Məhkəmə qərarları › İş №e-2(009)-1502/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1502/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1502/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən birgə qaydada vurulmuş maddi ziyana görə 80 manat, mənəvi ziyana görə 5000 manat olmaqla ümumilikdə 5080 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, övladı xx.xx.2005-ci il təvəllüdlü X6 bir neçə ildir ki, Cavabdeh xəstəxanasında (daha sonra “Dünyagöz” xəstəxanası) gözlərini müayinə və müalicə elətdirir. Növbəti dəfə, xx xxxx 2020-ci il tarixdə sözügedən xəstəxanaya müayinə üçün uşağı aparmışdır. Halit Özhisar adlı əcnəbi həkimin qəbuluna yazılıb və onun qəbulunda oldublar. Həkim Halit Özhisar uşağın gözlərini müayinə etdikdən sonra dedi ki, göz zəyifliyi çox artmışdır, mənfiyə doğru artış olduqça çoxdur, təcili eynək dəyişdirmək və dərhal dərman müalicəsinə başlamaq lazımdır, hər gün ciddi şəkildə dərmanları içməlidir, 3 ay sonra müayinəyə gətirsinlər, baxacaqlar ki, lazımi tədbirlər alınsın. Beləliklə, həmin həkim eynək ölçüləri və dərman müalicəsi üçün resept yazdı və qeyd olunan məsləhətlərini də təkrarlayaraq onları yola saldı. Həkim otağından çıxan kimi bir tibb bacısı onları tələsik xəstəxanada yerləşən optika mağazasına apardı ki, buradan eynək ala bilərlər. O, uşağın gözlərinin sürətlə zəifləməsi xəbərindən tarixində çox mütəəsir oldu, lakin həkimin davranışları, tələskənliyi, qeyri peşəkarcasına münasibəti də onda xeyli şübhə oyatdı Buna görə də, o, təkrar uşağın gözlərini müayinə etdirməyə qərar verdi. Ertəsi gün xx xxxx 2020-ci il tarixdə təkrar “Dunyagöz” xəstəxanası ilə əlaqə saxlayıb yenidən müayinə etdirmək istədiyini söyləmişdir. Xəstəxanadan ona bildirdilər ki, eyni həkim olarsa ödənişsiz, başqa həkim olarsa təkrar ödəniş olunmalıdır. O, başqa həkim olsun demiş, həmin həkimə etimad göstərməmişdir. Ertəsi gün onlar başqa həkimin, Abdulhakim Tekci adlı əcnəbi bir həkimin qəbulunda olmuşlar. Həmin həkim müayinə etdikdən sonra tamamilə fərqli məsləhətlər verdi, bildirdi ki, göz zəifliyində mənfi artım çox cüzidir, eynək dəyişikliyinə heç bir zərurət yoxdur, dərman qəbuluna heç bir ehtiyaç yoxdur, 6 ay sonra növbəti müayinəyə gələ bilərlər. O da kağızda müvafiq qeydlərini apardı və bizi yola saldı. O, həkimə dünənki həkim tam fərqli məsləhət verdiyini və bunu nə ilə izah etdiyini sual etdi, lakin cavab ala bilmədi. Beləliklə onun övladının gözlərini iki gün ərzində “Dunyagöz” xəstəxanasında iki həkim ayrıca müayinə etdi və bir-birindən tamamilə fərqli diaqnoz qoymaqla, tamamilə fərqli məsləhətlər verdilər. Bu olanlar göz kimi çox həssas orqanın müayinə və müalicəsini həyata keçirən xəstəxananın öz işinə ciddi yanaşmadığını, öz vəzifələrini yerinə yetirmədiyini təsdiq edir. O, hazırda bu xəstəxanaya olan etimadımı tamamilə itirmişdir, indiyə kimi övladının müayinələrini bu xəstəxanada apardığım üçün çox peşmandır, həmçinin indiyə kimi də (iki ilə yaxındır) düzgün müayinə və müalicə aparılmasından əmin deyildir, indiyə kimi də doğru müayinə aparıldığına artıq şübhə ilə yanaşır. Xəstəxana, tibb müəssisəsi, insanların sağlamlığı ilə məşğul olan tibbi xidmət qurumu öz işinə olduqca ciddi yanaşmalı, öz fəaliyyəti üçün cavabdehlik daşımalıdır. “Dunyagöz” xəstəxanasının övladının göz sağlığına ciddi və peşəkar tibbi müəssisəsi kimi yanaşmaması, onun göz sağlamlığını təhlükəyə atması onun stress keçirməyimə səbəb olmuş, ona mənəvi zərər vurmuşdur. O, baş verənlərə görə stress keçirir və övladının sağlamlığına görə hədsiz narahatdır. O, övladının gözlərini qeyri-ciddi iş üslubu olan və öz işinin öhdəsindən gələ bilməyən xəstəxanaya etibar etdiyi üçün bir ata kimi davamlı stress və iztirab keçirməkdədir. Əgər o, birinci həkimə qulaq asıb onun dediklərini etsəydi, necə olacaqdı? Gözün yalnış müayinəsi üzrə yalnış müalicəsi aparılacaqdı. O, heç ikinci həkimin də doğru müayinə etdiyindən əmin deyil. O, hazırda bir xəstəxananın iki həkiminin iki tamamilə fərqli olan həkim məsləhəti ilə qarşı-qarşıya qalmışdır. Hər bir halda bu həkimlərin ikisinin də dedikləri doğru ola bilməz və biri yanlış məsləhəti vermişdir. Ona vurulan maddi zərər, bilavasitə təsbit edilə bilən maddi zərər 80 manat (iki dəfə müayinə xərci - hər dəfə 40 manat olmaqla), mənəvi zərəri isə 5000 manat qiymətləndirir. Məhkəmə tərəfindən xəstəxana olanlar barədə də xüsusi qərardad çıxarılmalı, qanunla nəzərdə tutulan bütün tədbirlər təxirəsalınmadan görülməli, insanların sağlamlığının təhlükəyə atılmasının qarşısı alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı övladı X6 (hazırda 15 yaşı var) cavabdeh "Cavabdeh" MMC-nin xəstəxanasında 4 dəfə müayinə etdirmişdir. İlk dəfə xx xxxx 2019-cu il tarixdə iddiaçının övladı həkim Arif Məlikov tərəfindən müayinə edilmiş və xəstəyə miopiya diaqnozu qoyulmuşdur. Xəstənin görmə dərəcəsi -2 (mənfi iki) olaraq təsbit edilmişdir. Müalicə olaraq eynək tövsiyə edilmişdir. İkinci dəfə iddiaçı övladını xx xxxxxxx 2019-cu ildə xəstəxanaya gətirmiş və həkim Levent Güllü tərəfindən müayinə olunmuşdur. Bu dəfə də xəstəyə eyni diaqnoz və astiqmatizm diaqnozu qoyulmuşdur. Xəstəyə eynəklə bağlı resept yazılmışdır. İddiaçı övladını 3-cü dəfə xx xxxx 2020-ci il tarixində gətirmiş və iddiaçının övladına eyni diaqnoz (miopiya və astiqmatizm) qoyulmuş və miopiya səviyyəsinin artdığı və gözünün -2,75 olduğu təsbit edilmişdir. Həkim Halit Özhisar xəstəyə eynəklə yanaşı əlavə 3 dərman yazmışdır (Branfos, Vitroft və Redom Oil). Nəhayət iddiaçı övladını xx xxxx 2020-ci il tarixdə təkrar müayinəyə gətirmiş həkim Abdulhakim Tekci xəstədə eyni diaqnozu təsdiq etmiş və eynək taxmağa davam etməsini tövsiyə etmişdir. İddiaçı Xəstəxanada xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsi olaraq eynəyinin dəyişdirilməsi və dərmanların yazıldığı halda, bir gün sonra eynəyin dəyişdirilməsinə ehtiyac olmaması və dərman yazılmamasından narazılığını bildirmiş və indiyə qədər cavabdeh tərəfindən düzgün müayinə və müalicə edilməməsindən şikayət edərək məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakı xüsusatları məhkəmənin diqqətinə çatdırmaq istəyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx xxxx 2020-ci il tarixdə övladı müayinə olunduqdan sonra həkimin otağından çıxandan sonra tibb bacısı onlara yaxınlaşmış və gözlüyü xəstəxananın binasında yerləşən optika mağazasından ala biləcəklərini iddiaçıya bildirmişdir. Tibb bacısı və ya həkim gözlüyün xəstəxanada yerləşən optika mağazasından almasını israr etməmiş, tibb bacısı gözlüyü sadəcə həmin mağazadan ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı daha sonra qerd edir ki, xx xxxx 2020-ci il tarixdə xəstəxanada təkrar müayinə olunarkən həkim göz zəifliyində mənfi artımın olduğunu təsdiq etmişdir. Yəni iddiaçı xx xxxx 2020-ci il tarixin müayinəsinin nəticələrini şübhə altına alsa da, xx xxxx 2020-ci il tarixdə keçirilən müayinənin də nəticəsində göz zəifliyində mənfi artımın olduğunun təsdiq edildiyini etiraf edir. Başqa sözlə, 18 iyun və xx xxxx 2020-ci il tarixində keçirilən müayinələrin nəticələri eyni olmuşdur - göz zəifliyi artmaqda davam edir. İddiaçı iddia ərizəsində belə bir ritorik sual qoyur: "əgər mən birinci həkimin dediklərini etsəydim necə olacaqdı?” İddiaçı onun övladına xx xxxx 2020-ci il tarixdə yazılan müalicə ilə bağlı vurula biləcək ziyanı sübut etməmişdir. İddiaçının ritorik sualına cavab olaraq bildirir ki, iddiaçı birinci həkimin dediklərini etmiş olsaydı, övladının səhhətinə heç bir mənfi təsir olmayacaqdı. İddianın əsassız olması ilk növbədə onunla sübut edilir ki, iddiaçı övladına səhv diaqnoz qoyulmasını sübut etməmişdir. İddiaçının övladında miopiya və astiqmatizm xəstəliklərinin olması işin mübahisəsiz halıdır. Bu halı sübut edəcək dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Miopiya xəstəliyinin diaqnostikası zamanı aşağıdakı araşdırmaların aparılmasını zəruridir: 1. Eynəksiz uzaq məsafənin görməsi müəyyən edilməlidir. Bu zaman zəruri pasiyentin cavabından asılı olaraq şüşə seçilir. 2.Refraksiyanın (şüanın sınması dərəcəsinin) müəyyən edilməsi. Miopiyanın dərəcəsinin müəyyən edilməsi üçün. 3. Gözün uzunluğunun müəyyən edilməsi. Bunun sayəsində həkim miopiyanın inkişaf edib-etməməsini müəyyən edir. 4.Görmə sahəsinin müəyyən edilməsi. 5.Oftolmoskopiya. Göz dibinin yoxlanması. Yuxarıda qeyd edilən diaqnostika qaydaları hər kəs tərəfindən qəbul ediləndir və bu barədə internetdə kifayət qədər resurslar mövcuddur. Heç kimə sirr deyil ki, gözün görmə dərəcəsini müayinə edərək yazılan eynək resepti pasiyentin cavabından asılıdır. Müayinə zamanı pasiyentə müxtəlif hərflər və rəqəmlər göstərilir və pasiyentin gözü qarşısına müxtəlif dərəcəli optik şüşələr qoyulur. Pasiyent hansı şüşə ilə daha yaxşı görürsə, həmin şüşəyə uyğun pasiyentə eynək yazılır (oxumağı bacarmayan balaca uşaqlarda isə hərf əvəzinə müxtəlif fiqur şəkilləri göstərilir). İddiaçının övladı təsdiq edilmiş protokola uyğun müayinə olunmuş, görmə dərəcəsi müəyyən edilərkən iddiaçının övladının verdiyi cavaba əsasən ona eynək resepti yazılmışdır. Onu da qeyd etmək lazımdır ki, görmə dərəcəsinin müəyyən edilməsi də günün vaxtlarına və xəstənin müayinə vaxtı vəziyyətindən asılı olaraq dəyişə bilər. Misal üçün pasiyentin ac olmasından, qanda şəkərin miqdarından, yorğun və ya yuxusuz olmasından və s. faktorlardan asılı olaraq pasiyentin görmə dərəcəsi müəyyən edilərkən müxtəlif nəticələr əldə etmək mümkündür. Ola bilsin ki, xx xxxx 2020-ci il tarixdə iddiaçının övladı uzaqdan görmə ilə bağlı başqa nəticə, xx xxxx 2020-ci il tarixdə isə başqa nəticə göstərsin. Lakin yuxarıda da qeyd etdiyi kimi, 19 iyunda da miopiyanın artması faktı təsdiq edilmişdir. xx xxxx 2020-ci il tarixdə müayinə edən həkim də, xx xxxx 2020-ci il tarixdə müayinə edən həkimlə həmfikir olaraq eynək taxmalı olduğunu bildirmiş, lakin əvvəlki eynəklə də davam edə biləcəyini pasiyentə bildirmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edilməlidir ki, iddiaçının övladında miopiya xəstəliyi mövcuddur, Miopiya inkişaf etməkdədir, Miopiya zamanı müalicə üçün eynək yazılır, Eynəyin təyin edilməsi pasiyentin cavabından asılı olur, Pasiyentin müayinə zamanı mövcud vəziyyətindən (aclıq, yorğunluq, yuxusuzluq və s.) asılı olaraq görməsi müxtəlif ola bilər. Bunun nəticəsində təyin edilən eynək dərəcələri müxtəlif ola bilər. xx xxxx 2020-ci il tarixdə yazılan reseptlə bağlı məhkəmənin nəzərinə çatdırırıq ki, xx xxxx 2020-ci il tarixdə iddiaçının övladına Branfos, Vitroft və Redom Oil preparatları qəbul edilməsi tövsiyə edilmişdir. Qeyd edilən preparatların hər biri kimyəvi dərman deyil, BAƏ (bioloji aktiv əlavələr) və vitaminlərdir. Miopiyanın inkişaf etdiyi xəstələrdə inkişafın qarşısını almaq üçün xəstənin sağlam olması və müqavimətinin artması onun xəstəliyinin qarşısını almaqda kömək edir. Reseptdə yazılmış Branfos vasitəsinin (tərkibi - Phospadityslerine -150 mq, Choline -150 mq, İnositol -50mq) təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur. Phospadityslerine membranların bütövlüyünü təmin edərək, onların funksiyasını yaxşılaşdırır, hüceyrə metobolizmini gücləndirir. Eyni zamanda fosfatidilserin möhkəm yaddaş üçün vacibdir. Choline - membranoprotektor təsir göstərir, qanda xolesterinin miqdarını azaldır, lesitinlə birgə yağların mübadilə və nəqlində iştirak edir. Həmçinin sinir sistemi üçün mühüm əhəmiyyətə malikdir. Asetilxolinin sintezində iştirak edir, fosfolipidlərin tərkibində daxildir, yaddaşı möhkəmləndirir. İnositol beyin toxumasında maddələr mübadiləsini nizamlayır. Vitroft -aktiv inqridiyentlərin kompozisiyasını özündə birləşdirən BAƏ hesab edilir. Tərkibində L-lizin, qesperidin, proantosianidin, vitamin C və sink olur. Bu vasitələr normal görməni təmin edir. Redomoil - Omega 3 yağı ilə zəngin preparatdır, bildiyimiz adi balıq yağıdır. Fofilipidlərlə əlaqəli olduğu üçün hüceyrə membranına qısa müddətdə inteqrasiya edir və hüceyrə membranını qoruyur, siqnal proseslərinə kömək edir, hüceyrələrdə metobolizmi gücləndirir. Yuxarıda sadalananlar bir daha sübut edir ki, xx xxxx 2020-ci il tarixdə iddiaçının övladının müayinəsi düzgün aparılmış, xx xxxx 2020-ci il tarixdə də miopiyanın inkişaf etməsi öz təsdiqini tapmış, xx xxxx 2020-ci il tarixdə pasiyentin bədəninin müqavimətinin artması üçün yazılmış dərmanların iddiaçının övladı üçün heç bir mənfi təsiri olmamışdır. İddianın obyektini təşkil edən faktiki əsası və hüquqi əsası mövcud deyil. Belə ki, iddiaçı iddia ərizəsində müxtəlif normativ aktlara istinad etsə də, cavabdehin hansı hərəkətinin onun hüquqlarının pozulmasına səbəb olduğunu sübut edə bilməmişdir. Belə ki, yuxanda da göstərildiyi kimi həkim tərəfindən yazılan eynək barədə resept və dərmanlar iddiaçının övladının səhhətinə mənfi təsir göstərmir. Hər iki həkim müalicə növünü seçməkdə sərbəstdirlər. Yazılan müalicələr iddiaçının övladına mənfi təsir göstərməmişdir. Bu halda iddianın obyektinin hüquqi əsası yəni delikt də mövcud deyil. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işdə cavabdeh tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmamışdır, iddiaçının övladına cavabdeh tərəfindən hər hansı zərər vurulması faktı mövcud deyil. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixli, AZ-İ 636841 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2005-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r. İşdə olan Səhiyya Nazirliyi gözlük üçün resept blankından görünür ki, X7 eynək üçün parametrlər yazılmışdır. İşdə olan Cavabdeh MMC-nin 856700 nömrəli qəbzindən görünür ki, 40 AZN ödəniş nəzərdə tutulmuşdur. İşdə olan Səhiyyə Nazirliyi “X4” tərəfindən verilmiş bioloji fəallığa malik qida əlavəsinə dair B/283/2020 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “Redom, kapsul № 30” adlı məhsul fosfolipidlər və omeqa-3 yağ turşularının mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları göndəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil. İşdə olan Səhiyyə Nazirliyi “X4” tərəfindən verilmiş bioloji fəallığa malik qida əlavəsinə dair B/1895/2019 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, “Virotfal, kapsul № 30” adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları, onların dərman vasitəsi kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı övladı xx.xx.2005ci il təvəllüdlü X6 cavabdeh "Cavabdeh" MMC-nin xəstəxanasında 4 dəfə müayinə etdirmişdir: İlk dəfə xx xxxx 2019-cu il tarixdə iddiaçının övladı həkim Arif Məlikov tərəfindən müayinə edilmiş və xəstəyə miopiya diaqnozu qoyulmuş, xəstənin görmə dərəcəsi -2 (mənfi iki) olaraq təsbit edilmiş, müalicə olaraq eynək tövsiyə edilmişdir. İkinci dəfə iddiaçının övladı xx xxxxxxx 2019-cu ildə həkim Levent Güllü tərəfindən müayinə olunmuş, xəstəyə eyni diaqnoz və astiqmatizm diaqnozu qoyulmuş, xəstəyə eynəklə bağlı resept yazılmışdır. Üçüncü dəfə xx xxxx 2020-ci il tarixində iddiaçının övladı həkim Halit Özhisar tərəfindən müayinə olunmuş, xəstəyə eyni diaqnoz (miopiya və astiqmatizm) qoyulmuş və miopiya səviyyəsinin artdığı və gözünün -2,75 olduğu təsbit edilmiş, həkim Halit Özhisar xəstəyə eynəklə yanaşı əlavə 3 dərman yazmışdır (Branfos, Vitroft və Redom Oil). Dördüncü dəfə iddiaçı övladını xx xxxx 2020-ci il tarixdə təkrar müayinəyə gətirmiş, həkim Abdulhakim Tekci xəstədə eyni diaqnozu təsdiq etmiş və eynək taxmağa davam etməsini tövsiyə etmişdir. İddiaçı Xəstəxanada xx xxxx 2020-ci il tarixdə müayinənin nəticəsi olaraq eynəyinin dəyişdirilməsi və dərmanların yazıldığı halda, bir gün sonra eynəyin dəyişdirilməsinə ehtiyac olmaması və dərman yazılmamasından narazılığını bildirmiş və indiyə qədər cavabdeh tərəfindən düzgün müayinə və müalicə edilməməsindən şikayət edərək məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı cavabdehin hərəkətlərində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına, onun övladına cavabdeh tərəfindən hər hansı zərər vurulması faktına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X9 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar