Məhkəmə qərarları › İş №e-2(008)-3853/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3853/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3853/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə ayda 220 manat aliment tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə ayda 220 manat aliment tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdeh onunla və uşaqları ilə birlikdə yaşasa da, uşaqların maddi təminatını ödəmir, uşaqlarının nə yeyibiçdiyindən xəbəri belə yoxdur. Cavabdeh iddianı etiraf etməmiş və məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, hər iki övladının bütün ehtiyaclarını və evinin kommunal xərclərini tam ödəmişdir, uşaqlarının tərbiyəsi çox önəmlidir və uşaqların nəzarətsiz qalmasına etiraz edir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı ümumi uşaqları doğulmuşdur. İddiaçı və cavabdeh xx.xx.2014-cü ildə rəsmi nikah bağlamış və hazırda bir yerdə yaşayırlar. İşdə olan "Doğum haqqında şəhadətnamə"lərin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2014-cü ildə nikah bağlamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2023cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər uşaq üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı cavabdehin taksi sürdüyünü, ev tikintisi və təmiri ustası olduğunu, habelə daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliklə (rieltor) məşğul olduğunu, aylıq qazancının 1000-1500 manat olduğunu bildirsə də, məhkəməyə bunları təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh isə əvvəllər taksi şirkətində işlədiyini, lakin əsəbləri pozulduğuna görə artıq taksi sürə bilmədiyini, hazırda müalicə aldığını, təxminən 2 ay əvvəl tikinti sifarişini icra edib 800 manat qazandığını, ümumiyyətlə, son zamanlar əvvəlki kimi işləyə və pul qazana bilmədiyini, buna baxmayaraq, uşaqlarının təminatını bacardığı qədər ödədiyini bildirmişdir. Məhkəmə uşaqların saxlanmasının hər iki valideynin borcu olduğunu vurğulayaraq, qeyd edir ki, cavabdehdən hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfin maddi və ailə vəziyyətinə, diqqətəlayiq olan digər hallara, eləcə də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə uyğundur. Ona görə də iddia hər uşaq üçün 180 manat məbləğində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Aliment iddiaçının məhkəmə müraciət etdiyi xx.xx.2023-cü ildən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü ildən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar