Məhkəmə qərarları › İş №e-2(008)-421/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-421/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-421/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7102,88 manat məbləğində dəymiş ziyanın, 91,02 manat dövlət rüsumunun və 400 manat vəkil xərcinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nın Azərbaycan X4 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX- 00279xx/xx-2018 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron Diafraqma markalı, 1802AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X3"nın tələblərinə əməl etmək) və "X3"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X3n pozulması haqqında" aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1440 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1080 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475,2 manat, xx.xx.2022-ci il tarixli 036088 saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298,08 manat, cəmi 7102,88 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 7102, 88 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etmədi və izahatında bildirdi ki, 2018-ci il tarixdə kənar xətdən istifadə etsə də, sonra daha heç vaxt o xətdən istifadə etməmişdir. Həmçinin, İddiaçınə müraciət etdiyi zaman ona, aktın əsassız tərtib olunduğu bildirilmişdir. Buna baxmayaraq, hər ay kartından pul tutulur. Aktlardan xəbəri olmayıb. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-00279xx/xx-2018 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. -"Təbii X3nın pozulması haqqında" cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1440 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1080 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475,2 manat, xx.xx.2022-ci il tarixli 036088 saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298,08 manat, cəmi 7102,88 manat istehlakçı Cavabdeh ziyan məbləği hesablanmışdır. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, Cavabdeh 2022-ci ilə sərfiyyat borcu yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün, tərtib edilmiş aktlar üzrə iddiaçıya 7102,88 manat ziyan hesablanmışdır. Qeyd olunan aktlardan birinci, xx.xx.2018-ci il tarixdə tərtib olunan akt sayğaca müdaxilə əsası ilə tərtib olunub. Məhkəmə ilk öncə xx.xx.2018-ci il tarixli akta münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X3"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Digər aktlara münasibətdə isə məhkəmə hesab edir ki, aşağıdakı normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin "Azəriqaz" İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd edir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən, yəni yalnız qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə təmin edilməli, həmin akt üzrə hesablanmış 1188 manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 91,03 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 7102,88 manat məbləğində iddianın 1188 manat hissəsi (16,72 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 16,72 faizi, yəni 15,22 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 75,81 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmçinin, işə baxılması ilə əlaqədar olaraq göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat xidmət haqqı cavabdehdən tutulması hissəsi təmin edilməməlidir. Çünki, məhkəməyə qeyd olunan məbləğin ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1188 manat məbləğində dəymiş zərər, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15,22 manat hissəsi, ümumilikdə 1203 (min iki yüz üç) manat, 22 (iyirmi iki) qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X4 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar