Məhkəmə qərarları › İş №e-2(008)-472/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-472/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-472/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş evə köçürülmə və payın müəyyən edilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş evə köçürülmə və payın müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikah dövründə olduqları vaxt, 2014-2023-cü illər ərzində Sabunçu rayonu Maştağa qəsəbəsinin Savalan y/m ünvanında yerləşən ümumi sahə 490A-da 150 kvadratmetr torpaq sahəsində inşa etdikləri və yaşadıqları fərdi yaşayış evinə onun ikidə bir hissədə payının müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşlar. Münasibətləri əvvəllər normal olmuş, illərdir birgə təsərrüfat aparıb xoşbəxt yaşamışlar, lakin son vaxtlar münasibətləri pozulmuş və cavabdeh onu 15 iyun 2023-cü ildə birgə yaşadıqları evdən qovmuşdur. Həmin gündən onlar ayrılmış və cavabdeh nikahın pozulması və s. tələblə faktiki yaşadıqları ünvan üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O da eyni zamanda uşaqların ananın himayəsində qalması tələbi ilə çıxış etdiyindən məhkəmədə iş dayandırılmış və müvafiq rəy verilməsi üçün iş materialları Qəyyumluq və Himayə Komissiyasına göndərilmişdir. Keçən müddət ərzində o, birgə nikah dövründə əldə etdikləri torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinə daxil olub yaşaya bilməmiş, cavabdeh tərəfindən zorla evdən qovulduqdan sonra qohum evinə sığınmış, daha sonra da kirayədə yaşamağa məcbur olmuşdur. Çünki valideynləri Rusiya Federasiyasında yaşayır və onun başqa yaşayış yeri yoxdur. Bundan sonra o, hazırkı tələblə öncə mediasiyaya, daha sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mediasiya prosesində iştirak edərkən cavabdeh etiraf etmişdir ki, mübahisəli torpaq sahəsini birgə nikah dövründə etibarnamə əsasında almış, yaşayış evi tikmiş və illərdir orada yaşamışlar. O cümlədən vəkil sorğusuna cavab olaraq Maştağa Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 115 nömrəli məktubla bildirilmişdir ki, vətəndaş Cavabdeh xx.xx.2014-cü il tarixdə AR-İ N248276 saylı etibarnamə ilə Maştağa qəsəbəsinin Savalan y/m, ümumi sahə 490A-da 150 kvadrat metr torpaq və 90 kv.metr fərdi yaşayış evin olması ilə bağlı xx.xx.2016-cı il tarixdə Maştağa Bələdiyyəsində vergi qeydiyyatına alınmışdır. Hal-hazıra kimi həm torpaq, həm də əmlak vergisini ödəmişdir. Göründüyü kimi birgə nikah dövründə torpaq almaları və orada fərdi yaşayış evini inşa etmələri Bələdiyyə tərəfindən də təsdiqlənmişdir. Bundan başqa bildirir ki, onlar həmin evi tikərkən onun Rusiya Federasiyasında yaşayan atası və bacısı da onlara maddi dəstək olmuş, zaman-zaman həm onun, həm də cavabdehin adına poçtla pul göndərmişlər ki, onlar da həmin vəsaiti evin tikilməsinə və təmirinə xərcləmişlər (həmin ödənişlərə dair qəbzlər əlavə olunur). Beləliklə onlar 2014-cü ildən 2023-cü ilə qədər həmin torpaq sahəsində birgə ev inşa edərək, həmin mənzildə təsərrüfat aparmaqla birgə yaşamışlar. Qeyd olunan evin cavabdehin adına olmasına dair sübutları - Sabunçu rayonu Maştağa Bələdiyyəsindən verilmiş məktub, qaz paylayıcı ilə cavabdeh arasında bağlanmış müqavilə, bələdiyyə tərəfindən verilmiş tədiyyə bildirişi, qaz sayğacının istismara qəbul aktı, cavabdehin adına daxil olmuş hesab fakturaları, qəbzlər və vergi ödənişləri mövcuddur və ərizəyə əlavə edilir. Hesab edir ki, onun yaşayış şəraiti nəzərə alınmalıdır. Belə ki, o, marketdə işləyir və 380 manat əmək haqqı alır ki, aldığı əmək haqqı onun dolanışığı və kirayə pulu üçün kifayət etmir. Buna görə də o, birgə nikah dövründə tikilmiş evə köçürülməli, ikidə bir mülkiyyət hüququ tanınmalı və payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı iddia edir ki, guya Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan küçəsində yerləşən fərdi yaşayış evini birgə nikah dövründə almışlar və ya tikmişlər, həm də guya onu döyüb zorla evdən qovmuşlar. Halbuki iddiaçı özü evdən divar qonşuluğunda yaşayan qonşu ilə xəyanət edib, üstü açılandan sonra ona qoşulub və uşaqları atıb getmişdir. Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan küçəsində yerləşən həmin evin torpaq sahəsini atası X9 və anası X3 qeyri-rəsmi şəkildə almışlar və həmin torpaq üzərində atası və anası birlikdə təsərrüfat aparmaqla öz vəsaitləri hesabına sənədsiz torpaq sahəsində tikinti aparmışlar və özlərinə yaşamaq üçün ev tikmişlər, müvəqqəti yaşamaları üçün həmin ev onlara verilmişdir. Həmin ev özbaşına tikilidir. Torpağın və evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur və mülkiyyətçinin kim olduğu bəlli deyil. Hesab edir ki, o, hazırkı iddiaya cavab verməli şəxs deyildir. İddiaçı mübahisəli evin onunla birgə nikah dövründə və birgə vəsait hesabına tikilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini, həmçinin, X4 və X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilmələrini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 9237 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı Maştağa qəsəbəsi Savalan yaşayış massivində istehlakçıya aid ünvanı təbii qazla təchiz edir. - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 115 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2014-cü il tarixdə AR-İ N248276 saylı etibarnamə ilə Maştağa qəsəbəsinin Savalan y/m, ümumi sahə 490A-da 150 kvadrat metr torpaq sahəsi və 90 kv.metr fərdi yaşayış evin olması ilə bağlı xx.xx.2016-cı il tarixdə Maştağa Bələdiyyəsində vergi qeydiyyatına alınmışdır. Hal-hazıra kimi həm torpaq, həm də əmlak vergisini ödəmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18-01221 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi İlyas Tapdıq küçəsində yerləşən torpaq sahəsində tikilmiş evə buraxılmadığı üçün Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nə ərizə ünvanlamışdır. Aparılmış araşdırma nəticəsində ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğu müəyyən edilmiş və ərizəçiyə aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi izah edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X2 nikahı haqqında xx.xx.2011ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 359 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin qeyd olunan tələblərindən aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mükiyyəti sayılması üçün ilk növbədə əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı və əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əvəzli əqd əsasında əldə olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər arasındakı ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m ünvanında yerləşən torpaq sahəsini əldə etdiklərini, torpaq sahəsində cavabdehlə birgə vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdiklərini iddia edərək, həmin daşınmaz əmlak üzərində ikidə bir hissədə payının müəyyən edilməsi və evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı işdə mübahisəli əmlakın birgə nikah dövründə əldə edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Əksinə, müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs isə ona mülkiyyət hüququ əldə etmir. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak özbaşına tikili sayıldığından, ərarvadın ümumi birgə mülkiyyəti sayıla bilməz. Bundan başqa, iddiaçı mübahisəli fərdi yaşayış evinin cavabdehlə birgə vəsaitləri hesabına inşa edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi pul göndərişlərinə dair qəbzlərlə bağlı isə məhkəmə qeyd edir ki, mübahisəli tikilinin həmin pul vəsaitləri hesabına və pul vəsaitlərinin göndərildiyi illər ərzində inşa edilməsi öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, iddiaçının bu dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş evə köçürülmə və payın müəyyən edilməsi” tələbinə dаir iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş evə köçürülmə və payın müəyyən edilməsi” tələbinə dаir iddiası rədd edisin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar