Məhkəmə qərarları › İş №e-2(008)-5764/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5764/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5764/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "oğlu X9 oğlunun saxlanılması üçün cavabdehlərdən aylıq pensiyalarının 50 faizi miqdarında, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "oğlu X9 oğlunun saxlanması üçün cavabdehlərdən aylıq pensiyalarının 50 faizi miqdarında, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlərin oğlu Əsədov Elnur Fərhad oğlu arasında bağlanmış nikah Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-297/2017 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 oğlu doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün Əsədov Elnur Fərhad oğlundan hər ay 154,8 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Lakin aliment ödənilməmiş, nəticədə Əsədov Elnur Fərhad oğlunun 12229,2 manat borcu yaranmışdır. İddiaçının şikayətindən sonra ata aliment borcundan 2550 manat ödəmiş, 9769,2 manat isə ödənilmədən qalmışdır. Əsədov Elnur Fərhad oğlu 2024-cü ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, iddiaçı xx.xx.2019-cu ildən aliment almır, uşağı valideyinləri və yaxın qohumlarının maddi dəstəyi ilə böyüdür. Cavabdehlər də uşağın maddi problemləri ilə maraqlanmır və heç bir dəstək göstərmirlər. O, babanın və nənənin aylıq pensiyaları barədə arayış almaq üçün aidiyyəti üzrə DSMF-yə rəsmi sorğu təqdim etsə də, oradan tələb olunan məlumatin verilməsindən imtina olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, X4 və Əsədov Elnur Fərhad oğlu xx.xx.2011-ci ildə nikaha daxil olmuş və xx.xx.2017-ci ildə həmin nikah pozulmuşdur. Onların xx.xx.2012-ci il təvəllüdlü X9 oğlu adlı ümumi uşağı doğulmuşdur. Uşağın saxlanması üçün atadan iddiaçının xeyrinə hər ay 154,8 manat məbləğində alimentin tutulması qərara alınsa da, aliment ödənilməmiş, nəticədə 12229,2 manat borc yaranmışdır. İddiaçı şikayətindən sonra 2550 manat ödənilmiş, qalan aliment hazırkı vaxtadək ödənilməmişdir. Uşağın tələbatlarının ödənilməsində iddiaçının atası kömək edir, lakin bu, uşağın təminat səviyyəsinin maksimal saxlanması üçün kifayət etmir. X9 oğlu idmanla məşğul olur, xarici ölkələrə yarışlara gedir. Bu səbəbdən, onun saxlanması üçün iddiaçının maddi yardıma ehtiyacı var. Ata alimenti ödəmədiyi üçün baba və nənədən aliment tutulmalıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh2 da məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-cü ildə məhkəməyə teleqram göndərərək işə baxılmasında iştirak edə bilməyəcəklərini, aliment ödəməyə imkanlarının olmadığını, pensiyalarının 70 faizinin kredit borcuna tutulduğunu, Cavabdeh1 açıq ürək əməliyyatı olduğundan Bakı Mərkəzi Xəstəxanasında müalicə aldığını bildirmişdir. Ona görə işə cavabdehlərin iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, X4 və Əsədov Elnur Fərhad oğlu xx.xx.2011-ci ildə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 oğlu doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-297/2017 nömrəli qətnaməsi ilə X4 və Əsədov Elnur Fərhad oğlu arasında olan nikahın pozulması, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun anası X2 yanında saxlanması, həmin uşağın saxlanılması üçün Əsədov Elnur Fərhad oğlundan hər ay 136,6 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsi ilə alimentin məbləği 154,8 manata artırılmışdır. Əsədov Elnur Fərhad oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-323/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun 9769,2 manat ödənilməmiş aliment borcu mövcuddur. Hazırda iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün baba və nənədən aylıq pensiyalarının 50 faizi miqdarında, lakin "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulmasını tələb edir. İşdə olan AZ-İİ seriyalı 939602 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2012-ci ildə doğulmuş X9 oğlunun atası Əsədov Elnur Fərhad oğlu, anası X3r. İşdə olan AZ-İ seriyalı 263787 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"nin surətindən görünür ki, Əsədov Elnur Fərhad oğlu ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 281 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-323/2024 nömrəli hökmündən görünür ki, Əsədov Elnur Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5- 18-4/2-47/2025 nömrəli məktubundan görünür ki, iddiaçı və onun oğlu X9 oğlu Kürdəxanı qəsəbəsi Xudu Məmmədov küçəsi 34-cü dalan ünvanında qeydiyyatsız yaşayırlar. İşdə olan xx.xx.2025-ci il tarixli 169738/2 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci ildən Əsədov Elnur Fərhad oğlu tərəfindən ödənilməli olan 12229,2 manat aliment pulundan 2550 manat ödənilmiş, 9769,2 manat isə ödənilməmiş qalmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının iddiaçının sorğusuna xx.xx.2025-ci il tarixli 3-17-1/2-158274/2025 nömrəli cavab məktubundan görünür ki, fərdi məlumatların konfidensial hesab olunur və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatlar üçüncü şəxslərə verilə bilməz. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79-cu maddəsinə istinad edilməsini zəruri hesab edir. Həmin maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göstərilən normadan görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin baba və nənədən aliment almaq hüququnun yaranması üçün iki şərtin mövcud olması zəruridir: - nəvə öz valideynlərindən maddi yardım ala bilməməsi; - baba və nənənin zəruri vəsaitə malik olmasıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün atasından hər ay 154,8 manat məbləğində alimentin tutulması qət edilsə də, atanın aliment ödəməməsi, nəticədə 9769,2 manat borcun yaranması işin mübahisəsiz halıdır. Bundan başqa müəyyən edilir ki, X5 hazırda cəzaçəkmə müəssisəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə yerində cəza çəkdiyi üçün atadan alimentin tutulması real deyil və icrası mümkün olmayacaq. Beləliklə, nəvənin öz valideynlərindən maddi yardım ala bilməməsi işin halları ilə öz təsdiqini tapsa da, baba və nənədən aliment almaq hüququnun yaranması üçün onların zəruri vəsaitə malik olması tələb olunur. "Elektron məhkəmə" informasiya sistemində əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 460,61 manat məbləğində pensiya, Cavabdeh2 isə 220 manat məbləğində müavinət alır. Məhkəmə hesab edir ki, göstərilən məbləğlər yalnız iki şəxsin aylıq əsas ehtiyaclarının ödənilməsi üçün kifayət edə bilər. Cavabdehlərin nəvənin saxlanması üçün əlavə zəruri vəsaitlərə malik olması işin halları ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazıkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı işdə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan dövlət rüsumu ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "oğlu X9 oğlunun saxlanılması üçün cavabdehlərdən aylıq pensiyalarının 50 faizi miqdarında, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulması" barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar