Məhkəmə qərarları › İş №e-2(009)-1464/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1464/2025

05.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1464/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC (VÖEN: **********) ona 17000 manat miqdarında hesablanıb ödənilməmiş əmək haqqı borcunu ödəməmişdir. Mütəmadi olaraq tərəfindən edilən yazılı və şifahi xəbərdarlıqlara cavab olaraq cavabdeh yaxın vaxtlarda əmək haqqı borclarının tam ödəniləcəyini bəyan etmişdir. Cavabdeh sözügedən əmək haqqı borcunu hər zaman etiraf etməsinə baxmayaraq indiyə kimi ödənişdən yayınmışdır. O, 2020-ci ilin sentyabr ayında Cavabdeh MMC-də mühərrik yağları və sürtgü bölməsi üzrə icraçı vəzifəyə işə qəbul olunmuşdur, 2022-ci ilin oktyabr ayında qarşılıqlı razılaşma əsasında işdən azad olunmuşdur. Cavabdehin təklifi ilə aralarında bağlanan müqaviləyə, razılaşmaya əsasən ona maaşdan əlavə həyata keçirdiyi satış dövriyyəsinin 2% həcmində bonus (mükafat) ödənilməli idi. Lakin vəd edilən və hesablanan bonuslar ona ödənilmədi. İşdən azad olarkən cavabdehin qanuni təmsilçisi ona bildirdi ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq bir sıra ödənişlər gecikir, lakin yaxın vaxtlarda bütün borclar tam ödəniləcəkdir, lakin indiyədək ödənişlər həyata keçirilməmişdir. Cavabdeh şirkət onu işə götürərkən özünün təklif etdiyi əmək müqaviləsinin şərtlərinə görə əmək haqqına əlavə olaraq xx.xx.2021-ci il tarixinədək satış dövriyyəsinin 1%, həmin tarixdən sonra isə satış dövriyyəsinin 2% həcmində bonus (mükafat) ödəniləcəkdir. Lakin cavabdeh maliyyə çətinliklərini əsas gətirərək indiyədək ödənişdən yayınmışdır. O, işdən azad olunarkən aparılmış son haqq-hesaba əsasən ona 17000 manat mükafat (bonus) məbləği ödənilməli idi. Hər ay şirkət tərəfindən işçi kimi ona satış dövriyyənin həcmi barədə kompüter proqramı vasitəsi ilə hesablanmış haqq-hesab cədvəli göndərilirdi, mühasibatlıq onlarla davamlı əlaqə saxlayırdı. Həmin haqq hesab cədvəlinə əsasən ona hesablanıb ödənilməmiş 17000 manat əmək haqqı borcu (əmək haqqına əlavə, mükafat) qalmışdır. Cavabdeh MMC əmək haqqı borclarını ödəmək iqtidarındadır, şirkət kommersiya fəaliyyətini davam etdirir, xeyli mənfəət və gəlir əldə edir, hər hansı maliyyə çətinliyi yoxdur, xeyli həcmdə əmlakı, aktivləri, maddi dəyərliləri mövcuddur. Lakin Cavabdeh MMC üzrlü səbəb olmadan ona olan əmək haqqı borcunu ödəməkdən yayınmaqdadır. Cavabdeh mediasiya vasitəsilə də mübahisənin həllinə yanaşmamışdır, ilkin mediasiya iclasında iştirak edəcəklərini vəd etsə də mediasiya iclasında iştirakdan yayınmışdır. Mediatorun təkliflərinə, çağırışlarına cavab verməmişdir. Cavabdeh şirkət qəsdən və qərəzli olaraq əmək haqqı borcunu ödəməkdən yayınır. Halbuki cavabdeh şirkət gəlirlə işləyir, külli miqdarda mənfəət əldə edir, milyonlarla manat dəyərində əmlakı, əsas vəsaitləri mövcuddur. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Ən az bir illik gecikmə faizi 62050 manat müəyyən olunur (170x365=62050). Cavabdeh işəgötürən kimi əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib etməli və bir nüsxə də ona verməlidir. Lakin cavabdeh işəgötürən bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) ona tam verməmişdir, lakin satış dövriyyələrinin həcminin əks olunduğu haqq-hesab cədvəlləri işlədiyi müddətdə hər ay cavabdeh tərəfindən ona çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı hesablanıb ödənilməmiş olan 17.000 manat miqdarında əmək haqqı borcu məbləğinin, bundan əlavə 62.050 manat gecikmə faizi məbləğinin, məhkəmə xərclərinin (vəkilə ödənilən haqq və s.) və mediasiya xərcinin də Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddidaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər araısnda əmək münasibətlərinə xitam verilən vaxtı son haqq-hesab ödənilsə də, bonusların sonradan ödəniləcəyi iddiaçıya bildirilmişdir. Məhkəməyə təqdim olunan ilkin sənədlərdə bonus olaraq ödənilməyən əmək haqqının 17.000 manat olması qeyd edilsə də, sonrakı araşdırma nəticəsində əldə edilən məlumat əsasında ödənilməyən əmək haqqının 19.149 manat olmasını müəyyən etmişlər. Lakin iddia tələbinin həcmini artırmamışlar. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında əmək haqqı mülkiyyət hüququ çərçivəsində dəyərləndirilir. Həmin halın president kimi nəzərə alaraq hesab edir ki, əmək haqqı şəxsin mülkiyyəti hesab edildiyindən bu münasibətə iddia müddəti tətbiq edilə bilməz. Digər tərəfdən iddiaçının məhkəməyə müraciət etmək üçün müddətin axımı da başlamayıb. Belə ki, iddiaçı dəfələrlə şifahi və yazılı formada bonus kimi əmək haqqının ona ödənilməsini tələb etsə də, cavabdeh şifahi formada bu ödəmələrin həyata keçirilməsinə möhlət verilməsini bildirərək, ödəməkdən imtina etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi, həmçinin vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə təqdim edilərək göstərmişdir ki, Cavabdeh MMC-nin 261/2022 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən yağların satışı üzrə menecer vəzifəsində çalışan İddiaçı Bayraməli oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Lakin İddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təklifi ilə mediasiya təşkilatına, xx.xx.2025-ci il tarixdə isə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı əmək müqaviləsinə əsasən işdən azad olunduqdan 2 il 5 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, bu məktubla Cavabdeh MMC şirkəti olaraq İddiaçıla əməkdaşlıq etmək niyyətini təsdiq edir və “Mühərrik Yağlara və Sürtgü Bölməsi üzrə İcraçı” vəzifəsinə dair əmək təklifi təqdim etməkdən məmnunluq duyurlar. Əmək müqaviləsinin əsas şərtləri aşağıdakılardır: 1. İddiaçı Cavabdeh MMC şirkəti tərəfindən işə götürəcək; 2. Tutacağı vəzifənin tələblərinə əsasən birbaşa olaraq Baş Direktora tabe olunacaq; 3. Cavabdeh LLC-də işini ən qısa zamanda başlayacaq; 4. Bu, işə başlama tarixindən etibarən 36 ay müddətinə nəzərdə tutulmuş müddətli vəzifədir; 5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən 3 ay sınaq müddəti tətbiq ediləcək; 6. Aylıq xalis əmək haqqı 2500 manat təşkil edəcək; 7. Əmək haqqına əlavə olaraq xx.xx.2021-ci il tarixədək satış dövriyyəsinin 1%-i, həmin tarixdən sona isə 2%-i həcmində bonus ödəniləcək; 8. Müqavilənin 1 ili tamam olduqdan sonra əmək haqqının yenidən nəzərdən keçirilməsi müzakirə olunacaq; 9. İş günləri bazar ertəsindən cümə gününə qədər, iş saatları isə səhər 08.00-dan axşam 17.00-dək olacaq; 10. İddiaçı noutbuk, mobil nömrə (müəyyən limitə qədər), tibbi sığorta kartı və yanacaq kartı ilə birlikdə avtomobil ilə təmin olunacaq; 11. Direktorun əvvəlcədən təsdiqindən sonra illik ödənişli məzuniyyət hüququ 30 təqvim günü təşkil edəcək. Bundan əlavə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rəsmi və milli bayram günləri də məzuniyyətə daxildir. Yuxarıda qeyd olunan əsas şərtlərlə razılaşdığını və qəbul etdiyini təsdiq etmək üçün bu məktubun bir nüsxəsini imzalayıb E-mail vasitəsilə onlara geri göndərməsini xahiş etmişlər. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış MEB 14/20 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nə yağların satışı üzrə menecer vəzifəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bağlanılmışdır (bənd 2.1). Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 aya bərabər müddət sınaq müddət hesab edilir və sınaq müddəti ərzində İşəgötürən, İşçinin özünü doğrultmadığına görə ən azı 3 gün qabaqcadan yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verə bilər. Eyni zamanda İşçi sınaq müddəti ərzində ən azı 3 gün qabaqcadan yazılı xəbərdarlıq etməklə bu Müqaviləyə xitam vermək hüququndan istifadə edə bilər (bənd 2.2). İşəgötürən aşağıdakı şəraitinin təmin olunmasını öhdəsinə götürür: İşçinin aylıq əmək haqqı məbləği vergilər daxil olmaqla 2.777,65 manat bərabər olur; Əlavə olaraq işçi xx.xx.2021-ci il tarixdən əvvəl ümumi satışı 1%-i və xx.xx.2021-ci il tarixdən sonra 2% şəklində baza əmək haqqı və bonus təmin ediləcəkdir; İşçi tam aydan az olan bir müddət ərzində əmək fəaliyyəti göstərdikdə əmək haqqı müvafiq müddətə hesablanmalıdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvalanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, öz xahişi ilə onu xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 261/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Yağların satışı üzrə menecer vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə (əsas irş yeri üzrə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrin əsası kimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini və işçinin ərizəsi göstərilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli KM2 və KM3 saylı ödəniş tapşırıqlardan və Cavabdeh MMC tərəfindən verilmiş sənədlərdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2299,86 manat (708,41+ 1591,45) son haqq-hesabı ödənilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/2-00283/25 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ödənilməmiş 17000 manat əmək haqqının ödənilməsi tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 11.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh şirkətə yağların satışı üzrə menecer vəzifəsinə 2.777,65 manat (vergilər daxil olmaqla) aylıq əmək haqqı ilə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsində işçiyə əlavə olaraq xx.xx.2021-ci il tarixdən əvvəl ümumi satışı 1%-i və xx.xx.2021-ci il tarixdən sonra 2% şəklində baza əmək haqqı və bonus ödənilməsi göstərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək onu öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh MMC ona 17000 manat miqdarında hesablanıb ödənilməmiş əmək haqqı borcunu ödəməmişdir. Mütəmadi olaraq tərəfindən edilən yazılı və şifahi xəbərdarlıqlara cavab olaraq cavabdeh yaxın vaxtlarda əmək haqqı borclarının tam ödəniləcəyini bəyan etmişdir. Cavabdeh sözügedən əmək haqqı borcunu hər zaman etiraf etməsinə baxmayaraq indiyə kimi ödənişdən yayınmışdır. O, 2020-ci ilin sentyabr ayında Cavabdeh MMC-də mühərrik yağları və sürtgü bölməsi üzrə icraçı vəzifəyə işə qəbul olunmuşdur, 2022-ci ilin oktyabr ayında qarşılıqlı razılaşma əsasında işdən azad olunmuşdur. Cavabdehin təklifi ilə aralarında bağlanan müqaviləyə, razılaşmaya əsasən ona maaşdan əlavə həyata keçirdiyi satış dövriyyəsinin 2% həcmində bonus (mükafat) ödənilməli idi. Lakin vəd edilən və hesablanan bonuslar ona ödənilmədi. İşdən azad olarkən cavabdehin qanuni təmsilçisi ona bildirdi ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq bir sıra ödənişlər gecikir, lakin yaxın vaxtlarda bütün borclar tam ödəniləcəkdir, lakin indiyədək ödənişlər həyata keçirilməmişdir. Cavabdeh maliyyə çətinliklərini əsas gətirərək indiyədək ödənişdən yayınmışdır. O, işdən azad olunarkən aparılmış son haqq-hesaba əsasən ona 17000 manat mükafat (bonus) məbləği ödənilməli idi. Hər ay şirkət tərəfindən işçi kimi ona satış dövriyyənin həcmi barədə kompüter proqramı vasitəsi ilə hesablanmış haqq-hesab cədvəli göndərilirdi, mühasibatlıq onlarla davamlı əlaqə saxlayırdı. Həmin haqq hesab cədvəlinə əsasən ona hesablanıb ödənilməmiş 17000 manat əmək haqqı borcu (əmək haqqına əlavə, mükafat) qalmışdır. Cavabdeh MMC əmək haqqı borclarını ödəmək iqtidarındadır, şirkət kommersiya fəaliyyətini davam etdirir, xeyli mənfəət və gəlir əldə edir, hər hansı maliyyə çətinliyi yoxdur, xeyli həcmdə əmlakı, aktivləri, maddi dəyərliləri mövcuddur. Lakin Cavabdeh MMC üzrlü səbəb olmadan ona olan əmək haqqı borcunu ödəməkdən yayınmaqdadır. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Ən az bir illik gecikmə faizi 62050 manat müəyyən olunur (170x365=62050).Bu səbəbdən iddiaçı hesalanıb ödənilməmiş olan 17.000 manat miqdarında əmək haqqı borcu məbləğinin, bundan əlavə 62.050 manat gecikmə faizi məbləğinin, məhkəmə xərclərinin (vəkilə ödənilən haqq və s.) və mediasiya xərcinin də Cavabdehndən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin şərtinə əsasən cavabdeh (işəgötürən) iddiaçıya (işçiyə) xx.xx.2021-ci il tarixədək satış dövriyyəsinin 1%, həmin tarixdən sonra isə satış dövriyyəsinin 2% həcmində bonus (mükafat) ödənilməsini öhdəsinə götürsə də, nə həmin illərdə, nə də işçi ilə əmək münasibətlərinə xitam verilən zaman son haqqhesab hesablanarkən nəzərə almamış və ödəməmişdir. Məhkəmə araşdırılması zamanı həmin bonusların işəgötürən tərəfindən ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin müqavilə şərtinə əsasən bonuslara görə ödənilməmiş 17.000 manat məbləğində əmək haqqı borcunun və eyni zamanda 62050 manat gecikmə faizi məbləğinin ödənilməsi hissəsini əsaslı hesab edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hazırki tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın bu əsasla rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının əmək münasibətində olduğu müddət ərzində ödənilməmiş pul məbləğinin (satış dövriyyəsinin həcminə uyğun hesablanmış mükafatın) tələb edilməsi ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi (xx.xx.2025) vaxtdan 3 ildən əvvəlki müddət üçün ödənilməyən pulun (bonusun) tələb edilməsi ilə bağlı iddia tələbi iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar təmin edilməməlidir. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının hazırkı münasibətdə iddia müddətinin tətbiq edilməli olmaması barədə dəlillərini, yəni ödənilməyən əmək haqqının mülkiyyət hüququ çərçivəsində dəyərləndirilməli olması, əmək haqqının ödənilməməsini şəxsi mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olmasına dair dəlillərini, həmçinin cavabdehə dəfələrlə şifahi və yazılı formada bonusların verilməsi ilə bağlı müraciətinə rəsmi yazılı formada münasibət bildirilməməsi və gələcəkdə veriləcəyinə dair vəd verilməsi və bununla da müddətin axımının başlamamasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, qanunvericiliyinin yuxarıda göstərilən tələbləri baxımından hazırkı münasibətə 1 illlik iddia müddətinin tətbiq edilməli olması (tərəfin müddətin tətbiqi ilə bağlı verdiyi ərizə əsasında) imperativ norma kimi müəyyən edilmişdir. Həmçinin müddətin axımının tərəfin hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan başlanmasını nəzərdə tutur. İddiaçı isə işdən azad olunduqdan sonra 2 il 8 aydan sonra məhkəməyə müraciət etmişdir. Qanunvericilik yalnız müddətin üzrlü səbəbdən ötürülməsinin müəyyən edilməsi zamanı onun bərpa edilməli olmasını nəzərdə tutur. İddiaçı tərəfindən isə həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 60 manat mediasiya xərci və 350 manat hüquqi xidmət xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı hesalanıb ödənilməmiş olan 17.000 manat miqdarında əmək haqqı borcu məbləğinin, bundan əlavə 62.050 manat gecikmə faizi məbləğinin, məhkəmə xərclərinin (vəkilə ödənilən haqq və s.) və mediasiya xərcinin də Cavabdehndən tutularaq ona ödənilməsi barədə iddia tələbləri iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar