Məhkəmə qərarları › İş №e-2(008)-4949/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4949/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4949/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 5464,30 manat sığorta ödənişi, 74,64 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 5539,34 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus olan, "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış “Nissan Navara” markalı, **-GO- *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və X1 idarə etdiyi "xxxx" markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobil Cəmiyyət tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və Bakı şəhəri DYPŞ tərəfindən təqdim olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirkar kimi tanınaraq hadisə yerindən yayındığına görə AR İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC Audi Bakı Mərkəzi tərəfindən verilmiş qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** AG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 10464,3 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 10464,30 manat məbləğində ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/1266 nömrəli Geriyə tələb (subroqasiya) məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı Məsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 10464,3 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat sığorta ödənişinin 5464.30 (beş min dörd yüz altmış dörd manat, otuz qəpik) manat hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 10464,30 (on min dörd yüz altmış dörd manat otuz qəpik) manat orta ödənişinin zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 5000 (beş min) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra m 5464.30 (beş min dörd yüz altmış dörd manat, otuz qəpik) manat məbləğində olan hissəsini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Göstərilənlərə əsasən, tələbin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı tələb üzrə iddianın qiyməti 5539,34 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Nissan Navara” markalı, **-GO-*** nömrəli dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********** nömrəli icbari sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, **-AG-*** nömrəli dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Bakı Sığorta ASC-də müqavilənin bağlandığı vaxtdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü ildə "xxxx" MMC Audi Bakı Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, "xxxx" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunmalı ehtiyat hissələrinin qiyməti və görülməli işin xidmət haqqı cəmi 10464,30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş avtomobil "xxxx" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə icbari sığorta ödənişi olaraq 10464,3 manat məbləğində pul ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında Bakı Sığorta ASC-ə keçmişdir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh Bakı Sığorta ASC-nin xeyrinə 5464,30 manat sığorta ödənişi, 74,64 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bakı Sığorta ASC-nin xeyrinə 5464,30 (beş min dörd yüz altmış dörd manat, otuz qəpik) manat sığorta ödənişinin, 74,64 (yetmiş dörd manat, altmış dörd qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 5539,34 (beş min beş yüz otuz doqquz manat, otuz dörd dörd qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar