Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-105/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili S.S.Əhmədovanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə nikahları xx.xx.2017-ci il tarixdə 568 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında rəsmiləşdirməklə ailə qurmuşlar.Həmin nikahdan xx.xx.2019-cu ildə X3 doğulmuşdur. Cavabdeh Aydın qızı həyat yoldaşı kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir, onu həyat yoldaşı kimi saymır və ümumiyyətlə aralarında qarşılıqlı anlaşma yoxdur. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Bu şəraitdə nikahların davam etməsi mümkün deyil. Məsələ ilə bağlı Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak etmişdir. Sessiya zamanı heç bir barışıq əldə edilməyib. Cavabdeh Aydın qızı birgə yaşadıqları evdən getdikdən sonra, yeganə övladı X3 ilə onun ünsiyyətinə maneələr yaradır. Uşağın ona daha çox bağlılığını və ananın psixoloji probleminin olduğunu nəzərə alaraq mövcud şəraitə hüquqi qiymət verilməsini vacib sayır. Hesab edir ki, oğlunun onun himayəsinə verilməsi, uşağın gələcəkdə düzgün inkişafına, mənəvi və fiziki sağlamlığına müsbət təsir göstərəcəyinə görə, qanuna və məntiqə uyğun olar. Bunun üçün onun hər bir şəraiti və imkanı var. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 568 nömrəli aktla qeydə alınmış nikahın pozulması, həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X5 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin məhkəmə iclasına gəlməməsi səbəbindən tərəflərə barışmaq üçün 3 ay vaxt verilərək işin icraatı təxirə salınmışdır. Məhkəməyə müraciət edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı hal-hazırda nikahın pozulmasında israrlıdır, cavabdehlə barışıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən uşağın ananın yanında qalması müəyyən edilərsə və bununla bağlı aliment tutulması qərara alınarsa, alimentin həddi bu il üçün nəzərdə tutulan minimum yaşayış həddində müəyyən oluna bilər.Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və maraqlı şəxs qismində cəlb edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-451/69 saylı arayışına əsasən İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 568 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Fətəliyev, arvada Fətəliyeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması və uşağın atanın himayəsinə verilməsi tələbi ilə bağlı mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 15.00-16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyinə əsasən komissiya tərəfləri dinləyib, İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X1 ana qulluğuna və qayğısına daha çox ehtiyacının olduğunu nəzərə alaraq, onun anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Göstərilən Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nigah məhkəmə qaydasında pozulur. Qeyd edilən Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Aydın adlı uşağı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ailə münasibətlərinin pozulmasını və ailənin bərpasının qeyri-mümkün olmasını əsas tutaraq nikahın pozulması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7-ci bəndinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. AR Ailə Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü Aydın adlı uşağı hazırda cavabdehin yanındadır. Tərəflər arasında uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olduğu üçün, məhkəmə tərəfindən uşağın hansı valideynin yanında qalması ilə bağlı rəy verilməsi üçün material Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli rəyi ilə tərəflərin birgə nikahdan olan Aydın adlı uşağın anasının yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının rəyini, uşağın azyaşlı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü Aydın anasının yanında qalması müəyyən edilməlidir. Məhkəmə boşanmadan sonra uşağın saxlanılması üçün alimentin tutulması məsələsinə hüquqi qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahdan olan uşağı cavabdehin yanında saxlanıldığından, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə tərəflərin birgə nikahdan olan uşağın cavabdehin yanında qalmasını,iddiaçının aylıq qazancının müntəzəm olması ilə əlaqədar sübutların olmamasını, həmçinin uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilməsini, məhkəmə hesab edir ki, iddiaçıdan uşağın saxlanılması üçün hər ay 220 manat məbləğində sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment qətnamənin qəbul edildiyi tarixdən - xx.xx.2023-cü il tarixdən tutulmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Məhkəmə birgə əmlakın bölünməsi ilə bağlı tələbin olmamasını nəzərə alaraq hesab edir ki, həmin məsələnin hazırki mərhələdə həll edilməsinə zərurət yoxdur. Bununla belə məhkəmə tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məsələnin AR Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsini məqsədəmüvafiq olduğunu izah edir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 19 avqust 2017-ci il tarixli 568 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. xx.xx.2019-cu il təvəllüdlü X1 anası – Cavabdeh yanında qalması müəyyən edilsin. İddiaçı 26 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı dövlət nəfinə 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-105/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-105/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver