Məhkəmə qərarları › İş №e-2(007)-967/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-967/2025

30.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-967/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla Cavabdeh1nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:

1. İddiaçı Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMCdən 2024-cü ilin aprel ayının aylıq əmək haqqı 1450 manat, əmək haqqının xx.xx.2024-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və son haqq-hesabın hesablanaraq ödənilməsi, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində rüsumun əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti maraqlı şəxs qismində cəlb olunmuşdur.

İddia ərizənin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildə tarixdə Cavabdeh1 MMC-də “Baş memar” vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Cavabdeh1 işlədiyi zaman 2024-cü ilin aprel ayınadək aylıq əmək haqqını alsa da 06 may 2024-cü il tarixdə işdən azad olunan zaman son 1 aylıq əmək haqqı aylıq 1450 manat olmaqla və son haqq-hesab ödənilməmiş olaraq qalmışdır. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh onunla əmək müqaviləsinə xitam verilərkən, Cavabdeh1 MMC-nə müraciət edərək, işlədiyi son ayın əmək haqqını və son haqq hesab məbləğinin ödənilməsini tələb etməyinə baxmayaraq, əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Cavabdeh1 MMC-yə və maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin və maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. İddiaçı cavabdehin məhkəmə iclasında iştirak etmədiyindən qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi üçün, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

9. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 04 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır.

10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 dekabr 2024-cü il tarixli, MŞB/13/2024-01831 nömrəli arayışından görünür ki, Cavabdeh1 MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 04 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Sizin Cavabdeh1 MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətiniz ilə əlaqədar izahatınızın və əmək haqqı barədə bank çıxarışının alınması məqsədilə ünvanınıza (ünvan 2li, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, eyni zamanda müraciətdə qeyd edilən telefon nömrəsi ilə (***-***-**-**) əlaqə saxlanılaraq məlumat verilmiş, lakin Siz izahatınızı araşdırmaya təqdim etmisiniz. Eyni zamanda müraciətinizin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə Cavabdeh1 MMC-nin ünvanına (ünvan 335138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdən Sizinlə Cavabdeh1 MMCnin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və AR ƏM-nin 83-cü maddəsinin ikinci hissəsinin tələbləri pozularaq son haqq-hesabınızın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh1 MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Həmçinin son haqq-hesabınızın ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 3-17-5/2- 88376/2024 nömrəli, xx.xx.2024-cü il tarixli göstəriş məktubu ünvanlanmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.

12. 06 may 2024-cü il tarixli, K-003/24 saylı əmrdən görünür ki, İddiaçı, Cəmiyyətin baş memarı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir.

13. 0348850 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2022-ci ildə baş memar vəzifəsinə təyin edilmişdir.

14. 05 iyun 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir.

15. Bank hesabından çıxarışdan görünür ki, 2024-cü ilin aprel ayının əmək haqqı ödənilməmişdir.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 04 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2022-ci ildə baş memar vəzifəsinə təyin edilmişdir. 06 may 2024-cü il tarixli, K-003/24 saylı əmrlə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Hazırda iddiaçı Cavabdeh1 MMC-dən 2024-cü ilin aprel ayının aylıq əmək haqqı 1450 manat, əmək haqqının xx.xx.2024-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və son haqq-hesabın hesablanaraq ödənilməsi, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində rüsumun əvəzi tutularaq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 294-cü maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

18. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə (bundan sonra – X1 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X1 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarı:

Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

22. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

23. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Göründüyü kimi İddiaçı 06 may 2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün 05 iyun 2024-cü il tarixdə X1 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək izahat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

24. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 04 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinin tələbləri pozularaq son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.

25. Göründüyü kimi cavabdeh tərəfindən əmək müqaviləsi ləğv edildikdən sonra əmək haqqı və son haqq-hesab ödənilməmişdir. İddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışdan da görünür ki, 2024-cü ilin aprel ayının əmək haqqı ödənilməmişdir. Həmçinin qanunvericiliyə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Odur ki, əmək haqqının xx.xx.2024-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir.

26. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş qəbzə əsasən iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi 70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

29. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Həmçinin ödənilməli olan 34.50 manat dövlət rüsumu mediasiya prosesi zamanı ödənilən 60 manat mediasiya xərcindən az olduğundan ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1ndən 2024-cü ilin aprel ayının aylıq əmək haqqı 1450 manat, əmək haqqının xx.xx.2024-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və son haqqhesabın, mediasiya xərci 60 manat və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh1ndən 2024-cü ilin aprel ayının aylıq əmək haqqı 1450 manat, əmək haqqının xx.xx.2024-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və son haqq-hesabın, mediasiya xərci 60 manat və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar