Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5744/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndələri (əməkdaşı) X6, (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanın əvəzi olaraq 16,80 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlunun nişan mərasiminə hazırlıqla əlaqədar xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “A PLUS MOVİDA” supermarketindən bazarlıq etmişdir. Bazarlıq zamanı nişan mərasimində iştirak edəcək ailələrə şirni olaraq paylamaq üçün bir miqdar (500 qr.) “Socado” əmtəə nişanlı konfet almış, xx.xx.2022-ci il tarixdə keçirimiş nişan mərasimində xx.xx.2022-ci il tarixdə keçirildi və həmin konfetdən qonaqlara paylamış, 1 gün sonra bir neçə yaxın qohum (xalası qızı, qardaşı qızı, xalası oğlunun yoldaşı, öz qızı və oğlunun nişanlısı) zəng edib konfetin xarab olduğu və içərisindən qurd çıxdığını bildirmiş, iddiaçının xahişi ilə oğlunun nişanlısı xarab konfetin şəklini, xalası qızı da videosunu çəkib göndərimişdir. İddiaçı elə bir acınacaqlı və həqarətə uğramış vəziyyətdə hiss etmiş ki, hələ indiyə qədər özünə gələ bilməmişdir. Bütün qohumlarının, ən əsası isə oğlunun nişanlısının, yeni qudalarının yanında mənəvi cəhətdən çox bərbad vəziyyətdə qalmışdır. “A PLUS MOVİDA” supermarketindən həmin məhsulu alarkən, düşünə bilməzdi ki, burada köhnə və keyfiyyətsiz məhsullar satıla bilər. Mənəvi cəhətdən elə bir sarsıntı keçirtmiş ki, dərhal həmin supermarketə yollanmış və xarab məhsulun foto və videosunu onlara göstərmiş, konfetə görə ödədiyi 17 manatın geri qaytarılmasını tələb etmişdir. Mənəvi həqarətə uğramağı və market rəhbərliyinin belə kobud məsuliyyətsizliyi iddiaçını bu addımı atmağa məcbur etmişdir. Lakin “A PLUS MOVİDA” supermarketinin məsul şəxsləri heç bir iradı qəbul etməmiş, ödədiyi pulu geri qaytarmamışlar. “A PLUS MOVİDA” supermarketini işlədən vergi ödəyicisi ”AGRO-VEST RETAİL" MMC-dir (VÖEN: **********). Cavabdeh MMC tərəfindən keyfiyyətsiz və xarab məhsulun satılması ilə istehlakçıya həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Məhkəmələr tərəfindən istehlakçıların hüquqlarını pozan bu kimi sahibkarlara qarşı sərt tədbirlər görülməlidir ki, növbəti dəfə belə məsuliyyətsizliklərə yol verilməsin. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinə etiraz verərək aşağıdakıları qeyd etmişdir. İddiaçı təxminən 27-xx.xx.2023-cü il tarixlərdə süpermarketə gələrək əlində olan iki ədəd konfeti təqdim edərək cəmiyyəti özünə cəlb etmək üçün, qəsdən yüksək səs tonu ilə mübahisə etmişdir. İlk növbədə isə “siz milləti zəhərləyirsiz, sizin barədə tədbir görmək lazımdır və sair” sözlərlə çıxış edərək mağaza işçilərini kobud surətdə təhqir etmiş və barələrində mühüm tədbirlərin görüləcəyini bildirməklə hədə-qorxu gəlmişdir. Maddi ziyan barədə heç bir söz demədən, əksinə, ona mənəvi ziyanın dəydiyini iddia etmişdir. Hətta, onun bu kobud hərəkətinə mağazada olan müştərilər də ciddi iradlar bildirərkən iddiaçı onları da kobud şəkildə təhqir etməkdən çəkinməmişdir. Cavabında isə əməkdaşlar ona bildirmişlər ki, mütləq qaydada mağaza ödəniş qəbzini və malı təqdim etməlidir. Həmçinin, qəbzin və malın təqdim ediləcəyi təqdirdə həmin qüsurlu malın alınarkən qüsurulu olmasını, alındıqdan sonra saxlanma şəraitinə əməl edilməsini, malın başqa mağazalardan almamasını sübut etməlidir. İddiaçı isə əlində olan iki ədəd konfetdən başqa heç bir sübut təqdim etməmişdir. Bundan əlavə biz ona bildirilmişdir ki, “Sokada” markalı konfet məhsulları digər mağazalara da satıla bilər və onlra dəqiq bilməlidirlər ki, bu məhsul məhz onların mağazasından alınıb və məhsul tez bit zamanda təqdim olunmalı idi. Bundan sonra iddiaçı hədə-qorxu gələrək narazı halda mağazanı tərk etmiş və bir gündən sonra mağazanın müdir müavini X4 iddiaçının qızı şantaj məqsədi ilə mobil telofonla zəng edərək bildirmişdir ki, əgər ən azı 1500 manata qədər pul verilməsə barələrində şikayət olunacaqdır. Bütün bunları əməkdaşlar öz izahatlarında qeyd etmişlər. Hazırki, vəziyyətdə "xxxx" MMC iddiaçının heç bir istehlakçı hüququnu polzmamış, ona nə maddi, nə də mənəvi ziyan vurmamışdır. Bu halın mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, hazırki işdə iddiaçının düşüncəsi ilə "xxxx" MMC-nin mağazasından hər hansı bir şirniyyət məmulatının alınması və onda qüsur olması şəxs üçün mənəvi ziyan yarada bilməz və burada ağlabatanlılıq yoxdur. Mənəvi ziyanın hüquqi əsasları qanunvercilikdə və məhkəmə təcrübəsində geniş şəkildə öz əksini tapmışdır. Baş vermiş hərəkətin qanunazidd olması, qanunazidd hərəkətdə "xxxx" MMC-nin təqsirinin müəyyən edilməsi və təqsirli şəkildə törədilmiş qanunazidd əməl nəticəsində şəxsdə stress, əsəb, gərginlik, iztirab, əzab - mənəvi sarsıntı keçirməli və bu mənəvi sarsıntı baş vermiş hadisəyə (səbəbə) münasibətdə ağılabatan, uyğun və qəbul edilən olmalıdır. İşdən görünür ki, iddiaçının "xxxx" MMC-yə qarşı verdiyi iddia ərizəsi əsassız olmaqla, heç bir təsdiqedici sübuta söykənməyən, şablon xarakteri daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayndələri (əməkdaşı) X6, (vəkili) Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuşdur (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Cavabdeh MMC xx.xx.2018-ci il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X1r (kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumat). Bakı şəhəri, Xətai rayonu, N.Tusi, 9 ünvanında yerləşən «A+Store Movida» supermarketi cavabdeh şirkətə aid olan, Bakı şəhərinin müxtəlif rayonları üzrə fəaliyyət göstərən səkkiz supremarketdən biridir (Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 148 №-li məktub). Cavabdeh MMC sahibkar statusuna malik olan fiziki şəxs X7 ilə müxtəlif məhsulların, həmçinin «şirniyyat» məhsullarının alqı-satqısına dair xx.xx.2022-ci il tarixli AV/R-2031 №-li müqavilə bağlamışdır. Həmin müqavilə şərlərinə əsasən satıcı satdığı məhsullara dair alıcıya, yəni cavabdehə, Gigiyenik və Uyğunluq sertifikatları təqdim etməyə borcludur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sokado” şokoladına (istehsal tarixi xx.xx.2022, etibarlılıq müddəti xx.xx.2024) idxalçı X3 qida təhlükəsizlik sertifikatı verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 196481 №-li satış çekindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22.52.16-da həmin supermarketdə digər məhsullarla yanaşı dəyəri 16,80 manat olan 0,5 kq “Sokado” alınmışdır. İddia ərizəsinə əsasən iddiaçı həmin konfetlər qurdlu çıxmış və iddiaçı cari ilin təxmini 26-27 noyabr tarixlərində supermarketə gələrək bunu bildirmiş, bu zaman satış çekini təqdim etməmiş, supermarketin müdir müavini X8, kassiri X5 eirazda qeyd olunanlar barədə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin rəhbərliyinə izahatlar yazmışlar. İddiaçı tərəfindən şokoladların fotoşəkilləri məhkəməyə təqdim təqdim edilmişdir. Həmin fotoşəkillərdən şokoladların vəziyyətini müəyyən etmək olmur. Hazırda iddiaçı 16,80 manat şokoladın dəyəri və 10000 manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir; 3-cü hissəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır; 7-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini; həmin maddənin 7-ci hissəsinə əsasən istehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir; 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Lakin, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçı aldığı məhsulun yalnız iki ədədini 11-12 gün sonra mağazaya təqdim etmiş, bu zaman satış çekini təqdim etməmiş, həmin məhsulun qurdlu olduğu, həmin məhsulun məhz onun tərəfindən və məhz həmin supremarketdən alındığını təsdiq edə bilməmiş, 11-12 gün ərzində həmin məhsulun onun tərəfindən hansı şəraitdə saxlanılmasına dair sübut təqdim etməmişdir. Cavabdeh isə satdığı məhsulun qida təhlükəsizlik sertifikatını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı şokoladı cavabdehə məxsus supermarketdən aldığını, həmin məhsulun qüsurlu olduğunu sübut edə bilməmişdir. Qeyd olunan hal sübut edilmədiyindən məhkəmə iddianın mənəvi ziyan hissəsininə dair araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5744/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5744/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver