Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-955/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və özünün sağalanadək saxlanması üçün aylıq 300 manat məbləğində alimentin xx.xx.2022ci il tarixdən hesablanmaqla, tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşlar. Cavabdeh Xəzər Dəniz Gəmiçiliyi QSC-nin X7 Donanması bölməsində kapitanın böyük köməkçisi vəzifəsində işləyir. O, iş rejiminə görə bəzən 15 gün, bəzən də 1 ay evdə, 1 ay işdə olur. Cavabdeh nə işdə, nə də evdə olduğu dövrdə ailəsinin ərzaq ehtiyaclarını belə ödəmir. Bundan başqa, İddiaçı artıq bir neçə ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və 2022-ci ilin iyun ayından etibarən ona 2.2. ikinci dərəcəli əlillik, 2.2.14 lokalizasiyasından asılı olmayaraq İİİ və İV dərəcəli bədxassəli şişlər (C00-C097) əlillik qrupu müəyyən edilmişdir. Onkoloji xəstəliyin yaranmasının və sürətli şəkildə inkişafının əsas səbəbləri ailədaxili münaqişələr, hətta fiziki zorakılıq olmuşdur. İndiyədək İddiaçı müayinə və müalicə xərcləri, həmçinin də uşaqların və İddiaçı saxlanması atası qardaşı tərəfindən qarşılanmışdır, çünki o, daimi müalicə alır və əmək qabilyyətli deyil. Ancaq artıq iddiaçının sağlamlıq vəziyyəti kəskin pisləşdiyi üçün onun ailə üzvlərinin də maddi vəziyyəti bütün xərcləri qarşılamağa kifayət etmir. Hazırda İddiaçı uşaqların saxlanması üçün maddi imkanı olduqca aşağıdır. O da bildirmək istəyir ki, mediasiya arayışı cavabdehə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Ailə Məcəlləsinin 100.3-cü bəndinə müvafiq olaraq “Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə,əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər”. Odur ki, göstərilənlərə əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, materiallarından görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İV 036503 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 və elektron-məhkəmə informasiya sistemi məlumatlarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və doğulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı çanaq sümüklərinin ikincili zədələnməsi, sol qalça və sağ qasıq sümüklərində osteoblastik aktivlik göstərən ocaqlar. Sol gicgah və sağ alın sümüklərində orta dərəcədə osteoblastik aktivlik göstərən ocaqlar, sinus ritmi, requlyar, ST seqment və T dişi diaqnostik dəyişiksiz olması nəticəsinə gəlinmişdir. Ona süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yeni törəməsi, sağ süd vəzin xərçəngi sümüklərə metastaz mərhələ İV diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(008)-161/2022 saylı qərardadından görünür ki, mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılanadək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Elektron-məhkəmə informasiya sistemi məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində gəmi/dəniz kapitanı işləməklə aylıq əmək haqqı 1991 manat təşkil edir. Məhkəmə, qanunvericliyin tələblərini, uşaqların mənafeyini və cavabdehin aylıq sabit əmək haqqı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə, iddia tələbinin digər – iddiaçının özünün sağalanadək saxlanması üçün alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsində qeyd olunmuşdur ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad Məhkəmə, Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinin tələbini, yəni iddiaçının (arvadın) onkoloji xəstə olmaqla maddi yardıma ehtiyacının olduğunu və cavabdehin (ərin) bunun üçün zəruri vəsaitə malik olduğunu nəzərə alaraq, hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və İddiaçı sağalanadək saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-955/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-955/2023
02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver