Məhkəmə qərarları › İş №e-2(008)-950/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-950/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-950/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu barədə Girdəni kənd inzibati ərazi dairəsi tərəfindən AZ-1 № 764315 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki övladı dünyaya gəlmişdir. Əvvəllər mehriban ailə həyatları olmuşdur, lakin artıq ailə kimi birlikdə yaşaya bilmirlər. Belə ki, cavabdeh ailəsi ilə maraqlanmır, evə nadir hallarda gəlir, gələndə onu döyür. Qazancını evə gətirmir, maddi cəhətdən sıxıntı yaşayırlar. Uşaqlarına valideynləri və qardaşı baxır. Bu səbəbdən, hesab edir ki, cavabdeh hər ay uşaqlar üçün hər birinə 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməlidir. Göstərilənlərə əsasən iddiaçı tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsində göstərilir ki, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İş materiallarında olan Lənkəran rayonu, Girdəni kənd inzibati ərazi dairə nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 764315 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə 12 saylı akt qeydi aparılmaqla Cavabdeh ilə X1 arasında rəsmi nikah bağlanmış, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 (üç) aylıq barışıq müddəti müəyyən edilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20-ci maddəsindən görünür ki, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. Məhkəmə, tərəflərə verilmiş 3 (üç) aylıq müddət ərzində onların barışmamasını, həmçinin, iddiaçının nikahın pozulmasında təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan onlar arasındakı nikah pozulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2019-cu il X5 doğulmuşdur. Məhkəmə, tərəflərin birgə nikahından olan uşaqların hal-hazırda anaları ilə yaşadıqlarını, ona bağlılıqlarını və mənafeləri üçün digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2019-cu il X5 ananın (iddiaçının) himayəsində qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehlə birgə nikahından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından olan uşaqların mənafelərini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Lənkəran rayonu, Girdəni kənd inzibati ərazi dairə nümayəndəliyində bağlanmış 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2019-cu il X5 anaları İddiaçı himayəsində saxlansınlar. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər birinə görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar