Məhkəmə qərarları › İş №e-2(009)-1085/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1085/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1085/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X8, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən mənəvi zərərə görə 100.000.000 (yüz milyon) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bu hadisə nəticəsində ailənin başçısı, həyat yoldaşı X6 itirmişdir. Ağır bir hadisə yaşamış, öz ömür-gün yoldaşını itirmiş bir insan kimi, dərin ağrılarını ifadə edir, yaşadığı çarəsizliyə diqqət çəkir. İnsan bu acını yaşamadan bu qədər ağrı, iztirab hiss edə bilmir. Bir qadın və bir ana kimi 20 ilə yaxındır ki, həyatını bölüşdüyü yoldaşını itirmək onun üçün çox çətindir. Evləndikdən sonra Masallı rayonunun Təklə kəndində birlikdə yaşayırdılar. Birgə nikahlarından dörd övladları: Nazlı Məmmədova, Qızbəs Məmmədova, Aysun Məmmədova, Arzu Məmmədova və Cabbar Məmmədov dünyaya gəlmişdir. Onların ikisi hələ azyaşlıdır. Bu faciəvi hadisə ailəsini yarımçıq qoymuş, övladları atasız qalmış, o, da 4 uşaqla təkbaşına qalmışdır, indiki dövrdə bunun nə qədər ağır bir yük olduğunu qeyd etməyə ehtiyac yoxdur. Onlar halbuki yoldaşı ilə birlikdə min bir əziyyətlə böyütdükləri övladlarının xoş günlərinə şahid olmağı arzulamışlar. Bu hadisə onları arzuladıqları, xəyallar qurduqları belə günləri yaşamaqdan da mərhum etdi. Yoldaşının evdəki əksikliyini, övladlarının atasına olan ehtiyacını hər hansı digər bir formada əvəz etməyi mümkün deyil. X19 Neft Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün briqadiri, konstruksiya quraşdırıcısı vəzifəsində işləyib, təmir-tikinti işləri görürdü. Hadisə baş verən günün səhərisi o yenə evdən öz halal zəhməti ilə pul qazanmaq üçün işə getmiş, elə həmin gün axşam faciəvi şəkildə rəhmətə getmişdir. Namik Məmmədov iş görən zaman kran vasitəsi ilə qaldırdıqları boru aşmışdır. Həmin vaxt borunun alt hissəsindən bağlanmış ip ayağına dolaşmışdır. Nəticədə zərbə ilə kranın qoluna çırpılmış və aldığı xəsarətlərən orada ölmüşdür. Mərhum həyat yoldaşı çox ağır və dəhşətli xəsarətlər almışdır. Onun ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər alması - baş-beyinin əzilib dağılması və bayıra tökülməsi olmuşdur. Meyiti aldığı xəsarətlərdən parça-parça olmuşdur. O, tək başına qadın kimi, 4 uşağı ilə birlikdə bu ağır travmanı yaşamaq məcburiyyətində qalmışdır. Uşaqları və o, hələ də bu hadisədən sonra özlərinə gələ bilməmişlər. Çarəsiz bir ana kimi bu hadisə nəticəsində unudulması mümkün olmayan, davam edən əzab və iztirablar yaşayır. O yalnız yaxşı həyat yoldaşı deyil, həm də yaxşı ata idi. Sevimli həyat yoldaşının ölüm xəbərini eşitmək birdən birə bütün arzularını, bir ailənin gələcəyini oğurladı. Uşaqlar atalarını çox sevir və ona çox bağlı idilər. O, ailəni dolandırmaq, övladlarının ehtiyaclarını qarşılamaq, onların təhsilinə dəstək olmaq üçün bir ata kimi əlindən gələni etmişdir. Amma indi onun itkisi ilə təkcə mənəvi deyil, həm də maddi cəhətdən mübarizə aparır. Uşaqlarının hər bir zaman mənəvi-maddi ehtiyacları yarandıqca atalarının yoxluğu daha çox hiss olunur. Həyatının hər anında ona dəstək olan, arxa çıxan, sevincini, kədərini paylaşdırğı həyat yoldaşını itirmək həyatının qalan hissəsində hər zaman bir boşluq olaraq qalacaq. Baş verən hadisəni hər keçən gün xatırlamaq isə onun mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Azərbaycan Dövlət Neft Şirkətinin məsul əməkdaşının məsuliyyətsiz əməli yoldaşının həyatının sonuna gətirib çıxardı. Həyat yoldaşının artıq həyatda olmadığını düşünmək ürəyini ağrıdır. Bu haqsızlıq və ədalətsizlik ona həddi-hüdudu olmayan dərin iztirab verir. Həyat yoldaşının faciəvi ölümündən sonra yaşadığı mənəvi sarsıntı və ağrıları yaşamağı mübahisəsizdir. Onunla uzun müddət ərzində yaşadıqları sevgi, məhəbbət bir andaca geri qaytarıla bilməyən bir ömürlük xatirələrə çevrildi. Həmin gün həyatının ən qaranlıq və çətin dönəmi idi. Bu itki təkcə ona mənəvi təsir göstərmədi, həm də yenidən həyatını başqası ilə bölüşmək ümidini yox etdi. Hələ də bu faciəli hadisədən sonrakı 8 il ərzində sevdiyi həyat yoldaşının geridə qoyduğu boşluğu doldura bilmədi. O, dünyasını dəyişdikdən sonra sanki həyatının mənasını itirmişdir. Yoldaşının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-309/2017 saylı, 3 fevral 2017-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 222.3-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 1 (bir) il müddətə kran maşinisti vəzifəsi tutma (fəaliyyəti ilə məşğul olma) hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə göstərilmişdir ki, X9, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan tikintidə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmuşdur. Belə ki, o, 26 iyul 2016-cı il tarixdə, saat 18 radələrində, Bakı şəhəri, Pirallahı rayonu, "Neft Daşları" ərazisində yerləşən "Palçıq Pilləsi" yatağındakı 1043 və 12848 №-li meydançaları birləşdirən estakadanın təmiri işlərini görərkən Neft Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün briqadiri 5-ci dərəcəli konstruksiya quraşdırıcısı X4 ona iş rəhbərindən icazəsiz olaraq, layihə ilə müəyyən olunmamış qaydada, yəni dayağı bir dəfəyə çıxarıb yerinin dəyişdirilməsi barədə göstərişindən sonra o, "5 saylı Texnoloji Nəqliyyat Departamentinin kran maşinistinin peşə təlimatı"nın 1.3-cü bəndinin "Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydalar”nın 9.5.19 "c" bəndinin və "Təşkilat, idarə, müəsisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları" 11 “b” bəndinin tələblərini pozmuş, nəticədə sonuncu idarə etdiyi E-10011 markalı kranla etibarlı qaydada ilməklənməmiş dayağı şaquli istiqamətdə qaldıran zaman dayaq tam səthə çıxdıqdan sonra dayanıqsız vəziyyətə düşməklə sürətlə üfüqi istiqamətdə əyilmiş, həmin vaxt borunun tarazlığının tənzimlənməsi üçün onun alt hissəsinə bağlanılmış kəndir Namik Məmmədovun əlindən çıxaraq həmin kəndirin qalan hissəsi sonuncunun ayağına dolaşıb kəndirlə birlikdə kranın qülləsinə çırpılmış və nəticədə Namik Məmmədov həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malik başın geniş ölçülü, əzilmiş-cırılmış yarası, kəllə sümüklərinin açıq, qəlpəli, kobud sınıqları, sol almacıq sümüyünün, sağ said sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, ölümlə nəticələnən baş-beyinin əzilib dağılması və bayıra tökülməsi xəsarətləri alaraq hadisə yerində ölmüş, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan tikintidə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma cinayətini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 309/2017 saylı, 3 fevral 2017-ci il tarixli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən də görünür ki, hadisə Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Həyat yoldaşının vəfatından sonra hələ də özünə gələ bilmir. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən badisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehlərdən almaraq ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili X16 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən 100.000.000 (yüz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi üçün hüquqi yardım göstərilməsinə dair vəkilə ödənilmiş 320 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi əsl Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X16 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə X5 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirməməsi nəticəsində X4 ölümünə səbəb olmuşdur. X9 barəsində Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-309/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək, 1 il müddətə kran maşinisti vəzifəsi tutma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 309/2017 saylı, xx.xx.2017-ci il il tarixli hökmündən də görünür ki, X5 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. "Azneft" İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X3 tələb edilə bilər. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirir ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlikanlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. 1097-ci maddədə nəzərdə tutulmuş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Mülki hüquq pozuntusunun tərkibini ümumi şərtləri: (1) Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması. Hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır. (2) Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur. (3) Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. (4) Hüquqpozan şəxsin təqsirinin olmasıdır. Beləliklə, yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikasımızın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işə baxıb, tərəflərin izahatlarını dinləyb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinaytlər Məhkəməsinin 1(009)-309/2017 nömrəli, 03 fevral 2017-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin 1 saylı Xüsusi Texnika Dəstəsində 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyən X9 Azərbaycan Respublikası CM-nin 222.3-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 1 (bir) il müddətə kran maşinisti vəzifəsi tutma (fəaliyyəti ilə məşğul olma) hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir İş materiallarında olan AZ-İ 820240 nömrəli, 03 avqust 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin avqust ayının 03 günündə 32 № ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin 09 sentyabr 2016-cı il tarixli arayışdan görünür ki, X11 ilə X2 15 iyul 1998-ci il il tarixdə nikahlarını bağlamışlar və həmin nikah 10 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AA******* 57OAK8B nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 227026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 926977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 196011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 551011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur, atası X11, anası İddiaçıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının mərhun həyat yoldaşı X1 Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün briqadiri, konstruksiya quraşdırıcısı vəzifəsində işləyərkən, xx.xx.2016-cı il tarixdə, təmir-tikinti işləri görərkən, kran vasitəsi ilə qaldırdıqları boru aşmış, həmin vaxt borunun alt hissəsindən bağlanmış ip X4 ayağına dolaşmışdır. Nəticədə N.Məmmədov zərbə ilə kranın qoluna çırpılmış və aldığı xəsarətlərən orada ölmüşdür. Bakı Ağır Cinaytlər Məhkəməsinin 1(009)- 309/2017 nömrəli, 03 fevral 2017-ci il tarixli hökmü ilə kran maşinisti vəzifəsində işləyən X9 Azərbaycan Respublikası CM-nin 222.3-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 1 (bir) il müddətə kran maşinisti vəzifəsi tutma (fəaliyyəti ilə məşğul olma) hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İddiaçı tək başına, 4 uşağı ilə birlikdə bu ağır travmanı yaşamaq məcburiyyətində qalmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı həyat yoldaşının faciəvi qaydada ölməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. İddiaçı ona dəyən mənəvi zərərin əvəzi olaraq 100.000.000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında eləcə də göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında izah etmişdir ki, ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında izah etmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında izah etmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında iddiaçının həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının həyat yoldaşının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Bununla yanaşı, baş vermiş hadisədən artıq 8 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də, iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Belə ki, iddiaçı mənəvi ziyana görə bir milyon manat pul tələb edir. Məhkəmə hesab edir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 40.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 40 000 (qırx min) manat və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar