Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7820/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat alimentin və uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 270 manat alimentin cavabdehdən alınması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat alimentin və uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 270 manat alimentin cavabdehdən alınması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2020-ci ildə nikah bağlanmış, nikah dövründə xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri əvvəllər yaxşı olsa da, daha sonra pozulmuşdur. O, iki azyaşlı uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanılması üçün heç bir maddi dəstək göstərmir, uşaqları ilə maraqlanmır və uşaqların qayğısına qalmayaraq maddi öhdəliklərini yerinə yetirmir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə məhkəmə baxışı iddiaçının və nümayəndəsinin iştirakı olmadan keçirildi. Cavabdeh məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə ərizə verərək hər uşağa görə ayda 235 manat aliment ödəməyə razı olduğunu, uşağın 3 yaşınadək iddiaçıya ayda 270 manat aliment ödəməyə isə razı olmadığını bildirmişdir. Bundan sonra o, məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, iddianı hər uşağa görə ayda 100 manat aliment hissəsində qəbul edir, qalan hissədə isə qəbul etmir. Belə ki, o, rəsmi olaraq işsiz kimi qeydiyyatdadır, əmək fəaliyyəti ilə məşğul olmur və daimi gəlirə malik deyil. İddiaçı məhkəməyə onun əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə sübut təqdim etməmişdir. Daha sonra məhkəmə baxışı zamanı Cavabdeh izahatında hər uşağa görə ayda 200 manat aliment ödəməyə razı olduğunu, iddianın qalan hissəsi ilə razı olmadığını bildirdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci ildə nikah bağlamışlar, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 onların ümumi uşaqlarıdırlar. İşdə olan AZ-İİ seriyalı 383337 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 və Cavabdeh xx.xx.2020-ci ildə nikah bağlamış, arvada Balakişiyeva soyadı verilmişdir. İşdə olan AZ-İV seriyalı 531361 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-V seriyalı 043937 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay 2 uşağın hər birinə görə 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə hər uşağa görə ayda 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə bu qərara gəldi ki, tərəflərin nikahından olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır. Bundan başqa, məhkəmə tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində iddiaçı üçün cavabdehdən hər ay 270 manat aliment tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşaqlarından biri olan X5 artıq 3 yaşına çatmış, digəri - xx.xx.2024-cü il təvəllüdlü X4 isə 3 yaşına çatmamışdır. Cavabdeh həmin uşağın doğulduğu gündən üç il ərzində iddiaçıya maddi cəhətdən kömək məqsədilə aliment ödəmək üçün zəruri vəsaitə malik olmadığını və işsiz olduğunu bildirsə də, məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətli şəxsdir, işləyib qazanmaq imkanına malikdir, ona görə də iddiaçı ondan maddi cəhətdən kömək etməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, alimentin tələb olunan ayda 270 manat miqdarı əsaslı deyil, həmin məbləğ müəyyən olunarkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyi, onun iki uşaq üçün aliment ödəyəcəyi nəzərə alınmalı və ondan ayda 50 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment, eləcə də xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək iddiaçıya maddi cəhətdən kömək üçün ayda 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Tələb edilən alimentin bir illik miqdarı (235+235+270 manat x 12 ay) 8880 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 7880 manat : 100 x 1 %) 108,80 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia tələbi qismən (235+235+50 manat) təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğə mütənasib olaraq (30 manat + 5240 manat : 100 x 1 %) 82,40 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan məbləğ ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək Cavabdeh hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2024-cü ildən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 82,40 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması ilə bağlı hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X11.
Məhkəmə qərarları › İş №e-2(008)-7820/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7820/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver