Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1240/2025 11.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdehlər "xxxx"nə və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər "xxxx"nə və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3207 manat zərərin cavabdehlərdən müştərək qaydada, qiymətləndirməyə ödədiyi 30 manat Atəşğah sığorta Şirkətindən, istifadəyə götürdüyü avtomobilə görə ödədiyim 1500 manat və hadisə ilə bağlı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat pul Cavabdeh2 tutularaq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 noyabr 2024-cü il tarixdə lizinq müqaviləsinə əsasən mənim istifadəmdə və sahibliyimdə olan Hundai Tucson markalı ** AR *** dövlət nömrə nişanlı avtomaşınla Bakıdan Ağdaşa gedərkən Bakı Şamaxı Yevlax yolunun 227-ci km-də qarşımda gedən Mersedes Benz markalı 99 OT766 dövlət qeydiyyat nişanlı maşın qəflətən sol manevr etmə qaydasını pozduğu üçün mənim idarə etdiyim maşın ona çırpıldı. Nəticədə yol nəqliyyat hadisəsi baş verdi. Yol nəqliyyat hadisəsinin Cavabdeh2 təqsirinə görə baş verməsi müəyyən edildiyindən, DYP-nin əməkdaşının TP6860664 saylı 10 noyabr 2024-cü il tarixli qərarına əsasən Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə bağlı hadisə günü mənim və təqsirkar digər cavabdehin avtomobilimizi icbari sığorta etdirdiyimiz cavabdeh Atəşgah Sığorta Şirkətinə zəng edib məlumat verdim, lakin Sığorta Şirkəti avtomobilimə baxış keçirmədi və ümumiyyətlə sığorta hadisəsi ilə bağlı maraqlanmamış, çoxsaylı zənglər və şikayətlərdən sonra mənə avtomobilə vurulmuş ziyanın özümün hesablatdıra biləcəyimi bildirmişdirlər. Mən də sığorta şirkətinin sorğusuna cavab olaraq avtomobilimə dəymiş ziyanın müəyyən edilməsi üçün “X3 Xidmət Stansioyası” MMC-nə müraciət etdim və MMC tərəfindən avtomobilə dəyən ziyan 7555 manat qiymətləndirilməklə mənə bu barədə akt verildi. Qeyd olunan qiymətləndirmə aktını telefon vasitəsi ilə Atəşgah Sığorta Şirkətinin əməkdaşına göndərdikdən sonra onların əməkdaşı icbari sığortanın məbləğinin 5000 manatadək olmasını, ona görə yalnız 5000 manat sığorta haqqı ödəyəcəklərini bildirdiklərindən, avtomobili kasko sığorta etdirdiyim Qala sığorta şikətinə vurulmuş ziyanla bağlı sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müraciət etdikdə Qala sığorta mənim təqdim etdiyim fotoşəkillər əsasənda abtomobilə 5100 manat civarında ziyan dəyməsi və həmin məbləğdə ziyanın hesablayacağını dedikdə mən buna etiraz etdiyim üçün Müstəqil ekspert göndərilmiş və ekspert avtomobilimə baxış keçirdikdən sonra vurulmuş zıyanın 6350 manat olması barədə rəy təqdim etmişdir. Lakin, Qala Sığorta Şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sığorta hadisəsi zaman vurulmuş ziyanın 72 faiz həcmində ödəniş ediləcəyi, həmçinin azadolma məbləği 200 manatın da çıxılacağı, ümumilikdə Şirkət mənə 4348 manat pul ödəyəcəyini dedikdə, qeyd olunan məbləğin icbari sığortanın ödəyəcəyi 5000 manat məbləğindən az olduğu üçün, yenidən Atəşgah Sığorta Şirkətinin əməkdaşı ilə əlaqə saxlayaraq sığorta ödənişinin onların ödəməsini xahiş etsəm də, mənə avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi aktı ilə razı olmadıqlarını, avtomobilə 4115 manat ziyan dəyməsini bildirdikdə, Müstəqil ekspertin yuxarıda qeyd olunan rəyini sığorta şirkətinə göndərsəm də yenə də razılaşmamış, yenidən müstəqil ekspert təyin edilməsi üçün müraciət etməli olduğumu həmin müraciətə baxılıb 10 gün ərzində ekspertizanın təyin ediləcəyi mən bildirilmişdir. Beləliklə, yol nəqliyyat hadisəsi 10 noyabr 2024-cü il tarixdə baş verməsindən 1 aydan çox müddət keçməsinə baxmayaraq mən avtomobilimi, sığorta şikətinin nümayəndəsi tərəfindən baxış aparılması və müstəqil ekspertin rəy verməsinə görə təmir etdirə bilməməyimi və buna görə Bakı şəhərində yaşasam da rayonda işlədiyim və işimin mənə məxsus olan avtomobillə tanıdığım şəxsləri Mingəcevir, Şəki, Yevlax rayonlarına aparmaqdan ibarət olduğu üçün və bildirdiyim kimi sığörta şirkətləri ilə aparılan saysız hesabsız danışıqlar, avtomaşınımın yararsız halda olmaqla təmirə başlaya bilməməyim, habelə bir neçə gün işim dayandıqdan sonra işimi itirməmk üçün ayı 1000 manat ödəməklə avtomobil götüməyimi düşünərək daha da ziyana düşməmək üçün kasko sığorta ilə razılaşaraq Qala Sığorta tərəfindən avtomobilə vurulmuş və onlar tərəfindən vurulmuş ziyana görə mənə verilən ödəməni almaq məcburiyyətində qaldım. Sığorta Şirkətinin mənə ödədiyi 4348 manatın üzərinə 3207 manat məbləğində pul qoyaraq, elə avtomobilimi “X3 Xidmət Stansioyası” MMC-də onların müəyyən etdiyi qiymətlə təmir etdirdim. Bütün bü müddət ərzində nə cavabdeh Atəşgah sığorta Şirkətinin əməkdaşları öz vəzifələrini yerinə yetirərək mənim avtomobilimə vurulmuş ziyanın ödənilməmiş hissəsini ödəməmiş, hətta rəsmi qaydada ziyanın ödənməsi barədə müraciət etsəm də, mənə heç bir cavab verilməmiş, nə də digər Cavabdeh2 mənim avtomobilimə vurulmuş ziyan, maşınımın xəndəkdən çıxarılması üçün xüsusi texniki vasitəyə ödədiyim məbləğ evakuator xidməti, hər təfə Bakı rayon yoluna cəkdiyim və görünməyən digər xərclərlə, habelə mənim işimdən olduğum bir vaxtda heç bir məsələ ilə maraqlanmamış hətta ona zəng edərək mənə Sığorta şirkətinin ödədiyi məbləğdən artıq 3000 manatdan çox ziyan dəyməsini, işsiz qalmağımı heç olmasa 1000 manat ziyandan ödəniş etməsini bildirsəm də mənimlə kobud rəftar edərək heç bir ziyandan ödəniş etməmiş, hətta polisə şikayət edərək guya ona hədə qorxu gəldiyimi demişdir. İşim dayanmasın deyə X1 mülkiyyətində olan Wosvagen Jetta ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmək üçün 1 ay 15 günə 1500 manata götürdüm və aramızdakı razılığa əsasən qeyd olunan məbləği avtomobili istifadə etdiyim üçün Elvin Əşrəfliyə ödədim. Qeyd olunan halı təsdiq edəcək E.Əşrəflinin ərizəsini iddiama əlavə edirəm. Beləliklə, avotomobilimə faktiki olaraq 7555 manat ziyan dəyməsinə baxmayaraq, kasko sığorta şirkəti Qala Sığorta tərəfindən onların qiymətləndirdiyi 6350 manatın 72 faizi və azad olma məbləği də 200 manat çıxıldıqdan sonra iki dəfəyə xx.xx.2024-cü il tarixdə 2462 manat, xx.xx.2024-cü il tarixdə 1886 manat olmaqla, cəmi mənə 4348 manat sığorta ödənişi edilmişdir. Ona görə də hesab edirəm lizinq müqaviləsinə əsasən istifadəmdə olan avtomobilin sığorta hadisəsi ilə bağlı təmirinə 7555 manat xərcləsəm də həmin məbləğin 4348 manatı kasqo sığorta olunduğu Qala Sığorta Şirkəti tərəfindən ödəndiyindən, Qanunun aşağıda qeyd olunan tələbinə uyğun olaraq avtomobil vurulmuş ziyanın ödənilməmiş qalan məbləği (7555-4348=3207) 3207 manat cavabdehlər Atəşğah sığorta Şirkəti və Cavabdeh2 müştərək qaydada tutulmalı, qeyd etdiyim kimi işimin dayanmaması üçün istifadəyə götürdüyüm avtomobilə görə ödədiyim 1500 manat və hadisə ilə bağlı mənə vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat pul isə Cavabdeh2 tutularaq mənə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan: "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq verən 2015-ci il buraxılışlı Hyundai Tucson markalı nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. TP6860664 inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Mercedes Benz C 180 minik markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Tucson markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4414,33 manat sığorta ödənişi köçürülmüşdür. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz sığortalıya vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, «Hyundai Tucson» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5945 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin zərərin "xxxx" ASC-dən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, işdə olan ödəniş tapşırığından görünür ki, iddiaçıya dəymiş zərərin ödənilməsi müqabilində "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4414,33 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə qeyd edir ki, sığorta şirkətinin məsuliyyəti qanunla fiziki şəxsə dəyən zərərə görə 5000 manat məbləğində müəyyən edildiyindən, 5000 manat zərər məbləğindən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüş 4414,33 manat məbləğində ödəniş çıxılmaqla qalan 585,67 manat məbləğində zərəri əvəzi "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin maddi zərərin Cavabdeh2 tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. AR Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə göstərilənlərə istinad edərək qeyd edir ki, Cavabdeh2 iddiaçıya vurmuş olduğu zərərə görə təqsirli bilinmişdir və bu zərərə görə məsuliyyət daşıyır. Mütəxəssis rəyi ilə müəyyənləşdirilmiş 5945 manat zərərin sığorta şirkətindən tutulmuş 5000 manatı çıxılmaqla 945 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının istifadəyə götürdüyü avtomobilə ödədiyi 1500 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsassızdır. İşdə olan X2 tərəfindən tərtib edilmiş ərizədə qeyd edilir ki, E.Eşrəfli xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətində olan Volksvagen Jetta markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı istifadəsinə vermişdir. Bunun əvəzinə İddiaçı ona 1500 manat pul ödəmişdir. Məhkəmə bu sübuta münasibətdə qeyd edir ki, dəlil mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, tərəflər arasında avtomobilin kirayəsi ilə bağlı yazılı heç bir əqd bağlanmamışdır. Yuxarıda qeyd olunan ərizə isə özlüyündə tərəflər arasında həqiqətən kirayə münasibətləri yarandığını və İddiaçı tərəfindən E.Eşrəfliyə avtomobil kirayəsi üçün 1500 manat kirayə haqqı ödənildiyini ehtiva etmədiyindən, bu ərizəyə mötəbər dəlil kimi istinad oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 dekabr 2017-ci il tarixli N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilir ki, hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. Yuxarıda göstərilən Plenum Qərarına istinadən məhkəmə qeyd edir ki,iddiaçı sözügedən avtomobilin mülkiyyətçisi olmasa da, qanuni sahib kimi əmlaka dəymiş zərərin əvəzini zərərvurandan tələb etmək hüququna malikdir. Məhkəmə “1000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti, bunun nəticəsində zərərin yaranması əsaslarını, bu fəaliyyətdən irəli gələn zərərə görə məsuliyyət daşıyan subyektlərin dairəsini və onların məsuliyyətinin şərtlərini müəyyən edir. Nəzərə alınmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətdən irəli gələn zərərə görə pozuntunu törətmiş fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Onların məsuliyyəti yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi halda istisna edilir. İcbari sığorta ödənişi mənəvi zərəri qarşılamadığından, maddi zərərlə bağlı sığorta ödənişini almış zərərçəkmiş tərəfindən əlavə olaraq zərərvurana qarşı mənəvi zərər tələbi üzrə iddia qaldırıla bilər. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. Növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçının idarə etdiyi avtomobil dərəyə yuvarlanmışdır. Göründüyü kimi, hadisə nəticəsində iddiaçı həyati təhlükə yaşamış və həmin anda iztirab, həyəcan keçirmişdir. Sonradan iddiaçıda qalıcı mənəvi sarsıntı və səhhəti ilə bağlı ağır yaxud az ağır xəsarət müşahidə edilmədiyini də nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 iddiaçının xeyrinə tutulması ağlabatandır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 945 manat maddi zərər, 200 manat mənəvi zərər əvəzi olmaqla ümumilikdə 1145 manat məbləğində pul vəsaiti, "xxxx" ASC-dən isə 585,67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh2, 20 manat hissəsi isə "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi "xxxx" ASC-dən, 100 manat hissəsi isə Cavabdeh2 tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC Mərkəz Filialı,KOD200026;VÖEN **********;Müxbirhesab AZ37NABZ******************** S.W.İ.F.T. AİİBAZ2XXXX) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1240/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1240/2025
11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver