Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-324/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq (dəqiqləşdirilmiş tələblə) cavabdehdən podrat müqaviləsindən yaranmış əsas borc olaraq 15050 manat, işin görülməsinin gecikməsi səbəbi ilə baş vermiş 15 %-lik inflyasıya nəticəsində dəymiş zərər olaraq 15% x 15100 manat : 100% =2265 manat, dövlət rüsumu olaraq ödədiyi 136 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, cəmi 17601 manat pulun tutulub verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında xx.xx.2022-ci il tarixdə “tikinti işlərini icra etmək və işlərin nəticəsini sifarişçiyə təqdim etmək, sifarişçinin işi qəbul edib, görülmüş işin qiymətini podratçıya ödəmək” öhdəliklərini nəzərdə tutan “Podrat” müqaviləsi bağlanmışdır. Aralarında əldə olunmuş həm rəsmi, həm də şifahi razılaşmalara əsasən cavabdeh iddiaçının təqdim etdiyi, ona məxsus olan, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,03 ha torpaq sahəsində, eskiz layihəsi əsasınd 60 kv.m sahəsi olan evi tikib, təmir edib 2023-cü ilin aprel ayında təhvil verməli idi. Görüləcək işlərin müqabilində iddiaçı podratçı təşkilata 24000 manat pul verməli idi. İddiaçı üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirərək, vaxtından əvvəl, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5200 manat, cəmi 22600 manat pulu kassa mədaxil orderləri əsasında podratçının hesabına ödəmişdir. Həmin məbləğdən 1000 manatını “şambo” tikintisi üçün ödəmiş və həmin iş həyata keçirilmişdir. Qalan 1400 manatı isə iş görülüb təhvil verildikdən sonra verməli idi. Cavabdeh isə 4 ay müddətində görülməli işin yalnız 25 %-ni 6500 manat dəyərində (alınmış materiallarla birgə) görmüş, ondan sonra tikinti yerinə gəlməmiş, dəfələrlə xatırlatmağına baxmayaraq öhdəliyini icra etməkdən imtina etmişdir. Verdiyi pulu geri qaytarmaq tələbinə əməl etmir. Podratçı tərəfindən işin görülməsinin gecikməsi səbəbi ilə baş vermiş 15 %-lik inflyasıya nəticəsində iddiaçıya 15x15100:100=2265 manat zərər dəymişdir. Məhkəmə Cavabdeh MMC-ni ikinci cavabdeh qismində işə cəlb etmiş, sonra Cavabdeh MMC-nin vəsatəti əsasında "xxxx" MMC-ni cavabdehlikdən xaric etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək, görülmüş işlərin dəyərinin 12223 manat olması nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-MMC) ********** VÖEN ilə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmşdır (Azərbaycan Respublikasının İsqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı). X1 (iddiaçının qaynanası) mülkiyyətində Abşeron rayonu, Fatmai kəndində 0,03 ha torpaq sahəsi var (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan daşınmax əmlakın dövlət reyestrindən verilmiş Çıxarış, A№819142 torpaq sahəsini plan və ölçüsü). X5 həmin torpaq sahəsində tikinti sahəsi 63,1 kv metr üç otaqdan ibarət olan evin layihəsini tərtib etdirmiş, həmin tikinti məlumatlandırma icraatı qaydasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintilərin dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı (sifarişçi qismində) MMC (podratçı qismində) arasında həmin evin tikintisinə dair xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilədə müddətlər nəzərdə tutulmamış, ödəniş şərtləri dörd mərhələdə tutulmuşdur: avanc şəklində 30 %, ikinci dəfə 30 %, üçüncü dəfə 30%, işin sonunda isə 10%. Tərəflərin arasında bağlanmış podrat müqaviləsinin 3.3-cü bəndinə əsasən tərəflərdən hər-hansı biri birtərəfli olaraq müqaviləni ləğv etdiyi təqdirdə, qarşı tərəfə ümumi dəyərin 15%-ni təzminat olaraq ödəməlidir. İddiaçı dörd ay ərzində aşağıdakı ödənişləri etmişdir: xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5200 manat, cəmi 22600 manat. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh tərfindən evin yalnız dörd divarı yarmıçıq olaraq inşa edilmişdir. Sonradan iddiaçı digər podratçı şirkətlə (Cavabdeh MMC) podrat müqaviləsi bağlamış və evin inşaatını yekunlaşdırmışdır. Tərəflər arasında görülən işlərin həcmi barədə mübahisə yoxdur, onların mübahisəsi görülən işlərin qiyməti barədədir. Belə ki, iddiaçının təqdim etdiyi tikinti üzrə mütəxəssis X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh tərəfindən görülən işlərin dəyəri 6521,18 manat civarındadır. Cavabdeh tərəfindən təqdim edilmiş cədvələ əsasən şirkət tərəfindən 12223 manat məbləğində işlər görülmüşdür. Bu əsasdan məhkəmə tərəfindən tikinti-texniki və iqtisad eksperizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən görülmüş işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 6243 manat məbləğində olduğu, istehlak qiymətləri indeksi 104,4 % olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən 15050 manat, işin görülməsinin gecikməsi səbəbi ilə baş vermiş 15 %-lik inflyasıya nəticəsində dəymiş zərər olaraq 15% x 15100 manat : 100% =2265 manat, cəmi 17315 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlə podrat müqaviləsi bağlamış, iddiaçı tərəfindən 22600 manat ödənilmiş, cavabdeh cəmi 6243 manat məbləğində iş icra etmiş və inşaatı yarımçıq qoymuş, bununla da faktiki olaraq müqaviləni birtərəfləi qaydada ləğv etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, görülməmiş işlərin məbləği cavabdeh tərfindən qaytarılmalıdır. İddiaçının iddianı artırmaq imkanı yaranmış olsa da, o, bunu etməmişdir və məhkəmə hesab elir ki, iddiaçı 15050 manatı cavabdehdən istəməkdə haqlıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, istehlak qiymətləri indeksi 104,4 % olması nəzərə alınaraq, 15712,2 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (15050 x 104,4%). İddiaçı eyni zamanda hüquqi yardım üçün ödədiyi 150 manat məbləğində vəsaitin və 136 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Həmin vəsaitin ödənilməsini təsdiq edən ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin hüquqi yardım üçün ödənilmiş 150 manat və 15712,2 manat iddia tələbi üçün nəzərdə tutulmuş 137,14 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən məhkəmə hesab edir ki, 100 manat ekspertizanın dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin faktiki hallarına və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Podrat müqaviləsindən yaranmış əsas borc olaraq 15050 manat, istehlak qiymətləri indeksi 104,4 % olması nəzərə alınaraq cəmi 15712,2 manat, dövlət rüsumu olaraq ödədiyi 137,14 manat, hüquqi yardım üçün ödədiyi 150 manat Cavabdeh MMC-dən tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Podrat müqaviləsindən yaranmış əsas borc olaraq 15050 manat, istehlak qiymətləri indeksi 104,4 % olması nəzərə alınaraq cəmi 15712,2 manat, dövlət rüsumu olaraq ödədiyi 137,14 manat, hüquqi yardım üçün ödədiyi 150 manat Cavabdeh MMC-dən tutulub İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. 100 manat ekspertizanın dəyəri Cavabdeh MMC-dən tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-324/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-324/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver