Məhkəmə qərarları › İş №e-2(009)-1315/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1315/2025

29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1315/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzidən çıxarılma” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7saylı mənzilinə əşyaları ilə bilikdə köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən çıxarılmasının qeydiyyatdan çıxarılması üçün də əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh1 ilə 03 fevral 1998-ci il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı Cavabdeh2 və X1 dünyaya gəlmişdir. 25 sentyabr 2019-cu il tarixdə nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə xitam edilmişdir. Nikahları pozulduqdan sonra o, bir müddət ölkə xaricində yaşamışdır. Ölkəyə qayıtdıqdan sonra ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13 ünvanında 7 nömrəli mənzilə qayıtmaq istədikdə keçmiş həyat yoldaşı Cavabdeh1 onu həmin mənzilə buraxmamışdır. Hazırda özünə məxsus olan və xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13 ünvanında 7 nömrəli mənzildən istifadə hüququ pozulur. Buna görə də həmin mənzildə yaşamağına olan maneə aradan qaldırılmalı və mənzil tam boşaldılıb ona təhvil verilməlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan da görünür ki, mənzil iddiaçının mülkiyyətindədir və onun bu hüququ məhdudlaşdırıla bilməz. Qeyd edir ki, cavabdehlər iddiaçının həyat yoldaşı və qızı 2002-ci il tarixindən sonra həmin evə mənzil qeydiyyatına düşmüşdür. Cavabdehlər bu evə qeydiyyata düşən və yaşamağa başlayan zaman mənzil iddiaçının atasına məxsus olub. 2012-ci il tarixdə iddiaçının atası evi öz oğluna bağışlanma əsasında verib. Cavabdeh2 və Cavabdeh1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildə yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdehlər əşyaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilindən çıxarılmalıdır. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata qalmaqla istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: qeyd edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 övladları ilə birlikdə uzun müddətdir ki, mübahisəli mənzildə qeydiyyata olmaqla yaşayır. Qarşılıqlı iddia üzrə iddiaçının və onun uşaqlarının bütün əşyaları mübahisəli mənzildədir. Mənzildən istifadə, mənzil hüquq münasibətlərinin tərkib hissəsi olaraq, mənzildə faktiki yaşamaqla ifadə olunan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda mənzilə olan ehtiyacın ödənilməsinə yönəlmiş, əldə edilməsi və itirilməsi qanunla müəyyən olunan və məhkəmə müdafiəsi təminatlarını özündə ehtiva edir. Mənzildən istifadə imkanının öz təbiət və məzmununa görə hüquqi xarakter daşıması isə dövlət vəzifəsi yarada bilməsi ilə izah olunmaqla, ümumilikdə hakimiyyətə müəyyən tələblər kimi dövlətin şəxsin yaşayış təminatlarına kömək edilməsinə, şəxsiyyətin ləyaqət və mənəvi inkişafına aid olan vəzifələri kimi özünü təsdiq edir. Digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh1 16500 manat və Cavabdeh2 10000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ilk iddianın «mənzildən çıxarılmasının qeydiyyatdan çıxarılması üçün də əsas olması» hissəsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 1998-ci ildə nikah bağlanmış və onlar 2002-ci ilə qədər iddiaçının atasına məxsus Lənkəran şəhərində olan evində yaşamışlar, 2002-ci ildə ev satıldığı və qayınatası Bakı şəhərində mübahisəli mənzili aldığı üçün onlar həmin mənzilə köçmüşlər və hazıradək orada yaşayırlar. Qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, təmin edildiyi halda ilkin iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri, 2 saylı Dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş «mənzilin bağışlanması» müqaviləsindən görünür ki, X3 Bakı şəhəri Tİ və MHQİ-i tərəfindən reyestr kitabı No 61 a/c, səh.12387, qeydiyyat Nosi 30/21223, 03 oktyabr 2002ci il tarixli ÖM 129863 Noli qeydiyyat vəsiqəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhərə ərazi idarəsi tərəfindən 19 aprel 2012-ci il tarixdə verilmiş 11/10550 nömrəli Dövlət reyestrindən arayışa (forma No 1) əsasən Bakı şəhəri, Səbail rayonu, 11-ci Bayıl döngəsi, bir mərtəbəli 13 Noli binada yerləşən ümumi sahəsi 30.5 kv.m, yaşayış sahəsi 15 kv.m olan bir otaqlı 7 nömrəli mənzili oğlu İddiaçı bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, İddiaçı ünvan 2 ünvanına mülkiyyət hüququ 18 may 2012-ci il tarixində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1758/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 03 fevral 1998-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində bağlanmış və 08 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2002-ci il təvəllüdlü X4 anası Cavabdeh1 yanında saxlanılması, İddiaçı, 17 may 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün har ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 215 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 330595 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, X6, Cavabdeh2, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - AR DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2003-cü il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2016-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 7 saylı mənzil orta aylıq kirayə haqqı məbləği qiymətləndirmə tarixinə 450 manatdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış hallarından görünür ki, ünvan 2 ünvanına mülkiyyət hüququ üzrə X2 adına 03 oktyabr 2002-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 03 fevral 1998-ci il tarixində ailə həyatı qurmuş, onlar 2002-ci ilə qədər iddiaçının atasının Lənkəran şəhərində olan evində yaşamışlar, 2002-ci ildə isə ev satıldığı və Bakı şəhərində mübahisəli mənzili alındığı üçün onlar həmin mənzilə köçmüşlər və hazıradək orada yaşayırlar. Tərəflərin birgə nikahından iki övladı Cavabdeh2 və X1 anadan olmuşlar. Sonradan ünvan 2 ünvanına mülkiyyət hüququ üzrə 18 may 2012-ci il tarixində 2 saylı Dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş «mənzilin bağışlanması» müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah 25 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı mənzilin mülkiyyətçisi kimi keçmiş arvadı Cavabdeh1 və övladı Cavabdeh2 hər hansı hüquqi əsas, o cümlədən onun razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildə yaşamalarını onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırması kimi qiymətləndirərək cavabdehlərin həmin əmlaka qanunsuz sahibliyinə son qoyulması və onların əşyaları ilə birlikdə mənzilindən çıxarılmaqla mənzilin tam boşaldılıb ona köçürülməklə təhvil verilməsini iddia edir. İlk iddia üzrə cavabdeh tərəf iddiaya etiraz edərək, öz növbəsində qarşılıqlı iddia qaldıraraq Cavabdeh1 16500 manat və Cavabdeh2 10000 manat kopensasiya ödənilməklə mübahisəli mənzilinə istifadə hüququna xitam verilməli olmasını iddia edirlər. İddia tələbləri üzrə tərəflərin istinad etdikləri maddi hüquq normaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə ilk iddia tələbləri üzrə qeyd edir ki, ümumiyyətlə mənzilə köçürülmə özözlüyündə hüquq olmayıb, mülkiyyət hüququnun realizə mexanizmi kimi çıxış edir. İşin materiallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir və onun mənzilinə köçürülüb yaşamasına cavabdehlər tərəfindən maneələr yaradıldığından qaldırdığı iddia tələblərindən biri də köçürülmə barədədir. Məhkəmə, mülkiyyətçinin qanunla tanınan və qorunan mülkiyyət hüqularının olmasını nəzərə alaraq ilk iddianın İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi hissəsinin əsaslı olduğu üçün təmin edilməsini mümkün sayır. Məhkəmə, ilk iddiaya Cavabdeh1 mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılmasına aid hissədə münasibət bildirərək qeyd edir ki, işin materiallarından görünür ki, sonuncu iddiaçı ilə 03 fevral 1998-ci il tarixində ailə həyatı qurararaq bir müddət Lənkəranda yaşasa da, 2002-ci ildə qayınatasına məxsus hazırkı mübahisəli evə köçməklə 2003-cü ildə pasport qeydiyyatına alınmışdır. Yəni, həmin vaxt mənzil iddiaçının atasına məxsus olmuşdur. Cavabdeh mübahisəli evə 2002-ci ildə köçsə də, mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi 2012-ci il tarixdə qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və evin mülkiyyətçisi ilə cavabdeh arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri, eləcə də xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mülki Məcəllənin 228, Mənzil Məcəlləsinin 30-cu (yeni redaksiya) maddələrində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, həmin vaxt qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından cavabdeh ailə üzvü olmadığı iddiaçının atasının razılığı ilə mənzilə köçürülərək yaşasa da, gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil olmamışdır. Çünki o, 2002-ci ildə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edildiyi Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdeh iddiaçının atasının ailə üzvü olmamış, mənzilə notarial qaydada yazılı razılaşma olmadığından faktiki olaraq mənzilə istifadə hüququ yaranmamışdır. Mənzilin 2012-ci ildə iddiaçıya atasından bağışlama yolu ilə mülkiyyətinə keçməsindən sonra da onun hazırda cavabdehlə nikahı pozulduğu üçün cavabdehin mənzilə istifadə hüququ qalmamışdır. Beləliklə də məhkəmə ilk iddianın Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsini əsaslı sayaraq təmin edilməsini mümkün sayır. Lakin, məhkəmə iddianın Cavabdeh2 mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam boşaldılması hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən Cavabdeh2 həm mənzilin hazırki mülkiyyətçisinin övladı olmaqla, həm də əvvəlki mülkiyyətçisi olan babanın ailə üzvü sırasına daxildir və belə olan halda onun mənzilə istifadə hüququ orada yaşamağa başladığı vaxtdan yaranmışdır. Belə olan halda Cavabdeh2ının mübahisəli mənzildə yaşamaq və istifadə hüququ olduğundan o mənzildən çıxarıla və buna uyğun da mənzilin tam boşadılması da mümkün ola bilməz. Məhkəmə qarşılıqlı iddia tələbləri üzrə ilk öncə qeyd edir ki, əvvəla iddiaçı Cavabdeh1 “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbində həm özü, həm eyni zamanda bu barədə tələb qaldırmayan Cavabdeh2 da kompensasiya ödənilməklə Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinə istifadə hüququna xitam verilməsini göstərməsi qanuni olmamışdır. Belə ki, Cavabdeh2 yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyətli şəxs olaraq bu iddiaya qoşula və ya müstəqil iddia qaldırmaq hüququna malik olduğu halda, anası həm də onun adından iddia qaldırmağı səlahiyyətli (subyektiv hüququ) olmamış, həm də özünün qaldırdığı tələbdə qızına münasibətdə də hər hansı tələb irəli sürmək hüququ olmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, Cavabdeh1 mənzilə istifadə hüququnun olmamasına ilk iddia üzrə hüquqi qiymət verildiyindən qarşılıqlı iddia ona münasibətdə əsaslı sayıla və təmin oluna bilməz. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməli, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh1 50 (əlli) manat dövlət rüsumunun kəsri tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülsün. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 50 (əlli) manat dövlət rüsumunun kəsri tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar