Məhkəmə qərarları › İş №e-2(009)-134/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-134/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-134/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 11 mart 2016-cı il tarixli nikahın ləğv olunması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bundan sonrası bərpası mümkün deyildir. Bə səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, barışıq üçün onlara əlavə vaxt verilmədən aralarındakı nikah pozulmalıdır. Eyni zamanda hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında qalmalı və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilməlidir. Məhkəmə tərəflərə ailə münasibətlərini bərpa etmək və ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işə baxılmasını təxirə salmış, lakin tərəflər bu müddət ərzində ailəni bərpa etmək üçün səy göstərməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 106480 nömrəli, xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 arasında nikah 11 mart 2016-cı il tarixdə bağlanmış, 262 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əbilova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 773149 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 048197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, hərbi hissədə qeydiyyatdadır. İş materiallarında olan AA******* 12VVD9 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı ilə cavabdehin birgə yaşaması və ailənin qorunub saxlanılması imkanları tükənmişdir. Ailənin bərpası qeyri-mümkündür, iddiaçı nikahın pozulmasında israrlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə nikah pozulduqdan sonra azyaşlı 21 noyabr 2017-ci il təvəllüdlü X4 və 14 dekabr 2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması məsələsini həll edərkən uşaqların yaşını, onların hal-hazırda da anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra azyaşlı uşaqlar iddiaçı (anası) İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin xeyrinə iddiaçıdan alimentin hər ay üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının cavabdehdən uşaqların saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, uşaqların saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentlə bağlı hazırkı nəticəyə tərəflərin maddi və sosial statusları, uşağın yaşı və digər hallar nəzərə alınmaqla gəlinmişdir. Odur ki, tərəflərin hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin dəyişməsindən asılı olaraq, eləcə də, uşağın yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tutulacaq alimentin məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 11 mart 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 262 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 21 noyabr 2017ci il təvəllüdlü X4 və 14 dekabr 2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmalı və Cavabdeh, 13 sentyabr 2024-cü il tarixdən başlayaraq 21 noyabr 2017-ci il təvəllüdlü X4 və 14 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216220, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 11 mart 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 262 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 21 noyabr 2017-ci il təvəllüdlü X4 və 14 dekabr 2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh, 13 sentyabr 2024-cü il tarixdən başlayaraq 21 noyabr 2017-ci il təvəllüdlü X4 və 14 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar