Məhkəmə qərarları › İş №e-2(007)-993/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-993/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-993/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh ilə ilkin olaraq münasibətləri normal olsa da, sonradan kəskin pisləmişdir və Cavabdeh 25 aprel 2023-cü il tarixdən evi tərk edərək getmişdir. Birgə nikahlarından dünyaya gəlmiş övladı onun himayəsindədir. 25 aprel 2023-cü il tarixdən etibarən Cəlal uşağın saxlanılmasında və onun maddi və mənəvi ehtiyacının qarşılanmasında iştirak etmir. Hesab edir ki, uşaqları saxlamaq valideynlərin vəzifəsidir və uşaqların minimumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azyaşlı qız övladının gündəlik tələbatlarının qarşılanması zərurəti qaçılmazdır. Bildirir ki, cavabdehə qarşı “aliment tələbi barədə” məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. 14 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin Mediasiya sesiyasında iştrak edilmasinə dair 24 yanvar 2024-cü il tarixli, MŞB/14/2024- 00047 saylı Arayış təqdim etmişdir. Tək ana olaraq cavabdeh ilə birgə nikahından dünyaya gəlmiş qızı Zəhra Ələkbərzadənin gündəlik maddi təlabatlarının qarşılanmasında çox əziyyət çəkir. Cavabdeh Cəlal Ələkbərzadə 25 aprel 2023-cü il tarixdən evi tərk edərək getdiyi üçün qızı Zəhranın saxlanılmasında və onun maddi təlabatlarının qarşılanmasında artıq 9 aydır ki iştirak etmir və heç bir maddi köməklik göstərmir. Halbuki, Cavabdeh Azərsun Holdinq nəzmində "xxxx" X2 filialında müdür müavini vəzifəsində işləyir və kifayət qədər yüksək əmək haqqı alır və yüksək maddi təminata malikdir. Hər dəfə uşağın saxlanılması üçün maddi köməklik göstərməyini xahiş etsə də, bütün müraciətlərinə cavab verməyərək övladının gündəlik maddi təlabatlarının qarşılanması üçün heç bir köməklik etməyərək laqeyd münasibət göstərir. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayır və birgə nikahından dünyaya gəlmiş övladı onun himayəsindədir. Cəlal isə uşaqların saxlanılmasında və onların maddi və mənəvi ehtiyacının qarşılanmasında iştrak etmir. Bu səbəbdəndə məhkəməyə müraciət edir. 25 aprel 2023-cü il tarixdən Cəlal evi tərk edərək getmişdir. Dəfələrlə Zəhranın saxlanılması üçün maddi köməklik göstərməyini xahiş etsə də, heç bir köməklik göstərməmişdir. Məcburiyyət qarşısında qalaraq 27 dekabrda müvəqqəti alimet tələbi ilə bağlı məhkəməyə müaciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 16(007)-246/2023 saylı 28 dekabr 2023-cü il tarixli qərardadı ilə müvvəqəti alimet təmin edilmişdir. Bütün bu hallar göstərir ki, cavabdeh əvvəlki dövr üçün aliment ödəməkdən yayınmışdır. Artıq 9 aydırkı Zəhranın bütün maddi təlabatları iddiaçı tərəfindən qarşılanır. Bu səbəbdən də əvvəlki dövr üçün də 25 aprel 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixə qədər olan müddət üçün aliment ondan alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh ilə birgə nikahından dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X3 nın ananın yanında saxlanılaraq xx.xx.2019-cu il təvəllüdlü X3 nın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (əmək haqqının) ¼ hissəsi miqdarında alimentin alınaraq iddiaçıya verilməsi və əvvəlki dövr 28 aprel 2023-cü il tarixdən 28 dekabr 2023-cü il üçün Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 nın saxlanılması üçün qazancının ¼ hissəsində alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə etdi və əlavə olaraq bildirdi ki, tərəflər 2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh evi tərk etmişdir. Övladının maddi və mənəvi tələbatlarını təmin etmir. Onların nikahı Ağdam Rayon Məhkəməsində pozulmuşdur. Uşaq ananın himayəsinə verilib. Müvəqqəti təminat tədbiri olaraq aliment təyin edilib. Lakin cavabdeh müvəqqəti alimenti gecikdirir. Övladın bütün yükü anadadır. Cavabdehin maddi imkanı yaxşıdır. Buna görə də iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 365648 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00047 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 3-17-5/2-2740/2024 nömrəli məktubunun surətindən və “Elektron Məhkəmə” sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də menecer vəzifəsində işləyir və 1303.95 manat məbləğində əmək haqqı alır. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Ağdam Rayon Məhkəməsinin e-2(013)- 51/2024 saylı qətnaməsi ilə onların nikahı pozulmuş və birgə nikahdan doğulmuş uşaqları ananın yanında saxlanılmışdır. Hazırda uşaq anasının himayəsindədir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddiaçıdan tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia əvvəlki dövr, 28 aprel 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək olan müddət üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında pulun iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumu ödəməkdən azad edilmişdir, ödənilməli olan dövlət rüsumu (ümumilikdə 59 manat ödənilməlidir) isə mediasiya xərcindən artıq olduğundan, həmin məbləğin mediasiya xərcindən artıq olan hissəsi yəni 9 (doqquz) manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti aliment tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla), xx.xx.2019-cu il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 9 (doqquz) manat pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar