Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5960/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-252/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş, xx.xx.2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6868/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh alimentin artırılması ilə bağlı iddiası təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarının artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən “alimentin indeksasiyası” ilə bağlı məhkəməyə ərizə verilmiş, həmin ərizə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-252/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bildirilmişdir ki, məhkəmə indeksasiyanı həddini müəyyənləşdirərkən obyektiv araşdırma aparmadan 2018-ci ildə müəyyən olunmuş minimum əmək haqqının (130 manat) həmin il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan (154 manat) az olması halını nəzərə almadan 1 misli həddi müəyyən etmişdir. Hal-hazırda onun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində yəni 400 manat məbləğində aliment verməyə imkanım yoxdur. Belə ki, işsizdir, heç bir yerdə iş tapa bilmir, X1 Filialında işsiz kimi qeydiyyatdadır. Həmçinin yenidən ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Ailənin ehtiyaclarını qarşılamaq üçün götürdüyü kreditlərə görə "xxxx" ASC-yə və Kapital Banka kredit borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iş yerinin olmaması, gəliri və ailə vəziyyətində olan dəyişiklər səbəbindən aliment məbləğinin azadılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini, qızı Cavabdeh nitq qüsurlu olduğunu, heç yerdə işləmədiyini, qızına və uşağa İadə Quliyevanın özünün baxdığını, uşağın 14 yaşı olduğunu, hazırlıqlara getməsi üçün pul tələb olunduğunu və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 252/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləği sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilmişdir. İş materiallarına əlavə olunan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 860837 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, X3 atası İddiaçı, anası X2r. İş materiallarında əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı X1 Filialında işsiz kimi qeydiyyatdadır. İş materiallarında əlavə olunan "xxxx" tərəfindən verilən ödəniş cədvəlindən görünür ki (29 iyul 2023-cü il tarixli ME/98113/92/28 nömrəli kredit müqaviləsinə əlavə №1), İddiaçı aylıq 329,03 manat olmaqla, 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında əlavə olunan "xxxx" ASC ilə, İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli KBEK0121979C252 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay, illik 26 faiz dərəcəsi ilə 4900 manat kredit verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Hazırki iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-252/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləği sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində xeyli dəyişikliklər olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi Məşğulluq haqqında arayışdan da göründüyü kimi İddiaçı X1 Filialında işsiz kimi qeydiyyatdadır. Həmçinin iddiaçı ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Ailənin ehtiyaclarını qarşılamaq üçün dəfələrlə Bankdan kredit götürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-252/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-252/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5960/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5960/2025
08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver