Məhkəmə qərarları › İş №e-2(008)-2375/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2375/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2375/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndələri (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10000 manat məbləğində pulun və 120 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6, Cavabdeh qızı ilə bir- birlərini sevmiş, 2019-cu ilin iyul ayında evlənmək məqsədi ilə bir-birlərinə qoşulub qaçmışlar. Daha sonra Cavabdeh anası Tamam Novruzovanın diqtəsi ilə Elturan Daşdəmirovdan şikayətçi olmuşdur. Buna görə də, oğlu Elturan Daşdəmirov barəsində AR CM-nin 144-cü maddəsinə görə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqı dövründə iddiaçı Tamam Novruzova ilə görüşüb, qızı Cavabdeh oğlundan nə səbəbə görə şikayət etdirdiyini soruşmuşdur. Tamam xanım bildirib ki, iddiaçı ona 10 min manat verdiyi təqdirdə, o, qızının oğlundan şikayətinin olmadığı, oğlu ilə barışdığı barədə istintaq orqanına Cavabdeh ərizə verəcəyini, şikayətini geri götürəcəyini bildirmişdir. İddiaçı oğlu həbs edildiyi üçün çıxılmaz vəziyyətdə idi, oğlu Elturanın tezliklə azadlığa qovuşması üçün, məcbur olub Tamam Novruzova ilə belə bir razılığa gəldi ki, Tamam Novruzovaya onun tələb etdiyi 10000 manat pulu verir, əvəzində isə onun qızı Cavabdeh barəsində Sabunçu Rayon Polis idarəsinə vermiş olduğu şikayət ərizəsini geri götürəcək və istintaq orqanına Elturan Daşdəmirovla barışdığı barədə, Elturan Daşdəmirovdan hər hansı şikayət və tələbinin olmaması barədə ərizə verəcəkdir. İddiaçı 10 min manat pulu ona verdi. Lakin, Tamam Novruzova müxtəlif səbəblərlə (gah xəstəliyi ilə əlaqədar, gah işinin olması ilə əlaqədar və s.), Cavabdeh oğlu Elturan Daşdəmirovla barışdığı, ondan şikayət və tələbinin olmaması barədə ərizəni istintaq orqanına təqdim etməyi ləngidirdi. Bununla əlaqədar iddiaçı Nizami Rayon prokurorluğuna şikayət etdi. Həmin şikayət ərizəsinə əsasən, araşdırma aparıldı və xx.xx.2021-ci il tarixli HK1-1664 №-li "cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” qəbul edildi. Həmin polis araşdırması zamanı verdiyi izahatında Tamam Novruzova iddiaçıdan 10 min manat pul aldığını etiraf etmişdir. Daha sonra, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, hətta ondan sonra da Tamam Novruzova barışıq ərizəsi verəcəklərini bildirmiş, ərizə verməsini isə müxtəlif bəhanələrlə uzatmış, əvvəlcə Elturanın məhkəməyə etirafedici ifadələr verməsini istəmiş, sonra KOVİD-19 pandemiyasını bəhanə edərək evdən çıxa bilmədiklərini bildirmiş, sonra isə əlavə 30 min pul da tələb etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsində 1(103)-23/2023 №-li cinayət işi ilə əlaqədar xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh qəti olaraq bildirmişdir ki, oğlundan şikayətçidir və barışmaq fikri yoxdur. Daha sonra iddiaçı Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 onun xeyrinə 10 min manatın tutulmasını istəmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cu il, e- 2(008)-3881/2023 №-li qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(102)-1267/2024 №-li qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsini aşağıdakı səbəblərlə əsaslandırmışdır: «Göründüyü kimi cavabdehin qızı Cavabdeh hazırki mübahisə predmeti olan pul məbləğinin anası tərəfindən ona çatdırıldığını bildirmişdir. Belə olan halda məhkəmə də hazırki iddianın tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı nəticəyə gəlmişdir. İddiaçının hazırda tələb etdiyi 10000 manat məbləğində pul nəticə etibarı ilə Cavabdeh çatdırıldığı (özünün etirafı) üçün hazırki tələb üzrə cavab verməli olan şəxs Cavabdeh olduğundan, iddiaçı həmin pulun ona geri qaytarılmasını müvafiq olaraq Cavabdeh tələb edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, 10000 manat pul Cavabdeh zərər çəkmiş şəxs olduğu cinayət işi üzrə razılıq əldə olunması məqsədilə verilmişdir və nəzərdə tutulan razılıq da məhz Cavabdeh iradəsinə bağlı olmuşdur. Hazırda, nə qədər ki, Cavabdeh həmin pulu aldığını etiraf edir, deməli həmin pulla bağlı qaldırılmış iddiaya da məhz o, cavab verməlidir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.» Sonradan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 10000 manat məbləğində pulun İddiaçı mülkiyyəti olan daşınar əvəzedilən əşya kimi, 120 manat pulun odənilmiş dovlət rusumunun əvəzi kimi, 100 manat pulun vəkil xidmətləri ucun ödənilmiş vəsaitin əvəzi kimi olmaqla cəmi 10220 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı mülkiyyətində olan 10 min pul vəsaitini ələ keçirərək, İddiaçı həmin 10 min manat pul vəısaiti üzərindəki mülkiyyət hüququnu pozmuşdur. Mülki Məcəllənin 157.2-ci maddəsində deyilir «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Həmin Məcəllənin 135.7-ci maddəsində deyilir «Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır». Beləliklə, Cavabdeh, İddiaçı 10 min manat daşınar əvəzedilən əşya üzərindəki mülkiyyət hüququnu pozmuş, həmin pul vəsaitini ələ keçirmişdir. Yəni, hazırkı işlə əlaqədar olaraq, mübahisəsiz haldır ki, Cavabdeh, anası Tamam Novruzova və Cavabdeh vəkili ilə birlikdə hərəkət edərək, iddiaçının pul vəsaitlərini əldə edərək, İddiaçı mülkiyyətində olan və Mülki Məcəllənin 135.7.-ci maddəsinə görə daşınar əvəzedilən əşya hesab edilən 10 min manat pul vəsaiti üzərində mülkiyyət hüququnu pozmuşdur. Mülki Məcəllənin 384.0. və 384.0.4-cü maddələrinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntusunun aradan qaldırılmasına haqqında tələbinə iddia müddəti şamil edilmir. Cavbadehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı tərəfindən yazılanlar həqiqətə uyğun deyildir və iddiaçı bu yazdıqlarına dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh 2019-cu ildə Elturan Daşdəmirov və onunla əlbir olan digər şəxslər tərəfindən oğurlanmışdır. AnasıTamam Novruzova heç vaxt 10000 manat pul müqabilində iddiaçının oğlundan şikayətinin olmayacağı barədə ərizə yazacağını iddiaçıya vəd etməmiş və bu məzmunda anası Tamam Novruzova ilə nəinki iddiaçı arasında, ümumiyyətlə heç kimlə hər hansı razılaşma heç vaxt olmamışdır. Sözügedən cinayət işində barışığa dair yekun razılaşma anası Tamam Novruzova ilə özünü Elturan Daşdəmirovun dayısı kimi təqdim etmiş X13 arasında danışıqlar nəticəsində əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, Elturan Daşdəmirov cavabdehə qarşı qanunsuzluq etdiyini, yəni, onu zorla qaçırdığını etiraf edib, peşiman olduğunu bildirməli, yalnız bu etirafdan sonra cavabdeh ondan şikayətinin olmayacağı barədə ərizə verməli idi. Samiq İmanovun verdiyi məlumata görə, razılaşmanın şərtləri Elturan Daşdəmirovun vəkili vasitəsilə ona deyilmiş və Elturan bu şərtlərə razılığını bildirdikdən sonra, xx.xx.2020-ci il tarixdə X9 təklifi ilə həmin vaxt onun nümayəndəsi olan X4 ofisində iddiaçının, Elturan Daşdəmirovun anasının, Samiq İmanovun, cavabdehin anası Tamam Novruzovanın və Ənnağı Məmmədlinin iştirakı ilə görüş olmuşdur. Həmin görüşdə Samiq İmanov cavabdehə vurulmuş maddi və mənəvi zərərin qismən də olsa ödənilməsi üçün 10000 manat pulu anası Tamam Novruzovaya vermişdir. Eyni zamanda, yaxın günlərdə müstəntiq tərəfindən Elturanın etirafedici ifadəsinin alınacağı, bundan sonra, cavabdehin gedib həmin ifadə ilə tanış olub, barışdığı barədə ərizə verəcəyi şərtləri bir daha görüşdə iştirak edən şəxslərlə, o cümlədən, iddiaçı ilə razılaşdırılmışdır. Beləliklə, guya 10000 manat pulun barışıq ərizəsinin yazılması müqabilində verilməsi, Tamam Novruzovanın, yaxud cavabdehin bu barədə vəd edərək, iddiaçını aldatmaqları həqiqətə uyğun deyildir. Cinayət işi başlanan gündən həmişə cavabdehin və ailəsinin barışıq ərizəsi yazmağının yeganə şərti kimi Elturan Daşdəmirovun öncə cinayət əməlini etiraf etməsi olmuşdur. Bu razılaşmanın (müqavilənin) şərtlərinin ardıcıllığına görə ilkin olaraq edilməli olan Elturan Daşdəmirova aid öhdəlik, yəni, cinayət əməlinin səmimi etiraf edilməsi bu günədək icra olunmadığından, həmin razılaşmanın (müqavilənin) cavabdehə aid öhdəliyinin, yəni, barışıq ərizəsi yazmağının tələb olunması əsassızdır, çünki, ilk növbədə Elturan Daşdəmirov cinayət əməlini etiraf etməli idi. X11 bu günədək əməlini etiraf etməmiş, onun təqsirliliyinə dair olan Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti verərək, təqsirli olmadığını bildirmişdir. Başqa sözlə, cavabdehə vurulmuş maddi və mənəvi zərərin qismən ödənilməsi məqsədilə 10000 manat pulun verilməsi barışıq ərizəsi yazmağıyla şərtləndirilməyindən, eləcə də, cinayət əməlinin etiraf olunacağı təqdirdə həmin barışıq ərizəsini yazacağıma dair əldə olunmuş razılaşma (müqavilə) etibarsız sayılmadığından və bu razılaşma üzrə cavabdeh öhdəliyinin müəyyən olunmuş ardıcıllıqda icra olunmasından heç vaxt imtina etmədiyimdən, 10000 mant pulun geri tələb olunması üçün heç bir əsas yoxdur. 10000 manat pulun geri tələb olunmasının digər əsassızlığı isə, həmin pulun cavabdehə iddiaçı tərəfindən ödənilməməsidir. Bu pul Samiq İmanov tərəfindən anası Tamam Novruzovaya verilmişdir, pulun ona aid olması, Elturan Daşdəmirovun ailəsinin “bir qara qəpiyinin olmamasını” demişdir. Beləliklə, iddiaçının 10000 manat pulu geri tələb etməkdə subyektiv hüququ da yoxdur. Bu pulun məhz Samiq İmanov tərəfindən verilməsi iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarda yazılmışdır. Qərardan görünür ki, həm Tamam Novruzova, həm də Ənnağı Məmmədli 10000 manat pulun məhz Samiq tərəfindən verildiyini göstərmişlər. Əgər həqiqətən xx.xx.2020-ci il tarixdə 10000 manat pul məhz cavabdehin barışıq ərizəsi yazmağı müqabilində verilmişdirsə, o zaman, niyə iddiaçı həmin görüşdə cavabdehin iştirak etmədiyini gördüyü halda və anası da onun adından yazılmış barışıq ərizəsi təqdim etmədiyi halda, pulun verilməsinə etiraz etməmişdir? Bu günədək, həm idtidai istintaq dövründə, həm də məhkəmə istintaqları zamanı Elturan Daşdəmirovdan şikayətçi olduğunu yazılı və şifahi olaraq dəfələrlə bildirdiyi halda, niyə iddiaçı məhz indi pulun qaytarılmasını tələb edir? İddia ərizəsində yazılanlara dair dair məhkəməyə sübut təqdim edilməmişdir. Yuxarıda şərh olunanlardan məlum olur ki, 10000 manat pulu iddiaçı verməmiş, həmin pulu iddiaçının oğlu X2 barəsində olan cinayət işində zərərçəkmiş şəxs kimi cavabdehə vurulmuş zərərin qismən ödənilməsi məqsədi ilə X2 qohumu Samiq İmanov vermişdir. Beləliklə, cavabdeh tərəf olaraq iddiaçı ilə iddia ərizəsində yazılan məzmundakı şərtlərlə hər hansı sazişin, razılaşmanın, müqavilənin olduğunu ümumiyyətlə qəbul etmir. Lakin, nə qədər ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir, iddiaçının öz izahatına uyğun olaraq, onun bağlandığını iddia etdiyi müqavilə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti də keçmişdir. Etirazında yazdıqlarının həqiqət olduğunu təsdiq edən bir neçə audio faylı məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul etməyi xahiş edir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə göndərərək baxış iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdilər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 öncə verdiyi etirazın məzmununa uyğun izahat vermiş, sonra isə qeyd etmişdir ki, Elturanın dayısı Samiq İmanov ilə Humayın anası Tamam Novruzova arasında olan şifahi razılaşmaya görə Elturanın ailəsi üzərinə iki öhdəlik götürmüşdür – 10000 manatın verilməsi və Elturan tərəfindən Humayı zorla qaçırmasını etiraf etməsi, Humay isə bu şərtlərin yerinə yetirildiyi təqdirdə Elturandan şikayətçi olmadığı, onu bağışladığı bildirməli idi, eyni zamanda 10000 manat qismən maddi və mənəvi ziyanın ödənilməsinə yönəlmişdir. 10000 manat İddiaçı tərəfindən deyil, onun qaynı X13 tərəfindən Humaya çatdırılması üçün onun anası Tamam xanıma verilmiş, lakin Elturan zorla qaçırmasını etiraf etmədiyindən Humay da şikayətçi olmadığını bəyan etməmiş, razılaşmanının şərtləri Elturan tərəfindən pozulduğundan 10000 manatı da qaytarmaqdan imtina etmişdir. Nümayəndə ümumiyyətlə hazırki iddiaya iddiaçının subyektiv hüququnun olmamasını bildirirərək hazırki iddianın yalnız X13 tərəfindən irəli sürülə bildiyini qeyd etmiş, iddianın əsl olmayan iddiaçı tərəfindən verildiyi, iddianın əsassız olduğu və iddia müddəti ötürülməklə verildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin verdikləri izahatları, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə iddiaçının oğlu X6 aşağıdakı əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, xx.xx.2019-cu il tarixdə digər şəxslərlə qrup halında Cavabdeh nikaha girməyə məcbur etmək məqsədi ilə avtomobillə Diyallı kəndində olan fərdi yaşayış evinə apararaq saxlamaqla adam oğurluğu cinayətini törətmişlər. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dyişdirilələrək yalnız təyin edilmiş cəzanın hesablanma qaydası müəyyən edilmişdir. Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, cinayət işinin gedişatında Elturanın ailəsi Humaya 10000 manat pul vermişdir. İddiaçının mövqeyinə görə həmin pul Humay tərəfindən barışıq barədə istintaqa ərizənin təqdim edilməsi üçün verilmişdir. İddiaçının bu mövqeyi əvvəldən axıra kimi eyni olmuş və heç bir zaman dəyişməmişdir. Cavabdeh tərəfin mövqeyi həmin məbləğ barədə dəyişkən olmuşdur. Cinayət işinə baxılan zaman məhkəmədə Humay Elturanın ailəsinin istintaqda onun ailəsi ilə barışığa cəhd etmədiyni, əksinə şantaj edib televiziyaya verib onu biabır edəcəklərini, Elturanın vadlideynlərindən 10000 manat almaları barədə məlumatının olmadığını bildirmiş, Humayın anası X10 ailəsindən 10000 manat aldığı və qaytarmaq fikrinin olmadığını, qızına dəymiş fiziki və mənəvi ziyana görə onların maddi cəhətdən cavabdehlik daşımalı olduğunu birdirmişdir. Həmin cinayət işində Elturan özünü təqsirli bilməmiş, Humayın anasının istintaq zamanı barışığa gəlmələri üçün 10000 manat pul aldığını bildirdirmişdir. Cinayəti işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Cavabdeh üst alveol qövsünün sağdan İ-ci dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidinin və sol saidin sağ diz oynağının sağ budun və sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları sol əlin 5-ci barmağının əzilmiş yarasının bərk küt (küt kənarlı) əşya (əşyaların) təsirindən əmələ gəlməsi,sağ əlin kəsilmiş yaraları kənarı və ucunun iti alətin təsirindən əmələ gəlməsi müəyyən edilmişdir. Hazırki mülki iş üzrə İddiaçı övladından şikayət etmiş Cavabdeh anası Tamam Novruzova tərəfindən şikayəti geri götürəcəyini vəd edib aldadaraq 10000 manat pulunun ələ keçirilməsi barədə Nizami rayon prokurorluğuna ərizə vermiş, həmin ərizə araşdırılması məqsədi ilə Nizami RPİ 25-ci PŞ-nə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq Nizami RPİ 25-ci PŞ-nin təhqiqatçısı K.Məmmədov xx.xx.2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Adıçəkilən qərardan görünür ki, İddiaçı həmin pulunu istintaqa şikayətinin olmaması barədə Humay tərəfindən ərizənin təqdim edilməsi üçün verildiyi, Humayın anası Tamam Novruzova və vəkili həmin pulun Humaya dəymiş fiziki və mənəvi zərərin bir qismi kimi verildiyini bildirmişdilər. İddiaçı cavabdeh X5 qarşı 10000 manat pulun qaytarılması barədə iddia vermişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-3881/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə dəyişdirlmədən saxlınılmışdır. İddia tələbinin rədd edilməsinin əsası tələbin əsl olan cavabdehə qarşı irəli sürülmədiyindən ibarət olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh öz ifadəsində göstərmişdir ki, onun ilə Elturan Daşdəmirovun ailəsi arasında hansısa bir pul müqabilində onun şikayəti geri götürməyə dair razılığ əldə olunmamışdır. O yalnız Daşdəmirov Elturanın törətmiş olduğu cinayət əməlinin məhkəmədə etiraf edəcəyi halda onu bağışlayacağını bildirmişdir. Elturanın anası danışıb razılığa gəlmək üçün onun anası Novruzova Tamamı dəfələrcə yığmışdır. Qeyd edilən 10000 manat olan pul məbləği onun məhkəməyə mənəvi zərərin ödənməsinə dair iddia verilməməsi üçün X2 dayısı Samiq tərəfindən onun vəkili Ənnağı məllimə ödənmiş, Ənnağı məllim isə pul məbləğinin ona çatdırılması üçün anası Tamam xanıma vermiş, mənəvi zərərə görə pulun verilməsini o, tələb etmişdir. Cavabdeh ifadəsindən sonra məhkəmə tələbin ona sürülməli olduğu qənatəinə gəlmiş və iddianı X5 qarşı rədd etmişdir. Bu səbəbdən də hazırda İddiaçı eyni tələbi X7 qarşı irəli sürmüşdür. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində «Apellyasiya instansiyası məhkəməsinin mövqeyi» adlandırılan fəsilin: 29-cu paraqrafında qeyd edilmişdir ki «göründüyü kimi, iddiaçının oğlu cavabdehin qızını qaçırmış və başlanılmış cinayəti işi çərçivəsində iddiaçı oğlu barəsində verilmiş şikayətin geri götürülməsi üçün 10000 manat pul vermişdir», 36-cı paraqrafında qeyd edilmişdir ki, «həmçinin nəzərə alınmalıdır ki, 10000 manat pul Cavabdeh zərər çəkmiş şəxs olduğu cinayət işi üzrə razılıq əldə olunması məqsədilə verilmiş və nəzərdə tutulan razılıq da məhz Cavabdeh iradəsinə bağlı olmuşdur». Cavabdehin nümayəndəsinin təqdim etdiyi səs yazılarından Humay tərəfindən barışıq barədə ərizənin verilməsinin Elturan tərəfindən onu zorla qaçırtdığını etiraf etməsi ilə şərtləndirildiyi müəyyən olunur. Lakin, iddiaçı tərəf telefon danışıqlarını yazmadığından həmin səs yazıların natamam olduğunu və cavabdehə sərf edən məzmunda təqdim edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, 10000 manatın bir qismi Elturanın atası, bir qismi isə onun özü tərəfindən verilmiş, sonradan isə onun qoyduğu məbləğ tam şəkildə Emil tərəfindən ona qaytarılmışdır, hazırda tələb edilən 10000 manat məbləğ Emilə aiddir. Hazırda iddiaçı cavabdehdən 10000 manat məbləğində pulun tutulmasını istəyir və iddiasını Mülki Məcəllənin 157.2-ci maddəsi ilə əsaslandırır («Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər»). Lakin, məhkəmə bu hüquqi əsaslandırma ilə razılaşmır və aşağıdakı hüquqi əsaslara görə iddianı qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin faktiki hallarından tərəflərin arasında hər-hansı bir müqavilənin olduğu müəyyən olmamışdır. Ailələrin ararlarında olan şifahi razılaşmanı məhkəmə müqavilə kimi qiymətləndirmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını əsassız varlanma barədə müddəalar yaradır. Belə ki, həmin Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının 10000 manat pulunu özündə saxlamış və geri qaytarmaqdan imtina etmişdir. İddiaçı tərəfindən həmi məbləğin Humay tərəfindən şikayətini geri almaq üçün verilməsi yuxarıda qeyd olunan sübutlara təsdiq edilir. Həmin sübutlar: xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş izahat, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə müəyyən edilmiş hal. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Adıçəkilən mülki iş üzrə İddiaçı tərəf kimi iştirak etmiş, lakin Cavabdeh iş üzrə tərəf olmamış, şahid qismində ifadə vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə 10000 manatı verilməsinin səbəbinə dair müəyyən edilmiş hal artıq İddiaçı tərəfindən yenidən sübut edilməməlidir. Lakin, Cavabdeh həmin iş üzrə tərəf olmadığından həmin halın əksini sübut etmək imkanını itirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh həmin halın əksini sübut edə bilməmişdir. Belə ki, cinayəti işində Humay ümumiyyətlə 10000 manat barəsində məlumatının olmadığını bildirmiş, sonradan Sabunçu rayon Məhkəməsində 2(008)-3881/2023 №-li işə baxılan zaman 10000 manat pulun mənəvi zərərə görə verilməsini onun tələb etdiyini bildirmiş, onun nümayəndəsi iddia ərizəsinə verdiyi etirazda eyni halı qeyd etmiş, sonra məhkəmə iclasında 10000 manatın verilməsinin səbəbəlirini birinin də Humay tərəfindən şikayətin geri götürülməsini bildirmiş, Humaya dəymiş maddi və mənəvi zərərin qiymətləndirilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, Cavabdeh götürdüyü 10000 manatı özündə saxlamasının hər-hansı bir qanuni əsası barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdim edilmiş səs yazılarını mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin səslərin yazılması cavabdeh tərəfindən həyata keçirilmiş, iddiaçı səsləri yazmamışdır. Belə olan halda, həmin səs yazıları tərəflər arasında baş tutmuş bütün danışıqları əks etdirən yazılar kimi qəbul edilə bilməz. Həmin səs yazıların seçmə üsulu ilə məhkəməyə təqdim etmək imkanı məhz cavabdehdə olduğundan pulun verilməsinin Humay tərəfindən barışıq ərizəsinin təqdim edilməsi ilə şərtləndirilməsi barədə təqdim edilmiş səs yazılarının içində olmaması həqiqətdə həmin səs yazısının olmasını istisna etmir. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, Cavabdeh maddi və mənəvi zərərin tutulması barədə məhkəməyə mülki iddia verə bilər. Cavabdehin nümayəndəsinin subyektiv hüququ barədə mövqeyinə görə məhkəmə qeyd etmək istəyir ki, şahid X13 həmin pulun iddiaçıya məxsus olduğunu bildirmişdir, odur ki, həmin pulu cavabdehdən tələb etmək hüququ da artıq ona keçmişdir Cavabdehin nümayəndəsi (vəkili) iddia müddətinin tədbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə həmin ərizədə göstərilən hüquqi əsaslandırma ilə razı olmasa da (müqavilə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti) iddia müddətinin tədbiqi barədə ərizənin verildiyini qəbul edir və buna dair aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların eləyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləri hesab edilmişdir. Odur ki, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddət iddia müddətidir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1 -ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi üçün məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Qeyd edildiyi kimi, məhkəmə tərəfindən hazırki mülki iş üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu və cavabdeh tərəfindən həmin hüququn pozulduğu müəyyən edilmişdir. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdeh tərfindən iddia müddəti ötürülməmişdir. Qeyd edildiyi kimi, mübahisəli pul məbləği xx.xx.2020-ci il tarixdə verilmiş, artıq 2021ci ildə iddiaçıya hüququnun X8 tərəfindən pozulması barədə polisə müraciət etmiş, 2023-cü ildə məhkəmədə X5 qarşı iddia qaldırmış, həmin icraatda X8 tərəfindən iddia müddətinin tədbiqi barəsində ərizə verilməmiş, işə baxılmış və başqa əsasdan iddia rədd edilmiş və yalnız 2023-cü ildə iddiaçı onun tələbinə cavab verəsi cavabdehin Cavabdeh olduğunu bilmiş və iki il keçmədən ona qarşı iddia irəli sürmüşdür. Məhkəmə Sabunçu rayon Məhkəməsində 2(008)-3881/2023 №-li işə baxılan zaman iddia müddətinin ötürülüb-ötürlməsinin hazırki iş üzrə əhəmiyyə kəsb etmədiyini düşündüyündən həmin halı araşdırmamışdır. Belə ki, qeyd edildiyi kimi, həmin icraatda iddia müddətinin tədbiqi barədə ərizə verilməmiş və bununla da iddia müddətinin tədbiqi imkanı aradan qalxmışdır. Bundan başqa, iddiaçı yalnız bir il bundan əvvəl onun tələbinə cavab verəsi cavabdeh barədə məlumat əldə etmişdir. Qeyd edildiyi kimi, MM-nin 372.1-ci maddəsinə əsasən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddətin şamil edilməsi həmin tələb hüqununun konkret şəxsə ünvanlaması ilə şərtləndirilmişdir. Yəni, məhkəmə hesab edir ki, hətta Novruzova Tamama qarşı iddia müddəti ötürülmüş olsa da, Cavabdeh qarşı bu müddət ötürülməmişdir. Eyni zamanda məhkəmə Novruzova Tamama da qarşı iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Belə ki, qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsində cinayət işi üzrə qərar xx.xx.2023-cü il tarixdə çıxarılmış və həmin qərar çıxanadək Cavabdeh tərəfindən şikayətin geri götürülməsi ehtimalı olmuşdur. Yəni, məhkəmə hesab edir ki, iddiaçı əvvəllər də polisə, məhkəməyə müraciət etsə də, hüququnun birmənalı pozulduğunu xx.xx.2023-cü il tarixdə bilmişdir. Belə ki, Humay tərəfindən gözlənilən ərizəni vermək imkanı yalnız o tarixdə aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddətinin axımı məhz xx.xx.2023-cü il tarixdən başlamalıdır. Beləliklə, məhkəmə iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10000 manat məbləğində pul və 120 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar