Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-418/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 4752 manat maddi zərər, 161,62 manat cari borc, 69,13 manat dövlət rüsumu və 400 manat vəkil xərci olmaqla, cəmi 5382,75 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04-230 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Zenner G4t Mexaniki **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.1, 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 345.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4406.40 manat dəymiş ziyan hesablanmışdır. Ödənişlərdən sonra itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 4752 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdehin təbii qazdan istifadəyə görə borcu 161.62 manat təşkil edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri 69.13 manat ödənilmiş dövlət rüsumundan və 400 manat vəkil xərcindən ibarətdir. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə 2020-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək debitor borcu 161,62 manat təşkil edir. Abonent 2020-ci ilin mart ayından cəmi 34,10 manat, 2021-ci il ərzində 90 manat ödəniş etmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00040 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 345.60 manat məbləğdə zərər hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00040 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün,QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, İran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4406.40 manat məbləğdə zərər hesablanmışdır. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 345.60 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 4406.40 manat məbləğində zərər vurmuşdur. Sonuncu aktla bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin akt üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən – xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 345.60 manat dəymiş ziyan məbləği, tələb olunan 161,62 manat ödənilməmiş debitor borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 69,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən cəmi 507,22 manat borc tutulduğundan, 30 manat məbləğində dövlət rüsumunun əvəzi ondan alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbində göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 400 manat pulun əvəzinin tutulması tələb olunsa da, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir, belə olan halda iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 345.60 manat dəymiş zərər, 161.62 manat cari borc olmaqla, cəmi 507,22 (beş yüz yeddi manat, iyirmi iki qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-418/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-418/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver