Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1190/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, tərcüməçi X5, iddiaçının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı hüquqların pozuntularının tanınması, daşınmaz əmlakın məhv edilməsi ilə bağlı dəymiş ziyana görə kompensasiyanın tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iddiaçının mənzilinin məhv edilməsinin onun mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 130000 manat kompensasiya, gecikdirilməyə görə 41328,35 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 130000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiya, əsassız varlanmaya görə 60398,70 manat və iddia ərizəsi verilən gündən 130000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uygun kompensasiya, iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 26400 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 300 manat), mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 50000 manat məbləğində kompensasiya, ödənilmiş dövlət rüsumu, habelə vəkil xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 12 saylı evin 14 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında X4 məxsus olub. Ümumi sahəsi 39,4 kv.m, yaşayış sahəsi 27 kv.m olan iki otaqlı mənzilə onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 0312055) ilə təsdiq olunub. 2017-ci ildə cavabdehlərin əməkdaşları L.Novikovanın mənzili yerləşdiyi binaya gələrək həmin evin qanunla nəzərdə tutulmamış və uydurulmuş “pilot layihəsi”nin təsiri altına düşdüyünü bəyan edib. Bu zaman sakinlərə Səbail Rayon İcra Hakimiyyəti Başçısının sərəncamını hüquqi əsas kimi nümayiş etdiriblər. Cavabdehlər müxtəlif üsullarla köçürməyə nail olduqları sakinlərin mənzillərinə daxil olaraq, onları söküb, bu zaman qonşu mənzillərin divarlarını, damını, hətta yükdaşıyan divar və konstruksiyaları zədələyərək, elektrik enerjisi, qaz və su təchizatını pozaraq L.Novikovanın mənzilində onun özünün və onunla qalan 90 yaşlı anasının və başqa sakinlərin yaşayışını dözülməz səviyyəyə çatdırıb. Nəticədə L.Novikova anası ilə mənzili tərk etməli olublar. L.Novikovanın sağlamlıq durumu bundan sonra pisləşib, onda ağır onkoloji xəstəlik müəyyən ediblər. L.Novikova özü, eləcə də, onun yaxınları MTK-nın ofisinə dəfərlərlə gəlmələrinə baxmayaraq, 1-ci cavabdeh ona əlverişsiz şərtli müqavilə imzalamağı təklif edib, o bu təklifi qətiyyətlə rədd edib. Həmin müqavilə layihəsinə əsasən ona yeni inşa edilən binada iki otaqlı (studiya tipli) 47,8 kv.m sahəli mənzil və həmin mənzil təhvil verilənə qədər hər aya görə 300 manat kirayə haqqı əvəzi ödənilməli idi. L.Novikova təklifin onu qane etməməsini bildirərək, əvəzində 120000 manat məbləğində pul kompensasiyası tələb edib. 1-ci cavabdehin rəhbərləri bundan imtina edərək bildiriblər ki, maliyyə vəsaiti tikintiyə yönəldiyindən, onlar yalnız yeni inşa ediləcək binada mənzil təklif edə bilərlər. Qarşılıqlı razılaşma olmasa da, 1-ci cavabdeh iddiaçının mənzili olan binanı tamamilə söküb. Bununla belə, yeni inşa edilmiş binalardan birində 1-ci cavabdeh iddiaçı üçün sahəsi 47,8 kv.m göstərilən mənzil ayırıb. Bu illər ərzində L.Novikovanın səhhəti daha da pisləşib və xx.xx.2021-ci il tarixində o vəfat edib. Bundan iki həftə əvvəl onun 94 yaşlı anası vəfat edib. Bundan sonra mənzilə mülkiyyət hüququ miras qaydasında iddiaçıya keçib, buna dair sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2023-ci il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (qeydiyyat nömrəsi: **********) verib. Ərizəçinin nümayəndəsi (qızı) MTK ofisinə gələrək, sökülmüş mənzilin əvəzində ona yeni binada mənzil verilməsini xahiş edəndə, ona yeni binalardan birində (1-ci cavabdehin Ceyhun adlı nümayəndəsi bildirib ki, bu bina sökülmüş köhnə evlərin sakinləri üçün nəzərdə tutulub) iki otaqlı mənzil göstəriblər (dediklərinə görə sahəsi 47,8 kv.m): bir künc panoram şüşəli idi və eyvana (lociyaya) çıxırdı, eyvan da dənizə baxırdı. Ərizəçinin sualına cavab olaraq, Ceyhun deyib ki, bu mənzildə sahənin hər kvadrat metri 3000 manatdır. Həmin vaxt mənzilə iddiaçının hüququnu təsdiq edən sənədlər onun nümayəndəsi olan qızının üstündə olmadığı üçün, müqavilə bağlanılmayıb. Sonrakı dəfə iddiaçının nümayəndəsi sənədlərlə gələndə, MTK nümayəndələri ümumiyyətlə onunla danışmaq istəməyiblər, deyiblər ki, kiçik sahəli bütün mənzillər satılıb. İddiaçının nümayəndəsi dəfələrlə MTK-ya gəlsə də, bu, nəticəsiz qalıb. Növbəti dəfə MTK-da ona 60000 manat təklif ediblər, o razılaşmayıb. Sonuncu dəfə ona iki variant: 80000 və ya 100000 manat təklif olunub. Şərtləri bu olub ki, 80000 manatı birdəfəlik, 100000 manatı isə bir il ərzində aybaay ödəyə bilərlər. İddiaçının nümayəndəsi bu gülünc təklifi rədd edib. Göründüyü kimi, MTK-nı təmsil edənlər vətəndaşların hüquqlarına aşkar şəkildə hörmətsizlik, sayğısızlıq nümayiş etdirirlər. 2-ci cavabdeh olan Səbail rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, iddiaçının hüquqlarının kobud şəkildə pozulması davam edir. Cavabdehlər hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir, nəticədə iddiaçının daşınmaz əmlakına görə nə münasib mənzil təklif olunub, nə də ki, kompensasiya verilib. İddiaçı hesab edir ki, hazırki iş çərçivəsində ona dəymiş maddi zərərə görə ödəniləcək məbləğ, əmlakı dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. Bundan başqa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bir daha qeyd edir ki, mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər, yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. Ərizəçi hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ vardır. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ərizəçinin sökülmüş mənzilinin bazar dəyəri 2017-ci ildə azı 100000 manat olub. Qanunvericiliklə nəzərdə tutulmuş əmsalları əlavə etsək bu 130000 manat edir. Birinci cavabdeh öz üzərinə sökülmüş binalardakı mənzillərin mülkiyyətçiləri ilə bağladığı müqavilələrdə söküləcək mənzillərə görə yeni binalarda sahələri onların sahələrindən azı 20 faiz artıq olan mənzillər vermək öhdəlikləri götürüb. Bu rəqəmlər bəzən 30, bəzən 40 faizədək artıq da olub. Birinci cavabdehin davranışından görünür ki, o, L.Novikovanın mənzili əvəzinə yeni binada mənzil ayırıb, hətta bu mənzili iddiaçının nümayəndəsinə göstərib, birinci cavabdehin nümayəndəsinin sözlərinə görə, həmin mənzildəki bir kvadrat metrin bazar qiyməti 3000 manatdır. İddiaçının məlumatına görə, L.Novikova üçün nəzərdə tutulmuş mənzildəki sahə (mənzilin eyvanı dənizə baxır) daha bahadır, kvadrat metri azı 4500-5000 manat təşkil edir. Görünən odur ki, 1-ci cavabdeh daha çox mənfəət əldə etmək, əməkdaşları isə bonus götürmək məqsədi ilə həmin mənzilin iddiaçıya verilməsindən vaz keçmək qərarına gəliblər. L.Novikovanın mülkiyyətində olmuş mənzilin məhkəmə qərarı olmadan məhv edilməsi, ona bunun müqabilində heç nə ödənilməməsi, hətta ayrılmış mənzilin idddiaçıya verilməməsi nəticəsində iddiaçıya zərər vurulub, 1-ci cavabdeh isə əsassız olaraq varlanıb, 2-ci cavabdeh də buna rəvac verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu iddia ərizəsi verilən tarixə həmin məbləğ 41328,35 (qırx bir min üç yüz iyirmi səkkiz tam yüzdə otuz beş) manata çatıb və arta-arta gedəcək. Onu da əlavə edir ki, 1-ci cavabdeh həm də əsassız varlanan şəxsdir, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda 1-ci cavabdeh əizəçiyə ödəməli olduğu vəsaiti verməməklə, sonuncunun hesabına əmlak əldə edib (130000 manat dəyərində) və həmin əmlakdan bəhrələnir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə hənin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi lə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Beləliklə, cavabdehlər həm də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə həmin vəsaitin məbləğindən ərizəçiyə faizlər (hazırda 7,25 faiz) də ödəməlidirlər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bu günə həmin faizlər təxminən 60398,70 (altmış min üç yüz doxsan səkkiz tam .üzdə yetmiş) manat təşkil edir. Onu da əlavə edir ki, ərizəçi və onun vərəsəsinə başqa mənzil mülkiyyətçilərindən fərqli olaraq heç bir kirayə haqqı da ödənilməyib. 2018-ci ildən indiyə kimi 1-ci cavabdehin ödəmədiyi kirayə haqqı üçün vəsait cəmi 26400 (iyirmi altı min) manatdır və arta-arta gedir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Baş vermiş özbaşınalıqlar L.Novikovanın həm somatoloji vəziyyətinə, həm də əsəb-sinir sistemimə ciddi mənfi təsir edib, o, mənəvi sarsıntı keçirib, onkoloji xəstəliyə düçar olub, cavabdehlərin qanunsuz hərəkətlərinin onun ömrünü qısaltmasına gətirib çıxarması ərizəçi üçün şübhəsizdir. Öz hüquqlarını müdafiə etməkdə köməksiz olması, dövlət orqanlarının buna biganə yanaşması, onda hüquqlarının real müdafiəsinə inamsızlıq hissi yaratmışdır. Cavabdehlərin qanunsuz hərəkətlərini ərizəçinin özünə münasibətdə də davam etdirir. Bununla bağlı olaraq, o, mənəvi zərərə görə ödənilməli olan kompensasiyanı 50000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iddianı əsasız olduğu üçün qəbul etmədiyini, bildirmiş və izah etmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 12 saylı evin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi vardır. Həmin rəyə əsasən, Cavabdeh2 MTK tərəfindən icazə əsasında ev sökülmüşdür. Ev sökülərkən Cavabdeh2 MTK evin mülkiyyətçisi X2 vərəsələrini axtarsa da, müəyyən edə biləmişdir. Onu da qeyd etmək lazımdır ki, kompensasiyanı (qəbul edilmiş və hesablanmış normalara görə) 2000-2200 azn ödəməyi qəbul etməklə yanaşı, dəfələrlə təklif etmişlər. Lakin iddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək bunu rədd etmişdir. Həmçinin L.Novikovanın xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və evin onun ölümündən sonra söküldüyü nəzərə alınarsa, ölmüş şəxsə kirayə haqqının ödənilməsi üçün tələb qoyulması gülünc haldır. Eyni zamanda, bununla bağlı Səbail Rayon icra Hakimiyyəti Başçısının sərəncamı vardır və hüquqi əsas kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh2 MTK iddiaçıya Bakı şəhərinin mərkəzində yerləşən mənzillərin orta bazar qiymətinə uyğun olaraq 47.8 kv.metr üçün hər kv.metrə 2000-2200 manat aralığında (maksimum 100000 manat) ödəniş etməyi öhdəsinə götürür. Lakin iddiaçının absurd kompensasiya və faiz kompensasiyasını qəbul etmir. Eynilə, iddiaçının indiyə qədər bu məsələ ilə maraqlanmaması və cavabdehin onu axtarmasına baxmayaraq, tapa bilmədiyi üçün ölmüş şəxsin vərəsəsinin ortaya çıxaraq ölmüş şəxsin adından kirayə pulu və mənəvi zərər tələb etməsi əsassız və qanunsuz olduğundan iddiaçının bu tələblərini də qəbul etmirlər. İddiaçının indiyə qədər evlə maraqlanmasına dair heç bir sübut göstərməməsi nəzərə alınarsa, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar qiymətləndirilməli və ədalətli qərar qəbul edilməlidir. Həmçinin iddiaçı tərəfindən cavabdeh qismində Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti göstərilmişdir. İcra Hakimiyyəti cavabdeh kimi göstərildiyi təqdirdə iddiaya İnzibati Məhkəmədə baxılmalı və mübahisə həll edildikdən sonra mülki məhkəmədə baxılmalı idi. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 12 saylı evin 2 otaqlı, ümumi sahəsi 39,4 kv.m. olan 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 12 saylı evin ümumi sahəsi 39,4 kv.m. olan 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 298860 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 noyabr 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 01 ayının 12 günündə 41 № ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1972-ci ildə doğulmuşdur. İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Vladimrovna miras qoyanların ölməsindən sonra onlara məxsus olan və onun vərəsəlik hüququna malik olduğu, o cümlədən 10 noyabr 2021-ci ildə vəfat edən X1 mirasın qəbul edilməsi və onun vərəsəlik hüquqlarının istənilən əmlaka münasibətdə rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bütün hüquqi əhəmiyyətli hərəkərləri yerinə yetirmək üzrə bütün səlahiyyətləri Nümayəndə1 xx.xx.2025-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Səbail rayon məhkəməsində vəkil qismində təmsil etmək üçün onun nümayəndəsi Nümayəndə1 30 aprel 2024-cü il tarixində kart vasitəsilə vəkilə 1000 (bir min) manat köçürmüşdür. İş materiallarında olanməhkəmə qiymətləndirmə ekspertizası üzrə “X7” MMC-nin 121 №li, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evlərinin 1 kv.m-nin orta bazar qiyməti ilə təqribi dəyəri (həmin ünvanda yeni inşa olunmuş tikililərin mövcud bazar qiymətləri nəzərə alınmaqla) 3983,00 (üç min doqquz yüz səksən üç) manat məbəlğində müəyyən edilir. Məhkəmə verilmiş iddia tələbi ila bağlı aşağıdakıları qeyd edir. İş materillarından göründüyü kimi, hazırki mübahisə İddiaçı məxsus mənzilə münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır ki, iddiaçının fikrincə ona məxsus mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş, bu da, ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Beləliklə, məhkəmə tədqiqatının predmeti nəinki mübahisəli mənzilin sökülməsi halları, eləcə də, dəqiq həcmdə mülkiyyət hüququnun yaranması, həmin əmlakın itirilməsi nəticəsində yaranmış ziyanla bağlı hallardır. Hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçının anası L.Novikovaya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 12 saylı evin 14 saylı mənzili onun razılığı və ya digər qanuni əsas olmadan 2019cu ildə sökülmüş və həmin mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü Cavabdeh2 tərəfındən həyata keçirilmişdir. L.Novikova özü və onun yaxınları cavabdeh MTK-ya müraciət etsələr də, cavabdeh ona əlverişsiz şərtli müqavilə imzalamağı təklif etdiyindən, o bu təklifi rədd edib. Həmin müqavilə layihəsinə əsasən ona yeni inşa edilən binada iki otaqlı (studiya tipli) 47,8 kv.m sahəli mənzil və həmin mənzil təhvil verilənə qədər hər aya görə 300 manat kirayə haqqı əvəzi ödənilməli idi. L.Novikova təklifin onu qane etməməsini bildirərək, əvəzində 120000 manat məbləğində pul kompensasiyası tələb edib. MTK bundan imtina edib. L.Novikova ağır onkoloji xəstəlik nəticəsində xx.xx.2021-ci il tarixində vəfat edib. Bundan sonra mənzilə mülkiyyət hüququ miras qaydasında iddiaçıya keçib və ona xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış verilib. İddiaçının nümayəndəsinə yeni binalardan birində sahəsi 47,8 kv.m olan mənzil göstərilsə də, sonradan həmin mənzilin də iddiaçıya verilməsindən imtina edilib. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 MTK-nın təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 MTK İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X8 haqqında» Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 MTK tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də, mütənasib olması məhkəmə tərəfindən müəyyən edilmədi. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Məhkəmə iş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair “X7” MMC-nin rəyinə münasibət bildirərək qeyd edir ki, ekspertiza keçirilərkən mübahisəli mənzil artıq sökülmüş olduğundan, ünvan 2 ünvanda yerləşən yaşayış evlərinin 1 kv.m-nin ekspert tərəfindən müəyyən olunan orta bazar qiyməti (3983,00 manat) inandırıcı və real bazar qiymətlərinə uyğun görünür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə 130000 manat kompensasiya ödənilməsi hissəsində iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, öhdəliklər zərər vurulması, əsassız varlanma nəticəsində də əmələ gəlir, bu kimi hallarda onun iştirakçıları arasında müqaviləyə ehtiyac yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının anası L.Novikovanın mülkiyyətində olmuş mənzilin məhkəmə qərarı olmadan məhv edilməsi, ona bunun müqabilində heç nə ödənilməməsi, hətta ayrılmış mənzilin iddiaçıya verilməməsi nəticəsində iddiaçıya zərər vurulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin gecikdirilməyə görə 41328,35 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 130000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiya tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əsas məbləğ 130000 manat, illik faiz dərəcəsi 5% (130000 manatın 0,05 hissəsi), müddət 6 il 4 ay olduğu nəzərə alaraq, 130000 manat məbləğ üçün illik 5 faiz hesablayaraq 2019-cu ilin (mənzilin söküldüyü il) əvvəlindən 2024-cü ilin may ayına qədər olan dövrdə hər il üzrə artan faiz məbləği bunlardır: ilk il üçün faiz məbləği 6500 manat, hər il üçün faiz dərəcəsi 5% olduğu nəzərə alınaraq 2019-cu il üçün 136500 (130000+6500) manat, 2020-ci il üçün 143325 (136500+6825) manat, 2021-ci il üçün 150491,25 (143325+7166,25) manat, 2022-ci il üçün 158015,81 (150491,25+7524,56) manat, 2023-cü il üçün 165916,60 (158015,81+7900,79) manat, 2024-cü ilin may ayının 10-na (4,33 ayı üçün) 168910,02 (165916,60 man x 0,05=2993,41=168910,02) manat. Beləliklə, məhkəmə hesab edir ki, 2019-cu ilin əvvəlindən 2024-cü ilin may ayının 1-nə qədər 130000 manata hesablanan illik 5 faiz dərəcəsi 38910,02 manat olduğu üçün yuxarıda qeyd olunan hissədə iddia tələbi qismən, yəni 38910,02 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə hənin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi lə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassız varlanmaya görə 60398,70 manat və iddia ərizəsi verilən gündən 130000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uygun kompensasiya tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh MTK həm də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə həmin vəsaitin məbləğindən iddiaçıya faizlər (hazırda 7,25 faiz) də ödəməlidir. 2019-cu ilin əvvəlindən 2024-cü ilin may ayının 10-na qədər illik 7,25 faizlə həmin məbləğ aşağıdakı kimi müəyyən olunur: 2019-cu ilin sonu üçün 139425 (130000+9425) manat, 2020-ci ilin sonu üçün 149533,31 manat, 2021-ci ilin sonu üçün 160374,48 manat, 2022-ci ilin sonu üçün 172001,63 manat, 2023-cü ilin sonu üçün 184471,75 manat, 2024-cü ilin mayın 10-na (4,33 ay üçün) 189,297,60 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, 2019-cu ilin əvvəlindən 2024-cü ilin may ayının 1-nə qədər 130000 manata hesablanan illik 7,25 faiz dərəcəsi 59297,60 manat olduğu üçün yuxarıda qeyd olunan hissədə iddia tələbi qismən, yəni 59297,60 manat məbləğində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 26400 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 300 manat) tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin olunaraq, 2019-cu ilin əvvəlindən 2024-cü ilin may ayının 1-nə qədər hər aya görə 300 manat olmaqla ödənilməmiş 19300 manat təşkil edən kirayə haqqı cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 50000 manat məbləğində kompensasiya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun iddiavə dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilindən məhrum olması və iddiaçının bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də, vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfındən aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə İddiaçı mənzilindən məhrum olduğunu və bu məhrumiyyətin aradan qaldırılması məqsədilə işlərin görüldüyü müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması məqsədəmüvafıq olmaqla, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq “X7” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdeh MTK-dan iddiaçının xeyrinə vəkil xərci olaraq 500 manat tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən İddiaçı xeyrinə maddi zərərə görə 130000 (yüz otuz min) manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 38910 (otuz səkkiz min doqquz yüz on) manat, əsassız varlanmaya görə 59297,60 (əlli doqquz min iki yüz doxsan yeddi manat altmış qəpik) manat, ödənilməmiş kirayə haqqı üçün 19300 (on doqquz min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, vəkil xərci olaraq 500 (beş yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh2ndən tutularaq “X7” MMCnin aşağıdakı hesabına köçürülsün: VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1190/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1190/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver