Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3518/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 1640,9 manat maddi zərər, iddiaçı tərəfindən ödənilmiş 65 manat hüquqi yardım haqqının və 40,82 manat dövlət rüsumunun tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus ev təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, eləcə də sayğaca müdaxilə faktı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cəmi 1618 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh təbii qazdan istifadə etsə də, dəyərini ödəməmiş, nəticədə 22,90 manat debitor borcu yaranmışdır. Həmin borcla birlikdə cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ cəmi 1640,90 manat təşkil edir. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, tərəfindən 2018-ci ilin yanvar ayında cəmi bir dəfə qaz xəttinə özbaşına qoşulma halı baş vermiş, ondan sonra təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Odur ki, bunun nəzərə alınıb məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, cavabdehə məxsus evə baxış zamanı sayğaca müdaxilə halı aşkar edilmiş və itirilmiş qazın həcminin 5020 m3 olduğu hesablanaraq, həmin akt əsasında cavabdehdən 1004 manat dəymiş ziyan tələb olunur. Lakin məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən sayğacdan kənar qaz xəttindən istifadəyə görə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın həcmi 5020 m3 hesablanmaqla, alınan rəqəm 0,20 qəpiyə deyil, Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,10 qəpiyə vurulmalıdır. Bu zaman cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin 502 manat məbələğində olması müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə cavabdehdən 502 manat məbləğində dəymiş ziyan tutulmalıdır. Digər aktlarla bağlı məhkəmə qeyd edir ki, iddiaçı sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 40,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təsdiq edildiyindən, ödənilmiş 40,82 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi, eyni zamanda göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 65 manat pul Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 502 manat ziyan məbləği və məhkəmədə iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunun 30 manat hissəsi, həmçinin hüquqi xidmətə görə ödənilmiş 65 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 502 (beş yüz iki) manat dəymiş zərər məbləği, 30 (otuz) manat dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərcinin əvəzi olmaqla, cəmi 597 (beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3518/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3518/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver