Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1022/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "valideynin razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "valideynin razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birliktə ölkədən getməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə 1994-cü il tarixində ailə qurmuşdur. Birgə nikahdan 13 iyul 2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin sonradan aralarında olan narazılıqlar yarandığından tərəflər arasındakı nikah Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli qətnamə əsasında pozulmuşdur. Nikahın pozulduğu dövrdən hazırki dövrə qədər X5 ananın himayəsinə verilməsinə baxmayaraq uşağın anası ilə birlikdə xaricə getməsinə maneçilik törədilir. Hansı ki, cavabdeh artıq illərdir ki, Azərbaycan Respublikasında yaşamır və onunla əlaqəyə girmək mümkün deyil. İddiaçının məlumatına görə cavabdeh Almanyada yaşayır və orada ailə həyatı da qurmuşdur. Yəni uşağı ilə nə maddi, nə də mənəvi cəhətdən təmin etmir. Bununla da uşağın azadlıq hüququ məhdudlaşır. Həmçinin uşaqların xaricə getməsi iddiaçının övladlarının mənəvi inkişafı üçün də önəmlidir. Məhkəmənin diqqətinə çatdırırlar ki, uşaq azyaşlıdır. Ana qayğısı və sevgisinə ehtiyacı var. O, iddiaçıya möhkəm bağlıdır və anasından ayrı qala bilmir. Belə ki, tətillərdə, yay tətillərində anası ilə birlikdə istirahət yönümlü səyahətlərə gedə bilmir və bu da uşağın həm mənəvi, həmdə sosial inkişafının qarşısını alır. Qeyd edilənlərin yekunu olaraq hesab edirlər ki, uşaqların inkişafını təmin etmək, onlara daha yüksək həyat şəraiti ilə yetişdirmək üçün cavabdehin razılığı olmadan ölkədən getməsinə razılıq verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin uşağın ölkə xaricinə getməsi ilə bağlı etirazı varsa, səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Bu səbəblə bir daha vurğulayırlar ki, uşaqların mədəni və mənəvi inkişafı üçün onların xarici ölkələrə səyahət etməsi vacibdir. Lakin cavabdehlə heç bir razılıq əldə etmək mümkün deyil. Belə ki, cavabdeh öncə razılıq versə də, sonradan bundan imtina etmişdir. Bu razılaşma mediasiya prosesində də mümkün olmamışdır. Hesab edirlər ki, belə olan halda uşaqların mənafeyi üçün cavabdehin razılığı olmadan uşaqların ölkə xaricinə çıxarılmasına razılıq verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 245 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 360769 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında çıxış xx.xx.2017 qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı ilə Cavabdeh 13 iyul 2014-cü il təvəllüdlü X5 adlı övladı vardır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahından 13 iyul 2014-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Hazırda İddiaçı öz himayəsində olan uşağı ilə birlikdə ölkə ərazisindən kənara getməsi ilə bağlı uşağın atasından razılığının alınmasında çətinlik yaranmış və bununla da iddiaçının uşağı ilə sərbəst surətdə ölkə hüdudlarından kənara getməsi imkanları məhdudlaşdırılmışdır. Belə ki, həmçinin müəyyən edilmişdir ki, (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən) Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında çıxış xx.xx.2017 qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində isə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola bilən hallar göstərilmişdir. Eyni zamanda həmin Məcəllənin 11.1-ci maddəsinə görə bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsində isə təsbit olunmuşdur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnumunun 13 saylı 24 dekabr 2021-ci il tarixli Qərarının 1.7-ci bəndində göstərilmişdir ki, “məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.” Həmin qərarın 7.10, 7.12, 7.13-cü bəndlərində göstərilmişdir ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır. 7.12. Beləliklə, ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu halında məhkəmələr bu kateqoriya iddialara ümumi əsaslarla baxmalı və qərarın qəbulu zamanı ilk növbədə uşaqların maraqlarını nəzərə almalı, valideyni ilə üsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balansı gözləməlidirlər. “Həmçinin nəzərə alınmalıdır ki, qanunverici yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi qaydasını tənzimləyərkən onlar arasında ayrı-seçkilik qoymamış, uşaqdan ayrı yaşayan valideynlə də ölkədən gedə bilməsi hüququnu istisna etməmişdir. Lakin belə bir hüququn realizəsi üçün ilk növbədə ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ tanınmış olmalı və müəyyən olunmuş ünsiyyət qaydasının (müddətinin) buna imkan verib-verməməsi aydınlaşdırılmalıdır. Ünsiyyət qaydasının (müddətinin) buna imkan vermədiyi halda, tərəfə bu məqsədlə ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı ərizə ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, himayəsində olan valideyndən fərqli olaraq, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi ayrı yaşayan valideynin üzərinə düşür. O da nəzərə alınmalıdır ki, ayrı yaşayan valideynin uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədilə əsaslandırdıqda, habelə qarşı tərəfin bunu sübuta yetirdiyi hallarda iddia rədd olunmalıdır”. 7.13. Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir. Həmin Qərarın 7.14-cü bəndində qeyd edilmişdir ki, analoji işlərə baxılarkən mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. Həmin Qərarın 7.16-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara, ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimaisosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. Həmin Qərarın 7.18-ci bəndində qeyd edilmişdir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş sərbəst surətdə ölkədən getmək hüquqları pozulur, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Ailə Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş uşaqların qayğısına qalmaq vəzifəsinin həyata keçirilməsinə maneçilik törədilir. Məhkəmə qeyd edir ki, sərbəst surətdə ölkədən getmək hüququnun məhdudlaşdırılması halları yuxarıda da qeyd olunduğu kimi qanun normaları ilə müəyyən edilmişdir. İddiaçı öz uşağı ilə istənilən müvəqqəti əsasla (iş səyahəti, müalicə, istirahət və s.) bu hüququ həyata keçirə bilər və bu hüququn təmin edilməsi cavabdehin razılığının alınması üçün atılan və nəticəsiz qalan cəhdlərlə şərtləndirilə bilməz. Çünki uşaq ananın himayəsindədir və uşağın məhz anasının iradəsi əsasında ölkədən getməsi təmin olunduğu halda, onun mənafeyinin pozulması ehtimalı ümumiyyətlə istisna edilir. Məhkəmə cavabdehin iddiaçıya uşağı ilə sərbəst surətdə ölkədən getməsinə razılıq verməməsini iddiaçının valideynlik hüquqlarının həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş maneə kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin razılığı olmadan tərəflərin uşağının iddiaçı ilə Azərbaycan Respublikası ərazisindən getməsinə icazə verilməsi halı cavabdehin bir valideyn kimi uşağı ilə ünsiyyətdə olma hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, bununla cavabdehin valideyn kimi uşağın həyatında birbaşa iştirak etməklə öz valideyn hüquqlarını həyata keçirmə hüququ məhdudlaşmır. İişin müəyyən edilmiş hallarında da görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən xx.xx.2017-ci il tarixində çıxmış və qayıtması barədə məlumat aşkar edilmir, başqa sözlə hazırda ata ilə uşaq arasında hər hansı ünsiyyətin olması da müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 13 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atasının-Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atasının-Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1022/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1022/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver