Məhkəmə qərarları › İş №e-2(008)-5008/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5008/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5008/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh X7 nümayəndəsi (vəkili) Vəkil2 Nazimhikmet oğlunun iştirakları ilə, İddiaçı (qəyyumu X8) Cavabdeh X12 qarşı X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (qəyyumu X8) cavabdeh X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən anasın vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20000000 (iyirmi milyon) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işçisinin, cavabdehə məxsus avtobusla törətdiyi qəza nəticəsində anası Sveta Nəsirova ölmüşdür. Artıq 5 ildir anasının həsrəti ilə yaşayır. Tahir Bəhrəmovun törətdiyi qəza anasının ölümünə səbəb olduğundan, o, Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2017 nömrəli xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 may 2017-ci il tarixli yol vərəqindən görünür ki, 146 saylı marşrut xəttində sərnişin daşınması üçün cavabdeh yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusu sürücüsü X16 vermişdir. Cavabdehin avtobusu ilə qəza törədən sürücüsünün təqsiri üzündən anası vəfat etdiyi üçün iddiaçıya mənəvi zərər vurulmuşdur. Anasının yoxluğu ona davamlı iztirab yaşadır. Hazırda 12 yaşı var. Hər gün məktəbə gedərkən, başqa uşaqların anaları ilə ünsiyyətini görmək qəlbini sızladır, anasını istəyir, görə bilmədiyi üçün sarsılır, iztirab, əzab çəkir və hər gün anasının faciəvi şəkildə ölməsini xatırlayır. Qeyd etmişdir ki, onun atası da yoxdur. Çünki, 2015-ci ildə anasıyla atasının nikahı pozulmuşdur. Sabirabad rayon İcra Hakimiyyəti başçısının 64 nömrəli, 10 iyul 2017-ci il tarixli sərəncamına əsasən nənəsi Tərbiyə Əmrahova onun üzərində qəyyum təyin edilmişdir. Anası onun hər şeyi idi. Bu dünyada ən dəyərlisi idi. Ona görə də anasının faciəvi şəkildə vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdehdən 20000000 manat məbləğində pul alınaraq ona ödənilsə davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar. Cavabdeh X19 aşağıdakı məzmunda iddia ərizəsinə etiraz göndərmişdir. İddiaçının hazırki mülki işdə preyudisial əhəmiyyət daşıdığını hesab etdiyi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvə minmiş 1(003)-316/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı anasının qulluq və qayğısından hələ sonuncunun sağlığında məhrum olmuşdur. Belə ki, iddiaçının mərhum anasının cinayət icraatı qaydasında işin baxılmasında iştirak etmiş şahidlərə verdikləri məlumatdan görünür ki, iddiaçının ana nənəsi və dayısı iddiaçının anasını evdən qovmuşlar, iddiaçının anası həyatından bezmişdir,iddiaçının ana nənəsi və dayısı iki azyaşlı uşağını, o cümlədən iddiaçını anasına göstərmirlər. Zərərçəkmiş şəxs X4 hüquqi varisi və iddiaçının qəyyumu X9 xx.xx.2017-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar zərərin ödənilməsi əsası ilə təqsirləndirilən şəxs X5 heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvə minmiş 1(003)-316/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə həmçinin X10 cavabdeh X7 işçisi olması halı təsdiq edilməmiş, onun sürucülüklə məşğul olduğu müəyyən edilmişdir. Yəni Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin həmin hökmü ilə zərərçəkmiş şəxs X4 hüquqi varisi və iddiaçının qəyyumu X2 baş vermiş hadisə ilə əlaqədar zərərin ödənilməsi əsası ilə heç bir şikayət və tələbinin olmadığı müəyyən olunmuş, X10 cavabdeh X7 işçisi olması halı təsdiq edilməmişdir. Belə ki, fiziki şəxs yalnız öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Fiziki şəxsin işçi sayılması üçün isə əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmalı, eyni zamanda işçi sayılan şəxs, müvafiq hüquqi və ya fiziki şəxsin (işəgötürənin) tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməli və ya fəaliyyət göstərməli olmalıdır. X18 ilə cavabdeh X19 arasında əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmamış, X18 cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməmiş və ya fəaliyyət göstərməli olmamış, "İsuzu Ecobus” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtobusa etibarnamə əsasında sahiblik etmişdir. Odur ki, İddiaçı cavabdeh X12 qarşı anasının vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20000000 (iyirmi milyon) manat məbləğində pulun cavabdeh X6 tutularaq ona ödənilməsinə (mənəvi ziyanın ödənilməsinə) dair iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə X13 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək, onun cavabdeh X19 ilə dost münasibətlərinin olduğunu, 2017-ci il tarixdə maddi çətinliyi olduğuna görə o, cavabdehdən mülkiyyətində olan “İsuzu Ecobus” markalı, 90ZC957 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək pul qazanmaq üçün etibarnamə əsasında ona verməsini xahiş etmişdir. Hazırki iş üzrə cavabdehlə onun arasında əmək müqavilə bağlanmamış və o X7 işçisi olmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında iştirak etmək istəmədiyini, iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Nümayəndə eyni zamanda qeyd etdi ki, cavabdehə iki əsasa görə tələb irəli sürülmüşdür: biri Tahir Bəhramovun, cavabdehə məxsus yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusun sürücüsü, yəni cavabdehin 146 saylı marşrut xəttində avtobusla sərnişin daşıyan işçisi olduğuna görə, digəri cavabdehə məxsus yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusa görə, Tahir Bəhramov, cavabdehə məxsus yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusun sürücüsü olduğuna, yəni cavabdehin 146 saylı marşrut xəttində avtobusla sərnişin daşıyan işçisi olduğuna görə cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin o, Tahir Bəhramovun adından tərtib edilmiş ərizənin notarial qaydada tərtib edilmədiyi, ərizədə başqa, şəxsiyyət vəsiqəsində başqa ünvan göstərildiyi, qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhramovun sürücü işləməsi barədə etirafı olduğu üçün ərizəni qəbul etmədiyini qeyd etmişdir. Digər tərəfdən cavabdehin mülkiyyətində olan “İsuzu Ecobus” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus ərizədə göstərildiyi kimi etibarnamə əsasında deyil, yol vərəqi əsasında Tahir Bəhrəmova verildiyini bildirmişdir. Bunlarla yanaşı qeyd etmişdir ki ki, əmək müqaviləsinin olmaması Tahir Bəhramovun cavabdehin işçisi olmaması anlamına gəlmir, vergi verməmək üçün əmək müqaviləsinin tərtib edilməməsi cavabdehin təqsiridir və bu avtobusu sürənin onun işçisi olmadığı demək deyildir. Tahir Bəhramov son iki ildir ki, 146 saylı marşrut avtobusunun sürücüsü kimi fəaliyyət göstərdiyini etiraf edir və hazırkı işdə Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2017 nömrəli xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhrəmovun etirafedici ifadəsi, yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusla 146 saylı marşrut xəttində sərnişin daşıyan Tahir Bəhrəmovun adına verilmiş yol vərəqi onunla cavabdeh arasında faktiki əmək münasibəti olmasını, həmin sənəd Tahir Bəhramovun cavabdehin işçisi-sürücüsü olmaqla cavabdehə məxsus 146 saylı marşrut xəttində sərnişin daşınması üçün ona məxsus, yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusu idarə etməsini təsdiq etdiyini bildirir. Həmçinin qeyd etmişdir ki, mülki iş materiallarındakı yol vərəqəsi cinayəti işi materiallarından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Nazimhikmet oğlu etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2012-ci il tarixdə doğulmuşdur, X4 övladıdır (“Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarış). İddiaçının anası X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 869874 №-li ölüm haqqında şəhadətnamə). Azərbayca Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti başçısının 64 nömrəli, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Sabirabad rayonu, Zəngənə kənd sakini X8 nəvələri xx.xx.2012-ci il təvəllüdlü İddiaçı və xx.xx.2013-cü il təvəllüdlü X11 üzərinə qəyyum təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə verilmiş AC seriyalı 502957 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobusun sahibi cavabdeh X14r. xx.xx.2017-ci il tarixli Şəhərdaxili və Şəhərətrafı sərnişin avtonəqliyyatı üçün Yol vərəqinə əsasən 146 saylı marşrut xəttində cavabdeh X19 “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobusu X15 vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2017 №-li iş üzrə qəbul etdiyi xx.xx.2017ci il tarixli qanuni qüvvəsini almış hökmünə əsasən X10 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi cinayətini törətməklə təqsirli bilinmiş, 12 il müddətə nəqliyyat vasitələrini idarə etmık hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmişin hüquqi varisi X9 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, təqsirləndirilən şəxs X18 mərhumun dəfn xərclərini çəkərək, yas mərasimində iştirak etmiş, həmçinin maddi yardım göstərmişdir. Baş vermiş hadisə ilə əlaqədar onun ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Hazırda iddiaçı cavabdehdən 20000000 (iyirmi milyon) manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə İddiaçı iddiasının əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il l tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il l tarixli qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir”. Hazırki iş üzrə cavabdeh X19 ilə əməli törədən X18 arasında əmək münasibətlərinin olması və ya mülki hüquq müqaviləsi üzrə işin görülməsinə dair heç bir sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobus iş üzrə cavabdeh X12 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X18 idarə etmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X10 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olmaqla, bu əməllərindən təqsirli bilinmişdir. Avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, hazırki işdə zərərvuran şəxsin cavabdehin işçisi olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və ya cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Bu baxımdan, yol-nəqliyyat hadisəsi üzrə mülkiyyətçi X7 mülki hüquqi məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar