Məhkəmə qərarları › İş №e-2(008)-7490/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7490/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7490/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Süleymanzadə Nicat Yasər oğlundan birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü Süleymanzadə İradə Nicat qızının və xx.xx.2015-ci il təvəllüdlü Süleymanzadə Amin Nicat oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları məqsədilə aybaay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikah dövründə 2 övladları dünyaya gəlmişdir: xx.xx.2012-ci il təvəllüdlü Süleymanzadə İradə Nicat qızı və xx.xx.2015-ci il təvəllüdlü X4. Əvvəllər mehriban və bir-birlərinə qarşılıqlı hörmət edərək yaşamışlar, lakin sonradan cavabdeh ona xəyanət etməyə başlamış, ona qarşı fiziki zorakılıq etmiş, azyaşlı uşaqlarının gözü qarşısında onu döymüş, söymüş, ləyaqətini alçaltmağa çalışmış, onu nəinki həyat yoldaşı, heç insan yerinə də qoymamışdır. Bununla yanaşı nə ailənin saxlanmasına, nə də uşaqlarla bağlı heç bir maddi yardım etməmişdir. Özü işləmir, maddi imkanı yoxdur, valideynlərinin köməyi ilə birtəhər yaşayır, uşaqları saxlayır. Bu məsələnin mediasiya yolu ilə həll edilməsi üçün müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməmişdir. Hesab edir ki, 2 azyaşlı uşağının, yəni xx.xx.2012-ci il təvəllüdlü Süleymanzadə İradə Nicat qızının və xx.xx.2015-ci il təvəllüdlü Süleymanzadə Amin Nicat oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmaları üçün cavabdeh Süleymanzadə Nicat Yasər oğlunun əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi aliment kimi tutulub ona verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, cavabdehin hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 980179 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında Səadət Sarayı Bakı nikah evində xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1385 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvad Süleymanzadə soyadını qəbul etmişdir. - AZ-İİİ seriyalı 134465 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ seriyalı 671740 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01414 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Elektron Məhkəmə informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir və əmək haqqı 1996 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli əməkdaşın əmək haqqı barədə məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin “GHC” filialında sərnişin aviadaşımalarının təşkili xidmətində növbə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 1996 manat təşkil edir. - Elektron Məhkəmə informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir və əmək haqqı 2196 manat təşkil edir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və ümumi təsərrüfat aparmırlar. Hazırda uşaqlar ananın himayəsindədirlər. Tərəflərin nikahı pozulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia tələbindən göründüyü kimi, İddiaçı birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını tələb etmişdir. Məhkəmə, qanunvericiliyin tələbinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh 99.83 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 99.83 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar