Məhkəmə qərarları › İş №e-2(008)-7121/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-7121/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7121/2025 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı Nizami oğlunun iştirakı ilə İddiaçı Nizami oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Nizami oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 tarixli 50030/25 saylı müqavilə üzrə cavabdehin öhdəlikləri pozduğunu tanınması, müqavilə üzrə onun ödədiyi 400 (dörd yüz) manat məbləğin cavabdehdən tutularaq ona qaytarılması, cavabdehdən məhkəmə xərcləri, vəkil xərcləri və onun bu məsələ ilə bağlı çəkdiyi nəqliyyat və digər məsrəflərin ödənilməsi, məhkəmə qərarının dərhal icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə 12 iyun 2025-ci il tarixində 50030/25 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən, cavabdeh müəyyən xidmətləri göstərməyi, o, isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Xüsusilə, 2025-ci ilin iyul ayında ona bildirilmiş xidmət görüşü və ya çağırışı baş tutmamış, əməkdaşları Xəyalə ilə əlaqə yaratdığında ona onunla əlaqə saxlanılacağı deyilsə də, bu olmadı. Əməkdaşlarla sonrakı əlaqə cəhdləri nəticəsiz qalmışdır. O, 15 iyul tarixdə növbəti ödənişi etməmişdir, çünki qarşı tərəf öz müqavilə öhdəliyini yerinə yetirməmişdir. Daha sonra 26 iyul və 6 avqust tarixlərində şirkət əməkdaşları ilə əlaqə qurulmuş, ona qarşı qeyri-peşəkar və kobud münasibət göstərilmiş, ona avqustun sonu, senytabrın əvvəllərində çağırılacağı deyilmiş, bu müqaviləyə görə 4-8 həftənin kənarına çıxırdı, o isə də qəbul etməmişdir. Problemi həll etmək əvəzinə birtərəfli qaydada müqaviləyə “ödəniş edilməməsi səbəbindən” xitam verilməsi haqqında akt tərtib edilmişdir. Bundan sonra o, şirkət rəhbərinə elektron poçt ilə ərizə yazıb göndərmişdir. Ona da mənfi cavab vermişlər. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441-ci maddəsinə əsasən, qarşılıqlı öhdəlik daşıyan müqavilələrdə bir tərəf digər tərəfin öhdəliyi yerinə yetirilməyənədək öz öhdəliyini yerinə yetirməkdən imtina edə bilər. Belə olan halda, cavabdehin öhdəliklərini icra etməməsi ona müqavilə üzrə ödənişin dayandırılması və müqaviləyə xitam verilməsi barədə əsaslı hüquq verir. Cavabdehin birtərəfli qaydada qəbul etdiyi “xitam aktı” hüquqi əsas deyil, çünki öhdəliklərin pozulması birinci olaraq cavabdeh tərəfindən baş vermişdir. Onun tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğdə vəsait müqavilə üzrə faktiki xidmət göstərilmədiyindən qanunsuz tutulmuş hesab edilir. İddia tələbinin həcminin azaldılması:

3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, 400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cu maddəsinə əsasən həmin ərizəni qəbul etmişdir. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır.

8. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

9. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.

10. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Mülki işin materialları:

11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

12. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 50030/25 saylı xidmət müqaviləsindən görünür ki, cavabdeh müəyyən xidmətləri göstərməyi, o, isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür.

13. xx.xx.2025-ci il tarixli 50030/25 saylı xidmət müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixində 400 manat ödəniş kart vasitəsilə Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.

14. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, müqavilə və 1 saylı əlavə göstərilmiş xidmətlərin dəyəri vaxtında və tam ödənilmədiyinə görə müqavilə xitam edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

21. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

22. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

23. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmənin mövqeyi:

26. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki hallara mübahisənin qanuni əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

27. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh müəyyən xidmətləri göstərməyi, o, isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür.

28. Məhkəmə qeyd edir ki, öhdəlik mülki dövriyənin davamlığını təmin edən mühüm faktorlardan biri olmaqla, əmtəə münasibətlərinin rəsmiləşdirilməsi vasitəsi kimi çıxış edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (MM-nin 385.1) Öhdəlik yaranması üçün bəzi istisnalar olmaqla, tərəflər arasında mütləq müqavilə olmalıdır. Mülki qanunvericilik “servanta sunt pacta” prinsipini rəhbər tutmaqla, müqavilənin mülki dövriyyə həyata keçirilməsində mühümlüyünü qəbul etməklə, onun şərtlərini öhdəliyin məzmunu kimi tanımaqdadır.

29. Məhkəmə öhdəlikdən irəli gələn mübahisələr üzrə sübutetmə yükü ilə bağlı diqqətə çatdırır ki, AR MM-nin tələblərinə müvafiq olaraq kreditor və borclu arasında öhdəlik münasibətlər üzrə mübahisələrdə sübutetmə yükünə əsasən kreditorun sübutetmə yükü öhdəliyin mövcud olmasını sübut etməklə yekunlaşır və öhdəliyin icra olunmasını sübut etmək yükü isə borclunun üzərinə düşür. Həmin bu sübutetmə qaydası MM-nin 433.3-cu maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır

30. Tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı öz öhdəliyini lazımınca icra edərək ilk ay üzrə şərtləşdirilmiş 400 manat məbləğində ödənişi etsə də, cavabdeh tərəfindən həmin ödəniş müqabilində müəyyən edilmiş xidmətlər iddiaçıya göstərilməmişdir.

31. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh öz öhdəliyini icra etmədiyindən və ya icra etdiyinə məhkəmə iclasında iştirak edərək sübuta yetirə bilmədiyindən AR MM-nin 441.2-ci maddəsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyin icrasını dayandırmaqda və ona dəymiş ziyanı tələb etməkdə haqlı olmuşdur.

32. Yekun olaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar