Məhkəmə qərarları › İş №e-2(008)-5706/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5706/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5706/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadıqları dövrdə 28 fevral 2023-cü ildə "xxxx" ASC-nin Xaqani filialından götürülmüş kreditin faktiki ayrıldığı gündən (xx.xx.2023) 26 iyul 2024-cü ilə kimi, onun tərəfindən ödənilmiş 3300 manatın (xx.xx.2023- xx.xx.2024=15 ay x 220=3300) yarısı 1650 manatın cavabdehdən tutularaq ona ödənilməsi, kreditin qrafik üzrə 4610 manat borcdan növbəti aylar üçün (2024-cü ilin avqust ayından başlayaraq) ödənilməli olan aylıq 220 manat kredit məbləğinin ½ hissəsinin (110 manat) alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 sentyabr 2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, münasibətlərinin pozulması nəticəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4860/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin “Xaqani” filialından cavabdehə avtomobil almaq üçün İddiaçı adına 5700 manat manat kredit götürülmüş, hətta həmin 5700 manat pul vəsati cavabdeh tərəfindən bankomatdan çəkilmişdir. Nikah pozulduqdan sonra hazırki tarixədək kredit onun tərəfindən ödənilir. Cavabdeh bu barədə heç bir köməklik göstərmir. İddiaçı kredit məbləğinin ödənilməsində çətinlik çəkdiyindən, hesab edir ki, cavabdeh 220 manatın yarısını, 110 manatını ona ödəməlidir ki, qalan məbləğ iddiaçı tərəfindən əlavə edilərək götürülmüş kredit məbləğinin aylıq qrafik üzrə ödəmələrini həyata keçirdə bilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, birgə nikah dövründə maşın almaq məqsədilə onun adına kredit götürdüklərini, qrafik üzrə aylıq ödənişlərin 18 aydır ki, ödənişlərin onun tərəfindən edildiyini dedi. Məhkəmə iclasında iştirak edən Cavabdeh birgə nikahda olduqları dövürdə maşın almaq üçün İddiaçı adına kredit götürdüklərini, alınmış maşının onda olduğunu, özünün də əlavə pul qoyduğunu, əlavə qoyduğu pulu da üstünə gəlib yarısını ödəməyə razı olduğunu dedi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən İddiaçı 36 ay müddətinə 22% dərəcəsi ilə, 5700 manat kredit verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4860/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə, Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1156 nömrəli akt qeydi ilə tərtib olunmuş 23 sentyabr 2008-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il 1/2024 nömrəli qərarının 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16-cı bəndinə əsasən sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.3-ci maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsini həll edilərkən məhkəmə formal mülahizələrdən çıxış etməməli, ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu təsdiq edən mötəbər sübutlar olduğu halda məhkəmə nikah dövründə yaranmış borcu ər-arvadın ümumi birgə öhdəliyi hesab edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə yəni tərəflərin birgə nikahda olduqları dövrdə, İddiaçı tərəfindən 5700 manat kredir götürülmüş və həmin kredit məbləği əsasında hazırda cavabdehin istifadəsində olan nəqliyyat vasitəsi alınmışdır. Həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi götürülmüş krdeit məbləğinə görə iddiaçı tərəfindən 3960 manat ödəniş edilmişdir. Eyni zamanda ödəniş qrafikinə uyğun olaraq hər 220 manat ödəmək şərti ilə AccessBank ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə kimi 3950,36 ödəniləsi məbləğ qaldığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərəflərin birgə nikah dövründə götürülmüş 5700 manat kredit məbləği ilə bağlı tərəflərin birgə öhdəliyi hesab edilməli, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi İddiaçı tərəfindən ödənilmiş 3960 manatın yarısı 1980 manat Cavabdeh tutularaq iddiaçıya qaytarılmalı və AccessBank ASC qarşısında pgötürülmüş öhdəliyin yerinə yetirilməsi məqsədilə kredit qrafikinə uyğun olaraq xx.xx.2026-cı il tarixinə kimi ödəniləcək 3950,36 manatın aylıq ödəniş olaraq 220 manatın yarısı 110 manat hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 28 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə AccessBank ASC-dən götürülmüş kredit məbləğinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi ödənilmiş 3960 manat məbləğin yarısı 1980 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. 28 fevral 2023-cü il tarixli kredit müqaviləsi xx.xx.2026-cı il tarixinə kimi ödəniləcək 3950,36 manat məbləğin aylıq qrafik üzrə 220 manatın yarısı olan 110 manat hər ay Cavabdeh tutularaq, İddiaçı ödənilsin. 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılsın İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar