Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1437/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən avans ödənilmiş 2000 (iki min) manatın, keyfiyyətsiz işə görə 200 (iki yüz) manat, gecikdirilmiş müddətə görə 2300 (iki min üç yüz) manat məbləğində cərimənin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: onunla cavabdeh arasında bağlanmış 11 yanvar 2025-ci il tarixli Sifariş adlı razılaşmaya əsasən icraçı İsrafilov cəmi 14.20 paqon metr olan qutuları MDF (Kastamonu brendi), qapıları hündürlüyü 290 sm olan MDF (AGT brendi), üstü tökmə mərmərqab yuyulan lavabo, döş daşı tökmə mərmər və 4 (dörd) ədəd pəncərə üçün tökmə mərmər podoqolniki olan 3 fərqli mebel hazırlamağı öhdəsinə götürmüşdür. İcraçı mətbəx mebelinin rənglərini sifarişçi onun seçib göndərdiyi rənglərin və kodların eynisi ilə yığmalıdır. Sifariş qəbul edildiyi gündən 14 iş günü ərzində icra edilməlidir. Bu müddət pozularsa, icraçı hər gecikdirilmiş günə 1% faiz cərimə ödəməyi öhdəsinə götürür. Keyfiyyət pozuntusu olduğu təqdirdə isə ödənilmiş məbləğin 10%-i miqdarında cərimə ödəyəcəkdir. Cəmi ödəniləcək məbləğ 5500 (beş min beş yüz) manat təşkil edir, 2000 manat avans ödənilməsi nəzərdə tutulmuşdur. O isə müqaviləyə əsasən avans ödənilməsi öhdəliyi icra edərək, cavabdehə 2000 manat avans ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, müqavilədə göstərilən deyil, başqa materialdan, başqa rəngdə və razılaşdırılmış müddətdən xeyli gec mebel hazırlamışdır. Cavabdeh sifariş olunan mebeli ən gec 04 fevral 2025-ci ildə təhvil verməli idi, lakin gecikdirilən müddət 115 gün, buna müvafiq olaraq gündəlik cərimə məbləği 2300 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi, habelə 20 fevral 2025-ci ildə yazılı pretenziya göndərilsə də, cavabdeh tərəfindən nə ödənilmiş pul qaytarılmış, nə də mebel razılaşdırılmış qaydaya salınaraq təhvil verilməmişdir. Ona görə də, tərəflər arasında olan mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinə və sifarişə uyğun olmayan şəkildə hazırlanmış mebeli istifadə edə bilmir, nə də cavabdeh sifarişə uyğun mebeli hazırlayıb iddiaçıya təhvil vermir. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 yanvar 2025-ci il tarixli xx/xx- 2025 nömrəli sifarişdən görünür ki, sifarişçi X3, icraçı Cavabdeh, sifariş olunur: cəmi 14.20 paqon metr olan 3 fərqli mətbəx mebeli yığacaq, istifadə edəcəyi material mebelin qutuları MDF (Kastamonu brendi), Mebelin qapıları MDF (AGT brendi) Hündürlük 290 sm, Üstü tökmə mərmər qab yuyulan lavabo ilə bərabər, Döş Daşı tökmə mərmər, 4 (dörd) ədəd pəncərə üçün tökmə mərmər podoqolnik. İcraçı Cavabdeh mətbəxt mebel rənglərini sifarişçi X1 göndərdiyi rənglərin və kodların eynisi ilə yığacaq. Sifariş qəbul edildiyi gündən 14 iş günü ərzində icra etməyi öz öhdəsinə götürür. Müddət pozulduqda: hər gecikdirilmiş günə 1% cərimə tətbiq ediləcəkdir. Keyfiyyət pozuntusu olduğu təqdirdə ödənilmiş məbləğin 10%-i miqdarında cərimə tətbiq ediləcəkdir. Ödəniş şərtləri və qaydası: Cəmi ödəniləcək məbləğ: 5500 (beş min beş yüz) AZN, Avans olaraq - 2000 (iki min) AZN, Tam ödəniş iş təhvil verildikdən sonra ödəniləcəkdir. Ödənişlər İcraçı tərəfindən təqdim edilmiş karta (hesaba) köçürmə yolu ilə və ya nağd şəkildə edilə bilər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında cəmi 14.20 paqon metr olan 3 fərqli mətbəx mebeli yığılması, istifadə edəcəyi material mebelin qutuları MDF (Kastamonu brendi), Mebelin qapıları MDF (AGT brendi) Hündürlük 290 sm, Üstü tökmə mərmər qab yuyulan lavabo ilə bərabər, Döş Daşı tökmə mərmər, 4 (dörd) ədəd pəncərə üçün tökmə mərmər podoqolnik, icraçı Cavabdeh mətbəxt mebel rənglərini sifarişçi X1 göndərdiyi rənglərin və kodların eynisi ilə yığması, sifariş qəbul edildiyi gündən 14 iş günü ərzində icra etməyi öz öhdəsinə götürməsi, müddət pozulduqda hər gecikdirilmiş günə 1% cərimə tətbiq ediləcəyi, keyfiyyət pozuntusu olduğu təqdirdə ödənilmiş məbləğin 10%-i miqdarında cərimə tətbiq ediləcəyi, cəmi ödəniləcək məbləğin 5500 manat, avans olaraq 2000 manat, tam ödəniş iş təhvil verildikdən sonra ödəniləcəyi barədə razılıq əldə edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, müqavilədə göstərilən deyil, başqa materialdan, başqa rəngdə və razılaşdırılmış müddətdən xeyli gec mebel hazırlamışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya göndərilsə də, cavabdeh tərəfindən nə ödənilmiş pul qaytarılmış, nə də mebel razılaşdırılmış qaydaya salınaraq təhvil verilməmişdir. Hazırda iddiaçı cavabdehə ödənilən 2000 manat pulun, keyfiyyətsiz işə görə 200 manat, gecikdirilmiş müddətə görə 2300 manat məbləğində cərimənin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə görülməsinə dair razılıq əldə edilmiş işlər cavabdeh tərəfindən tam icra edilməmişdir. Məhkəmə, işin araşdırılmış hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməklə, iddiaçı ilə razılaşdırılmış vaxtda və qaydada sifariş verilən mebeli iddiaçıya təhvil verməmişdir. Odur ki, iddiaçı hazırkı müqavilə bağlanan zaman cavabdehə ödədiyi 2000 manat avans məbləğinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia ərizəsinin “2300 və 200 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Tətəflər arasında bağlanmış müqavilənin müvafiq şərtlərinə əsasən sifariş qəbul edildiyi gündən 14 iş günü ərzində icra edilməlidir. Bu müddət pozularsa, icraçı hər gecikdirilmiş günə 1% faiz cərimə ödəməyi öhdəsinə götürür. Keyfiyyət pozuntusu olduğu təqdirdə isə ödənilmiş məbləğin 10%-i miqdarında cərimə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilə üzrə ödənilmiş məbləğin - 2000 manat olunduğunu nəzərə alaraq, borclunun sifarişi gecikdirməsinə görə hesablanmış 2300 manat, keyfiyyət pozuntusuna görə hesablanmış 200 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq müvafiq olaraq 200 və 20 manat olmaqla cəmi, 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və 220 (iki yüz iyirmi) manat cərimə tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 42,20 (qırx iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88, 217.4 və 218.1-ci -cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və 220 (iki yüz iyirmi) manat cərimə məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 42,20 (qırx iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1437/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1437/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver