Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-338/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi (atası) X14, nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızının, onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh X4 qarşı uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X7 anası Cavabdeh alınaraq atası İddiaçı himayəsinə verilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və X7 atası İddiaçı yanında və himayəsində saxlanmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdular. xx.xx.2011 -ci il tarixdə X16 və xx.xx.2015-ci il tarixdə X17 doğulmuşdur. İlk vaxtlar mehriban ailə-nikah münasibətləri olsa da, sonradan münasibətlər kəskinləşmiş, cavabdehin davranışları dözülməz həddə çatmışdır. Onun özünü qeyriadekvat aparması, uşaqlara qarşı laqeyd və kobud münasibəti, əsəbi olması, tez özündən çıxıb uşaqlara əl qaldırması, onları döyməsi ailənin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-754/2020 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, X7 anasının himayəsində saxlanması, X8 atasından alınaraq anasının himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı şikayət vermiş, lakin şikayət təmin edilməmiş, Sabunçu rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmə Bakı Apellasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Hər iki uşağın anasının himayəsinə verilməsi qət edilsə də, həmin qətnamə bu günədək icrasız qalmışdır. Belə ki, X16 anası ilə faktiki ayrı yaşamağa başladıqları ilk gündən öz iradəsi və israr etməsinə görə iddiaçının himayəsində qalmışdır. Qətnamə qanuni qüvvəyə minib, icraya yönəldiyi zaman Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X10 icraatına verilmişdir. İcra məmuru Aqil Cəbiyev dəfələrlə uşağa anası ilə qalmalı olduğunu bildirsə də, uşaq qətiyyətlə anasının himayəsində və yanında qalmaq istəmədiyini, atası ilə qalmaq istədiyini bildirdi. Sonuncu dəfə icra məmuru iddiaçını və oğlunu icra şöbəsinə dəvət etdiyi zaman baş verən insident nəticəsində, oğlu Malik onun əlindən zorla alınmış, atası Malik Yaqubova xəsarət yetirilmiş və oğlu iradəsi əleyhinə, zorla qaçırılaraq anasına onun evində təhvil verilmişdir. Bu cür qanunsuzluq və özbaşınalıq törədilməsinə baxmayaraq, oğlu Malik cavabdehlə birgə, onun himayəsi altında qalmaqdan imtina etməkdə davam edirdi. Malik Yaqubzadə anası ilə birgə qaldığı vaxt atasına dəfələrlə zənglər vurmuş, ismarıclar yazmış, onu anasının yanından götürməyini tələb etmişdir (uşağın whatsapp-da atasına yazdığı yazı iddiaya əlavə edilir). Səbəb odur ki, uşaqların hər ikisi, həm Murad, həm Maliki anaları Cavabdeh əsəbi olduğundan, psixoloji problemlər yaşadığından heç bir səbəb olmadan tez-tez döymüş, ağır şəkildə cəzalandırmış, uşaqlara normal münasibət göstərməmişdir. Ona görə də uşaqlar ataları ilə qalmaq istəyirlər. Malik hətta bir neçə dəfə anasının yanından qaçmağa da təşəbbüs göstərmiş, sonuncu dəfə isə qaçmağa müvəffəq olmuşdur. Belə ki, İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 yaşlı Malikin icra hərəkətlərinin keçiriləcəyi zaman ciddi psixoloji sarsıntı keçirmə ehtimalını nəzərə alaraq obyektiv səbəblərdən icra sənədini icra etmək mümkün olmamışdır. İcra məmurunun xx.xx.2021- ci il tarixli aktına əsasən, Malik anası və ana nənəsi ilə gedərək şöbədən uzaqlaşdılar. Ona görə də İcra məmuru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərar ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq, bir neçə gün sonra Malik Yaqubzadə evdən qaçaraq taksiyə minmiş və atasına zəng vuraraq yaşadığı ünvanı taksi sürücüsünə izah etməyi xahiş etmişdir. Oğlu anası ilə qalmağa daha dözə bilmədiyini, orda yaşamaq istəmədiyini bildirərək ağlamağa başlamışdır. Malik etiraf edərək bildirmişdir ki, ona hədə-qorxu gəlirlər ki, əgər ananla qalmasan, atanı tutduracaqlar. Övladının mənafeyi, istəyi, psixoloji durumu, sağlamlığı iddiaçı üçün ən önəmlisidir. İddiaçının övladını heç nəyə məcbur etməmək, onun psixologiyasını pozmamaq üçün onu geri anasının yanına aparmamışdır. O, heç vaxt uşağı öz anasından ayırmamış, uşaq özü atası ilə qalmaq üçün hətta özünü təhlükəyə də atmışdır. Bu halın yenidən təkrar olacağı istisna deyil. X8 tibbi arayışından göründüyü kimi, onun daimi yaşadığı ünvan atasının evidi, yəni, Binəqədi rayonudur. Həmçinin xx.xx.2022-ci il tarixli “Dinləyici qeydiyyatı haqqında” müqaviləyə əsasən, o, X11 artıq təkmilləşdirmə kursuna da yazmış, uşağın təhsili ilə birbaşa özü məşğuldur. xx.xx.2015-ci il tarixdə doğulmuş X17 qardaşı Malik Yaqubzadəyə və atasına olduqca bağlıdır. Uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir. Malik Yaqubzadə hətta icra şöbəsində icra məmuruna bildirmişdi ki, qardaşı Murad Yaqubzadədən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir. Murad Yaqubzadənin 10 yaşı tamam olmasa da, o da atası və böyük qardaşı ilə birgə qalmaq, onlarla birgə böyümək istəyir və dəfələrlə bunu bildirmişdi. Cavabdeh heç bir yerdə işləmir, onun qazancı, gəliri yoxdur, uşaqları təkbaşına böyütməkdə çətinlik çəkir, hal-hazırda ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə artım olduğundan cavabdehin tək başına övladlarıni və özünü saxlaması olduqca çətindir. Hətta aliment tutulsa belə, cavabdehin uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılaması mümkünsüz olacaqdır. Lakin iddiaçı uşaqların iradə, həm də maddi və mənəvi təminat baxımından hər iki övladını saxlamaq, onları yanında və himayəsində yüksək təminatla saxlmağa qadirdir. Odur ki, hesab edirik ki, hər iki uşaq atası İddiaçı yanında və himayəsində qalmalıdırlar. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatəti rədd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri - (atası) X20 və (vəkili) Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdilər ki, hər iki uşağın atanın yanında qalmasını istəyirlər. Anaları uşaqları döyür, incidir, təhsilləri ilə məşğul olmur. Bir ildir ki, Malik atasının yanındadır, anası bir dəfə uşağını görməyə cəhd etməmişdir. Xahiş edirlər iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahat verərək qeyd etdi ki, Malik atası tərəfindən öyrədildiyindən hazırda anasını görmək istəmir. O, anası ilə qaldığı zaman məktəbə tək gedib-gəlmiş və heç bir vaxt atasının yanına qaçmaq niyyətində olmamışdır, belə ki, bunu istəsə o, asanlıqla edə bilərdi. Malik könüllü atasının yanına getməmiş, o, atası tərəfindən göndərilmiş taksi ilə getmişdir. Onlar bir yerdə yaşayan zaman mehriban olmuşdular, o, bir ana kimi uşağını tənbehləyə bilərdi, amma heç bir vaxt zor tədbiq etməmişdir, qarşı tərəfin buna dair hər hansı bir subutu yoxdur. Onun son bir il ərzində Maliki görməyə cəhd etməməyinin səbəbi iddiaçının aqressivliyi olmuşdur. İddiaçı aqressiv bir insandır. Xahiş edir iddia rədd edilsin. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var: xx.xx.2011-ci il tarixdə doğulmuş X16, xx.xx.2015-ci il tarixdə doğulmuş X17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X7 ananın yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 atasından alınıb ananın himayəsinə verilməsi qət edilmiş, Bakı apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra edilmiş, lakin xx.xx.2011-ci il tarixdə doğulmuş Yaqubzadə Malik 2021-ci ilin dekabr ayında atasının yanına getmiş və hal-hazırda atası ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Yaqubzadə Malik fikrini aşağıdakı qaydada bildirmişdir. O, əvvəllər atası və anası ilə birlikdə Sulutəpədə yaşamış, orada yerləşən Laçın məktəbində təhsil almış, 4 il ərzində əlaçı olmuşdur. Məhkəmə onu anasının himayəsinə verdikdən sonra Bakıxanov qəsəbəsində yerləşən 169 nömrəli məktəbdə oxumağa başlamış, oraya 2 həftə getmişdir. Anası onu döydüyündən və atasına qarşı yönəltdiyindən o, evdən qaçmış və taksi ilə atasının yanına Sulutəpəyə getmişdir. Hal-hazırda məktəbə getmir, təhsildən geri qalır, o, Sulutəpədə yerləşən 103 nömrəli məktəbdə oxumaq istəyir, lakin anası onun sənədlərini atasına vermir. 2021-ci ilin dekabr ayından atasıyla yaşayır və bundan sonra da onunla qalmaq istəyir, anasını heç görmür. Məhkəmə tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması üçün iş materialları həmin orqana göndərilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/2785 №-li xx.xx.2023-cü rəyinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş Yaqubzadə Malikin atası, xx.xx.2015-ci il tarixdə doğulmuş Yaqubzadə Muradın anasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir (uşaqların istəyi nəzərə alınmaqla). Məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/592 №-li ekspert rəyinə əsasən: Yaqubzadə Malikin hazırda atası İddiaçı və qardaşı X12 bağlılığı müəyyən olunmaqla, anası X4 bağlılığı üzə çıxmır. Onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İddiaçı və X2 fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, hər iki uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Muradın hazırda anası və qardaşına bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı üzə çıxmır, onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur, valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik hər iki uşağın emosional-iradi sferasına və ayrı yaşayan valideyninə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. Murad Bakıxanov qəsəbəsində yerləşən 169 №-li orta məktəbdə oxuyur, Malikin qeydi həmin qəsəbədəki 107 №-li məktəbdədir, lakin Malik atasının yanına gedən gündən məktəbə getmir. Atası onu yaşadıqları ünvanda olan məktəbə vermək istəyir, lakin ananın razılığı olmadığından 107 №-li orta məktəbin rəhbərliyi onun sənədlərini vermir. Beləliklə, hazırda 10 yaşlı Malik məktəbə getmir. xx.xx.2023-cü il tarixə təyin olunan məhkəmə hazırlıq iclasına məhkəmə tərəfindən iki məktəbin pedaqoqları dəvət edilmiş və hər iki tərəfə uşaqlarla birlikdə məhkəməyə gəlmək tapşırılmış, lakin iddiaçı Maliki gətirməmiş, səbəbini də Malikin gəlmək istəmədiyi ilə izah etmişdir. Həmin hazırlıq iclasında xx.xx.2015-ci il tarixdə doğulmuş X17 pedaqoqlar – 169 №-li tam orta məktəbin psixoloqu X13 və 107 №-li məktəbin direktor müavini X3 iştirakları ilə aşağıdakı qaydada fikrini bildirmişdir. O, qardaşını istəyib-istəmədiyini bilmir, qardaşı onların yanından qaçıb atasının yanına getmişdir, atası onun anasını döydüyünə görə o, atasını istəmir, anası ilə qalmaq istəyir. Murad daha sərbəstləşəndən sonra qardaşı ilə birlikdə anasının yanında qalmaq istədiyini bildirdi. Malikin anaları tərəfindən döyülmədiyini bildirdi. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. X15 və X22 BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onların əsas obyektidir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarında aşağıdakılar qeyd olunmuşdur: 7.1.Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.3 Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. 7.6. Nikahın pozulması zamanı yetkinlik yaşınan çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qeyd edildiyi kimi, ekspert rəyinə əsasən 7 yaşında olan Muradın anasına bağlılığı müəyyən edilmiş, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Muradın anasına verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmədə Murad sərbəst şəkildə anasına olan sevgisini, bağlılığını, atasına olan aqressivliyini açıq surətdə nümayiş etmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, Murad anasından alınıb atasına verilə bilməz. Hazırki mülki işdə məhkəmə iddianın 10 yaşlı Maliklə olan hissəsinə xüsusi həssaslıqla yanaşmağı zəruri hesab edir. Belə ki, qeyd edildiyi kimi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Malikin istəyi nəzərə alınmaqla onun atasına verilməsi məqsədəmüvafiq hesab edilmiş, ekspert rəyinə əsasən Malikin atasına bağlılığı müəyyən edilmiş, anasına bağlılığı üzə çıxmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Malik atası ilə qalmaq istədiyini bildirmiş, lakin pedaqoqların iştirakı ilə keçirilən iclasa Malik gəlməmişdir. Atanın Malikə olan təsirini nəzərə alaraq uşağın özünün gəlmək istəmədiyini məhkəmə inandırıcı hesab etməmişdir. Odur ki, məhkəmə pedaqoqların yanında bir daha Malikin fikrini öyrənə bilməmişdir. Malikin anası tərəfindən döyüldüyünə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Malikin anasını istəməməyi üçün ciddi bir səbəb mövcud deyil, o, sadəcə atasını həddindən artıq sevdyinə görə, atasının anasına qarşı aqressivliyi olduğuna görə atası ilə həmrəylik edir. Qeyd edildiyi kimi, Plenumun qərarına əsasən, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İki qardaşın bir-birinə bağlılığı hazırki işdə qeyd-şərtsizdir. İddiaçı atanın da fikrinə görə uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir, Malik Yaqubzadə hətta icra şöbəsində icra məmuruna bildirmişdir ki, qardaşı Murad Yaqubzadədən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir (iddia ərizəsi). Məhkəmə hesab edir ki, uşaqların bir-birindən ayrı böyümələri onların psixologiyalarına mənfi təsir göstərəcək. İki uşağın atalarına verilməsi mümkün deyil, çünki Murad çox balacadır və atasına qarşı çox aqressivdir, onun anaya daha çox ehtiyacı var. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Malikin fikri atası ilə qalmaq olsa da, bu onun maraqlarına ziddir. Belə ki, ata işləyir və uşağın ataya verilməsi faktiki ana olduğu halda nənəyəbabaya verilməsi deməkdir. Məhkəmə hesab edir ki, nə qədər Malik atası ilə qalmaq istəsə də, iki valideynin birbirinə olan nifrəti, Muradın atasını, Malikin də anasını istəməməsi, Malikin atasının yanında qalması onun anasından və kiçik qardaşından tamamilə soyumasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, 10 yaşlı Malik anası və qardaşı ilə birlikdə yaşasa, o, atasına olan sevginin nəticəsində qardaşı Muradı da buna yönəldə bilər və bu da nəticədə hər iki uşağın hər valideynlə münasibətinin bərpasına gətirib çıxara bilər. İddiaçının «cavabdeh heç bir yerdə işləmir, onun qazancı, gəliri yoxdur, uşaqları təkbaşına böyütməkdə çətinlik çəkir, hal-hazırda ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə artım olduğundan cavabdehin tək başına övladlarıni və özünü saxlaması olduqca çətindir, hətta aliment tutulsa belə, cavabdehin uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılaması mümkünsüz olacaqdır, lakin iddiaçı uşaqların iradə, həm də maddi və mənəvi təminat baxımından hər iki övladını saxlamaq, onları yanında və himayəsində yüksək təminatla saxlmağa qadirdir» mövqeyinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqların atalarından ayrı yaşaması atanın qeyd etdiyi qayğı göstərmək vəzifəsindən və hüququndan azad etmir. Atanın uşaqlarına lazımi maddi və mənəvi səviyyədə baxması uşaqların onun yanında qalmaları ilə şərtləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, ananın da uşaqları atalarından uzaq tutmağa heç bir səbəbi yoxdur. Ata uşaqlarını çox sevir, onlar haqqında çox böyük narahatçılıq hissi keçirdir və hər iki uşağın ataları ilə sıx təmasda olmaları onların tərbiyyəsinə, psixoloji vəziyyətlərinə ancaq müsbət təsir göstərəcək. Bu uşaqlar kifayət qədər ata-ana arasında olan münasibətlərdən sarsıntı keçirdiblər, böyük uşaq təhsilində geri qalıb, və bundan sonra iki valideyn bir-birinə olan nifrəti, aqressivliyi unudub, ancaq uşaqların psixi sağalmlqları ilə məşğul olmalıdılar. Bu onların övladları qarşısında, cəmiyyət qarşısında olan vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar, 58.2-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Hazırki iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir, odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutulub X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanları və tərəflərin istəklərini əsas götürərək və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə cavabdeh X1 tutulub X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-338/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-338/2023
03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver