Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4983/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kreditin bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə “Asel Kredit” Bank Olmayan kredit Təşkilatı” MMC-dən alınan 20000 (iyirmi min) manat kredit məbləğinin yarısı, yəni 10000 (on min) manat məbləğində pulun, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 08 may 2019-cu il tarixdə Qəbələ rayon Mirzəyli kənd İnzibati Ərazi Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan 29 sentyabr 2020-ci il tarixdə X5 adlı bir uşaqları olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-756/2022 nömrəli qətnaməsinə əsasən, 08 may 2019-cu il tarixdə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olan 29 sentyabr 2020-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, 29 iyun 2022-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh ilə rəsmi nikah münasibətində olduqları müddətdə “Asel Kredit” Bank olmayan kredit təşkilatından xx.xx.2022-ci il tarixli 2090***-*******01 nömrəli kredit müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat məbləğində pul krediti götürmüşdür. Həmin kredit tam olaraq onun tərəfindən ödənilmişdir. Halbuki həmin kredit məbləği cavabdeh ilə birgə nikahda olduqları müddətdə alınmış və onunla birlikdə yaşadıqları müddətdə yaranmış başqa şəxslərə olan borcların ödənilməsi üçün sərf edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin kredit borcu ona aid olsa da, birgə nikahda olduqları müddətdə alınmış və götürülmüş borc ailə məqsədləri üçün istifadə edilmişdir. Cavabdeh ona qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və razılığı olmadan bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunaraq Hyundai Tucson markalı, ** VF *** dövlət qeydiyyat nişanlı minik avtomobili və X10 markalı, 99 V0 921 dövlət qeydiyyat nişanlı yük avtomobili üzərində onun ½ hissədə payının müəyyən edilməsi və müvafiq olaraq həmin hissələrə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-884/2023 nömrəli qətnaməsi ilə, xx.xx.2022-ci il tarixli İddiaçı ilə, X3 arasında bağlanmış Hyundai Tucson markalı ** VF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alqı-satqısı barədə müqavilə və xx.xx.2022-ci il tarixli İddiaçı ilə, X3 arasında bağlanmış X10 markalı ** VO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin X1 alınaraq İddiaçı qaytarılması, həmin əmlakların üzərində Cavabdeh ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-386/2024 nömrəli qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(107)- 884/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Avtomobillərin atasının vəsaiti hesabına almağını təsdiqləyən sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmələr avtomobillərin birgə nikah dövründə əldə olunmuş ümumi əmlak hesab etmişlər. Cavabdeh Qəbələ Rayon Məhkəməsində əmlak tələbinə dair mülki işə baxılan zaman “Onların borcları olduğunu, onun müalicəsinə, həmçinin övladı doğulduqdan sonra uşaqla bağlı xərcləri olduğunu, pul olmayanda qardaşından, əmisindən, dostundan müxtəlif məbləğlərdə borclar aldığını, həmçinin xx.xx.2022-ci il tarixdə 20.000 manat məbləğində kredit alınmasını bildirmişdir. Göründüyü kimi o, əvvəlki məhkəmə proseslərində birgə nikahdan doğulan uşaqlarının müalicəsi üçün xeyli xərc çəkdiyini qeyd etmişdir. Belə ki, birgə nikah dövründə cavabdehin və uşağın müalicə xərcləri üçün xeyli borcları yaranmış və borclarını qaytarmaq üçün bankdan 20.000 manat kredit götürmüşdür. Qəbələ Rayon Məhkməsinin e-2(025)-718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(025)-718/2024 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, tərəflərin birgə nikahda olduqlarını sonradan 29 iyun 2022-ci il tarixində Qəbələ Rayon Məhkəməsinin qətnaməsi əsəsında nikahlarının pozulduğunu, birgə nikah müddətində xx.xx.2022-ci il tarixdə götürülmüş 20.000 manat kreditin ailənin xərcləri üçün sərf edildiyini, kredit məbləği nikah pozulduqdan sonra iddiaçı tərəfindən tam şəkildə ödənildiyindən, hazırda nikah müddətində götürülmüş kreditin yarısını və hüquqi yardım üçün ödənilmiş xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı tərəfindən kreditin götürülməsindən xəbəri olmadığını, Qəbələ Rayon Məhkəməsində deyiləndə xəbəri olduğunu, nikahda olduqları müddətdə iddiaçı tərəfindən ona nəsə imzalatmış lakin nə olduğu bilmədiyini, oxumağına icazə verilmədiyini, 2022-ci ilin yanvar ayının 15-də maşınlar adlarından çıxılıb, fevral ayında kreditin götürüldüyünü, 20 fevral tarixində qızılları zor tətbiq edilərək əlindən alındığını, 27 fevral tarixində isə valideynlərini çağıraraq evdən getdiyini, kredit alınnadan sonra evdə yaşamadığını, uşağının sağlamlığında problem olmuş lakin iddiaçının bununla bağlı maraqlanmadığını, özünün və uşağın xəstəliyi ilə bağlı bütün xərclərin atası tərəfindən çəkildiyini dedi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2090***-*******01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-dən 20.000 (iyirmi min) manat məbəğdə kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ilə, “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC arasında xx.xx.2022-ci il tarixli, 2DİGAR134285101 nömrəli və xx.xx.2024-cü il tarixli 2HAZMH134285101 nömrəli girov müqavilələri balanmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında razılaşma bağlanmışdır. İş materiallarında olan Ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı kompleks bank xidməti müqaviləsi və "xxxx" ASC-nin bank katlarından istifadə və xidmət Qaydaları ilə tanış olmuş, onlar ilə razılaşdığını və yerinə yetirəcəyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bank Respublika tərəfindən tərtib olunan hesab üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022-ci il tarixdə 290 manat, xx.xx.2022-ci il tarixdə 280 manat, xx.xx.2022-ci il tarixdə 280 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 7500 manat, 2500 manat, 10000 manat və 250 manat ödənişlər etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 03 avqust 2023-cü il tarixli, 154 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixində 2090***-*******01 nömrəli kredit müqaviləsi üzrə götürülmüş 20000 (iyirmi min) manat məbləğində kredit tam ödənilmiş, hazırda İddiaçı "xxxx" ASC qarşısında həmin kredit üzrə öhdəliyi mövcud deyil. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin e-2(025)-756/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında 08 may 2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(107)- 884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh şikayəti təmin edilərək, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilərək, avtomobillərin alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilərək, avtomobillərin İddiaçı qaytarılması, tərəflərin birgə mülkiyyəti olan Hyundai Tucson markalı ** VF *** dövlət qeydiyyat nişanlı minik avtomobili və X10 markalı ** VO *** dövlət qeydiyyat nişanlı yük avtomobili üzərində Cavabdeh ½ hissədə payı müəyyən edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin sentyabr ayından İddiaçı ilə münasibətlərinin pozulmağa başladığını, buna səbəb isə uşağın xəstə olması, İddiaçı uşağın müalicə olunması üçün onları Ə.Qarayev adma uşaq xəstəxanasına apararaq çıxıb getdiyini, xəstəxanada uşağın müalicə xərclərinin onun valideyinləri tərəfindən ödənildiyini, müalicə bitdikdən sonra isə gələrək onu yaşadıqları evə aparmasını, lakin münasibətləri düzəlməmiş, hətta həmin ilin dekabr ayında döydüyünə görə valideyinləri ilə Qaçayevin valideyinləri arasında mübahisələr yaranmasını, onunla nikahının pozulmasına görə planlar quraraq əvvəlcə 2022-ci ilin yanvar ayının 15-də adına olan nəqliyyat vasitələrini qardaşının adına rəsmiləşdirməsini, fevral ayının 9-da kredit təşkilatından 20.000 manat kredit götürməsini, fevral ayının 23-də qızıl-zinət əşyalarını əlindən alaraq, 27 fevralda isə atasını çağıraraq onu uşaqla birlikdə valideynlərinin evinə göndərməsini, İddiaçı “Asel Kredit” Bank olmayan kredit təşkilatından 20.000 manat məbləğində krediti şəxsi məqədləri üçün götürməsini və hara xərcləndiyi barədə məlumatlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qanunvericiliyin tələbindən göründüyü kimi birgə nikah müddətində ərin və ya arvadın götürdüyü öhdəlik ümumi öhdəlik olsa da, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğu sübut olunsun. İş materiallarından göründüyü kimi birgə nikah müddətdə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bankdan 20.000 manat kredit götürülmüşdür. Tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixdə məhkəmənin qətnaməsi əsasında pozulsa da, iş materialları ilə müəyyən olunmuşdur ki, X8 qızı kreditin götürülməsindən (xx.xx.2024-cü il) 17 gün sonra xx.xx.2022-ci il tarixindən evi tərk etmiş faktiki olaraq aralarında olan ailə münasibətləri bitmiş və birgə təsərrüfat aparmamışlar. Məhkəmə araşdırması zamanı götürülmüş kredit məbləğinin ailə ehtiyacları üçün ailənin saxlanılması, uşağın müalicəsi ilə bağlı yaranmış borc məbləğlərinin qaytarılması üçün götürüldüyü bildirilsə də, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olubolmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ərarvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam veribverməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Göründüyü kimi kredit götürülən xx.xx.2022-ci il tarixdə tərəflər rəsmi nikahda olsalar da, xx.xx.2022-ci il tarixindən faktiki olaraq ayrı yaşamış, birgə təsərrüfat aparmamış, cavabdehin ümumiyyətlə belə bir kredit müqaviləsinin olmasından xəbəri olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə faktiki olaraq ər-arvad münasibətini pozmamışdan 1 ay 12 gün əvvəl mülkiyyətlərində olan 2 ədəd avtomaşını cavabdehin razılığı olmadan, gələcəkdə həmin əmlaklaraın bölünməsindən yayınmaq üçün qardaşına alqı-satqı eləməsi, onun boşanmaq məqsədini faktiki ayrılmaqlarından xeyli əvvəl planlaşdırmasını təstiq edir. Kredit məbləğini avtomaşınların özgəninkiləşdirilməsindən 24 gün sonra icrası, arvadının gələcəkdə irəli sürəcəyi əmlak tələblərini heçə çıxartmağa çalışan iddiaçının, həmin ərəfədə 20.000 kredir götürməklə ailənin ümumi ehtiyaclarına sərf etməsi inandırıcı hesab olunmur. Qanunvericilikdə həmçinin tərəflər rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrindən görünür ki, kredit xx.xx.2022-ci il tarixdə götürülsə də, tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş, bu müddət ərzində kredit məbləği İddiaçı tərəfindən ödənilməkdə davam etmiş və Cavabdeh qarşı heç bir pul tələbi ilə bağlı iddia irəli sürülməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali məhkəməsinin qərarlarından göründüyü kimi Cavabdeh tərəfindən tərəflərin birgə nikah müddətində əldə etilmiş avtionəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, həminavtonəqliyyat vasitələri üzərində ½ hissədə pay hüququnu təmin edildikdən sonra İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Həmçinin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikah müddətində maddi imkanları pis olmuş, İddiaçı birgə nikahdan olan uşağın müalicəsi və xəstəxana xərcləri ilə bağlı, yəni ailənin birgə məsrəfləri üçün müxtəlif məbləğlərdə borclar götürdüyündən bu borcları qaytarmaq məqsədi ilə, xx.xx.2022-ci il tarixində 20.000 manat bankdan kredit götürərək həmin borcları qaytarmışdır. Məhkəmə bu barədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bank Respublika tərəfindən verilmiş hesab üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022ci il tarixdə 290 manat, xx.xx.2022-ci il tarixdə 280 manat, xx.xx.2022-ci il tarixdə 280 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 7500 manat, 2500 manat, 10000 manat və 250 manat ödənişlər edərək, 8 ay müddətində bütün borc məbləğini tam ödəmişdir. İddiaçı iddiada yaranmış borclarının qaytarılması məqsədi ilə, xx.xx.2022-ci il tarixdə 20.000 manat kredit götürdüyünü desə də, Bank Respublika tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən 20.000 manat kredit məbləği artıq Qaçay Qacayev tərəfindən xx.xx.2022-ci il tarixində tam olaraq qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsaslanaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kreditin bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzaliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-4983/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4983/2024
04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver