Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3876/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı ««dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 6998.18 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 90 manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 fevral 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində Cavabdeh idarə etdiyi, “Toyota Camry” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən “Olimpiya” stadionu ilə Böyükşor gölü arasında köməkçi yolla hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 63.1-ci maddəsini pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan və “Khazar LX” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər, həmin avtomobilin sürücüsü X1 az ağır zərər vurmuşdur. “X9” MMC tərəfindən 18 may 2024-cü il tarixdə tərtib olunmuş Qüsur aktına əsasən “Khazar LX” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 6998.18 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. İddiası qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş eyni zamanda cavabdehin avtomobili Xalq Siğorta ASC-də icbari siğorta müqaviləsi ilə siğortalı olduğundan ona dəymiş zərər siğorta şirkətindən ödənilə bildiyi halda cavabdeh şiğorta şirkətinə gedərək şiğorta ödənişinə imza etməkdən imtina etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 154-cü maddəsinin tələblərinə uyğun olaraq həmin iddiaya etirazını təqdim etməklə bildirmək istəyir ki, iddiaçı tərəfindən verilmiş “vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbi tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir: Belə ki, iş materiallarının tədqiqindən aydın olur ki, İddiaçı MMC-nin mülkiyyətində olan və “Khazar LX’ markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 ilə “Toyota Camry” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh arasında 02 fevral 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən "Olimpiya" stadionu ilə Böyükşor gölü arasında köməkçi yolla hərəkətdə olarkən "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikasının qanunun 63.1-ci maddəsini pozmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə "xxxx" MMCnin mülkiyyətində olan və "Khazar LX' markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər, həmin avtomobilin sürücüsü X1 az ağır zərər vurulmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin hadisə ilə bağlı açılmış cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində 1(008)-915/2023 saylı qərar qəbul edilmiş və həmin qərar xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X4 ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Belə ki, dəymiş ümumi ziyan 12.000 (on iki min) manat təşkil etmiş və bu məbləğ tam şəkildə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Seymur Həsənovun iştirakı ilə Cavabdeh tərəfindən ödənilmişdir. Bu məbləğin 6.000 (altı min) manatı zərərçəkmişin sağlamlığına və əmək qabiliyyətini itirdiyi dövrdə işləyə bilmədiyi müddətə görə əldən çıxmış fayda üçün, qalan 6.000 (altı min) manatı isə avtomobilə dəymiş zərərə görə ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiqlənmiş 26 oktyabr 2023-cü il tarixli ərizədə ona dəymiş ziyanın tam şəkildə ödənildiyi və heç bir əlavə şikayət və tələbinin olmadığı açıq şəkildə təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna baxmayaraq, İddiaçı MMC Cavabdeh xəbərdarlıq (pretenziya) məktubu göndərmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azərmaş" MMC-nin mülkiyyətində olan "Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6998.18 manat məbləğində maddi zərərinin 7 gün ərzində ödənilməsini tələb etmişdir. Bundan sonra iddiaçının pretenziya məktubuna cavab olaraq cavabdeh belə münasibət bildirmişdir. Nəzərinizə çatdırır ki, məhkəmə qərarı hüquqi qüvvəyə minmiş və icra olunmuş sənəd olmaqla, Cavabdeh bu məsələ üzrə hər hansı əlavə öhdəliyi qalmamışdır. Bununla belə, iddiaçı tərəfindən yenidən məhkəməyə iddia ərizəsi verilmişdir. Cavabdeh verilən pretenziya məktubunda yazılanlara yenidən əsaslanaraq vurğulayır ki, cavabdeh zərərçəkmişə dəyən ziyanı tam şəkildə ödəmiş, aralarında narazılıq qalmamışdır. Cavabdehin bu məsələ barədə heç bir öhdəliyi qalmamışdır. Belə olan halda, təkrarən hər hansı məbləğin ödənilməsi hüquqi əsasa malik deyil və əsassız tələb hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 1114-cü maddəsinin müddəaları və mülki qanunvericiliyin analogiya üzrə tətbiqinə dair 11ci maddəsi bu mülki iş üzrə mövcud hüquqi münasibətlərə tətbiq edilə biləcək əsas hüquqi normalardır. Belə ki, MM-nin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin - o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxsin - vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyən edilməmişdirsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (regres) hüququ vardır. Bu maddədən göründüyü kimi, əgər hər hansı bir hüquqi və ya fiziki şəxs üçüncü şəxsə vurulmuş zərəri əvəzləmişdirsə, o halda həmin zərərə səbəb olmuş əsas subyektə qarşı tələb irəli sürmək hüququ yalnız regres qaydasında həyata keçirilə bilər. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Cavabdeh hadisə nəticəsində bütün maddi zərəri, o cümlədən avtomobilə dəymiş zərəri də birbaşa və tam şəkildə zərərçəkmiş şəxsə - sürücüyə ödəmək yolu ilə artıq kompensasiya etmişdir. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən artıq real və icra olunmuş ödəniş mövcuddur. Nəticə etibarilə, bir zərərin eyni əsasla iki dəfə ödənilməsi qanunun tələblərinə və hüququn ümumi prinsiplərinə, xüsusilə də ədalət, insaf və mənəviyyat tələblərinə tam ziddir (MM, maddə 11.2). Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələri göstərir ki, mülki hüquq münasibətləri birbaşa tənzimlənmədikdə, onlara oxşar hüquqi münasibətləri tənzimləyən normalar və hüququn ümumi prinsipləri tətbiq edilməlidir. Bu baxımdan, hüquqi məsuliyyətin qaydaları da analoji surətdə tətbiq edilməli və cavabdehə qarşı regres qaydasına zidd olaraq təkrar iddia qaldırılması yolverilməz hesab olunmalıdır. Əgər İddiaçı MMC əmindirsə ki, ona dəyən zərəri birbaşa öz sürücüsünə ödənilmiş kompensasiya qarşılamayıb, bu halda MM-nin 1114-cü maddəsinə uyğun olaraq, yalnız öz sürücüsünə qarşı regress tələbi irəli sürmək hüququna malikdir. Bu isə o deməkdir ki, İddiaçı MMC-nin birbaşa Cavabdeh qarşı təkrar zərər tələb etməsi qanuni əsasdan məhrumdur və regres hüququnun mahiyyətinə ziddir. Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən, mülki hüquq normasının olmaması və ya qeyri-müəyyənliyi məhkəmənin işə baxmaqdan imtina etməsinə əsas ola bilməz və bu halda hüququn analogiyası tətbiq edilməlidir. Belə olan halda, yuxarıda göstərilən əsaslar üzrə regres münasibətləri bu iş üzrə analogi hüquqi əsas kimi tətbiq edilməli və cavabdehin məsuliyyəti istisna edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə dair” tələbinə dair e-2(008)-3876/2025 nömrəli üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxslə barışdığındna və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olna cinayət təqibinə xitam verilməsi və o, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh ifadə verərək bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə, saat 01:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “Toyota Camry” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilində Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospekti ilə saatda 50-60 kilometr sürətlə metronun “Koroğlu” stansiyası istiqamətində təkcə, yüksüz, şəxsi işlərindən ötrü gedirmiş. O, Heydər Əliyev prospektində həmin prospekdə yerləşən “Olimpiya” stadionu ilə Böyükşor gölü arasındakı köməkçi yolla hərəkətini davam etdirərkən həmin yolun baş yolla kəsişməsindəki, yəni, “Olimpiya” stadionun arxası, Böyükşor gölünün qarşısındakı dairəyə, yəni baş yola daxil olarkən idarə etdiyi avtomobilin surətini azaltmış, yolayrıcına saatda 30-40 kilometr surətlə daxil olmuşdur. Yolayrıcına daxil olarkən sol tərəfindən baş yolla hərəkətdə olan sonradan adını bildiyi sürücü X2 idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin andan onun üçün təhlükə yaranmışdır. O, idarə etdiyi avtomobillə yolayırıcına daxil olduqdan sonra təxminən 10 metr məsafə qət etdikdə “Khazar” markalı avtomobilin ön hissəsi ilə onun idarə etrdiyi avtomobilin qabaq sol qapıları toqquşmuşdur. Zərbədən hər iki avtomobil 30-40 metr aralıda yerləşən yaşıllıq zolağına istiqamətlənmişdir. Hadisə nəticəsində o, və “Khazar” markalı avtomobilin sürücüsü Məhəmməd Əhmədov xəsarət almışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və onunla barışıq əldə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, zərəçəkmiş şəxs X2 məhkəməyə təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq ərizəsindən görünür ki, cinayət hadisəsi zamanı ona dəymiş ziyan tam ödənilmiş, o təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İddiaçı Avto Servis MMC-nin qüsur aktından görünür ki, Samand LX , ** PH *** dövlət qeydiyyat minik markalı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləğo cəmi 6998.18 manat hesablanmışdır. İddiaçı MMC-nin 380 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6998.18 manat məbləğində maddi zərər dəymişdir. Vurulmuşmaddi ziyanı 7 gün ərzində ödəməyi tələb edir. Əks təqdirdə vurulmuş ziyanın məhkəmə qaydasında tələb edilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Khazar minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin mülkiyyətində olan idarə etdiyi avtomobil ilə iddiaçının mülkiyyətində olan Khazar LX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş matriallarından müəyyən edilir ki, hadisə zamanı iddiaçının mülkiyyətində olan avtomobilə 6998.18 manat məbləğində maddi ziyan, atomobilin sürücüsü X1 isə az ağır zərər dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, hadisə zamanı təsiqli sürücü Cavabdehdur. . Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli hesab edilmişdir, hadisə nəticəsində iddiaçının mülkiyyətində dəymiş ziyan cavbdeh tərəfindən ödənilməlidir. Cavabdeh isə məhkəməyə müraciət edərək bildirmişdir ki, hadisə zamanı avtomobilə dəymiş ziyanı tam şakildə avtomobilin sürücüsü olan X3 ödəmişdir. Məhkəmə cavabdehin diqqətinə çatdırarq qeyd edir ki, nə qədərki xəsrat alan avtomobilin mülkiyyətçisi Azərmaş MMC olmuşdur, cavabdeh haqsız olaraq avtomobilin sürücüsüna avtomobillə bağlı dəymiş ziyanı ödəmişdir. Həmçinin məhkəmə onuda qeryd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında cavabdehin zərərçəkmiş şəxs olan X3 dəymiş ziyanın ödənilməsi sübüt edilsədə sözügedən ödənişin bir qisminin məhz avtomobilə görə ödənməsini təsdiq edən hər hal müəyyən edilmir. Odur ki, qeyd edilənlər nəzərə alınmalı və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddia təmin edildiyini nəzərə alaraq hesab edir ki, 90 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6998.16 (altı min doqquz yüz doxsan səkkiz manat, on altı qəpik) manat məbləğində dəymiş ziyan və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3876/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3876/2025
25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver