Məhkəmə qərarları › İş №e-2(007)-890/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-890/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-890/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək, nikahlarını rəsmi olaraq Bakı Səhəri Yasamal Rayonu Qeydiyyat Şöbəsində 08 fevral 2003-cü il tarixində rəsmiləşdirərək ailə həyatı qurmuşlar. İddiaçının cavabdehlə olan münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pisləşdiyindən birlikdə ailə kimi yaşamaqları qeyri-mümkün olmuşdur. Ailədə yaranmış anlaşılmamazlıqların səbəbi bir birilərini başa düşməməkləri, qarşılıqlı anlaşmanın olmaması olmuşdur. Bu səbəbdən də münasibətlər öz mənfi əksini tapmışdır. Cavabdeh heç vaxt ailəsi ilə maraqlanmamış və üzərinə düşən atalıq borcunu belə yerinə yetirmək istəməmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. 29 noyabr 2021-ci il tarixli arayışa əsasən ilkin mediasiya sessiyasından sonrakı prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasından sonrakı prosesin davam etdirilə bilməməsi barədə 29 noyabr 2021-ci il tarixli arayışından da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci nağd qaydada iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh arasında 08 fevral 2003-cü il tarixdə bağlanmış nikahın pozulması, nikahları pozulduqdan sonra 18 fevral 2007-ci il təvəllüdlü X1 və 17 yanvar 2004-cü il təvəllüdlü X2 onun yanında qalmaları və 18 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, əlavə olaraq göstərdi ki, o, nikahın pozulmasında təkidlidir, yetkinlik yaşına çatmayan oğlu atası ilə qalmaq istədiyindən uşağın atanın yanında saxlanılmasına etiraz etmir, bununla bağlı cavabdehlə aralarında razılıq əldə etmişlər və buna görə də iddia tələbinin alimentin tutulması hissəsinin təmin olunmasına zərurət qalmamışdır. Məhkəmədən nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddiaçının mövqeyindən çıxış edərək nikahın pozulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında nikahın pozulmasına etiraz etmədiyini, o cümlədən Elcan Rəhimovun onun yanında qalmaq istəməsi və iddiaçının da buna etiraz etmədiyini nəzərə alaraq, uşağın onun yanında saxlanılmasını xahiş etmiş və uşağın saxlanması üçün aliment tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 cavabdehin izahatını və xahişini müdafiə edib, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dinlənilmiş X3 bildirdi ki, onun 15 yaşı var. Doqquzuncu sinifdə oxuyur. Dərslərindən “4” qiyməti alır. Valideynləri bir ildir ki, ayrı yaşayırlar. Atası ilə birlikdə yaşayır. Anası bacısı ilə anasının atası evinə gedib və orada yaşayırlar. Nənəsigilin evi ilə öz evləri bir həyətdə yerləşir. O, bacısını və anasını görməyə gedir hərdən bir. Amma atası ilə birlikdə qalmaq istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını və uşağı dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İİ-AZ seriyalı 049506 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 08 fevral 2003-cü il tarixdə Bakı Şəhəri Yasamal Rayon VVADQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada “Yusifova” soyadları verilmişdir. - AZ-İ seriyalı 898329 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 18 fevral 2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - AA1820434 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 17 yanvar 2004-cü il tarixdə anadan olmuşdur. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 29.11.2021-ci il tarixli arayışından görünür ki, tərəflər mediasıya prosesini davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 08 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 17 yanvar 2004-cü il tarixdə X4 və 18 fevral 2007-ci il tarixdə X3 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. X4 yetkinlik yaşına çatmışdır. Tərəflər nikahın pozulmasına və X1 atanın yanında qalmasına razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh ilə İddiaçı arasında 08 fevral 2003-cü il tarixdə bağlanmış nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan doğulmuş 18 fevral 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş uşağın kimin yanında qalması məsələsini həll edərkən, iddiaçının yetkinlik yaşına çatmayan uşağın atanın yanında qalmasına etiraz etməməsini, uşağın məhkəmə iclasında dinlənilən zaman atasının yanında qalmaq istədiyini bildirməsini, onun hazırda atasının yanında qalmasını nəzərə alaraq hesab edir ki, 18 fevral 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 atanın yanında qalmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə nikahından doğulmuş 10 yaşına çatmış X3 ailədə onun marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalması müəyyən edilərkən öz fikirlərini bildirmək hüququ təmin edilməklə dinlənilmişdir. Dinləmə zamanı öz fikirlərini sərbəst formada ifadə edərək, X3 atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir, iddiaçı da öz növbəsində buna etiraz etməmiş və həmin hissədə iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan X1 atasına bağlılığını, atasının yanında qalmaq istəməsini, onun yaşını, iddiaçının X1 atasının yanında qalmasına etiraz etməməsini, valideynlərin hər biri ilə onun arasındakı münasibətləri və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin nikahı pozularkən X3 atasının yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında iddiaçı X1 cavabdehin yanında qalmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın saxlanması üçün alimentin tutulması məsələsini müzakirə etmiş və cavabdeh iddiaçıdan yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tələb etmədiyni bildirdiyindən, məhkəmə belə qənaətə gəlir ki, alimentin tutulması üçün zərurət yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsü ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı Şəhəri Yasamal Rayon VVADQ Şöbəsində 08 fevral 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 18 fevral 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Yasamal Rayon VVADQ Şöbəsində bağlanmış və 08 fevral 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmiş nikah pozulsun. 18 fevral 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında qalsın. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar