Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1011/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, hesablanmış məzuniyyət haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, hesablanmış məzuniyyət haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 12 000 (on iki min) ABŞ dolları məbləğində əmək haqqı və məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1082,00 (bir min səksən iki) ABŞ dolları hesablanmış məzuniyyət haqqının, əmək mübahisəsinin həlli zamanı Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 (dörd yüz doxsan) ABŞ dolları, 200 (iki yüz) AZN məbləğində vəkil xərcləri, iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin, habelə, digər əlavə xərclər (qidalanma, taksi, gecələmə., v.s.) 1000 (bir min) manat ümumilikdə cavabdeh “BFT Cheesella" MMC-dən 13572 (on üç min beş yüz yetmiş iki) ABŞ dolları və 1250 (bir min iki yüz əlli) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və pendir istehsalı ilə məşğul olan cavabdeh “BFT Cheesella" MMC-dən gələn iş təklifini qəbul edərək həmin şirkətdə süd məhsulları istehsalı ustası vəzifəsində çalışmaq üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Cavabdehlə əldə olunmuş razılığa əsasən, ilk üç sınaq aylarında 1500 ABŞ dolları, daha sonrakı müddət üçün isə 2000 ABŞ dolları məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Şifahi qaydada razılığın əldə olunmasına baxmayaraq, işəgötürən sözügedən münasibətlərin əmək müqaviləsinin bağlanması ilə rəsmiləşdirilməsinə dair hər hansı sənəd (müvafiq əmr, sərəncam, qərar, əmək müqaviləsi, əmək müqaviləsinin bağlanılması və ona dəyişikliklərin edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi) təqdim olunmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən sınaq müddəti ərzində əmək haqqının vaxtında ödənilməməsi səbəbindən iddiaçı əmək münasibətlərinə xitam verərək Türkiyəyə qayıtmaq istəmişdir. Lakin cavabdeh əmək haqqı ödənişlərinin vaxtlı-vaxtında həyata keçiriləcəyini vəd edərək iddiaçı ilə işgüzar münasibətin davam etdirilməsini istədiyini bildirmişdir. Bundan əlavə, miqrant olan İddiaçına “BFT Cheesella" MMC tərəfindən iş icazəsi alınmadığından cavabdeh 2021-ci ilin iyun ayında inzibati məsuliyyətə cəlb olunmuş, daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçıya bir il müddətinə müvafiq iş icazəsi alınmışdır. İddiaçı sözügedən şirkətdə əmək fəaliyyətini davam etdirməyinə baxmayaraq şirkət tərəfindən vəd edilən əmək haqları ödənilmədiyindən 2021-ci ilin noyabr ayında Türkiyəyə dönmək üçün ailəsindən bilet alınmasını xahiş etmiş, lakin cavabdeh cari ayda ödənişlərin həyata keçiriləcəyini bildirərək biletin dekabr ayına təxirə salınmasını xahiş etmişdir. Cavabdehlə əldə olunan razılığa uyğun olaraq İddiaçı ölkədən gedişi dekabr ayına təxir salmış, ancaq “BFT Cheesella" MMC tərəfindən işçinin əmək haqları ödənilməmiş və iddiaçı dekabr ayında Türkiyəyə geri dönmüşdür. Növbəti ilin yanvar ayında iddiaçı ödənilməmiş əmək haqqını tələb etmək məqsədilə Azərbaycana gələrək X2 Büyükelçiliyiğinə müraciət ünvanlanmış, həmin müraciətə aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində baxılmışdır. Sonuncu tərəfindən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinə göndərilən xx.xx.2022-ci il tarixli məktubda Azərbaycan Respublikası ƏƏSMNnin mərkəzlədirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi" altsistemində İddiaçı Cavabdeh MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunduğu, habelə bununla əlaqədar Cavabdeh MMCnin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqmda protokol tərtib edildiyi və baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərildiyi bildirilmişdir. İddiaçı Cavabdeh MMC-də on ay müddətində işlədiyinə baxmayaraq müəssisənin iddiaçı ilə əmək münasibətlərinin qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilməməsi, habelə əmək haqlarının ödənilməməsi və ödənilməməsinə rəğmən əmək münasibətlərinə xitam verilməməsi, habelə məzuniyyət haqqının ödənilməməsi qanunsuz və əsassız olmaqla iddiaçının əmək hüquqlarını kobud surətdə pozur. Belə ki, iddiaçıya orta aylıq əmək haqqının hesablanmasına görə 1082,00 ABŞ dolları məzuniyyət haqqı hesablanmalı, eləcə də gediş-gəliş haqqı olaraq. Məsələ ilə bağlı mediasiya təklifi ilə cavabdeh müəssisəyə müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu faktı təsdiq edən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" 28 iyun 2022-ci il tarixli MŞB/4-01362 №-li arayışı və 50 (əlli) manat məbləğində mediasiya rüsumunun ödənilməsi barədə qəbzi hazırki iddia ərizəsinə əlavə etmişdir. Göründüyü kimi, işəgötürən “BFT Cheesella" MMC ilə İddiaçı arasında əmək münasibətləri yaranmış olsa da, işçinin əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surəti dəfələrlə tələb edilsə də əmək müqaviləsi iddiaçıya təqdim edilməmişdir. İddiaçıya aylıq ilkin 1500 ABŞ dolları, daha sonra 2 000 ABŞ dolları məbləğində əmək haqqı təyin edilmiş, lakin əmək haqqımn ödənilməsi üçün bank kartı təqdim edilməmiş və çalışdığı müddət ərzində əmək haqqı köçürülməmişdir. Habelə, iddiaçının məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. Bütün bunlar işəgötürən “BFT Cheesella" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər qanunvericilik normalarının kobud pozuntusudur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh müəssisənin rəhbərliyi tərəfindən əməkçi miqrant kimi İddiaçına Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və iş icazəsi alınsa da, onunla əmək müqaviləsi bağlanmadığı üçün cavabdehin əməli qanunsuz olmaqla yanaşı, həmçinin onun əmək hüquqlarını kobud surətdə pozur. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Mülki Prosesual Məcəllənin 53-cü maddəsini rəhbər tutaraq, daha öncə tədqim olunan iddia ərizəsinə dəyişiklik edərək xahiş edir ki, İddiaçı xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 18 500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində əmək haqqı və məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1082,00 (bir min səksən iki) ABŞ dolları hesablanmış məzuniyyət haqqının, əmək mübahisəsinin həlli zamanı Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 (dörd yüz doxsan) ABŞ dolları, 150 (bir yüz əlli) manat məbləğində vəkil xərcləri, iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin, habelə, digər əlavə xərclər (qidalanma, taksi, gecələmə., v.s.) 1000 (bir min) manat, ümumilikdə cavabdeh “BFT Cheesella" MMC-dən 20 072 (iyirmi min yetmiş iki) ABŞ dolları və 1200 (bir min iki yüz) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək texniki yanlışlığa yol verilərək İddiaçı işlədiyi dövr olaraq xx.xx.2021-xx.xx.2021 tarixləri əvəzinə xx.xx.2021-xx.xx.2021 tarixləri göstərilmişdir. Tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizənin tələb hissəsindəki tarix aralığını xx.xx.2021-xx.xx.2021 olaraq nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatının MŞB/4-01362 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfində ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındak Səfirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Sonerv Nalbatoğlu BFT Cheesella MMC-də tərəfindən əmək müqaviləsi hüququi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bununla bağlı MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məccəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyət ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən İİ seriyalı, ******* nömrəli iş icazəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin Azəbaycan Respublikası, Saatlı rayonu, Fətəlikəndində süd məhsulları, istehsal ustası vəzifəsində işləməsi üçün icazə verilmişdir. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş naziri müavininə ünvanlanmış məktubdan görünür ki, istehsal prosesinin səmərəli təşkili üçün Türkiyə Respublikasından ölkəyə pendir istehsalı texnologiyası sahəsində mütəxəssis olaraq çalışan Türkiyə Respublikası vətəndaşı İddiaçı Cavabdeh MMC-də çalışması üçün dəvət etdiklərini bildirmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ölkəyə gəlməsində yardımçı olmasını xahiş etmişdir. X1 surətindən görünür ki, İddiaçı süt ve süt ürünleri işlemciliği üzrə təhsilini uğurla tamamlamışdır. MN seriyalı, ******* nömrəli inzibati haqqında protokolun surətindən görünür ki, İddiaçı Saatlı rayonu, Fətəli kənd ərazisində Cavabdeh MMC-yə məxsus sexdə xx.xx.2021-xx.xx.2021-ci il tarixədək olan dövr ərzində işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2 və 49-cu maddələrinin tələbləri pozulmaqla əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seryalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Saatlı Rayon Məhkməsinin 3(055)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibato xətanı törətməkdə təqsirli bilinərək 20 000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Hüquqi Yardımın göstərilməsi haqqında 174 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərfdən 150 (bir yüz əlli) manat ödənilmişdir. Türk HavvaYollarına məxsus Elektron Çıxarışın surətindən görübür ki, X4 X5 X6 getmək bilət almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. -5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin Məcəllənin 154-cı maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə ilk növbədə iddia tələbinin ilk hissəsinə-xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmış 18 500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilən Saatlı Rayon Məhkməsinin 3(055)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının surətindən də məlum olur ki, iddiaçı həqiqətəndə qeyd edilən dövr ərzində “BFT Cheesella" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə gəlb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qeyd edilən aralıq zamanı göstərmiş olduğu əmək fəaliyyətinə görə ona ödənilməli olan əmək haqqı ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçıya ödənilməli olan əmək haqqının məbləğinə diqqət edərək qeyd edir ki, iddiaçı iddia ərizəsində ona ödənilməli olan əmək haqqı olnların şifahi razılığına görə ilk 3 ayın 1500 ABŞ dolları, digər aylar isə 2000 ABŞ dolları olmalı olduğunu bildirsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanmalı əmək haqqı həmin dövürdə müəyyən edilmiş minumum əmmək haqqına uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərancamına əsasən 2021-ci il tarixdə minumum əmək haqqı 250 manat olduğundan, cavabdehdən 9 ay 15 gün ərzində aylıq 250 manat tutulmaqla iddiaçıya ödənməlidir 250*9.5=2375 manat Bundan sonra məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən-məzuniyyət hüququnundan irəli gələrək orta aylıq əmək haqqına uyğun olaraq 1082,00 (bir min səksən iki) ABŞ dolları hesablanmış məzuniyyət haqqının tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında yazılı əmək müqaviləsi olmadığından və iddiaçı 9 ay 15 gün ərzində könüllü olaarq cavabdeh təşkilatda müqaviləsiz işlədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən-Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar çəkilən xərclər 490 (dörd yüz doxsan) ABŞ dollarının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir, iddiaçı qeyd edilən pul məbləğini hansı səbəblərdən, hansı maddi hüquq normasına uyğun olaraq cavabdehdən tələb etdiyini məhkəmədə sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 50 manat mediasiya xərci və vəkil xərci olaraq 100 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMCdən 2375 manat əmək haqqı, 50 manat mediasiya xərci, 100 manat vəkil xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 2375 (iki min üç yüz yetmiş beş) manat əmək haqqı, 50 (əlli) manat mediasiya xərci, 100 (bir yüz) manat vəkil xərci tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1011/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1011/2023
03.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver