Məhkəmə qərarları › İş №e-2(009)-1011/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1011/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1011/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «zərər» tələbinə dair iddiası üzrə mülki işə 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.000 manat maddi və mənəvi zərərin cavabdehdən tuutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh qanunazidd və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mən külli miqdarda maddi zərərə və böyük mənəvi zərərə uğramışdır. Cavabdeh təkcə ona deyil dövlət qurumlarına, o cümlədən vergi və sosial müdafiə, sosial sığorta qurumlarına da külli miqdarda zərər vurmuşdur. Cavabdeh iş adamıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, çoxsaylı sahibkarlıq obyektləri, kommersiya təşkilatlan, həmçinin otel və ticarət obyektləri mövcuddur. O, Rusiyada, Azərbaycanda, Avstriyada və digər ölkələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir. O, cavabdehlə 2005-cı ildə tanış olmuşdur. O, iddiaçını işə qəbul edəcəyini vəd etmiş və 2006-cı ilin yayında iddiaçını işə götürmüşdür. Cavabdeh onu Azərbaycandakı işləri üzrə menecer vəzifəsinə işə qəbul etmişdir. O, həmin ildən 2019-cu ilin sonlarınadək fasiləsiz olaraq işləmişdir. Cavabdehin tapşırığı üzrə onun Moskva şəhərindəki işlərini də icra etmiş, eləcə də Avstriyada və Rusiyada olan işlərinin icrası üzrə bağlı tez-tez Rusiya və Avstriyaya səfər etmişəm, eyni zamanda cavabdehin tapşırığı ilə onun şəxsi işləri, habelə ev təsərrüfatı işlərini də icra etmişdir. Onu işə qəbul etdikdən sonra cavabdeh ona 3000 (üç min) ABŞ dolları aylıq maaş verilməsini tapşırmışdı və uzun illər mən həmin məbləğdə maaş almışdır, maaşı nəğd qaydada alırdı. Cavabdeh işə qəbul edərkən ona dedi ki, şirkətlərin, otellərin yaxud obyektlərin birində iddaçını rəsmi işçi kimi səndləşdirəcək, bununla mühasiblər məşğul olacaq, rəsmi maaşın nə yazılmasına baxmayaraq o, nəğd qaydada ayda 3000 ABŞ dolları alacaqdır. O, əmək kitabçası və digər sənədləri cavabdehə təqdim etmişdir. Beləliklə o işə başladı. Uzun illər - 13 il cavabdehin yanında işlədi. İddiaçı cavabdehin həm Azərbaycanda, həm Rusiyada, həm həmdə Avstriyada olan işləri üzrə onun tapşırıqlarını yerinə yetirir, eyni zamanda onun şəxsi işləri və ev, bağ təsərrüfatı, yaxtası üə bağlı da bütün tapşırılarınıı icra edir; otellər və sahibkarlıq obyektlərinə nəzarət edir, maliyyə meneceri, eyni zamanda asisstant, köməkçi kimi bütün' həvalə olunan işləri icra edirdi. Bütün bu illərdə o, canla-başla işləyirdi, demək olar ki, məzuniyyətsiz və fasiləsiz olaraq (həftənin istirahət günləri də daxil olmaqla) bütün bu illərdə işlədi. Hər ay 3000 ABŞ dolları maaşı nəğd şəküdə alırdı. 2019-cu ildə səhhətində yaranmış problemlərlə bağlı müalicə üçün bir müddət işdən icazə almaq istədi, lakin cavabdeh ona icazə vermədi, aralarında mübahisə oldu. Bundan sonra münasibətlərimi korlandı və o, işdən çıxmalı oldu. İşdən ayrıldıqdan sonra o, əmr, əmək kitabçası və son haqq-hesabı almaq üçün cavabdehə müracitə etdikdə cavabdeh ona dedi ki səninlə əlaqə saxlayacaqlar, nə lazımdırsa edəcəklər, lazımi sənədləri sənə təhvil verəcəklər. Lakin aylar keçirdi heç kim onunla əlaqə saxlamırdı. Belə olan halda o, təkrar cavabdehə müraciət etdim, lakin cavabdeh ona dedi ki, sən mənim pulumla özünə bahalı maşın almısan, maşını qaytar, ondan sonra sənin sənədlərin verilə bilər, səninlə haqq-hesab edilə bilər. İddiaçı etiraz etdi və narazı olduğunuu bildirdi. Daha sonra ona məhkəmə bildirişi gəldi və məlum oldu ki, cavabdeh ona qarşı iddia qaldırıb və ondan mülkiyyətində olan avtomobili tələb edir. Bununla bağlı məhkəmə mübahisəsi davam etdi və yuxan məhkəmə instansiyalamıda iş onun xeyrinə nəticələndi, cavabdehin iddiası rədd olundu (Bakı Apellyasiya Maəhkəməsinin Mülki Kollegiyasının 2(103) - 12226/ 2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103) - 2961/20 20 nömrəli xx.xx.2020-ci il tarixli qərarı). Daha sonra iddiaçı yenə də cavabdehdən sənədləri və haqq-hesab apanlmasını tələb etməyə davam edirdi, O, da bu məsələnin yaxın zamanlarda həll olunacağını deyirdi, lakin nəticə olmurdu. Belə olan halda iddiaçı vergi orqanlarına, DSMF orqanlarına, eləcədə hüquq mühafizə orqanlarına müraciət etdim, şikayət etdi. Şikayətlərinə verilən cavablardan sonra məlum oldu ki, bütün bu illərdə o, rəsmi olaraq işə qəbul edilməmişdir, qeyri-rəsmi olaraq işlədilmişdir, heç bir rəsmi ödənişlər həyata keçirilməmişdir. Beləliklə məlum olmuşdur ki, o uzun illər - 13 il işləmiş, lakin heç bir sosial müdafiə, sığorta, tibbi sığorta və sair sığorta ödənişləri həyata keçirilməmiş, rəsmi əmək müqaviləsi bağlanmadığından bütün sosial ödənişlərdən, sosial müdafiədən məhrum olmuşdur. Əməyin mühafizəsi, təhlükəsiz əmək şəraiti, icbari sığortalar olmadan uzun illər işləmişdir. Bununla da ona böyük maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu maddənin tələblərindən də aydın olduğu kimi, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunmasıhüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasınıvə müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində (Sübut etmə vəzifəsi) təsbit edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunvericiliyin tələbindən aydın olur ki, hərkəs öz iddiasının hüquqi və faktiki əsasını əsaslandırmalı və sübut etməlidir. Hazırkı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı isə öz iddia ərizəsini əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsi olmadan cavabdehdən əməkhaqqı aldığını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən müəyyən olunur ki, Cavabdeh Qəridb oğlu bildirmişdir ki, İddiaçı ilə 2005-ci ildə sonuncunun əmisi oğlu Emil Cavadov vasitəsi ilə tanış olmudur. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmaqla 2017-ci ilədək Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Həmin müddət ərzində o, qısa müddətli Azərbaycan Respublikasına səfərlər etmişdir. Ailə üzvləri Bakı şəhərində yaşadığından zərurət olduqda onların harasa aparılmasını İddiaçı etibar etdiyimdən ona tapşırmışdır. Onunla aralarında heç vaxt işçi-işəgötürən münasibəti olmamışdır. Bundan başqa, o, 2017-ci ilin ortalarında Azərbaycan Respublikasına köçərək və Azərbaycan Respublikası vətəndaşlığı əldə edərək, Bakı şəhərində ailəmlə birlikdə yaşamağa başladı. Azərbaycan Respublikasına qayıtdıqdan sonra mən bir müddət Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində Xidmət rəisinin müşaviri vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində “Nazirin müşaviri” vəzifəsində işləyir. Yəni, qanunvericiliyə əsasən mənim işəgötürən statusunun olması mümkünsüz olmuşdur. Yəni göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında heç vaxt əmək münasibətləri mövcud olmamışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarına əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa iddiaçının dediklərinin bir anlıq həqiqət olduğunu düşünsək belə, iddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 286.4-cü maddəsinə əsasən, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı qeyd edir ki, 2019-cu ildə guya cavabdehlə əmək münasibətlərinə 2019-cu ildə xitam vermişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı bu barədə 2020-ci ildə müvafiq orqanlara müraciət etmiş və müvafiq cavablar almışdır. Lakin hazırkı iddia ərizəsi məhkəməyə 2022-ci ildə daxil olmuşdur. Yəni qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında etibarlı münasibətlər olmuşdur və bu səbəbdən də iddiaçı özünə aid olan işlərin aparılmasını cavabdehə tapşırmışdır. İddiaçı isə öz növbəsində cavabdeh ilə razılığa gələrək 2006-cı ildən 2019-cu il tarixədək qarşı tərəflə aralarında razılaşdırdıqları müəyyən məbləğ aylıq ödəniş müqabilində cavabdehə aid olan işlərin görülməsində ona kömək etmişdir. Habelə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövr ərzində işəgötürən kimi heç bir səlahiyyəti olmamışdır. Belə ki, cavabdeh fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmamış, eyni zamanda hər hansı bir dövlət orqanında rəhbər vəzifədə çalışmamaqla işəgötrüən funksiyasına malik olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının 13 il ərzində cavabdehdən onu işə götürüb-götürməməsi ilə bağlı maraqlanmamağını, bu haqda yalnız tərəflər arasında etibarlı münasibətlərin sona çatdığı vaxt xəbər tutmasını səmimi və inandırıcı qəbul etmir. Eyni zamanda iddiaçı ərizəsində əmək kitabçasını onu işə götürməsi üçün cavabdehə təqdim etməsini və 13 il ərzində cavabdehin onun əmək kitabçasını özündə saxladığını qeyd etsə də, işin bu hallarını təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.3-cü maddəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3.8-ci maddəsinə əsasən iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız hesab edilməlidir. Belə ki, cavabdeh ərizəsində iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada 1 il müddəti ötürdüyünü nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə iddianın rədd olunması barədə ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında ümumiyyətlə işçi-işəgötürən münasibətləri yaranmadığından Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilən müddət hazırki mübahisəyə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «zərər» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar