Məhkəmə qərarları › İş №e-2(008)-156/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-156/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-156/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 12 mart 2022-ci il tarixli podrat müqaviləsi üzrə ünvan 1ndə 160 kv.m sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evinin tikitisinin tam başa çatdırılması üçün yekunlaşdırılmamış hissəsi üçün çəkilməli olan xərc (real bazar qiymətinə uyğun olaraq), 15 000 (on beş min) manat məbləğində vəsaitin, vəkil üçün çəkilən 600 (altı yüz) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun Cavabdeh1ndən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu raonu Ləhiş bağ massivi 4865 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun həyat yoldaşı X2 mülkiyyətindədir. O, qeyd edilən torpaq sahəsi üzərində müəyyən işlər görərək, fərdi yaşayış evi tikmək niyyətində olduğundan Cavabdeh1 ilə 12 mart 2022-ci il tarixli 19012 saylı podrat müqaviləsi bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Podratçı” müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini Müqavilə ilə müəyyən olunan qaydada “Sifarişçi”yə təqdim etməyi, “Sifarişçi” isə işləri qəbul edib Müqavilə ilə müəyyən olunmuş qiymətini “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Podratçı” tərəfindən görülməli olan Cavabdeh1 MMC icrasını və görüləcək işlərə təminat verməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən “Podratçı” Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan işi özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirəcəkdir Müqavilənin 1.4-cü bəndinə görə Sərbəst qiymətlərin razılaşdırılması protokolu bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Yuxarıda qeyd edilən müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması 160 kv.m sahəsi olacaq mənzilin ümumi tam tikintisi üzrə ümumi dəyər 30 000 AZN müəyyən edilmişdir. Həmin müqaviləyə görə tikinti zamanı dizayn və memarlığın şirkət tərəfindən hədiyyə edildiyi qeyd edilmiş, həmçinin tərəflər istifadə olunan materiallara aşağıdakı materialların aid edilməsi barədə razılığa gəlmişdir: 1. Qoşa daş hörgü; (“Qaradağ”); 2. Sement norm 400 marka; 3. Beton kəmər və 50*40 beton təməl; 4. Fasad izolizasiya və emulsiya; 5. Qapı və pəncərələr. Tərəfindən müqavilə şərtlərinə uyğun olaraq müəyyən müddətlərdə, 12 mart 2022-ci il tarixdə 9000 (doqquz min) manat, 15 aprel 2022-ci il tarixdə 20 000 (iyirmi min) manat, 21 oktyabr 2022-ci il tarixdə 1000 (bir min) manat və 03 noyabr 2022-ci il tarixdə isə 1500 (bir min beş yüz) manat ödənişlər edilmişdir. Müqavilə üzrə mənzilin tam olaraq tikilib təhvil verilməsi nəzərdə tutulsa da, mənzilin tikintisi başa çatdırılmamışdır. Dəfələrlə şifahi danışıqlarla mübahisəni həll etməyə çalışsa da, bu günə qədər müqavilə şərtləri icra edilməmişdir. Müqavilənin icra edilmə müddəti 12 iyun 2022-ci il tarixdə bitmişdir. Artıq 2 ilə yaxın müddət ötmüşdür ki, bu müddət ərzində maddi və mənəvi zərər dəymişdir. Cavabdehin əməllərində dələduzluq tərkibinin olması və bununla bağlı cinayət işinin başlanılması üçün iddia tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə şikayət edilmişdir. Həmin şikayət üzrə cavabdehin qanuni təmsilçisi X7 da dindirilmiş və öz ifadəsində bildirmişdir ki, 2019-cu ildə "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. Direktoru olduğu MMC-nin fəaliyyəti təmir tikinti işləri ilə bağlıdır. 2022-ci ilin mart ayının əvvəllərində torpaq sahəsində fərdi yaşayış evi tikdirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində fərdi yaşayış evlərinin tikintisinə dair elan yerləşdirdiyi "xxxx" MMC adı ilə qeydiyyatdan keçmiş səhifədəki telefon nömrəsinə zəng gəlmiş, daha sonra məlum olmuşdur ki, həmin şəxs İddiaçıdir. Görüş zamanı o, torpaq sahəsinin yerləşdiyi yer barədə məlumat verərək həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş, rəhbərlik etdiyi şirkət tərəfindən tikilən evlərin layihələrini göstərmiş, həmin layihələrdən birini Yasin bəyənmiş, bundan sonra 2022-ci ilin iyun ayının 12-dək rəhbərlik etdiyi şirkət tərəfindən ona məxsus 160 kv.m torpaq sahəsində 5 otaqlı fərdi yaşayış evini tam təmir olunaraq təhvil veriləcəyini, tikintinin və təmirin ümumi 30 000 manata başa gələcəyini, həmin məbləğin ilkin olaraq 9000 manatını qabaqcadan ödəməli olduğu, daha sonra isə iki dəfə olmaqla 9000 manat ödəməli olduğu, ev tikilib qurtardıqdan sonra 3000 manat ödəniş etməli olduğunu bildirmiş, həmin şəxs təklifini qəbul etmiş, 12 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Xətai rayonu ərazisində yerləşən “Çıraq Plaza”da yerləşən ofisində "xxxx" MMC arasında rəsmi müqavilə bağlanmış və elə həmiin tarixdə 9000 manat məbləğində pulu İddiaçı qəbul etmiş, müqavilə bağlandıqdan sonra bir neçə gün ərzində tikinti işlərinə başlayacağını bildirmiş, 2022-ci ilin 15 aprel tarixində həmin şəxs 20 000 manat ödəmiş, bundan sonra 9000 manat, 1500 manat, 1000 manat olmaqla 31 500 manat pul almış, bunun qarşılığında isə həmin şəxsin evini tikmək üçün qazıntı, beton, hörgü işləri görmüş həmin layihədə nəzərdə tutulan 2 mərtəbəli evin 1 mərtəbəsini hazır edib, 2-ci mərtəbəsində yarımçıq qalmışdır. Həmin işlərin hazırlanmasına görə təxminən 25 000 manat dəyərində işçilərin əmək haqları da daxil olmaqla ümumi işlər görülmüşdür. Lakin bundan sonra şirkətin maliyyə sıxıntıları başlamış, buna görə tikintini başa vura bilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparıb, ümumi tikintinin başa çatdırılması xahiş edilsə də, bu günədək cavabdeh heç bir tədbir görməmişdir. Hətta onun tərəfindən hazırda tikinti materiallarının qiymətlərinin, habelə işçilərin minimum əmək haqlarının da artması halının nəzərə alınaraq əlavə ödənişlər etməyə də razı olduğu bildirilsə də cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, qeyd edilən torpaq sahəsindən istifadə etmək hüququndan da məhrum olmuşdur. Odur ki, hesab edir ki, Cavabdeh1 tərəfindən onunla bağlanmış 12 mart 2022-ci il tarixli podrat müqaviləsinin şərtləri tam icra edilmədiyindən müqavilə üzrə fərdi yaşayış evinin tikintisinin başa çatdırılması üçün lazım olan tikinti mal-materiallarının, habelə müqavilə üzrə yerinə yetirilməli olan digər öhdəliklərlə bağlı hazırkı günün bazar qiymətinə uyğun 15 000 (on beş min) manat məbləğində vəsaitin ona ödənilməsi təmin edilməlidir. Əlavə olaraq bildirir ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən, o, məcbur qalıb vəkil ilə müqavilə bağlamış və əlavə xərclər çəkmişdir. Bu səbəbdən də vəkil üçün ödənilən xidmət haqqı 600 (altı yüz) manat da cavabdehdən alınaraq ona qaytarılmalıdır. Odur ki, iddia tələbi üzrə 15 000 (on beş min) manat əsas ödənilməli olan vəsait və 600 (altı yüz) manat vəkil xərcləri olmaqla, ümumilikdə 15 600 (on beş min altı yüz) manat olduğundan 135 (120+15) manat, 10 faiz hissəsindən azad edilməklə 122 (bir yüz iyirmi iki) məbləğində dövlət rüsumu ödənilməlidir. Həmçinin, tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və ona məxsus olan torpaq sahəsində müqavilə üzrə tikintisi başa çatdırılmalı olan fərdi yaşayış evinin yarımçıq qalan hissəsinin hazırkı bazar qiymətinə uyğunlaşdırılıması və ona ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İşin faktiki və hüquqi əsaslarına istinad edərək bildirir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, podrat müqaviləsinin rekvizitlər hissəsində cavabdeh tərəfindən Cavabdeh2 MMC-nə məxsus olan möhür vurulmuşdur. Lakin vergi orqanının rəsmi internet səhifəsində (taxes.gov.az) Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X7 qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin də qanuni təmsilçisi eyni şəxsdir. Bu hal nəzərə alınmaqla, cavabdeh qismində Cavabdeh2 MMC-nin də cəlb edilməsi zəruridir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh1 MMC (Cavabdeh2 MMCnin möhürü ilə təsdiqlənmiş) arasında bağlanmış 12 mart 2022-ci il tarixli podrat müqaviləsi üzrə ünvan 1ndə 160 kv.m sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinin tam başa çatdırılması üçün yekunlaşdırılmamış hissəsi üçün çəkilməli olan xərc (real bazar qiymətinə uyğun olaraq), 16594.0 manat məbləğində vəsaitin, vəkil üçün çəkilən 600 (altı yüz) manat xidmət haqqının, müstəqil ekspertizanın keçirilməsi üçün ödənilmiş 600 (altı yüz) manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, ekspert rəyinə müvafiq olaraq ünvan 1ndə 2 mərtəbəli fərdi yaşayış evinin yekunlaşdırılması üçün lazım olan 16.594 manat vəsaitin; 12 mart 2022-ci il tarixli 19012 saylı podrat müqaviləsində nəzərdə tutulan vəsaitdən artıq ödənilmiş 1500 manat vəsaitin, iddiaçı tərəfindən vəkil üçün çəkilmiş 600 manat xərcin; iddiaçı tərəfindən müstəqil ekspertizanın keçirilməsi üçün çəkilmiş 600 manat xərcin; ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 0.1 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən X2 xüsusi mülkiyyətindədir. - İddiaçı (Sifarişçi) ilə Cavabdeh1 (Podratçı) arasında bağlanmış 19012 nömrəli 12 mart 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, bu Müqaviləyə görə Podratçı müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini Müqavilə ilə müəyyən olunan qaydada Sifarişçiyə təqdim etməyi, Sifarişçi isə işləri qəbul edib Müqavilə ilə müəyyən olunmuş qiymətini Podratçıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bağlanılır. Podratçı bu Müqavilə qüvvədə olduğu müddət ərzində işləri Sifarişçiyə təhvil verməyi öz öhdəsinə götürür. Tikinti zamanı istifadə olunan materiallar: 1. Qoşa daş hörgü; (“Qaradağ”); 2. Sement norm 400 marka; 3. Beton kəmər və 50*40 beton təməl; 4. Fasad izolizasiya və emulsiya; 5. Qapı və pəncərələr. Dizayn, memarlıq və layihə hədiyyə. Müqavilə Cavabdeh2 MMC-yə məxsus dairəvi möhürlə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2nə 1500 manat məbləğində pul ödənilmiş və Cavabdeh2 MMC-nə məxsus dairəvi möhürlə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2nə 1000 manat məbləğində pul ödənilmiş və Cavabdeh2 MMC-nə məxsus dairəvi möhürlə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2nə 20.000 manat məbləğində pul ödənilmiş, Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2nə 9000 manat məbləğində pul ödənilmiş və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir. - 19012 nömrəli 12 mart 2022-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan (xx.xx.2022) görünür ki, 160 kv.m sahəsi olan mənzilin ümumi tikintisi 30.000 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı 12 mart 2022-ci il tarixli podrat müqaviləsində qeyd olunan öhdəlik tam yerinə yetirilmədiyinə görə Cavabdeh1ndən 15.000 manat pulun 3 (üç) gün ərzində qaytarılmasını tələb etmiş, əks halda, məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, 2019-cu ildə "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. Direktoru olduğu MMC-nin fəaliyyəti təmir-tikinti işləri ilə bağlıdır. 2022-ci ilin mart ayının əvvəllərində torpaq sahəsində fərdi yaşayış evi tikdirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində fərdi yaşayış evlərinin tikintisinə dair elan yerləşdirdiyi "xxxx" MMC adı ilə qeydiyyatdan keçmiş səhifədəki telefon nömrəsinə zəng gəlmiş, daha sonra məlum olmuşdur ki, həmin şəxs İddiaçıdir. Görüş zamanı o, torpaq sahəsinin yerləşdiyi yer barədə məlumat verərək həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş, rəhbərlik etdiyi şirkət tərəfindən tikilən evlərin layihələrini göstərmiş, həmin layihələrdən birini Yasin bəyənmiş, bundan sonra 2022-ci ilin iyun ayının 12-dək rəhbərlik etdiyi şirkət tərəfindən ona məxsus 160 kv.m torpaq sahəsində 5 otaqlı fərdi yaşayış evinin tikiləcəyi, 2022-ci ilin iyun ayının 12-dək olan müddət ərzində isə həmin evin tam təmir olunaraq təhvil veriləcəyini, tikintinin və təmirin ümumi 30.000 manata başa gələcəyini, həmin məbləğin ilkin olaraq 9000 manatını qabaqcadan ödəməli olduğu, daha sonra isə iki dəfə olmaqla 9000 manat ödəməli olduğu, ev tikilib qurtardıqdan sonra 3000 manat ödəniş etməli olduğunu bildirmiş, həmin şəxs təklifini qəbul etmiş, 12 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Xətai rayonu ərazisində yerləşən “Çıraq Plaza”da yerləşən ofisində "xxxx" MMC arasında rəsmi müqavilə bağlanmış və elə həmiin tarixdə 9000 manat məbləğində pulu İddiaçı qəbul etmiş, müqavilə bağlandıqdan sonra bir neçə gün ərzində tikinti işlərinə başlayacağını bildirmiş, 2022-ci ilin 15 aprel tarixində həmin şəxs 20.000 manat ödəmiş, bundan sonra 9000 manat, 1500 manat, 1000 manat olmaqla, 31.500 manat pul almış, bunun qarşılığında isə həmin şəxsin evini tikmək üçün qazıntı, beton, hörgü işləri görmüş, həmin layihədə nəzərdə tutulan 2 mərtəbəli evin 1 mərtəbəsini hazır edib, 2-ci mərtəbəsində yarımçıq qalmışdır. Həmin işlərin hazırlanmasına görə təxminən 25.000 manat dəyərində işçilərin əmək haqları da daxil olmaqla ümumi işlər görülmüşdür. Lakin bundan sonra şirkətin maliyyə sıxıntıları başlamış, buna görə tikintini başa vura bilməmişdir. - hüquqi yardımın göstərilməsi haqqında 031 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin və xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ilə “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə arasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hüquqların müdafiəsi üçün müqavilə bağlanmış və hüquqi yardıma görə 600 manat məbləğində pul ödənilmişdir. - “X3” MMC tərəfindən verilmiş 52 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, sifarişçi İddiaçı ilə podratçı Cavabdeh1 MMC-nin direktoru X7 arasında bağlanmış 12 mart 2022-ci il tarixli 19012 nömrəli podrat müqaviləsinin şərtlərinə və “Bakı Tikinti” Layihə Smeta Bürosu tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş eskiz layihəsinə əsasən X4 məxsus ünvan 1ndə inşa olunmuş fərdi yaşayış bağ evinin tamamlanması üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 17.119,0 (on yeddi min yüz on doqquz) manat məbləğində pul vəsaitinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunduğu müəyyən edilir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “X3” MMC-nin hesabına 600 manat məbləğində pul ödənilmişdir. - İV-ЖГ seriyalı 329984 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X5 xx.xx.1987-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşmə ərizəsinin verilməsi üçün əlavə olaraq 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19012 nömrəli 12 mart 2022-ci il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, 0.1 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün müqavilənin qiyməti 31.500 manat müəyyən edilmiş, iddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 9000 manat olmaqla, ümumilikdə 31.500 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir. Həmin pul vəsaitinin ödənilməsi kassa məxaric orderləri, həmçinin, Cavabdeh1 və Cavabdeh2 qanuni təmsilçisi X6 istintaq orqanında verdiyi izahatla təsdiq olunduğundan, bu, işin mübahisə edilməyən halıdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlansa da, müqavilə Cavabdeh2 MMC-yə məxsus dairəvi möhürlə təsdiq edilmiş, həmçinin, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tarixli kassa məxaric orderləri Cavabdeh2 MMC-yə məxsus olmaqla, həmin MMC-nin dairəvi möhürü ilə təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli kassa məxaric orderi isə Cavabdeh2 MMC-yə məxsus olsa da, Cavabdeh1 MMC-nin dairəvi möhürü ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, baxmayaraq ki, podrat müqaviləsi iddiaçı ilə Cavabdeh1 MMC ilə bağlanmışdır, müqavilənin təsdiq edildiyi möhür və kassa məxaric orderlərinin 3-ü Cavabdeh2 MMC-yə məxsus olduğundan, müqavilə üzrə yaranmış öhdəliyə görə həm Cavabdeh1 MMC, həm də Cavabdeh2 MMC məsuliyyət daşımalıdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra edilsə də, cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Hazırda iddiaçı fərdi yaşayış evinin tikintisinin tam başa çatdırılmamasına görə 16.594 manat, müqavilədə nəzərdə tutulan vəsaitdən artıq ödənilmiş 1500 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6250 nömrəli 25 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1ndə yerləşən tikintisi tam başa çatmamış 2 mərtəbəli fərdi yaşayış evinin inşası üçün görülmüş tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 15917,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. ünvan 1ndə 160 kv.m sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinin müqavilə şərtlərinə müvafiq olaraq tam yekunlaşdırılması üçün lazım olan vəsait mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 16594,0 manat məbləğində pul vəsaitinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunduğu müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Yuxarıda qeyd edildiyi kimi podrat müqaviləsi əsasında ünvan 1ndə fərdi yaşayış evinin tikintisi üçün 31.500 manat məbləğində pul vəsaiti ödənilmiş, tikintiyə çəkilmiş xərclərin 15.917 manat təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tikinti işlərinin tam yekunlaşması üçün ödənilmiş 31.500 manat məbləğində pul vəsaitindən tikintiyə çəkilmiş xərc 15.917 manat çıxılmalı və tikintinin yekunlaşması üçün tələb olunan (31.500-15.917) 15.583 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iddia tələbinin müqavilədə nəzərdə tutulan vəsaitdən artıq ödənilmiş 1500 manat məbləğində pulun geri qaytarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən ünvan 1ndə fərdi yaşayış evinin tikintisi üçün cəmi 31.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı müqavilə üzrə ödənilməli olan pul vəsaitinin 30.000 manat təşkil etdiyini, 1500 manat məbləğində pul vəsaitinin isə əlavə olaraq işləri tamamlamaq məqsədilə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 31.500 manat məbləğində pul vəsaiti bütövlükdə fərdi yaşayış evinin tikintisi üçün ödənilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ünvan 1ndə fərdi yaşayış evinin tikintisinin müqavilə şərtlərinə müvafiq olaraq tam yekunlaşdırılması üçün lazım olan 16.594 manat məbləğində pul vəsaitindən 15.583 manat məbləğində pul vəsaiti çıxılmalı və 1011 manat (16.594-15.583) məbləğində dəymiş real zərər iddiaçıya ödənilməlidir. Lakin məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsinə görə ödənilməli olan pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalı olsa da, dəymiş real zərər kimi 1011 manat yalnız mülki hüquq pozuntusu (delikt) törəmiş şəxs, yəni müqavilə tərəfi olan Cavabdeh1 MMC-yə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada 15.583 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh1ndən 1011 manat məbləğində dəymiş real zərər tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-2-ci maddəsinə əsasən mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddianın qiyməti 18.094 manat olduğundan, iddiaçı 144.28 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin iddiaçı ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, 144.28 manat dövlət rüsumunun 10 faizini ödəməkdən azad olunmaqla, 129.86 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin iddiaçı 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 129.86 manatı, hüquqi yardıma görə ödənilmiş 600 manat xərcin 300 manatı, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 600 manat pulun 300 manatı cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş 5.14 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada 15.583 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1ndən 1011 manat məbləğində dəymiş real zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 129.86 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 300 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 5.14 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar