Məhkəmə qərarları › İş №e-2(008)-5106/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5106/2025

25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5106/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar Qanuni nümayəndə1, X24 və X22 Cavabdehnə qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qanuni nümayəndə1, X24 və X27 Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən iddiaçılar Qanuni nümayəndə1, X24 və X22 xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 ( bir yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X16 2021-ci il mayın 24-də saat 15:55 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı-Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra idarə etdiyi Cavabdehnə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən yol hərəkəti qaydalarını pozub qarşısında eyni istiqamətdə hərəkətdə olan, X8 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomaşının salonunda əyləşən sərnişinlər X21 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sonuncuların ölümünə səbəb olmuş, sürücü X2 ağır zərərvurmaya, X3 az ağır zərərvurmaya aid, X1 zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X25 iddiaçı Qanuni nümayəndə1 həyat yoldaşı, digər iddiaçılar X24 və X22 anasıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-209/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X16 Azərbaycan Respublikasının CM-nin 263.3.cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İddiaçılar hesab edir ki, hadisə nəticəsində onlara 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. İddiaçı Qanuni nümayəndə1 mərhum həyat yoldaşının, digər iddiaçılar X24 və X27 isə mərhum analarının faciəvi şəkildə ölümündən sonra hələ də özlərinə gələ bilmir və bu ölüm onlara mənəvi iztirablar verir. Lalə xanımın faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçıların qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X20 ölüm səbəbi Cavabdeh MMC şirkətinin işçisi X7 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh MMC-in rəhbərliyi nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, X23 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edirik ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum xanım hal-hazırda həyatda olardı və iddiaçılar mənəvi istirab çəkməyəcəkdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin baş vermiş hadisə ilə əlaqəsini sübut edən sənədin olmadığını, sürücü ilə cavabdeh arasında yalnız xidmət müqaviləsi olduğunu buna görə onun məsuliyyət daşımadığını bildirmiş, iddia tələbinin rədd edilməsini və hadisədən uzun müddət keçməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 564599 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı Qanuni nümayəndə1 ilə X25 xx.xx.2010-cu il tarixdə nikah bağlamışdırlar. AZ-İİ seriyalı 867437 nömrəli və AZ-İV seriyalı 214287 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçılar X24 və X27 müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2018-ci il tarixdə doğulmuşdurlar, X20 övladıdırlar. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı 193932 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2021-ci il tarixdı qabırğaların çoxsaylı sınıqları nəticəsində ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-209/2022 №-li xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X16 2021-ci il mayın 24-də saat 15:55 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı-Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra idarə etdiyi Cavabdehnə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən yol hərəkəti qaydalarını pozub qarşısında eyni istiqamətdə hərəkətdə olan, X8 etibarnamə əsasında idarə etdiyi «MercedesBenz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomaşının salonunda əyləşən sərnişinlər X21 alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması, X5 çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta 1/3-nin ön-iç səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması, X15 alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sonuncuların ölümünə səbəb olmuş, sürücü X13 təpə nahiyəsinin, sol və sağ saidin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sərnişinlər X10 baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları kimi sağlamlığa az ağır zərərvurmaya, X11 baş beyinin yüngül dərəcəli silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı kimi sağlamlığa ağır zərərvurmaya, X6 bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı kimi sağlamlığa ağır zərərvurmaya, X14 ikitərəfli hemopnevmotoraksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı kimi sağlamlığa az ağır zərərvurmaya aid, X9 boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək zərər çəkmiş şəxs X28 ümumilikdə 11.500 manat və zərər çəkmiş hüquqi şəxs Cavabdeh MMC-yə 17.720,50 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hökmə əsasən X16 Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm yuxarı instansiya məhkəmələrində qüvvədə qalmış, qanuni qüvvəyə minmişdir. xx-xx/2018 nömrəli xx.xx.2018-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, X4 Cavabdeh MMC ilə aralarında xidmət haqqı ödənilməklə “sürücü” xidmətinin göstərilməsinə razılaşmışdırlar. Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Cavabdeh MMC ********* saylı cinayət işi üzrə zərəşəkmiş hüquqi şəxs qismində tanınmışdrır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə1 bu hadisədə təqsirləndirilən şaxs X19 ilə barışdığını və onun dəymiş ziyanı tamamilə ödədiyini buna görə də, X12 qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını ərizə ilə bildirmişdir. Hazırda iddiaçı cavabdehdən 99000 manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir”. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş və ailənin üzvünün (iddiaçı uşaqların anası, digər iddiaçının arvadı) ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə Cavabdeh MMC-nin xidmət müqavilə üzrə sürücüsü Fəxrəddin Əhmədov qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X20 ölməsi ilə əlaqədar ailə üzvlərinin mənəvi sarsıntı keçirmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən mübahisələndirilmir. Bundan başqa, aydındır ki, iddiaçılara mənəvi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsində hazırkı iş üzrə Cavabdeh MMC-nin sürücüsü təqsirli bilindiyindən hazırki cavabdehdən onlara dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur. Lakin mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Odur ki, məhkəmə hesab edir ki, bütün bu hallar iddiaçılara məhz Cavabdeh MMC tərəfindən dəyən mənəvi zərərin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Çünki məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrının dərəcəsini nəzərə alır. Bundan başqa hadisədə təqsirli olan şəxs xidməti müqavilə üzrə cavabdehin sürücüsü olduğundan hazırki cavabdehdən iddiaçıların xeyrinə mənəvi zərər tutula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, iddiaçılara dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdeh MMC tərəfindən 9000 manat məbləğində kompensasiya ödənilməsi məqsədəuyğun hesab oluna bilər. Belə ki, iddiaçıların ailə üzvünü itirməsi, uşaqların həyatında ananın valideyn kimi mühüm rola malik olmasını və yetkinlik yaşına çatmadan valideyn olan analarını itirməsini, iddiaçı olan ailə üzvlərinin keçirdiyi mənəvi sarsıntının şiddətini nəzərə alaraq məhkəmə bu məbləğin məhz dəymiş mənəvi ziyanı kompensasiya edə biləcəyini və mənəvi ağrıların şiddətinin azalmasına dəstək olacağını ifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 110 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdehndən iddiaçıların xeyrinə ödənilməli, dövlət rüsumunun geri qalan 280 manat hissəsi iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 9000 manat məbləğində mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 9125 manat məbləğində pul vəsaiti və ödənilmiş 110 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçılar Qanuni nümayəndə1, X24 və X22 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 280 manat hissəsi iddiaçılara aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar