Məhkəmə qərarları › İş №e-2(008)-2185/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2185/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2185/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin əmək haqqının və gəlirlərinin 1/3 hissəsi həcmində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin əmək haqqının və gəlirlərinin 1/3 hissəsi həcmində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-70/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh ilə onun nikahından xx.xx.2014-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşağın problemlərini özü təkbaşına həll etmişdir. Hazırkı iqtisadi vəziyyət nəzərə alındığında isə uşağın saxlanması üçün alimentin təyin olunması zəruridir. Cavabdeh nümayəndəsi Vəkil2 iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, cavabdehin bildirdiyinə görə, İddiaçı psixoloji problemləri var və övladların saxlanılması ilə bağlı ana kimi üzərinə düşən vəzifəni lazımınca yerinə yetirmir. Cavabdeh himayəsində iki ahıl yaşlı valideyninin olması, müəyyən qədər kredit borclarının mövcudluğuna baxmayaraq o, övladlarının saxlanılması ilə bağlı indiyədək hər ay 700-800 manat sabit pul məbləğində aliment, həmçinin uşaqların digər xərcləri (geyimlər, dərman və s. təmini) hər ay qarşılanıb. Bir ata kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və yetirməyə davam edir. Lakin cavabdehdə olan məlumata görə, İddiaçı uşaqların saxlanması üçün ondan aldığı alimentin böyük hissəsini uşaqların xərclərinə deyil, öz şəxsi xərclərinə sərf edir. Qeyd olunan faktların sübut olunması məhkəmə qaydasında iddiaçının banka bağlı olan hesabı ilə bağlı müvafiq sorğu göndərilməsi əsasında müəyyən edilə bilər. Cavabdehin nümayəndəsi qeyd olunanlara əsaslanaraq, hazırkı iddia üzrə cavabdehdən tutulan aliment məbləğinin 50 % hissəsinin övladları X4 və X3 adına açılan bank hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh və onun nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahatlar verərək, cavabdehin aliment ödəməkdən imtina etmədiyini, bugünədək könüllü şəkildə iddiaçıya mütəmadi olaraq vəsait ödədiyini bildirdilər və alimentin 50 % hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Vəkil1 isə cavabdehdən tutulmalı olan aliment məbləğinin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsinə razı olmadığını bildirdi və bunu belə əsaslandırdı ki, cavabdehin qazancının 1/3 hissəsi 1000 manatdan bir qədər artıq məbləğ təşkil edir, bu məbləğ isə iki uşağın təhsil və saxlanma xərclərini çətinliklə ödəyə bilər. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli yazılı mülahizədə bildirmişdir ki, hər iki uşağı repetitor yanında dərsdənkənar ödənişli əsasda təhsil alır. Repetitorlara ödənilən məbləğlər çek şəklində mövcud olmadığı üçün o, bunu sübut kimi təqdim edə bilmir. Aldığı alimentin 500 manatdan çoxu təhsil məqsədi ilə repetitorlara ödənilir. Eyni zamanda, uşaqların günlük ərzaq, geyim və digər mühüm tələbatlarının ödənilməsi üçün ödənilən alimentin miqdarı kifayət deyil. Bununla yanaşı, cavabdeh alimentin ödəmə vaxtlarını gecikdirir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2014-cü ildə nikah bağlamış və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Tərəflərin xx.xx.2014-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki nəfər ümumi uşaqları vardır. Tərəflər ayrılmış və uşaqlar İddiaçı yanında qalmışlar. Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-də şöbə müdiri vəzifəsində işləyir və onun əmək haqqı 3800 manat təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 287703 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş və xx.xx.2016-cı ildə akt qeydləri kitabında bu barədə qeyd edilmişdir. İşdə olan AZ-İİİ seriyalı 481532 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2014-cü ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İV seriyalı 139289 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2018-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş əmək müqaviləsi məlumatlarından görünür ki, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-də şöbə müdiri vəzifəsində işləyir və onun əmək haqqı 3800 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə sadalanan normalara əsaslanaraq bu qənaətə gəldi ki, iddiaçı iki nəfər uşağın saxlanması üçün cavabdehdən onun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmasını tələb etməkdə haqlıdır, bu səbəbdən iddia təmin edilməlidir. Aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalı və qətnamə dərhal icra olunmalıdır. Alimentin 50 faiz məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə cavabdehin tələbi ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.9-cu bəndində deyilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Bundan başqa, "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə" Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2023-cü il tarixli 04/2023 nömrəli Qərardadında aşağıdakılar göstərilmişdir: 40-cı bənd. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. 41-ci bənd. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. 42-ci bənd. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Cavabdeh alimentin 50 faiz hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə tələbini iddiaçı tərəfindən uşaqların saxlanması üçün ondan alınmış alimentin böyük hissəsini uşaqların xərclərinə deyil, öz şəxsi xərclərinə sərf etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulması barədə tərəflər arasında saziş, yaxud müvafiq məhkəmə qətnaməsi mövcud deyil. Belə olan halda, ötən müddətdə Cavabdeh tərəfindən İddiaçı bank kartına vaxtaşırı pul köçürülməsini iddiaçı etiraf etsə də, həmin vəsaitin yalnız uşaqlar üçün nəzərdə tutulmuş olmasını müəyyən etmək mümkün deyil. Hazırkı qətnamə üzrə cavabdehdən tutulacaq alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması baş verərsə, cavabdeh qətnamənin icra qaydasının dəyişdirilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər. Digər tərəfdən, hazırda cavabdehin aylıq əmək haqqı 3800 manat olsa da, bu məbləğin bir hissəsi vergi və sair icbari tutulmalara çıxıldıqdan sonra qalan hissəsi cavabdehə verilir. İşdə həmin rəqəmi təsdiq edən sənəd mövcud olmasa da, cavabdeh öz izahatında hər ay təxminən 3200 manat aldığını bildirdi. Qeyd olunan rəqəmin üçdə bir hissəsi 1066,66 manat təşkil edir ki, bunu da uşaqların sayına böldükdə hər uşağa ayda 533,33 manat aliment düşür. Məhkəmə hesab edir ki, həmin məbləğ ölkədə uşaqlar üçün müəyyən olunan 235 manat yaşayış minimumundan yüksək olsa da, bu, alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşaqların hazırda mövcud olan tələbatlarının, o cümlədən kiçik uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, hər ikisinin müxtəlif dərnəklərə getməsinə, onların təhsilinə, qidalanmasına və s. xərclərinin ödənilməsinə mənfi təsir göstərə bilər. Bu isə uşaqların mənafeyinə uyğun deyil. Ona görə də alimentin 50 faiz məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə cavabdehin tələbi təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh onun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Aliment xx.xx.2024-cü ildən tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar