Məhkəmə qərarları › İş №e-2(008)-4376/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4376/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4376/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "237,42 manat sığorta ödənişinin tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "237,42 manat sığorta ödənişinin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildən su sızması nəticəsində "xxxx" ASC-də "əmlak sığortası" qaydasında sığortalanmış ünvan 3 ünvanında yerləşən mənzilə maddi ziyan dəymişdir. Həmin zərərin məbləği iddiaçı tərəfindən 526,2 manat məbləğində müəyyən edilmiş və dəymiş zərərin sığortalanmış hissəsi olan 45,12 %-i, yəni 237,42 manat məbləğində pul Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4085 ev 2 mənzil 65 ünvanında yerləşən mənzilin sahibi X3 ödənilmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, PİM-AİF-6163 nömrəli sığorta şəhadətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən sığortalanmışdır. İşdə olan, Sabunçu Rayonu Mənzil X1 tərəfindən tərtib edilmiş akta əsasən, xx.xx.2015-ci ildə ünvan 1 ünvanında yerləşən mənzildən su sızması nəticəsində "xxxx" ASC-də "əmlak sığortası" qaydasında sığortalanmış ünvan 3 ünvanında yerləşən mənzilə maddi ziyan dəymişdir. İşdə olan xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən, sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də "əmlak sığortası" qaydasında sığortalanmış ünvan 3 ünvanında yerləşən mənzilə dəymiş ziyanın məbləği 526,2 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli sığorta aktından və xx.xx.2015-ci il tarixli 001858 nömrəli kassa məxaric orderindən görünür ki, dəymiş zərərin sığortalanmış hissəsi olan 45,12 %-i, yəni 23742 manat məbləğində pul Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4085 ev 2 mənzil 65 ünvanında yerləşən mənzilin sahibi X3 ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 237,42 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutulabilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə sadalanan normalara əsaslanaraq bu qənaətə gəldi ki, iddiaçı zərərin aradan qaldırılması üçün ödədiyi 237,42 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 237,42 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 267,82 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar