Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4993/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər uşaq üçün hər ay 246 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(001)-748/2024 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların onun yanında saxlanmaları qət edilmişdir. Övladlarını saxlamaq üçün gəlir yeri yoxdur. Övladları ilə birlikdə kirayədə yaşayır. Buna görə də, cavabdehin ödəyəcəyi aliment məbləğinə ehtiyacı vardır. Cavabdeh əvvəllər uşaqların saxlanmaları üçün maddi cəhətdən köməklik göstərsə də, hazırda bundan imtina edir. Bildirir ki, cavabdeh biznes fəaliyyəti ilə məşğul olmaqla yüksək maddi gəlirə malikdir. Belə ki, Şəki rayonunun Oxud kəndində təsərrüfatı vardır, eyni zamanda, dəftərxana ləvazimatları mağazası işlədir. Ona görə də, əmindir ki, cavabdeh tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı vardır. Qeyd olunanlara əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazla müracət edərək bildirmişdir ki, İddiaçı yuxarıda göstərilən iddia tələblərini qanunsuz və ədalətsiz hesab etməklə onun tamamilə rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı mediasiya sessiyası zamanı və halhazırda məhkəməyə yalan məlumatlar verərək, guya Cavabdeh ümumiyyətlə uşaqlarını saxlamaması, onların qayğısına qalmaması və maddi yardım göstərmədiyini bildirmişdir. Halbuki “Lexus” markalı avtomaşın satılaraq 30.000 manat iddiaçıya ödənilmişdir. Bundan başqa, iddiaçı tərəfindən 8 ədəd avtomaşın, hər biri 10.000 manat olmaqla satılaraq 80.000 manat mənimsənilmişdir. Halbuki həmin məbləğin yarısı, yəni 40.000 manat ona verilməli idi. Həmin avtomaşınların iddiaçı tərəfindən satılaraq pulunun mənimsənilməsini iddiaçının öz valideynləri X8 və X1 da təsdiq edə bilərlər. Bundan başqa, qeyd edir ki, 2023-cü ilin sentyabr ayından bu tarixə kimi İddiaçı şəxsən uşaqların bağça, məktəb və sairə xərclərinə 60.000 manata yaxın pul xərclənmişdir. Lakin həmin pulların çox hissəsini o, öz şəxsi işlərinə sərf etmiş, icarəyə götürdüyü gözəllik salonunun icarə haqqını və sairə izafi xərclərə sərf etmişdir. Həmin pullardan məsələn, 2023-cü ilin dekabr ayında qayınanası Xoşbəxt Dilayeva vasitəsilə 4200 manat uşaqlara pul göndərmiş, onun özünün 4169 7385 3086 9407, 4169 7388 1440 4202, 4169 … 9758 saylı kartına və 4189 … 1702 saylı atasının kartına bu məbləğlər tərəfindən ödənilmişdir. Uşaqların təhsil haqları və sairə xərcləri ilə bağlı 24.000 manata yaxın vəsait ödəməyinə baxmayaraq, İddiaçı məktəb rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək təhsil haqqının ödənilməsinə möhlət verilməsini və hissə-hissə ödənilməsini xahiş etmişdir. Halbuki uşaqların təhsil haqqı hər ay vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. Ümumiyyətlə, ona ödədiyi bütün çeklərin bir hissəsini bu şikayətə əlavə olunmuş qoşmada göstərmişdir. Bundan başqa, ailənin və uşaqların müxtəlif xərcləri ilə bağlı iddiaçının ara-sıra tələbləri üzrə bu göndərdiyi vəsaitlərdən başqa, iddiaçıya əlavə ödənişlər də etmişdir. Yuxarıda qeyd etdiyi kimi, ümumilikdə bügünkü tarixə 14.877 manat iddiaçının adına 3 karta ödəniş etmişdir. O, iddiaçıya uşaqların 18 yaşına çatana kimi lazım olan iddia məbləğinin demək olar ki, 10 qatını əvvəlcədən ödəmişdir. Sadəcə olaraq iddiaçı bu külli məbləğdə pul vəsaitini dağıtmışdır. Lakin hal-hazırda o, xx.xx.2025-ci il tarixdən qulluq etdiyi hərbi hissənin komandirinin əmrinə əsasən, işlərini və vəzifələrini təhvil verərək hərbi hissənin şəxsi heyyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hal-hazırda işsiz olaraq əməkhaqqından məhrum edilmişdir. Beləliklə də, onun heç bir əmək haqqı, qazancı və gəliri mövcud deyildir. Və təbii olaraq bundan sonra aliment ödəmək iqtidarında da deyildir. İddiaçı bu müddət ərzində uşaqlarla maraqlanmamış, onları başlı-başına qoymuş və verdiyi maddi vəsaiti onların ehtiyaclarına ödəmək əvəzinə, öz şəxsi problemlərinə xərcləmiş, təhsil haqlarını və sairəni ödəmədiyindən, hal-hazırda təhsil müəssisəsinə külli məbləğdə - 10.000 manata yaxın borc yaranmışdır. Bundan başqa, uşaqların tam təminatını öz öhdəsinə götürməklə İddiaçı adına icarəyə verməsi üçün 10 ədəd “Prius” markalı avtomobillər vermiş, onlardan 2-sini 2024-cü ilin yanvar ayında 10.000 manata sataraq 20.000 manat pulu da bu qısa müddət ərzində xərcləmiş, hal-hazırda qalan 8 ədəd “Prius” markalı avtomaşınların icarə haqlarını götürərək, hara xərclədiyini və nəyə görə uşaqların təhsil və sairə ehtiyaclarına bu qədər külli məbləğdə borcların yığıldığını izah edə bilmir. Bundan başqa, digər “Toyota Prius” avtomaşınların da icarə adı ilə satılmasının qarşısının alınması məqsədilə iddiaçının valideynləri tərəfindən ona verilən etibarnamələr ləğv edilmişdir. Belə ki, iddiaçıya həmin avtomobillər etibarnamə ilə icarəyə verilərək ailə və uşaqlar üçün çörəkpulu və maddi təminatlarının ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı isə verilmiş etibarnamələrdən sui-istifadə edərək həmin avtomobillərdən 8 ədədini qanunsuz olaraq sataraq, təxminən 80.000 manat pulu mənimsəmişdir. Valideynləri bundan xəbər tutanda artıq gec idi və çox çətinliklə bir neçə avtomobili xilas etmək mümkün olmuşdur. Aralarındakı razılaşmaya əsasən, hal-hazırkı vaxta kimi iddiaçıya uşaqların saxlanılması üçün 14.877 manat aliment məbləği ödəmişdir. Həmin ödənişlərin saatı və dəqiqəsinə kimi hansı vasitə ilə iddiaçıya məxsus hansı karta göndərilməsi barədə 80-ə yaxın ödəniş çeklərini də etiraza əlavə etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd ediməsi xahiş olunmuşdur. Məhkəmə, iddiaçını dinləyib, iddia ərizəsi və etirazla tanış olub, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 748/2024 saylı xx.xx.2024-cü il tarixi qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəki şəhər İ.H.B-nın Oxud kənd İcra nümayəndəlində bağlanmış xx.xx.2010-cu il tarixli 09 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ 504616 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin yuxarda qeyd olunan tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində (0,56x400 manat=224 manat) sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 122,26 (0,56x400=224, 224x4x12=10752) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməli, 60 manat məbləğində mediasiya xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulsun. 122,26 (yüz iyirmi iki manat, iyirmi altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilsin. 60 (altmış) manat mediasiya xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4993/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4993/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver