Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3576/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1589,8 manat məbləğində sığorta ödənişinin, 35,9 manat məbləğində dövlət rüsumunun və 0,4 xidmət haqqının, cəmi 1626,1 məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi **-OZ-*** dövlət nömrə nişanlı. "İj 2717-230 yük" markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də "avtokasko" risklərindən sığortalanmış, hadisə zamanı X3 tərəfindən idarə edilən "xxxx" markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir və onun barəsində həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-in 102.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. "Subaru İmpreza” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 2289.9 məbləğində müəyyən edilmiş, həmin məbləğdən 700 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 1589.8 manat məbləğində sığorta ödənişi ASC tərəfindən həyata keçirmişdir. "xxxx" ASC tərəfindən 700 manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 17990 manat məbləğində sığorta etdirilmişdir. AR DİN BDYPİ-nin 522995 №-li protokolundan müəyyən olunur ki. baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir və onun barəsində həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-in 102.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. ƏN-İ1 506970 №-li etibarnamənin surətindən müəyyən olunur ki, həmin avtomobil yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh1 məxsus olmuşdur. Dəymiş zərərə görə ASC tərəfindən 1589.8 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, BS-C-22/4471 №-li və xx.xx.2022-ci il tarixli, BS-S-22/4731 №-li geriyə tələb (subroqasiya) məktubu ilə Mülki Məcəllənin 936-cı maddəsinə əsasən “Bakı Sığorta" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1589,8 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, hadisə çoxdan baş verdiyindən xatırlamır, hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). **-OZ-*** dövlət nömrə nişanlı "İj 2717-230 yük" markalı avtomobilin qanuni sahibi Cavabdeh1 olmuşdur (AA seriyalı 720754 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Həmin avtomobili xx.xx.2012-ci il tarixdə xx.xx.2014-cü il tarixədəkə qüvvədə olan etibarnamə əsasında digər Cavabdeh2 idarə etmişdir. "xxxx" markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də X4 tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "avtokasko" sığorta növü üzrə sığortalanmış, sığorta dəyəri 7744,11 manat, azadolma məbləği 700 manat müəyyən olunmuşdur (MİB-SU-0023/07 №-li sığorta şəhadətnaməsi). Sığorta şəhadətnaməsi qüvvədə olan müddətdə xx.xx.2012-ci il tarixdə Cavabdeh2 qüvvədə olan etibarnamə əsasında idarə etdiyi **-OZ-*** dövlət nömrə nişanlı, "İj 2717-230 yük" markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X3 tərəfindən idarə edilən "xxxx" markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Sumqayıt şəhər DYPS-nin xx.xx.2012-ci il tarixli qərarı ilə Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində AR İXM-nin 151.5-ci maddəsi təqsirli bilinmişdir. xx.xx.2012-ci il tarixli 363/2012 №-li sığorta aktının surətindən müəyyən olunur ki. 700 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ödənilməli olan sığorta ödənişinin məbləği 1589,8 manat müəyyən edilmişdir. İddiaçı sığorta şirkəti 1589,8 manat məbləğində sığorta ödənişini xx.xx.2012-ci il tarixdə X2 ödəmişdir (816 №-li kassa məxaric orderi). Hazırda iddiaçı sığorta şirkəti həmin məbləğin hər iki cavabdehdən tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə iddia müddütinin tədbiq edilməsi və iddianın rədd edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin hallarından görünür ki, Cavabdeh2 baş verən hadisəni törədən zaman qanuni əsaslarla avtomobili idarə etmişdir (qüvvədə olan etibarnamə əsasında), bu əsasdan məhkəmə hesab edir ki, subroqasiya hüququ Cavabdeh1 yönələ bilməz, yəni iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyünə görə iddia Cavabdeh2 da qarşı rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı sığorta şirkətinin subroqasiya hüququ xx.xx.2012-ci il tarixdə yaranmış, tərəflərində isə iddia ərizəsi xx.xx.2023-ci il tarixdə verilmişdir, yəni 10 il 5 ay sonra. Qeyd edildiyi kimi, cavabdeh iddia müddətinin tədbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir iddia rədd edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş 35,9 manat məbləğində dövlət rüsumu və 0,4 xidmət haqqı iddiçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3576/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3576/2023
16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver