Məhkəmə qərarları › İş №e-2(009)-1358/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1358/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1358/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – Cavabdeh qarşı “uşaqların məcburi qaydada atadan alınaraq anaya verilməsi, aliment, əmlakın 1/2 hissəsi üzərində hüququnun tanınması, evə köçürmə, maneçilik törətməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “uşaqların məcburi qaydada atadan alınaraq anaya verilməsi, aliment, əmlakın 1/2 hissəsi üzərində hüququnun tanınması, evə köçürmə, maneçilik törətməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onların birgə nikahından anadan olmuş, 26 oktyabr 2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X1 atalarından alınaraq, analarına məcburi qaydada verilməsi, uşaqlara görə, hər uşağa 250 manat sabit pul məbləğində aliment olmaqla, ümumilikdə 4 uşaq üçün 1000 manat məbləğində aliment təyin olunmaqla, cavabdehdən alınaraq ona ödənilməsi, həmçinin cavabdehlə onların birgə nikah dövründə aldığı daşınmaz əmlak olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, Ö/T 31 A ünvanda yerləşən yaşayış Evinə onun 2/1 pay hüququnun tanınması, həmin yaşayış evinə köçürülməyi, eyni zamanda yaşamağına cavabdeh tərəfindən hər hansı maneçilik törətməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. - 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Göründüyü kimi nikahın pozulmasına dair iddiaya baxılarkən yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparması nəzərdə tutulur. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların kimin himayəsində saxlanılmasına daha əvvəl məhkəmə qətnaməsi ilə münasibət bildirilmişdir. Lakin, iddiaçı hazırki iddiasında uşaqların atadan alınıb anaya verilməsi və aliment tələbi ilə yanaşı, əmlakın 1/2 hissəsi üzərində hüququnun tanınması, evə köçürülmə, maneçilik törətməsinin qadağan edilməsi tələblərini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsində iddiaçının bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı cavabdehə qarşı əmlakın 1/2 hissəsi üzərində hüququnun tanınması, evə köçürmə, maneçilik törətməsinin qadağan edilməsi tələblərini ayrıca iddia ictaatı qaydasında irəli sürə bilər. Odur ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən və həmin tələblərə ayrı-ayrı icraatda müstəqil şəkildə baxılmalı olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 266- 268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – Cavabdeh qarşı “uşaqların məcburi qaydada atadan alınaraq anaya verilməsi, aliment, əmlakın 1/2 hissəsi üzərində hüququnun tanınması, evə köçürmə, maneçilik törətməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar