Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5203/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hüquqi əsas olmadan ödənilmiş sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “hüquqi əsas olmadan ödənilmiş sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 9356,34 manat sığorta ödənişinin, 654,9 manat həcmində faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10.041,24 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AS 236/19 seriya nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinə əsasən, “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 06.05.2019-cu il tarixdən 06.05.2020-ci il tarixədək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Sığortalanmış avtomobilin etibarnamə üzrə sahibi Cavabdeh həmin avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin (rent-a-car şirkəti) istifadəsinə vermişdir. X4 sığortalanmış avtomobili 22 saylı, 05.03.2020-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-dən icarəyə götürmüşdür. Lakin 06.03.2021-ci il tarixdə, saat 09:00 radələrində sığortalanmış avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobil tam məhv olmuşdur. Baş vermiş hadisəyə görə, cavabdehə 9.356,34 manat sığorta ödənişi ödənilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birlikdə iddiaçının ünvanına daxil olan sənədlərlə tanış olarkən aydın olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Belə ki, Cavabdeh "xxxx" MMC-yə hadisədən 3 saat yarım sonra - 06.03.2021-ci il tarixdə, saat 12:27-də etibarnamə vermişdir. Murad-Xamis” MMC isə sığortalanmış avtomobili idarə edən şəxsə yol vərəqəsini məhz vaxtı keçmiş və hələ mövcud olmayan etibarnamə əsasında vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.4-cü maddəsinə görə, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Göründüyü kimi, hadisə zamanı sığortalanmış avtomobil qanuni əsaslar olmadan, yəni etibarnaməsiz idarə edilmişdir. Halbuki, AS 236/19 seriya nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinə görə, sürücü dedikdə avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan fiziki şəxs başa düşülür. Həmçinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 5.3-cü bəndinə görə, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta şəhadətnaməsinin verilməsi şərti müəyyən edilirsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə edilməsi ilə bağı risk sığortalanmış hesab edilmir. Həmçinin Qaydaların 17.1.1.2-ci bəndinə görə, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması zamanı sığorta təminatı verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 06.03.2020-ci il tarixdə, saat təxminən 09:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi sığorta hadisəsi deyil. Başqa sözlə, həmin hadisəyə görə sığorta ödənişinin ödənilməsinin hüquqi əsası yoxdur və cavabdeh əsassız varlanmışdır. Bu səbəbdən də, cavabdehə 22.06.2020-ci il tarixdə köçürmə yolu ilə ödənilmiş 9356,34 manat sığortaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını hesab mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-İ 825992 saylı, 06.03.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh tərəfindən “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün "xxxx" MMC-yə etibar edilmişdir. Etibarnamənin qüvvədə olma müddəti 10 ay 29 gündür (04.02.2021-ci il tarixədək). İş materiallarında olan 22 saylı, 06.03.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC (rent-a-car) tərəfindən verilmiş 22 saylı yol vərəqəsinin surətindən görünür ki, X2 “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili 06.03.2020-ci il saat 12:30-dan 10.03.2020-ci il saat 16:00-dək idarə etmək üçün yol vərəqəsi verilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, 06.03.2020-ci il tarixdə, saat 09:00-da X1 idarə etdiyi “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa və əmlaka ziyan dəymişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-318/2020 saylı, 07.08.2020-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, X4 06.03.2020-ci il tarixdə, saat 09 radələrində "xxxx" MMC MMC ilə bağladığı icarə müqaviləsinə əsasən, ona verilmiş yol vərəqəsi əsasında idarə etdiyi baş etibarnamə ilə Cavabdeh məxsus olan “VAZ 21214 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Köhnə Zuvad kəndi ilə Yardımlı rayonu, Ləzir kəndini birləşdirən dağlıq-torpaq yol ilə Yardımlı rayonu, Ləzir kəndi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən, qəfildən idarəetməni itirib avtomobili Ləzir kəndinə gedən istiqamətdə yolun sol tərəfindən təxminən 400 metr məsafədə dərəyə doğru aşırması nəticəsində, baş etibarnamə ilə Cavabdeh məxsus “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə salınaraq, 11.0000 manat maddi zərər dəyməsinə səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan “Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə” A-101/20 saylı sığorta aktından müəyyən olunur ki, sığortlanamış “VAZ 21214” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 12.340 manat məbləğində zərər dəymişdir. Avtomobil tam zərərə uğramış hesab edildiyindən, 9.609,34 manat sığorta ödənişi məbləğindən AS 236/19 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış şərtsiz azad olma məbləği (250 manat) çıxılaraq, avtomobilin qalıqlarının dəyəri daxil olmaqla, Cavabdeh 9.359,34 manat sığorta ödənişi edilməli olduğu müəyyən edilmişdir. İş materiallarında olan 26.11.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrinə müraciət edərək bildirmişdir ki, sığorta ödənişi qismində ona verilən pulu borcunun qaytarılmasına sərf etdiyindən, həmin məbləği geri qaytara bilmir. Hal-hazırda işsizdir, iş tapacağı təqdirdə, bu məsələ ilə bağlı özü müraciət edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.4-cü maddəsinə əsasən, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi X4 tərəfindən 06.03.2020-ci il tarixdə, saat 09 radələrində törədilmiş, Cavabdeh isə, "xxxx" MMC-yə etibarnaməni 06.03.2021-ci il tarixdə, saat 12:27-də, başqa sözlə, hadisədən təxminən 3 saat yarım sonra vermişdir. "xxxx" MMC X2 yol vərəqəsini məhz vaxtı keçmiş və hələ mövcud olmayan etibarnamə əsasında vermişdir. Bu səbəbdən, məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ödənilmiş 9356,34 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini əsaslı hesab edir. Lakin faiz borcunun tutulmalı olmasına dair hüquqi əsas müəyyən etmədiyindən, məhkəmə həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq, məhkəmə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin cavabdehə aid edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi olaraq ödənilmiş 9356,34 (doqquz min üç yüz əlli altı manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-5203/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5203/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver