işdən kənarlaşdırılması üçün əsas olan hal aradan qalmış idi.

69. O cümlədən müəyyən edilir ki, həmin mülki iş üzrə cavabdehin nüamayəndəsi bildirmişdir ki, hazırda yeni dərs ili başladığına görə onlarda dərs bölgüsüdür. Məhkəmə tərəfindən iddiaçının iş ilə təmin ediməsi barədə qərar qəbul edilsə, iddiaçı işə bərpa olunacaq.

70. Göründüyü kimi həmin mülki iş üzrə icraat zamanı tərəflər arasında mübahisə mövcud olmamış, iddiaçının işdən kənarlaşdırlması üçün əsas olmuş hal aradan qalxmış, cavabdehin nümayəndəsi də məhkəmə qərarı ilə iddiaçı işə bərpa ediləcəyi halda iddiaçını iş ilə təmin edəcəklərini bildirmişlər.

71. Belə olan halda məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, əgər iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsə və ya onun yaşamaq üçün icazəsi olmasa idi, məhkəmə tərəfidən həmin qərar qəbul edilərdimi.

72. Təbiidir ki, Azərbaycan Respublikasında yaşamaq icazəsi olmayan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olması yolverilməzdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən həmin şəxslər barəsində ölkədən kənara çıxarma haqqında qərar qəbul edilir.

73. Məhkəmə tərəfindən də qeyd edilən halın, yəni Azərbaycan Respublikasında yaşamaq icazəsinin müddəti uzadılmayan əcnəbilər barəsində işəgötürən tərəfindən hansı qərarın qəbul edilməli olduğunun araşdırılması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmiş, mütəxəssis izahatında bildirmişdir ki, qeyd edilən halda “işçinin yaşamaq üçün icazəsi yoxdursa, müqavilə ləğv edilməli idi”.

74. Yəni müəyyən edilmişdir ki, əgər əcnəbi işçinin Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi yoxdursa, işəgötürən tərəfindən işdən kənarlaşdırma haqqında əmr yox, əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilməli idi.

75. Məhkəmə hazırki mülki işin faktiki halları baxımından qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən humanistlik göstərilərək işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməməsi, iddiaçının vətəndaşlığı ilə bağlı məsələnin həll edilməsi üçün işdən müvəqqəti kənarlaşdırılmasına dair əmr verilməsi onun əleyhinə olan hal olaraq qiymətləndirilməməli, bu ədalət prinsipinə zidd hesab edilməlidir.

76. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)- 2232/23 saylı mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman ilk öncə “əmrin ləğvi və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi ilə müraciət edilsə də, daha sonra xx.xx.2023-cü il tarixində iddia tələbinin həcmi azaldılaraq “əmrin ləğvi” tələbi müdafiə edilmişdir.

77. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə alınmalıdır ki, iddiaçı barəsində verilmiş əmr “işdən kənarlaşdırma” barədə olduğundan və həmin əmrin qanuniliyi Əmək Məcəlləsinin 62-ci maddəsinin dispozisiya şərtləri baxımından yoxlanıldığından “məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə həmin normanın dispozisiya şərtləri baxımından hüquqi qiymət verildikdə işçinin iddia tələbi təmin edilə bilməz.

78. Belə ki, həmin normaya əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.

79. Həmçinin nəzərə alınmalıdır ki, əgər iddiaçının Azərbaycan Respublikasında yaşamaq hüququ yoxdursa, o, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdirsə, yəni həmin müddət ərzində iddiaçının Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması mümkün deyildirsə, sadəcə məhkəmə tərəfindən əmrin ləğv edilməsi və həmin əmrə Əmək Məcəlləsinin 62-ci maddəsinin dispoziya şərtləri baxımından hüquqi qiymət verilməsi, məhkəmə tərəfindən qərar qəbul edilən zaman iddiaçının artıq Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi hallarının nəzərə alınması cavabdehdən həmin dövr üçün əmək haqqı tutulması üçün əsas ola bilməz.

80. Qeyd edilən hallar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2232/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş 133 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi hazırki mülki iş üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək haqqı tutulması üçün preyudisial əhəmiyyət kəsb etmir.

81. İddiaçı tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonrakı müddət üçün, yəni işəgötürən cavabdehə müraciət etdiyi vaxtdan işə bərpa edildiyi vaxtadək olan müddət üçün əmək haqqı tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

82. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyində əmək haqqına verilən anlayışa əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (ƏM 154.1.m).

83. Göründüyü kimi, əmək haqqı işçinin gördüyü işə görə ödənilən və əmək müqaviləsi ilə müəyyən edilən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

84. Məcburi iş buraxma ilə bağlı əmək haqqı tutulması ilə bağlı münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən isə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

85. Göründüyü kimi, qeyd edilən norma o halda məhkəmə qərarı ilə işəgötürəndən məcburi iş buraxmaya görə əmək haqqı tutulmalı olduğunu müəyyən edir ki, işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozularaq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən xitam verilmiş olsun.

86. Hazırki mülki iş üzrə isə qeyd edilən hallar müəyyən edilməmişdir. Yəni hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, həmçinin qeyd edilən müddət ərzində iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını icra etməsi halı müəyyən edilməmişdir.

87. Məhkəmə tərəfindən həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra işəgötürən cavabdehə işə bərpa edilməsi üçün müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçının işə bərpa edilməsindən imtinanın qanuniliyi də araşdırılmışdır.

88. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə ərizə ilə müraciət edərək işə bərpa edilməsini xahiş etmişdir.

89. Ərizənin də məzmunundan aydın olur ki, iddiaçı ərizədə Azərbaycan Respublikasında yaşamasının son 5 ili bitdiyi üçün işdən kənarlaşdırıldığını, daha sonra vətəndaşlığa qəbul ilə bağlı sənədləri topladığını, qanunvericiliklə müəyyən edilmiş müvafiq proseslərdən keçdikdən sonra vətəndaşlığa qəbul edildiyini bildirərək qanun çərçivəsində işə bərpa edilməsini xahiş etmişdir.

90. Müəyyən edilmişdir ki, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən iddiaçının işə bərpa edilməsindən imtina edilməsinin səbəbi iddiaçı məktəbə müraciət edən zaman müəllimlərin tarifikasiyasının təsdiq edilməsi və iddiaçı işdən kənarlaşdırıldığı üçün onun adının tarifikasiyaya salınmaması, ona dərs yükü verilməməsi olmuşdur.

91. Belə ki, qeyd edilən hal həm Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olmuş 2(007)-2232/23 saylı mülki iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatı, həm də hazırki mülki iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatı ilə, həmçinin iddiaçının müraciətinə cavabdehin cavab məktubu ilə müəyyən edilmişdir.

92. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2232/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, məktəblərdə sentyabr ayının 15-i tarifikasiya təsdiq edilir. Təhsil sahəsində müəllimlərin əmək haqqı fondu sentyabr ayından növbəti ilin sentyabr ayına qədər təsdiq olunur. Tarifikasiyada müəllimin təhsili, dərs saatlarının miqdarı və alacağı əmək haqqı göstərilir. Tarifikasiya təsdiq edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilməklə möhürlənir. Həmin vaxt müəllimə neçə saat verilirsə, onunla müqavilə bağlanılır. İddiaçı vətəndaşlığa qəbul edilməsi ilə bağlı sənədini təqdim edən zaman artıq dərs saatlarının bölgüsü aparılmış və müəllimlər ilə əmək müqaviləsi bağlanılmış idi.

93. Hazırki mülki iş üzrə məhkəmə iclasında işirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tarifikasiya hər il sentyabr ayının 15-i təsdiq edilərək oktyabr ayının ilk ongünlüyündə möhür ilə təhvil verilir. Tarifikasiya təsdiq edildikdən sonra müəllimlər ilə bir illik-15 sentyabr tarixindən 15 iyunadək əmək müqaviləsi bağlanılır. Tarifikasiya təsdiq edildikdən, dərs bölgüsü aparıldıqdan sonra yenidən dərs bölgüsü aparılması mümkün deyildir. Qeyd edilən hal digər müəllimlərin ciddi narazılığına, digər məhkəmə mübahisələrinə səbəb ola bilər. Qeyd etmişdir ki, işdən kənarlaşdırılan zaman iddiaçının adı tarifikasiyadan çıxarılmış idi.

94. Həmçinin qeyd etmişdir ki, iddiaçı əvvəlki rəhbərliyin dövründə işdən kənarlaşdırılmışdır. O, 2023-cü ilin yanvar ayında işə bərpa edilmək üçün müraciət etmişdir. Həmin vaxt artıq rəhbərlik dəyişmiş idi. İddiaçı işə bərpa edilmək üçün müraciət etdiyi vaxt məktəbdə ciddi qarışıqlıq dövrü idi. Belə ki, həmin dövrdə 4-cü sinfi təhvil verən 8 müəllimə 3 sinif açılmışdı. Həmin dövrdə müəllimlərin dərs saatı 24 saatdan 12 saata, 9 saata düşmüşdü. Belə qarışıqlıq dövründə iddiaçı 24 saat iddiası ilə geri qayıtmış idi. Qeyd etmişdir ki, digər müəllimlərin dərs saatının azaldılaraq iddiaçıya dərs saatı verilməsi üçün həmin müəllimlərin razılıq ərizəsi lazımdır. Sertifikasiyadan keçən 50-dən yuxarı balı olan müəllimlərə 24 saatdan az dərs verilməsi mümkün olmadığı halda belə, həmin dövrdə onlara 12 saat dərs verilmiş idi. İddiaçı isə ümumiyyətlə sertifikasiyadan keçməmişdir. Bildirmişdir ki, hazırda müəllimlər MİQ imtahanı vasitəsilə işə qəbul edilirlər. MİQ olmayan vaxtlarda isə müəllimlərin işə qəbulu daxili qaydalar ilə tənzimlənirdi. Həmçinin məhkəmə tərəfindən iddiaçının müvəqqəti olaraq başqa vəzifəyə bərpa edilməsinin mümkünlüyü araşdırılmış, cavabdehin nümayəndəsi bildirmişdir ki, bu mümkün deyildi. Həmçinin qeyd etmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə işə bərpa edilən vaxtda tarifikasiya təsdiq edildiyi üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi mümkün olmamış, müvəqqəti olaraq ona analıq məzuniyyətinə gedən işçinin dərs saatı verilmiş, iddiaçı bu ildən öz vəzifəsinə bərpa edilmişdir.

95. Məhkəmə tərəfindən qeyd edilən halın, yəni həqiqətən tarifikasiya təsdiq edildikdən sonra iddiaçının işə bərpa edilməsinin mümkün olub-olmamasının araşdırılması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş, mütəxəssis izahatında bildirmişdir ki, iddiaçı ibtidai sinif müəllimi olduğu üçün tarifikasiya təsdiq edildikdən, siniflər, dərs saatları bölündükdən sonra yenidən dərs saatının bölgüsünün aparılması mümkün deyildir. Belə olan halda, yeni dərs saatı bölgüsünün aparılması gözlənilməlidir. Həmçinin qeyd etmişdir ki, işçini müvəqqəti olaraq başqa ixtisas üzrə işə qəbulu da mümkün deyildir.

96. Mütəxəssis həmçinin bildirmişdir ki, işçinin vətəndaşlığı, yaşamaq üçün icazəsi olmadığı halda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməli idi. Həmin vaxt məktəb Bakı Təhsil İdarəsinin tabeliyində olmadığından göürnür ki, məktəbin başqa yolu olmamış, hər hansı formada rəsmiləşdirməli olmuşdur. Hazırkı halda qeyd edilən vəziyyətdə onlar tərəfindən əmək müqaviləsinə xitam verilərdi. Qeyd etmişdir ki, indiki halda əmək müqaviləsinə xitam verildikdən sonra işçi vətəndaşlığa qəbul edidikdə onun işə qəbulu üçün MİQ imtahanı verməlidir. Çünki müəllimlərin işə qəbulu şərtlərindən biri MİQ nəticələrinin olmasıdır. Hazırki iş üzrə isə görünür ki, iddiaçı MİQ imtahanları olmayan vaxt işə başlayıbdır. O, çıxarıldıqdan sonra MİQ imtahanı verməli idi. Ancaq indiki halda iddiaçı məhkəmə qərarı ilə işə bərpa edilib.

97. Həmçinin qeyd edilən hal, yəni iddiaçının MİQ imtahanı verməli olması iddiaçı tərəfindən cavabdehə ünvanlanmış işə bərpa edilməsi ilə bağlı müraciətə verilmiş cavab məktubundan da görünür. Həmin məktubda cavabdeh iddiaçıya onun işdən kənarlaşdırıldığı üçün adının 2021-2022, 2022-2023-cü tədris illərində adının tarifikasiyaya salınmadığı, dərs yükü verilmədiyi bildirilmiş və Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında iştirakı tövsiyyə edilmişdir.

98. Odur ki, müəyyən edilmişdir ki, tarifikasiya təsdiq edildikdən sonra, yəni dərs saatının bölgüsü aparılaraq müvafiq dərs saatlarına uyğun müəllimlər ilə əmək müqaviləsi bağlanıldıqdan sonra iddiaçının işə bərpa edilməsi mümkün deyildir. Belə olan halda iddiaçı vətəndaşlığa qəbul edildikdən sonra cavabdehin iddiaçını işə bərpa etməkdən imtina etməsi qanunsuz hesab edilə bilməz.

99. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı işə bərpa edilməsi üçün hər bir halda (həm işdən kənarlaşdırıldığı, həm də əmək müqaviləsi xitam verildiyi) MİQ imtahanı verməli olduğu halda, məhkəmə qətnaməsi ilə işə bərpa edildiyi üçün MİQ nəticələri tələb edilməmişdir.

100. Göründüyü kimi, iddiaçı barəsində cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 133 nömrəli əmr iki hal baxımından iddiaçının lehinə olmuşdur:

101. Belə ki, iddiaçının Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmadığı halda cavabdeh tərəfindən işdən kənarlaşdırma haqqında deyil əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilməli idi. Belə olan halda isə iddiaçı yenidən işə bərpa edilmək üçün Müəllimlərin işə qəbulu üzrə imtahan verməli idi.

102. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin halları onu deməyə əsas verir ki, digər mülki iş üzrə tərəflər arasında razılıq ədlə edilmiş, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair ərizə verilmiş, cavabdeh tərəf isə məhkəmə tərəfindən iddianın təmin edilməsinə etiraz etməmişdir. Hazırki mülki iş üzrə iddiaçının vəkil-nümayəndəsindən həmin mülki iş üzrə məcburi iş buraxmaya görə əmək haqqı hissəsində iddia tələbinin həcminin azaldılmasının səbəbinin tərəflər arasında razılıq olması ilə bağlı olduğu aydınlaşdırıldıqda dəqiq xatırlamadığını bildirmişdir.

103. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının yaşamaq üçün icazəsi olmadığı üçün cavabdeh tərəfindən işdən müvəqqəti kənarlaşdırılması, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsinin mümkünsüzlüyü, o cümlədən iddiaçının xx.xx.2021-ci il tarixindən işə bərpa edildiyi xx.xx.2023-cü il tarixinədək cavabdeh məktəbdə əmək fəaliyyəti ilə məşğul olmadığı nəzərə alınaraq iddiaçının cavabdehdən əmək haqqı tutulması tələbi əsaslı hesab edilə bilməz.

104. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən humanistlik nümayiş etdirilərək işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməməsi, ona əmək fəaliyyəti ilə məşğul olmasına maneə olan halı aradan qaldırması üçün vaxt verilməsi, nə qədərdəki, həmin əmrin rəsmiləşdirilməsi hüquqi baxımından qanunvericiliyn tələbinə uyğun olmasada, işçi tərəfindən işəgötürənin əleyhinə istifadə edilməsi ədalətli hesab edilə bilməz.

105. Məhkəmə həmçinin hazırki mülki iş üzrə müəyyən edilmiş, məhkəmə mübahisəsinin predmeti olmamış digər məqama da qiymət verməyi zəruri hesab edir.

106. Belə ki, məhkəmə tərəfindən hazırki mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin vəsatəti əsasında X7 Xidmətindən mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (tərəflərin iradəsindən asılı olmayan hallar) ilə xitam verilmişdir.

107. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə qeyd edilən əmrin mövcudluğu müəyyən edilməmiş, məhkəməyə qeyd edilən əmr təqdim edilməmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, iddiaçı barəsində qeyd edilən əmr verilmiş olduğunu nəzərə alsaq belə, iddiaçının vətəndaşlığa qəbul edildikdən sonra işə yenidən qəbulu üçün MİQ imtahanı verməli olduğu, o cümlədən qeyd edilən müddət ərzində cavabdeh məktəbdə əmək fəaliyyəti ilə məşğul olmadığı, həmin əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri baxımından qanunsuzluğu müəyyən edilmədiyindən içşçinin əmək haqqı tələbi əsaslı hesab edilə bilməz.

Nəticə :

108. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı xx.xx.2021ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün 31275.46 manat məbləğində əmək haqqının Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat Məktəbindən tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

109. Məhkəm xərcləri dövlət büdcəsinə aid edilməlidir.

110. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün 31275.46 manat məbləğində əmək haqqının Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat Məktəbindən tutulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar