Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7410/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 145/2016 saylı, 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh hər uşağa görə hər ay 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində tutulan aliment miqdarını artıraraq, Cavabdeh birgə nikahdan olan övladları 09 iyul 2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı manat) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-145/2016 saylı 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 09 iyul 2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə hər ay 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya, yəni o, İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin verdiyi aliment övladlarına baxmağı, eyni zamanda artan təhsil xərcləri üçün bəs etmir. Qeyd etmişdir ki, övladlarının təhsili üçün aliment miqdarının artırılması olduqca vacibdir. Belə ki, aliment miqdarının artırılması tənha bir ana kimi, övladlarının artan xərclərinin qarşılanmasına az da olsa kömək edəcəkdir. Bundan başqa qeyd etməlidir ki, 3 dekabr 2021-ci il tarixli, “2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, bir uşağın saxlanması üçün ödənilən alimentin məbləği (108 manat) Respublika üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan xeyli azdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəm iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-145/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 may 2009-cu il tarixdə bağlanmış və 514 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 boşanmadan sonra anaları İddiaçı yanında qalmış və Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment alınaraq o İddiaçı verilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 035620 nömrəli doğum haqqında şhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 027877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-145/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-145/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində manat aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-7410/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7410/2022
19.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver