Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-982/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı olan ”pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı olan ”pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh X3 ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat (min beş yüz manat) pulun və bu iddianın verilməsi üçün ödənilmiş 35 manat (otuz beş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törədərək piyada X4 ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş 127500 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Opel Astra” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(019)-59/2023 saylı hökmünə əsasən, cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin hadisə nəticəsində zərərçəkən X2 ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmənin hökmü ilə Cavabdeh CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı zərərçəkən X4 İcbari Sığortalar haqqında qanunun 14.2-ci maddəsinə uyğun olaraq 1500 manat (min beş yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh icbari qaydada sığortalamış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh həm qeydiyyat ünvanına, həm də Balakən rayonunda yerləşən faktiki ünvanına pretenziya məktubları göndərilmiş, hər iki məktub imzalanaraq alınmışdır. Buna baxmayaraq borc ödənilməmiş qalmaqdadır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
7. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbini “Opel Astra” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022xx.xx.2023 dövrü əhatə edən icbarı sığorta müqaviləsinin bağlanması, həmin tarix aralığında xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada-X5 vurması nəticəsində X1 ağır zərər vurulması, buna görə ona Balakən rayon Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza verilməsi, cavabdehin bu hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi ilə əsaslandırmışdır.
8. Yəni iddiaçı cavabdehə qarşı olan “subraqasiya qaydasında pul tələbi”nin faktiki əsası qismində cavabdeh ilə aralarında olan sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən sürücülük hüququ olmadan sığorta hadisəsi hesab olunan-yol-nəqliyyat hadisəni törətməsinə görə məsuliyyətə cəlb edilməsinə istinad etsədə, iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən “icbari sığorta müqaviləsi”ni, cavabdehin sürücülük hüquq olmadan yol-nəqliyyat hadisəsi törətməsini təsdiq edən Balakən rayon Məhkəməsinin hökmü iş materiallarına əlavə edilməmişdir.
9. Mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbinin faktiki əsasını təşkil edən halları təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı olan “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı Sığorta Şirkəti ASC VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221103, transaksiya nömrəsi:71274413; tarix:xx.xx.2024, saat: 15:32:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
12. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı olan ”pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı Sığorta Şirkəti ASC VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221103, transaksiya nömrəsi:71274413; tarix:xx.xx.2024, saat: 15:32:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva